Məhkəmə qərarları › İş №e-2(006)-335/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-335/2023

04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-335/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh4 MMC-nin vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh4 MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı məxsus “Mazda 6 minik” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 16037,11 manat, avtomobilin bazar dəyərinin ucuzlaşması üçün 6500 manat, qiymətləndirmə üçün 100 manat, evakuator üçün 30 manat, dövlət rüsumu 188 manat olmaqla, cəmi 22855 manat və Cavabdeh1 MMC-dən dəymiş mənəvi ziyana görə 10000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən “X4”da qonaq olaraq qaldığı üçün ona məxsus “Mazda” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobili həmin otelə məxsus yeraltı parkinqdə park etmişdir. Təxmini saat 07:30 radələrində sözügedən otelə tullantıların daşınması xidməti göstərən "xxxx" MMC-yə məxsus “MAN” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin əyləc sistemi nasaz olduğu üçün parkinqin girişindəki enişdən üzüaşağı hərəkət edərək iddiaçının avtomobilinə çırpılmış və nəticədə iddiaçıya məxsus avtomobilin ön və arxa hissəsi zədələnərək deformasiyaya uğramışdır. Bundan sonra hadisə yerinə X13 və sığorta şirkətinin əməkdaşları gəlmiş və avtoqəza dövlət qeydiyyatına alınmışdır. Bundan sonra iddiaçı avtomobili evakuator ilə “Mazda Servis”ə aparmış və servis tərəfindən ona verilmiş MZ-65798 nömrəli iş kartına əsasən dəymiş ziyan 16037.11 manat hesablanmışdır. İddiaçı avtomobilini 2016cı ildə almış və uzun müddət ölkə xaricində olduğu üçün avtomobili çox az idarə etmişdir və bu qəzadan sonra həmin avtomobilin real bazar dəyəri 6500 manat azalmışdır. Bu barədə "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən iddiaçıya 2508SQ nömrəli qiymətləndirmə rəyi verilmişdir. Bundan başqa artıq 1 (bir) aydan çoxdur ki, iddiaçı avtomobilsiz qalmış və gündəlik taksi nəqliyyatı xidmətindən istifadə edir ki, bu da əlavə xərclərə səbəb olur. Baş vermiş hadisə ilə əlaqədar olaraq iddiaçı tərəfindən dəfələrlə hər iki cavabdehə müraciətlər olunsa da, hər iki müəssisə müxtəlif bəhanələrlə iddiaçıya dəymiş ziyanı ödəmir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa belə bir nüfuzlu otellər şəbəkəsinə xidmət göstərən şirkət tərəfindən iddiaçıya vurulmuş ziyana görə otel də məsuliyyət daşıyır. Belə ki, hadisənin baş verdiyi “X6” oteli “Marriott” 5 ulduzlu beynəlxalq otellər şəbəkəsinə daxildir və Azərbaycanda franşizası Cavabdeh1 MMC-yə məxsusdur. Dünya brendi olan “5 ulduzlu” otel standartlarına uyğun olaraq qarajın girişində şlaqbaum qarşısında avtomobilin saxlanması üçün parkinq yerinin olması həmin parkinqin təhlükəsizlik qaydalarına ziddir. Lakin sözügedən otelin qonağı olaraq iddiaçıya bu barədə heç bir məlumat verilməmişdir. İddiaçı artıq 1 aydan çoxdur ki, heç bir günahı olmadan dünyaca məşhur 5 ulduzlu otel və ona xidmət göstərən şirkətin arasında qalmışdır. Bu isə iddiaçının həm səhhətinin, həm vaxtının itkisinə səbəb olur. Belə ki, iddiaçı dövlət qurumunda məsul vəzifədə çalışır və bu hadisədən sonra keçirtdiyi stresə görə həkim qəbulunda olmuş və işə gedə bilməmişdir. Ona görə də iddiaçıya dəymiş mənəvi ziyan Cavabdeh1 MMC tərəfindən ödənilməlidir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 şifahi vəsatət verərək, Cavabdeh2 MMC-nin, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə ərizə təqdim edərək, Cavabdeh3 cavabdehlər siyahısına əlavə edilməsini, başqa bir ərizə ilə "xxxx" MMC-nin əsl Cavabdeh4 MMC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh3 cavabdehlər siyahısından çıxarılmasını, cavabdehlər qismində Cavabdeh1 MMC-nin və Cavabdeh4 MMC-nin saxlanılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh4 MMC-dən İddiaçı məxsus “MAZDA 6” minik markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 16037,11 manat, avtomobilin bazar dəyərinin ucuzlaşması üçün 6500 manat, qiymətləndirmə üçün 100 manat, evakuator üçün 30 manat, dövlət rüsumu 188 manat, taksi xidmətlərinə görə 4800 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin və artırılma barədə ərizənin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib, iş üzrə əsl cavabdeh olmadıqlarını, cavabdehlər siyahısından çıxarılmalı olduqlarını, mənəvi ziyanın onlardan tutulmamalı olduğunu bildirərək, iddianın onlara münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 MMC-nin vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etməyib, məbləğlə razı olmadıqlarını bildirdi. Qeyd etdi ki, sığorta tərəfindən ödənilmiş məbləğ, dəyişdirilməli və düzəldilməli detallarla bağlı 2700 manat iddia edilən məbləğdən çıxılmalıdır. Taksi pulu tələbinin tam əsassız olduğunu bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehlərin nümayəndələrinin izahatını, vəkillərin çıxışını dinləyib, ekspert rəyini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AC seriyalı 695237 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mazda 6 minik” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r. Mülki işin materiallarında olan AE seriyalı 040505 nömrəli sürücülük vəsiqəsindən görünür ki, vəsiqə xx.xx.2028-ci ilədək etibarlıdır. Mülki işin materiallarında olan BB203355 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Man Xüsusi.Təy.” markalı ** TP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X1r. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli ƏN-V seriyalı 004957 nömrəli etibarnamədən görünür ki, mülkiyyətçi X2 tərəfindən “Man Xüsusi.Təy.” markalı ** TP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti xx.xx.2028-ci il tarixədək Cavabdeh3 etibar edilmişdir. Mülki işin materiallarında xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X2 “Man TGL” markalı ** TP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəçi Cavabdeh4 MMC-yə icarəyə verməyi, icarəçi Cavabdeh4 MMC isə icarəni qəbul etməyi və Müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Aylıq icarə haqqı 2000 (iki min) manat təşkil edir. Müqavilənin müddəti 5 (beş) ildir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli 305/22 nömrəli xidmət müqaviləsindən görünür ki, alıcı Cavabdeh2 MMC xidmətləri müqavilədə nəzərdə tutulmuş şərt və müddəalara uyğun yerinə yetirməyi icraçı Cavabdeh4 MMC-yə tapşırmış, icraçı xidmətləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Man Xüsusi.Təy.” markalı ** TP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixli müqavilə üzrə icbari sığorta edilmiş, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2022-ci ildir. Mülki işin materiallarında olan Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* №li, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan, eləcə də həmin protokol əsasında çıxarılmış TP ******* №-li, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixində saat 07:30-da ünvan 1də “Man xüsusi.təy.” markalı ** TP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh3 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2022-ci il tarixində saat 07:30 radələrində etibarnamə ilə idarə etdiyi “Man” markalı ** TP *** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli küçəsində otelin parkinqində geriyə hərəkət edən zaman texniki nasazlıq baş vermiş, dayanıqlı vəziyyətdə olan “Mazda 6” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı və “Mitsubishi” markalı avtomobilləri vurmuşdur. Hadisə zamanı avtomobillərdə bədən xəsarəti alan olmamışdır. Mülki işin materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, xx.xx.2022-ci il tarixində saat 07:30 radələrində ona məxsus olan “Mazda 6” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvanında yerləşən yeraltı duracaqda park edilmiş vəziyyətdə olarkən orada geriyə hərəkət edən “Man” markalı ** TP *** dövlət qeydiyyat nişanlı yük avtomobili ondan solda park edilmiş “Mitsubishi Pajero” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun avtomobilinə çırpılmış, zərbənin təsirindən onun avtomobilinin ön hissəsi daş tikiliyə çırpılaraq zədələnmişdir. Mülki işin materiallarında olan nəqliyyat vasitələrinin zədələnməsi barədə 000339 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 07:30 dəqiqədə Nəsimi rayonu ünvan 1də Cavabdeh3 idarə etdiyi “Man” markalı ** TP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsi, İddiaçı idarə etdiyi “Mazda” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön və arxa hissəsi əzilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin ƏXZ seriyalı 578150 nömrəli 25 avqust 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı qiymətləndirmə məqsədləri üçün 100 (yüz) manat ödəniş etmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin MZ-65798 nömrəli xx.xx.2022-ci il tarixli iş kartından görünür ki, “Mazda 6” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə görə 12248.96 manat, təmir işlərinə görə 3788.15 manat olmaqla, cəmi 16037.11 manat tələb olunur. Mülki işin materiallarında olan "xxxx" MMC-nin ƏİA/5 seriyalı 729108 nömrəli 25 avqust 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, “Mazda” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əlaqədar “Cordyard bay mariot – Masazır” təyinatı ilə 30 (otuz) manat məbləğində ödəniş edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin İddiaçı məxsus nəqliyyat vasitəsinin qiymətləndirilməsi hesabatından görünür ki, buraxılış ili 2015-ci il olan “Mazda 6” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 29 avqust 2022-ci il tarixinə olan dəyər itkisi 6500 (altı min beş yüz) manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 190 (bir yüz doxsan) manat rüsum ödənilmişdir. Mülki işin materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışlardan görünür ki, xx.xx.2022-ci il tarixində saat 07:30 dəqiqədə Nəsimi rayonu, ünvan 1də yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsirli “Man Xüsusi.Təy.” markalı ** TP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh3, zərəçəkmiş şəxslər isə “Mitsubishi Pajero minik” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X8 və “Mazda 6” minik markalı, ** TO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdır. Mülki işin materiallarında olan İddiaçı "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixində baş vermiş sığorta hadisəsi ilə bağlı qəza nəticəsində ona məxsus olan “Mazda 6” markalı ** TO *** nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın 11740 manat hissəsi ilə bağlı hesablanmış 3777,35 (üç min yeddi yüz yetmiş yeddi manat, otuz beş qəpik) AZN sığorta məbləği ödənişi ilə razıdır, "xxxx" ASC-yə qarşı heç bir iddiası yoxdur. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktından görünür ki, İddiaçı məxsus maşına dəymiş zərərin məbləği 11740 manat təşkil etmiş, hadisə ilə əlaqədar köçürmə yolu ilə ona 3777,35 manat məbləğində sığorta ödənişi verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli 016-145130-1222 nömrəli cavab məktubundan görünür ki, DİN Baş X13 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2022-ci il tarixli **********3 nömrəli cavab məktubuna əlavə edilmiş “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatdan görünür ki, Cavabdeh3 xx.xx.2020-xx.xx.2022-ci illər ərzində əsas iş yeri üzrə Cavabdeh4 MMC-də işləmişdir. xx.xx.2022-ci ildən etibarən əsas iş yeri üzrə "xxxx" MMC-də işləyir. Mülki işin materiallarında olan “X15” MMC-nin xx.xx.2023-cü il tarixli ilkin aktından görünür ki, “Mazda 6” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə görə 4794.00 manat, təmir işlərinə görə 3260 manat, ƏDV 1449,72 manat olmaqla, cəmi 9503,72 manat tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli ekspert rəyi xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdığından iş üzrə icraat təzələnmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli 9/288 saylı ekspert rəyindən görünür ki, “Mazda 6” markalı, 2015-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 30000,0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10% - (30000,0 x 10%) aşağı olması istisna edilmir. 2015-ci il buraxılışlı “Mazda 6 minik” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın hadisə baş verən xx.xx.2022-ci il tarixə məbləği qəza nəticəsində salamat qalan yararlı hissələrin dəyəri avtomobilin ümumi dəyərindən çıxıldıqdan sonra təxminən 19135,0 manat (30000,0 – 10865,0) müəyyən edilir. Nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Mazda 6” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10865,0 manat müəyyən edilir. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən Vəkil2 ünvanlanmış xx.xx.2023-cü il tarixli 360-03/23H nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsində zərərçəkən avtomobillərə dair qiymətləndirmə aparılmış və müvafiq olaraq, “Mitsubishi Pajero” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3800 (üç min səkkiz yüz) manat, “Mazda 6” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər isə 11740 (on bir min yeddi yüz qırx) manat məbləğində müəyyən edilmişdir. Bəhs olunan sığorta hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Mitsubishi Pajero” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1222,65 (bir min iki yüz iyirmi iki manat, altmış beş qəpik) manat, “Mazda 6” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə isə 3777,35 (üç min yeddi yüz yetmiş yeddi manat, otuz beş qəpik) manat məbləğində sığorta ödənişi keçirilmişdir. Mülki işin materiallarında olan invoyslardan görünür ki, 1.64-8.40 AZN aralığında gediş haqları ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, xx.xx.2022-ci il tarixində “X4” otelinə məxsus parkinq ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, aralarında olan xidmət müqaviləsi üzrə otelə xidmətlər göstərən Cavabdeh4 MMC-nin icarəsində olan və "xxxx" ASC tərəfindən icbari sığorta müqaviləsi üzrə sığortalanmış “Man Xüsusi.Təy.” markalı ** TP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh3 yol hərəkəti qaydalarını pozaraq, “Mitsubishi Pajero” markalı ** CE *** dövlət qeydiyyat nişanlı və iddiaçıya məxsus “Mazda 6” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuş, bu barədə inzibati protokol tərtib edilmiş və sürücü barəsində cərimə tətbiq edilmişdir. Hadisə baş verən vaxt Cavabdeh3 əsas iş yeri üzrə Cavabdeh4 MMC-də işləyirdi. Hadisə baş verəndən sonra müvafiq qiymətləndirmə aparılmış və “Mitsubishi Pajero” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3800 (üç min səkkiz yüz) manat, iddiaçıya məxsus “Mazda 6” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər isə 11740 (on bir min yeddi yüz qırx) manat məbləğində müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-yə ərizə ünvanlayaraq, ona məxsus olan “Mazda 6” markalı ** TO *** nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın 11740 manat hissəsi ilə bağlı hesablanmış 3777,35 (üç min yeddi yüz yetmiş yeddi manat, otuz beş qəpik) AZN sığorta məbləği ödənişi ilə razı olduğunu bildirmişdir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş ziyan üçün 16037,11 manat, avtomobilin bazar dəyərinin ucuzlaşması üçün 6500 manat, qiymətləndirmə üçün 100 manat, evakuator üçün 30 manat, dövlət rüsumu 188 manat olmaqla, cəmi 22855 manat, taksi xidmətlərinə görə 4800 manat pulun və Cavabdeh1 MMC-dən dəymiş mənəvi ziyana görə 10000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 MMC isə özünü iş üzrə cavabdeh hesab etmir, digər Cavabdeh4 MMC isə iddia edilən məbləğlə razı olmadığını, çıxılmalı olan məbləğlərin nəzərə alınmalı olduğunu bildirir. Məhkəmə iddia tələbinin “avtomobilə dəymiş ziyan üçün 16037,11 manat pulun iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlər əsasında avtomobilə dəymiş maddi ziyan 11740 manat, məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi əsasında isə avtomobilə dəymiş maddi ziyan 10865 manat məbləğində dəyərləndirilmişdir. İddiaçı iddia etdiyi məbləği "xxxx" MMC tərəfindən verilmiş MZ-65798 nömrəli xx.xx.2022-ci il tarixli iş kartı ilə əsaslandırır. Məhkəmə hər üç sənədi müqayisəli şəkildə araşdırıb hesab edir ki, iddiaçıya məxsus avtomobilə dəymiş maddi ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləği obyektivdir və ağlabatandır. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının avtomobilinə dəymiş maddi ziyanın məbləğinin bir hissəsi – 3777.35 manat hissəsi sığorta şirkəti tərəfindən müvafiq qanunvericiliyə əsasən ona ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ona məxsus avtomobilə dəymiş ziyanın 7087.65 manat hissəsində haqlıdır. Məhkəmə iddia tələbinin “avtomobilin bazar dəyərinin ucuzlaşması üçün 6500 manat pulun iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, qeyd edilən məsələ ilə əlaqədar verilmiş ekspert rəyindən müəyyən edilir ki, avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10% - (30000,0 x 10%) aşağıdır. Burada qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" qiymətləndirmə hesabatı ilə nəqliyyat vasitəsinin 29 avqust 2022-ci il tarixinə olan dəyər itkisinin 6500 (altı min beş yüz) manat təşkil etməsi müəyyən edilmiş, lakin məhkəmə hesab edir ki, bu tələblə əlaqədar da məhkəmə tərəfindən təyin edilmiş ekspertin rəyi obyektivdir, ağlabatandır və əsas götürülməlidir. Belə olan halda qeyd edilməlidir ki, iddiaçı avtomobilin bazar dəyərinin ucuzlaşması ilə əlaqədar tələbinin 3000 (30000 x 10 %) manat hissəsində haqlıdır. Məkhəmə bu tələbə də avtomobilə dəymiş maddi ziyan kimi qiymət verir. Məhkəmə Cavabdeh4 MMC-nin “dəyişdirilməli və düzəldilməli detallarla bağlı 2700 manatın iddia edilən məbləğdən çıxılmalı olduğu” dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf dəyişdirilməli və düzəldilməli detalların ikinci əl olması zamanı iddia edilən məbləğlə 2700 manat fərq yaranacağını bildirir, bununla bağlı nəzərə alınmalıdır ki, ekspertiza tərəfindən verilmiş rəydə göstərilmiş məbləğ “köhnəlmə faizi tətbiq edilməklə” hesablanmışdır. Buna görə də rəydə göstərilən məbləğdən yenidən 2700 manat məbləğin çıxılması dəlili əsaslı hesab oluna bilməz. Göstərilənlərə əsasən, məhkəmə “avtomobilə dəymiş ziyan üçün 16037,11 manat və avtomobilin bazar dəyərinin ucuzlaşması üçün 6500 manat pulun iddiaçıya ödənilməsi” hissələrinə münasibətdə qeyd edir ki, iddiaçının avtomobilinə 7087.65 manat məbləğində maddi ziyan dəyməsi və avtomobilin bazar qiymətinin 3000 manat ucuzlaşması nəzərə alınaraq, iddia qeyd olunan hissələrdə qismən təmin edilməli və Cavabdeh4ndən 10087.65 manat məbləğində maddi zərərin əvəzi alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “qiymətləndirmə üçün 100 manat, taksi xidmətlərinə görə 4800 manat pulun iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçıya məxsus avtomobilə dair "xxxx" ASC tərəfindən müvafiq qiymətləndirmə həyata keçirilmiş və iddiaçı sığorta şirkəti tərəfindən ödənilməsi nəzərdə tutulan məbləğlə razı olmasına dair ərizə təqdim etmişdir. İddiaçının eyni zamanda, başqa yerdə qiymətləndirməyə dair əvəzli xidmət alması onun öz iradəsindən asılı olmuşdur, belə ki, bu xərcin çəkilməsinə zərurət olmamışdır. Başqa sözlə, qiymətləndirmə xidməti üçün iddiaçı tərəfindən 100 manat məbləğ məhz onun iradəsi əsasında, hər hansı zərurət olmadan ödənildiyindən, cavabdehin təqsirli hərəkəti nəticəsində çəkilməsi zəruri olan xərc olmadığından məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməməlidir. Taksi xidmətlərinə görə tələb edilən 4800 manat məbləği ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş “Bolt” invoyslarında qeyd edilmiş məbləğlərə və mövcud reallığa əsasən hazırki dövrdə Bakı şəhəri ərazisində lazımi yerə taksi vasitəsilə getmək şəxsi maşınla getməkdən daha qənaətlidir. Belə ki, şəxsi maşınla hər hansı yerə gedərkən istifadə edilən yanacağın dəyəri, parkinq xərci və s. nəzərə alındığı zaman taksidən istifadənin daha ucuz olması ən sadə mühakimə yolu ilə müəyyən edilə bilər. İddiaçıya məxsus maşının “ekonom (hibrid)” hesab olunan kateqoriyaya aid olmaması bu faktı bir daha təsdiq edir. Göstərilənlərə əsasən, məhkəmə “qiymətləndirmə üçün 100 manat, taksi xidmətlərinə görə 4800 manat pulun iddiaçıya ödənilməsi” hissələrinin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin “evakuator üçün 30 manat pulun iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi də iddiaçıya dəymiş maddi ziyan kimi qiymətləndirilir və həmin ödənişə dair sübut (qəbz) məhkəməyə təqdim edildiyindən, məhkəmə iddia tələbinin bu hissəsini əsaslı hesab edərək, təmin edilməli olması qənaətindədir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh4ndən 30 (otuz) manat evakuator xidmətinin əvəzi alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 MMC-dən iddiaçıya dəymiş mənəvi ziyana görə 10000 manat pulun tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının uzun müddət maşınından məhrum olmasının onun stres keçirməsinə səbəb olaraq mənəvi ziyanla nəticələnməsi işin mübahisəsiz halını təşkil edir. İddiaçıya iddia etdiyi 10000 manat məbləğində mənəvi ziyanın dəyməsi isə məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Bundan başqa, iddiaçıya vurulmuş mənəvi ziyanda Cavabdeh1 MMC-nin (və ya onun işçilərinin) heç bir təqsirli hərəkəti müəyyən olunmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində qismən təmin edilməli, Cavabdeh4ndən 1000 (bir min) manat məbləğində mənəvi zərərin əvəzi alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələblərinin təmin edilmiş hissələrinə münasibətdə cavabdehin Cavabdeh4 MMC olduğu qənaətinə ona görə gəlmişdir ki, iddiaçıya məhz Cavabdeh4 MMCnin işçisi tərəfindən törədilmiş əmələ görə maddi və mənəvi ziyan dəymişdir. Mənəvi ziyanın Cavabdeh1 MMC-dən tutulmalı olduğu barədə iddiaçı tərəfin dəlilləri əsaslı hesab edilmir. Ona görə ki, Cavabdeh1 MMC-nin iddiaçıya məxsus maşına zərər dəyməsində təqsiri müəyyən edilmir, iddiaçı tərəfindən də bu hal sübuta yetirilə bilmir. Otelə xidmət müqaviləsi əsasında xidmət göstərən digər Cavabdeh4 MMC-nin işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə oteldən mənəvi ziyanın əvəzinin tutularaq iddiaçıya ödənilməsi yolverilməzdir. Məhkəmə gəldiyi qənaəti aşağıda göstərilən hüquq normaları ilə əsaslandırmağı zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 884.1-884.6-1-ci maddələrinə görə, sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. Sözügedən Məcəllənin 897.1-ci maddəsinə müvafiq olaraq, icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Məhkəmə qeyd edir ki, icbari sığorta qanunvericilik əsasında həyata keçirilməklə, cəmiyyətin mənafelərinin təmin edilməsi üçün hüquqi və fiziki şəxslərin sığorta maraqlarının məcburi qaydada sığorta edilməsidir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Mülki Məcəllənin 922.1-ci maddəsində qeyd edilmişdir ki, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.19-cu maddəsinə əsasən, sığorta hadisəsi - icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Eyni zamanda “İcbari sığortalar haqqında" Qanunun 13.1 və 13.2-ci maddələrində qeyd edilmişdir ki, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 52.1-ci maddəsinə görə, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Beləliklə, sığorta hadisəsi sığorta təminatı altına alınmış riskin reallaşmasıdır ki, onun baş verməsi ilə sığorta ödənişini tələb etmək hüququ yaranır. Sığorta hadisəsi konkret bir hadisədir, haldır, lakin onun baş verməsi nəticəsində bir və ya daha çox zərərçəkmiş (nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası zamanı üçüncü şəxslər) ola bilər. “İcbari sığortalar haqqında” Qanunun 20.4-cü maddəsinə uyğun olaraq, mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Həmin Qanunun 58.3-cü maddəsinə müvafiq olaraq, bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunla müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Bundan başqa, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 40.4-cü bəndində qeyd olunmuşdur ki, eyni sığorta hadisəsi nəticəsində bir neçə şəxsin əmlakına və ya həyat və sağlamlığına dəyən zərərin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq olduqda sığortaçı hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə sığorta ödənişi verir. Bu halda zərərçəkənlərin hamısına verilən sığorta ödənişinin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğinə bərabər olmalıdır. Mülki Məcəllənin 926-cı maddəsində qeyd olunur ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Həmçinin “İcbari sığortalar haqqında” Qanunun 10-cu maddəsinə əsasən, sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğdə ifadə olunan son həddidir. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Həmin Qanunun 56.1.2-ci maddəsi ilə sığortaçının bir sığorta hadisəsinə görə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin son həddi 5 000 manat məbləğində müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu «“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2023-cü il tarixli Qərarında xüsusi olaraq qeyd etmişdir ki, bir neçə üçüncü şəxsin əmlakına zərər vurulmasının bir sığorta hadisəsinin nəticəsi kimi qiymətləndirilməsi üçün baş vermiş yol-nəqliyyat hadisəsinin faktiki halları araşdırılmalı və müvafiq nəticəyə gəlinməlidir. Məzmunu açıqlanan normalardan göründüyü kimi, bir yol-nəqliyyat hadisəsi nəticəsində iki və daha çox üçüncü şəxslərə zərər vurulması ilə hər bir üçüncü şəxsə münasibətdə ayrı-ayrılıqda sığorta hadisəsi baş vermiş hesab edilmir və bu hal bir sığorta hadisəsi nəticəsində iki və daha çox üçüncü şəxsə zərərin vurulması kimi çıxış edir. Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, mövcud qanunvericiliyə görə icbari sığorta münasibətlərində bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, zərərçəkən zərərin sığorta ödənişi ilə əhatə olunmayan hissəsinin ödənilməsi ilə bağlı zərərvurana qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada delikt hüququ üzrə tələb irəli sürməkdə haqlıdır. Həmin Məcəllənin 1096.1-1096.2, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Qeyd olunan Məcəllənin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə xx.xx.2023-cü il tarixli ekspertin rəyini müvafiq qaydada tədqiq edərək, rəyin “Tədqiqatın nəticələri: üçüncü və altıncı suallar üzrə” hissəsində qeyd edilmiş 19135,0 və 10865,0 rəqəmlərinin texniki səhv olaraq yerlərinin dəyişik yazıldığı qənaətinə gəlir. Rəyin “Tədqiqatın nəticələri: dördüncü və beşinci suallar üzrə” hissəsindən təmir-bərpa xərcinin 10865,0 manat müəyyən edilməsi və rəyin tədqiqi hissəsinin məhkəmə tərəfindən müvafiq qaydada araşdırılması da bu hissənin texniki səhv olduğu qənaətinə gəlməyə əsas verir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh4ndən 10087.65 manat məbləğində maddi zərərin, 1000 manat məbləğində mənəvi zərərin, 30 manat evakuator xidmətinin əvəzi olmaqla, cəmi 11117.65 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi Cavabdeh4ndən alınaraq İddiaçı ödənilməli, qalan hissəsi isə İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat pulun 34 manat hissəsi Cavabdeh4ndən, qalan 66 manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh4ndən 10087.65 (on min səksən yeddi manat altmış beş qəpik) manat məbləğində maddi zərərin, 1000 (bir min) manat məbləğində mənəvi zərərin, 30 (otuz) manat evakuator xidmətinin əvəzi olmaqla, cəmi 11117.65 (on bir min bir yüz on yeddi manat altmış beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi Cavabdeh4ndən alınaraq İddiaçı ödənilsin, qalan hissəsi isə İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat pulun 34 (otuz dörd) manat hissəsi Cavabdeh4ndən, qalan 66 (altmış altı) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar