Məhkəmə qərarları › İş №e-2(006)-3376/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3376/2022

25.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3376/2022 25.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «mülkiyyət hüququnun bərpa edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «mülkiyyət hüququnun bərpa edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin hərəkətlərinin mülki hüquq normalarına zidd hesab edilməsi, İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq iddiaçıya qaytarılması, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 38 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi xx.xx.1998-ci il tarixdə Bakı şəhəri 29 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən alınmışdır. xx.xx.1998-ci il tarixdə həmin qeyri-yaşayış sahəsinin vağzal tərəfdən qapı açılaraq genişləndirilməsinə icazə məktubu verilmişdir. İddiaçı 2009-cu ilədək mülkiyyətində olan qeyri-yaşayış sahəsindən məhdudiyyətsiz istifadə etsə də, sonradan cavabdeh tərəfindən yüksək mərtəbəli tikili inşa edilməyə başlanmışdır. Əvvəlcə cavabdeh iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini qanunsuz olaraq sökmüş, daha sonra isə iddiaçıya həmin tikilidə və əraziyə yaxın olan yeraltı ticarət mərkəzində qeyriyaşayış sahələri təhvil verəcəyini vəd etmişdir. Cavabdeh iddiaçıya yeraltı ticarət mərkəzində qeyriyaşayış sahəsi təqdim etmiş və onların arasında əvəzsiz istifadə ilə bağlı icarə müqaviləsi bağlanmışdır. İnşa ediləcək yüksək mərtəbəli bina istismara qəbul edildikdən sonra isə razılaşma üzrə həmin yerdə vəd edilmiş qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməli idi. Təhvil verilənə qədər isə aylıq icarə haqqının əvəzinin ödəniləcəyi bildirilmişdi. Lakin həmin vaxtdan uzun müddət keçsə də, cavabdeh vədinə əməl etməmiş və bununla da, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh hazırda da bu pozuntu hallarını davam etdirir. Həmin qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 4000 manat olmuşdur, 11 il ərzində iddiaçı mülkiyyətindən istifadə edə bilmədiyindən həmin müddət ərzində gəlir əldə etməkdən də məhrum olmuşdur. Bununla da iddiaçıya 528000 (beş yüz iyirmi səkkiz min) manat məbləğində maddi zərər dəymişdir. Cavabdeh mülki hüquqlarından sui-istifadə edərək, iddiaçını aldadaraq əmlakını qanunsuz zəbt etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının qeyri-yaşayış sahəsini sökmüş, həmin obyektin yerləşdiyi torpaq sahəsini zəbt edərək, tikinti işləri aparmış və beləliklə, iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Nəticədə iddiaçı daşımaz əmlaka dair istifadə, sahiblik və digər mülkiyyət hüquqlarını həyata keçirmək imkanından məhrum olmuşdur. Göstərilənlərə əsasən, cavabdehin hərəkətlərinin mülki hüquq normalarına zidd hesab edilməsi, iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq iddiaçıya qaytarılması, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 38 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə dair mülkiyyəyt hüquqlarının iddiaçıya məxsus olması barədə iddiə ərizəsinə və elektron kabinetə heç bir sübut əlavə edilməmşdir. Bu sənəd əlavə edilmədiyindən müəyyən etmək mümkün deyil ki, mübahisəsini apardığı tələbə dair iddiaçının hansı hüquqları vardır. Bundan başqa Cavabdeh MMC tərəfindən heç kimə məxsus qeyri-yaşayış sahəsi nə qeyd olunan dövrdə, nə də ki ondan sonrakı dövr ərzində sökülməmişdir. Ümumiyyətlə, Cəmiyyətin fəaliyyət istiqaməti daşınmaz əmlakın idarə olunmasıdır. Buna görə də cavabdeh heç bir tikinti işi aparmamış, buna dair müvafiq icazəsi, lisenziyası olmamış və heç bir yüksəkmərtəbəli bina inşa etməmişdir. Bu səbəbdən də hazırki iddia düzgün olmayaraq cavabdehə qarşı yönəlmişdir və ümumiyyətlə, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququnun olmadığı qeyd edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil2 mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırki mülki iş üzrə sənədlərin ilkin araşdırılması zamanı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatdan görünür ki, X2 (VÖEN: **********) Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: fəaliyyətini müvəqqəti dayandırmış) və əsas fəaliyyət növünü süd məhsullarının pərakəndə satışı təşkil edir. Məhkəmə burada qeyd etməyi zəruri hesab edir ki, şəxsin VÖEN üzrə fəaliyyətini müvəqqəti dayandırması onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması mənasına gəlmir. Belə ki, şəxs müəyyən müddət ərzində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar məsələlərə, xüsusən də VÖEN üzrə ödənilməli olan dövlət və digər ödənişlərə, həmçinin, dövlət orqanlarına hesabatların təqdim edilməsinə fasilə verir. Beləliklə, şəxs VÖEN-i ləğv etməmişdirsə, VÖEN üzrə fəaliyyəti müvəqqəti dayandırmış olması onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmamasına dəlalət etmir. Mülki işin materiallarında olan AZ-İ seriyalı 027333 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.1971-ci il tarixdə doğulmuş X1, adını, ata adını İddiaçı olaraq dəyişdirmişdir. Bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 176 nömrə ilə qeyd edilmişdir. Həmçinin, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh (VÖEN: **********) müvafiq qaydada dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsidir. Beləliklə, məhkəmə tərəfindən sənədlərin ilkin araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə tərəflər – İddiaçı (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə malik olan, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyiciləridir. Bundan əlavə, iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı 1998-ci ildə yuxarıda qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış sahəsini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə almış, 2009-cu ilə qədər həmin sahədən məhdudiyyətsiz istifadə etmiş və gəlir əldə etmişdir. Sonradan cavabdeh iddiaçını mülkiyyətindən qanunsuz olaraq məhrum etməklə onun məhz sahibkarlıq hüququnu pozmuş və iddiaçı gəlir əldə edə bilməmişdir. İddiaçının iddia tələbindən də göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə hər ikisinin kommersiya xarakterli sahibkarlıq fəaliyyətindən irəli gələrək yaranmış mübahisədir. Belə ki, cavabdeh məhdud məsuliyyətli cəmiyyət təşkilati-hüquqi formasında olan kommersiya hüquqi şəxsidir və qanunvericiliyin tələbinə görə, kommersiya hüquqi şəxslərinin məqsədi həyata keçirdikləri fəaliyyətdən gəlir əldə etməkdir. İddiaçı isə fərdi sahibkar statusunda olan vergi ödəyicisidir və cavabdeh tərəfindən məhrum edildiyini iddia etdiyi əmlakdan gəlir əldə etmək məqsədilə istifadə etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki mülki iş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya xarakterli mübahisədir və işə Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki-Prosessual Məcəllənin 26.2-cı maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının (bundan sonra – Qərarın) 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, həmin məsələyə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «mülkiyyət hüququnun bərpa edilməsi və s.» tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı «mülkiyyət hüququnun bərpa edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar