Məhkəmə qərarları › İş №e-2(006)-3470/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3470/2020

16.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3470/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə olunmuş mənzilin paylara bölünməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə olunmuş mənzilin paylara bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi qaydada nikaha daxil olub və onların nikahı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulub. Birgə nikah dövründə cavabdehin adına Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 25 №-li evin 45 №-li mənzili əldə olunub. Mənzil hazırda cavabdehin mülkiyyətindədir və “xxxxxxx” KB ASC-də onun alınması üçün verilmiş ipoteka kreditinin təminatı kimi ipotekadadır. Tərəflər arasında göstərilən əmlakla bağlı razılıq yoxdur. Bu səbəbdən məhkəmə qaydasında bərabər paylarla bölünməlidir. Göstərilənlərə əsasən Cavabdeh adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 25 №-li evin 45 №-li mənzili bərabər paylarla bölünərək, onların ½ hissəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməsinə etiraz etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarındakı "xxxxxxx" KB ASC ilə alıcı-ipoteka qoyan Cavabdeh və satıcı X5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 043 İKİ/13 saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 25 №-li evin 45 №-li mənzilini alıcı-ipoteka qoyanın mülkiyyətinə vermiş; satış qiyməti 50300 manat olan mənzilin dəyəri kreditor - ipoteka saxlayan tərəfindən xx.xx.2013-cü il tarixdə bağlanmış 043İK/13 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 25, mənzil 45 Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1882 saylı reyestr kitabının 173545 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4178/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X3 ilə Cavabdeh arasında Qax rayon VVADQ şöbəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 128 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2008-ci il təvəllüdlü X6 və xx xxxxx 2013-cü il təvəllüdlü X7 anaları X1 yanında qalması, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq (“müvəqqəti alimentin tutulması barədə” Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 4178/2019 saylı qərardadı nəzərə alınmaqla), xx xxxx 2008-ci il təvəllüdlü X6 və xx xxxxx 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin alınaraq iddiaçı X2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra olunması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh adına Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 25, mənzil 45 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin, Cavabdeh adında hazırda digər ərazi idarələri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar daxildir. Qanunun yuxarıda qeyd olunan müddəasından göründüyü kimi mübahisəli əmlakın ər-arvadın ümumi birgə mülkiyyətinin tanınması üçün həmin əmlakın onların birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə olunması mütləq elementlər hesab olunur. Birgə nikah dövründə əqdin ərin və ya arvadın birinin adından bağlanması və daşınmaz əmlakın ərin və ya arvadın birinin adına qeydiyyatdan keçməsi faktı əmlakın ümumilikdə ər-arvadın hər ikisinə məxsus olmasının göstəricisi kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 25, mənzil 45-in 1/2 hissəsinə dair onun mülkiyyət hüququnun tanınması haqqında iddia tələbi irəli sürülmüşdür. Qeyd olunan mübahisə predmetinin hüquqi vəziyyəti həm irəli sürülmüş tələbin hüquqi həddini, həm də həmin hüquq münasibətlərinin subyektlərini müəyyən edir. Ümumi birgə əmlakın bölünməsi haqqında iddia tələbi xx xxxxx 2013-cü il tarixli müqaviləyə əsasən sərəncamvermə hüququ kreditor-ipotekasaxlayan «xxxxxxx» KB ASCyə məxsus olan yaşayış sahəsinə münasibətdə irəli sürülmüşdür. Həmin hal ona dəlalət edir ki, mübahisəli yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmasına baxmayaraq, ipoteka ilə yüklü olduğuna görə həmin əmlakın ərarvadın ümumi mülkiyyətinin tanınması ilə onlara münasibətdə müəyyən hüquqi rejim yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.2-ci maddəsinə müvafiq olaraq girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir (həmin Məcəllənin 269.6-cı maddəsi). Yuxarıda qeyd olunan qanunun normaları mübahisəli yaşayış sahəsinə münasibətdə Cavabdeh hüquqi vəziyyətini müəyyən edir. Cavabdeh mübahisəli əmlaka münasibətdə ipotekaqoyan olmaqla onun hüquqi müqəddəratını təyin edə bilmir. Bununla əlaqədar onun mülkiyyətçi kimi hüquqları Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən məhduddur. Cavabdeh həmin əmlaka münasibətdə alıcı-ipotekaqoyan kimi hüquqlarının məhdudlaşdırılması yuxarıda qeyd olunan müqaviləyə onun vacib şərtlərindən biri kimi daxil edilmişdir. Beləliklə, işin yuxarıda qeyd olunan hallarını müəyyən edərək məhkəmə hesab edir ki, İddiaçı tərəfindən hazırki vaxtda onun Cavabdeh ilə ümumi birgə mülkiyyəti hesab oluna bilməyən əmlak barəsində tələb irəli sürülmüşdür. Mübahisəli mənzil Ailə Məcəlləsinin 32.2-ci maddəsi ilə müəyyən olunmuş və məcmu xarakteri daşıyan ümumi əmlakın əlamətlərinə cavab vermir. İşin hallarından göründüyü kimi, mənzilə görə alınmış kredit (yəni mənzilin dəyəri) tam ödənilməmişdir, kreditin qalığı cavabdeh tərəfindən ödəniləcəkdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə olunmuş mənzilin paylara bölünməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə olunmuş mənzilin paylara bölünməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar