Məhkəmə qərarları › İş №e-2(006)-3530/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3530/2025

29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3530/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 20 nömrəli Şəhər Poliklinikası və Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxslər qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi 20 nömrəli Şəhər Poliklinikası maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi anası X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Təcili və X8 Yardım çağırılsa da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir və Bakı şəhəri Təcili və X8 Yardım Stansiyası PHŞ tərəfindən ölüm haqqında xəbərdarlıq vəsiqəsi verilmişdir. Anam Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Mərhum barədə X10 PHŞ-nə xx.xx.2025-ci il tarixdə müraciət edilmişdir və bu barədə xəbərdarlıq vəsiqəsi verilmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün qeyd olunan xəbərdarlıq vəsiqələri ilə 7 saylı Asan Xidmətinə xx.xx.2025-ci il tarixdə şifahi müraciət edilsə də imtina olunmuşdur. Həmin gün xx.xx.2025-ci il tarixdə 20 saylı Poliklinikaya müraciət edilmiş, poliklinikadan isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il tarixli 5 nömrəli qərarına əsasən vəfat etdiyi gündən xeyli vaxt keçdiyindən verilməsi mümkün olmadığı bildirilmiş, bu barədə xx.xx.2025-ci il tarixli 18- 1-1-2612-Ə-4-31-3/2025 saylı məktubu təqdim olunmuşdur. Bundan sonra hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair məhkəmədə iddia qaldırılsa da məhkəmə ərizəçinin müvafiq qeydiyyat şöbəsinə müraciət edib imtina alınmasına dair sənəd əlavə edilməməsisəbəbi ilə ərizəni geri qaytarmışdır. Daha sonra ərizəçi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı“Asan Xidməti” X1 anası X2 xx.xx.2025-ci il tarixdə ölümün qeydə alınması ilə bağlı müraciət edilmişdir. X4 xx.xx.2025-ci il tarixli, 3-16-5/8-9xx/xx-2025 nömrəli məktubu ilə ölüm haqqında şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin infirmasiya sisteminə ötürülmüş məlumatlar arasında ananızın ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Göründüyü kimi ərizənin verilməsinə mane olan hallar ərizəçi tərəfindən artıq aradan qaldırılmışdır. Bu səbəbdən ərizəçi məhkəməyə təkrar müraiət etmişdir. Hazırda anasının ölüm haqqında şəhadətnaməsi olmadığına görə, ərizəçi ölümlə bağlı dəfn müraciətlərini ala bilmir və mərhum üzrə vərəsəlik işi də açıla bilmir.

3. Sonradan Nəsimi rayon Qeydiyyat şöbəsi iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər 20 nömrəli Şəhər Poliklinikası və Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasının nümayəndələrin iştirakı olmadan keçirilməsini xahiş edilmiş, digər maraqlı şəxs nömrəli Şəhər Poliklinikası tərəfindən nümayəndənin gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısıdır, mərhumə X3 isə onların anası olub. Anası şəkər xəstəsi olub, xx.xx.2025-ci il tarixdə bacısı Qönçənin evində rəhmətə gedib vəfat etmiş və Biləcəri qəbiristanlığında dəfn edilmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi onun arvadının bacısıdır, mərhum Səlimova Xatirə Səlim qızı isə arvadının anası olub. Mərhum xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Biləcəri qəbiristanlığında dəfn edilmişdir.

8. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla birlikdə nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. AZE seriyalı 09649356 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X2 doğulduğu yer və tarix: Laçın rayonu, xx.xx.1957-ci il qeyd olunmuşdur.

10. xx.xx.2025-ci il tarixli “Respublika Təcili və X8 Yardım Mərkəzi” PHŞ “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, həmin tarixdə saat 13:24-də Badamdar qəsəbəsi, İİİ massiv X2 adına çağırış daxil olmuş, həkim A.Zeynalova və feldşer T.Mayılovadan ibarət tərkibdə briqada ünvana gəldikdə ünvanda: göstərilən yardım: “həkimə qədər ölüm” qeyd edilmişdir.

11. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X2 ölümü ilə bağlı poliklinikaya gec müraciət edildiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi imkan xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə Azərbaycan Respublikasının 2018-ci il tarixli 5 nömrəli Qərarı ilə verilir.

12. Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında” tibbi şəhadətnamə olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

13. Binəqədi rayon Biləcəri bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 02/395 nömrəli arayışından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Biləcəri qəsəbəsi, DSK yolunda 2 saylı qəbiristanlıqda dəfn edilib.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.1957-ci ildə Laçın rayonunda anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Biləcəri 2 qəbiristanlığında dəfn olunmuşdur.

15. X2 ölümü haqqında tibbi şəhadətnaməni almaq üçün 20 nömrəli Şəhər Poliklinikasına müraciət edilsə də, müraciətə ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il 31 yanvar tarixli 5 nömrəli qərarına əsasən verilməsinin mümkün olmadığı bildirilmişdir. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi isə şəxsin “ölüm haqqında tibbi şəhadətnamə”sinin olmadığına görə onun ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsinin mümkün olduğu barədə məlumat vermişdir.

16. Ərizəçi anası X2 ölüm haqqında şəhadətnaməsini məhkəmədən kənar qaydada almağa çalışsa da buna nail ola bilməmişdir. Ərizəçinin müvafiq şəhadətnaməni almaqda məqsədi anasının vərəsəlik işinin açılması və birdəfəlik müavinətin alınması üçün zəruridir. Bundan başqa, məhrumun ölüm faktı təsdiq olunmadığından hazırkı vaxta qədər sonuncunun əmək pensiyası kartına sosial ödənişlər edilir. Pensiya ödənişlərinin dayandırılması üçün ölümü təsdiq edən sənəd müvafiq quruma təqdim edilməlidir. Odur ki, X2 ölümü haqqında şəhadətnamənin alınması zəruridir. Buna görə də məhkəməyə xüsusi icraat qaydasında müraciət edilmişdir.

c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 8.5-ci bənd. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 104.1-ci maddə. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1 və 305.1.1-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddə. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddə. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddə. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

19. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1957-ci ildə Laçın rayonunda anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunduğuna, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydasının nəzərdə tutulmadığına və ərizəçinin qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyinə görə hazırki ərizə təmin edilməlidir.

Nəticə:

20. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci ildə Laçın rayonunda anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar