Məhkəmə qərarları › İş №e-2(006)-3845/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3845/2024

23.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3845/2024 23.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi İddiaçı Maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı mərhum atası X5 ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. xx.xx.2024-cü il tarixdə atası Bakı şəhəri, Sabunçu rayonu, X7, dalan 12 ünvanında ürək çatışmazlığından vəfat etmişdir. Atasının ölümünü təsdiqləyən BŞT və TTYS-nın PHS ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum atası X3 ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün aidiyyat üzrə müraciət etsələr də, nəticəsiz qalmışdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, tərəflərindən Maraqlı şəxsnə sorğu ilə müraciət edərək X1nun xx.xx.2024-cü il tarixdə vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə alınması üçün “Ölüm haqqında tibbi şəhadətnamə” tərtib edilərək ərizəçiyə təqdim edilməsi xahiş olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 77 saylı məktubla sorğuya cavab olaraq bildirmişdirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 saylı Qərarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmçinin bildirilmişdir ki, təqdim edilən sənədlər əsasında ölüm faktını təsdiq edən tibb müəssisənin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyat üzrə müraciət etməlidir. Şərh olunanlara əsasən, mərhum atası X3 vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən edilməsi ərizəçiyə ailə tərkibində olan dəyişikliyin qeydiyyat orqanlarında qeydə alınması həyata keçirilməsi üçün vacibdir. Göstərilənlərə əsasən xx.xx.1948-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi, X3 adına ölüm haqqında şəhadətnamənin verilməsini Nəsimi Rayon qeydiyyat şöbəsinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun qaynı və vəfat etmiş şəxs isə qayınatasıdır. Mərhum qayınatası ürək çatışmazlığından əziyyət çəkirdi. Uzun illər bununla bağlı müalicə almışdır. O, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Dəfnində və yas mərasimində iştirak etmişdir. 5.Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, ərizəçi və vəfat etmiş şəxs isə onun yaxın qohumlarıdır. X1 ürək çatışmazlığından əziyyət çəkirdi. Ölüm səbədi də məhz bununla bağlı olmuşdur. O, xx.xx.2024-cü il tarixdə 76 yaşında vəfat etmişdir. Dəfnində və yas mərasimində iştirak etmişdir. 6.İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahidlərin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmədə ərizəçinin nümayəndəsi və vəkilinin izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X12 37 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1948-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə rəhmətə gedib. Mərhum 37 nömrəli şəhər poliklinikasına hər hansı bir xəstəliklə əlaqədar müraciət etməyib və dispanser qeydiyyatda olmayıb. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. 10.Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. 11.Mülki işin materiallarında olan Təcili və X2 Stansiyası tərəfindən verilən xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Nardaran, Ləhiş bağları ünvanında həmin tarixdə X5 adlı kişi meyiti aşkar edilmişdir. 12.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 159 nömrəli Arayışdan görünür ki, həqiqətən İddiaçı atası X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Dağüstü 2 qəbirstanlığında dəfn xərcləri onun tərəfindən çəkilməklə dəfn olunmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 14.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 15.Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. 16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 17.Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 18.Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. 19.Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 20.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və ərizəçi İddiaçı atası xx.xx.1948-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 23.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı ərizəsi təmin edilsin. xx.xx.1948-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar