Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3893/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı Təvəkkül oğlunun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Təvəkkül oğlunun cavabdehlər Cavabdeh2 BOKT ASC-yə və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması” iddia tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Təvəkkül oğlu cavabdehlər Cavabdeh2 BOKT ASC-yə və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması» tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X8 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi. 140 qapı ünvanında yerləşən ümumi sahəsi 132,2 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 BOKT ASC qarşısında 23 noyabr 2015-ci il tarixli MZ/PB-055511/15 nömrəli kredit müqaviləsi üzrə ipoteka yüklülüyünə xitam verilməsi və bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 662/2020 saylı, 10.02.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Təvəkkül oğlu ilə Cavabdeh2 BOKT ASC arasında bağlanmış 23 noyabr 2015-ci il tarixli MZ/PB-055511/15 nömrəli kredit müqaviləsinə əsasən 70.325 (yetmiş min üç yüz iyirmi beş) ABŞ dolları məbləğində borc öhdəliyi icra edilmiş hesab edilmiş və qeyd edilən kredit müqaviləsi üzrə borc məbləğinin həmin ödənişə müvafiq olaraq azaldılması qət edilmişdir. Məhkəmə icraatı zamanı təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2019-cu il tarixli 28119 saylı rəyində göstərilmişdir ki, İddiaçı Təvəkkül oğlu tərəfindən istifadə etdiyi kredit vəsatətinə görə 09.04.2019-cu il tarixədək Cavabdeh2 BOKT ASC-yə cəmi 70.325 (yetmiş min üç yüz iyirmi beş) ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Həmin məbləğin 50.367,10 ABŞ dolları əsas, 19.957,90 ABŞ dolları isə faiz borcuna silinmişdir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış və xəzinə mədaxil qəbzləri məlumatlarına əsasən, 23 noyabr 2015-ci il tarixli MZ/PB-055511/15 nömrəli kredit müqaviləsi üzrə borcalan İddiaçı Təvəkkül oğlunun Cavabdeh2 BOKT ASC-yə ödənilməli olan kredi borcu 09.04.2019-cu il tarixə (sonuncu ödəniş tarixi) əsas kredit borcu üzrə 4.632,90 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları müəyyən olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-662/2020 saylı, 10.02.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə 23 noyabr 2015-ci il tarixli MZ/PB-055511/15 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Təvəkkül oğlunun Cavabdeh2 BOKT ASC qarşısında öhdəliyi 4692,30 ABŞ dolları məbləğində müəyyən edilmişdir ki, həmin məbləğdə 18.11.2020-ci il tarixdə (4622 ABŞ dolları) iddiaçı tərəfindən Cavabdeh2 BOKT ASC-yə ödənilmişdir. Qeyd edilən kredit müqaviləsinin təminatı olaraq mülkiyyət hüququ üzrə X9 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi. 140 qapı ünvanında yerləşən ümumi sahəsi 132,2 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh2 BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən 23 noyabr 2015-ci il tarixli MZ/PB- 055511/15 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 BOKT ASC qarşısında olan öhdəliklərin tam ödənilməsinə, həmçinin bununla bağlı müvafiq məhkəmə qətnaməsi qanuni qüvvəyə minməsinə baxmayaraq, ipoteka predmetinin ipotekadan azad edilməsi barədə Cavabdeh2 BOKT ASC-yə ərizə verilməsinə baxmayaraq, həmin ərizə təmin olunmamış, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana bu barədə ərizə göndərilməmişdir. Məhkəmə iclasında İddiaçı Təvəkkül oğlunun vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyib, İddiaçı Təvəkkül oğlunun 23 noyabr 2015-ci il tarixli MZ/PB-055511/15 nömrəli kredit müqaviləsinin müddətinin 23.11.2018-ci il tarixdə bitdiyini, həmin müqavilə üzrə Cavabdeh2 BOKT ASC-yə 21.06.2021-ci il tarixinə 30260,32 ABŞ dolları əsas, 40794,34 ABŞ dolları faiz, 107714,01 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 178768,67 ABŞ dolları borcunun olmasını bildirərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazmi qaydada xəbərdar edilmiş digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və Cavabdeh2 BOKT ASCnin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 23 noyabr 2015-ci il tarixli MZ/PB-055511/15 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Təvəkkül oğlu Cavabdeh2 BOKT ASC-dən illik 25% olmaqla, 36 ay müddətinə 55000 (əlli beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Mülki işin materiallarında olan 23 noyabr 2015-ci il tarixli MZ/PB-055511/15 nömrəli ipoteka müqaviləsindən görünür ki, 23 noyabr 2015-ci il tarixli MZ/PB-055511/15 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Təvəkkül oğlunun borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi. 140 qapı ünvanında yerləşən ümumi sahəsi 132,2 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh2 BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin tərəfləri: ipoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan (mülkiyyətçi) X4 və borc alan İddiaçı Təvəkkül oğlu olmuşdur. Mülki işin materiallarında olan 23 noyabr 2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İddiaçı Təvəkkül oğlu 23 noyabr 2015-ci il tarixli MZ/PB-055511/15 nömrəli kredit müqaviləsi üzrə 23.12.2015-ci il tarixdən 23.11.2018-ci il tarixədək hər ay 2187 ABŞ dolları, sonuncu ay üzrə isə 2175 ABŞ dolları Cavabdeh2 BOKT ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan evlənmək haqqında şəhadətnamədən görünür ki, İddiaçıbağı Abdulla oğlunun X11 ilə nikahı 10.07.1963-cü il tarixdə 13 № ilə lazımi qeyd edilmişdir. Evlənmə qeyd ediləndən sonra X14 soyadını qəbul etmişdir. Mülki işin materiallarında ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçıbağı Abdulla oğlu 10.03.2017-ci il tarixdə ölmüşdür. Mülki işin materiallarında olan 08.01.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 10.03.2017-ci il tarixdə ölmüş İddiaçıbağı Abdulla oğlunun vərəsəsi X12 miras əmlak Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi. 140 qapı ünvanında yerləşən ümumi sahəsi 132,2 kv.metr olan qeyri-yaşayış sahəsindən pay almalıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriylı ******* №-li, reyestr nömrəsi **********88-05101-083002 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi. 140 qapı ünvanında yerləşən ümumi sahəsi 132,2 kv.metr olan qeyri-yaşayış sahəsi 27.01.2018-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20.12.2019-cu il tarixli 28119 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış və xəzinə mədaxil qəbzləri məlumatlarına əsasən, İddiaçı Təvəkkül oğlu ilə Cavabdeh2 BOKT ASC arasında bağlanmış 23 noyabr 2015-ci il tarixli MZ/PB- 055511/15 nömrəli kredit müqaviləsi üzrə borcalanın Cavabdeh2 BOKT ASC-yə ödənilməli olan kredit borcu 09.04.2019-cu il tarixə (sonuncu ödəniş tarixi): əsas kredit borcu - 4632,90 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları müəyyən olunur. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı ilə faiz borcu bağlanmış 23 noyabr 2015-ci il tarixli MZ/PB-055511/15 nömrəli kredit müqaviləsi müddəti bitdikdən sonra, yəni 22.11.2018-ci il tarixdən 09.04.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-662/2020 saylı, 10.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Təvəkkül oğlu ilə Cavabdeh2 BOKT ASC arasında bağlanmış 23 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 70325 (yetmiş min üç yüz iyirmi beş) ABŞ dolları məbləğində borc öhdəliyinin icra edilmiş hesab edilməsi və noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğinin həmin ödənişə müvafiq olaraq azaldılması qət edilmişdir. Mülki işin materiallarında olan 18.11.2020-ci il tarixli xəzinə mədaxil orderindən və hesabdan çıxarışdan görünür ki, İddiaçı Təvəkkül oğlu tərəfindən Cavabdeh2 BOKT ASC-yə 4633 (dörd min altı yüz otuz üç) ABŞ dolları pul ödənilmişdir. Mülki işin materiallarında olan İddiaçı Təvəkkül oğlunun Cavabdeh2 BOKT ASC-yə ünvanladığı 24.12.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Təvəkkül oğlu 23 noyabr 2015ci il tarixli MZ/PB-055511/15 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi ilə əlaqədar həmin müqavilənin təminatı kimi ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi. 140 qapı ünvanında yerləşən ümumi sahəsi 132,2 kv.metr olan qeyriyaşayış sahəsinin ipoteka yüklülüyündən azad edilməsi barədə müraciət etmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş Kürdəmir rayon notariat ofisində təsdiq edilən etibarnamədən görünür ki, X12 həmin etibarnamə ilə harada yerləşməsində və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq , satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi, və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcədə sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli, və digər hər cür məktubların və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı Təvəkkül oğluna etibar etmişdir. Mülki işin materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(041)-476/2021 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh2 BOKT ASC-nin cavabdehlər İddiaçı Təvəkkül oğluna və İddiaçıbağı Abdulla oğluna qarşı borc tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri iddiaçıya qaytarılması qərara alınmışdır. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 20 (iyirmi) manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Məcəllənin 294-cü maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Mülki Məcəllənin 299.1-ci maddəsinə əsasən, borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Həmin Qanunun 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Göründüyü kimi mülki qanunvericilikdə ipotekaya xitam verilməsinin əsasları konkret göstərilmişdir. Belə olan halda müəyyən edilir ki, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilməlidir. İddiaçı cavabdeh bank ilə bağladığı 23.11.2015-ci il tarixli MZ/PB-055511/15 №-li kredit müqaviləsinin təminatı 23 noyabr 2015-ci il tarixli MZ/PB-055511/15 №-li ipoteka müqaviləsi ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 140 qapı ünvanında yerləşən ümumi sahəsi 132,2 kv.metr olan qeyri-yaşayış sahəsi olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-662/2020 saylı, 10.02.2020-ci il tarixli qətnaməsinin təsviri hissəsində məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı Təvəkkül oğlu ilə Cavabdeh2 BOKT ASC arasında bağlanmış 23 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4.632.90 ABŞ dolları mövcuddur. Belə ki, əsas öhdəlik üzrə qalıq borcun məbləği məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilərək hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında bağlanılmış kredit müqaviləsinin qalıq məbləği ilə məhkəmədə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh bank ilə bağladığı 23.11.2015-ci il tarixli MZ/PB-055511/15 №-li kredit müqaviləsinə əsasən illik 25% olmaqla, 36 ay müddətinə 55000 (əlli beş min) ABŞ dolları məbləğində kredit, verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçının nənəsinin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi. 140 qapı ünvanında yerləşən ümumi sahəsi 132,2 kv.metr olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü etmişdir. İddiaçı Təvəkkül oğlu 23 noyabr 2015-ci il tarixli MZ/PB-055511/15 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 BOKT ASC-yə ödəməli olduğu 4632,90 ABŞ dolları borcu ödəmiş və hazırda göstərilən kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etmiş, buna dair Cavabdeh2 BOKT ASC-nin 18.11.2020-ci il tarixli xəzinə mədaxil orderində və hesabdan çıxarışda həmin məbləğ ödənilməsi göstərilmişdir. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi. 140 qapı ünvanında yerləşən ümumi sahəsi 132,2 kv.metr olan qeyriyaşayış sahəsi İddiaçıbağı Abdulla oğlunun ölümündən sonra X6 adına rəsmiləşdirilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 noyabr 2015-ci il tarixli MZ/PB- 055511/15 №-li ipoteka müqaviləsi üç tərəfli əqddir. İddiaçı Təvəkkül oğlu ipoteka müqaviləsinin tərəfi olmaqla onun hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmuşdur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, 23.11.2015-ci il tarixli MZ/PB-055511/15 №-li kredit müqaviləsinə üzrə əsas öhdəlik tam icra olunduğundan iddia təmin edilməli, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 132,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 23 noyabr 2015-ci il tarixli MZ/PB-0555/11/15 nömrəli kredit müqaviləsi üzrə yüklülüyünə xitam verilməli, bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh2 BOKT ASC-dən iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı Təvəkkül oğluna ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 132,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 23 noyabr 2015-ci il tarixli MZ/PB-0555/11/15 nömrəli kredit müqaviləsi üzrə yüklülüyünə xitam verilsin, bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh2 BOKT ASC-dən alınaraq İddiaçı Təvəkkül oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3893/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3893/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver