Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4095/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizəsini onunla əsaslandırmışdır ki, onun bacısı X5 27 yanvar 1951-ci ildə anadan olmuş, 18 may 1997-ci ildə vəfat etmişdir. O, Biləcəri qəsəbəsi ərazisində yerləşən Biləcəri Qəsəbəsi 1 saylı qəbiristanlığında dəfn edilmişdir. İndiyə qədər bacısına ölüm haqqında şəhadətnamə almamışlar. Nəsimi rayon Qeydiyyat idarəsinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 ölüm akt qeydi aşkar edilməmişdir. X1 Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş №029706 saylı, 30/96003 qeydiyyat nömrəli, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, 4-cü mikrorayon, M.Cəlal küçəsindəki 62 nömrəli evin 53 saylı fərdi yaşayış evi mülkiyyətində olmuşdur. Bacısı xx.xx.1997-ci ildə vəfat etmişdir. Hazırda bacısına məxsus olan fərdi yaşayış evinin vərəsəlik qaydasında əldə edilməsi üçün birinci növbə vərəsələrin müvafiq sənədləri notariat orqanına təqdim edilməlidir. Bacısının ölüm haqqında şəhadətnaməsi olmadığından onlar vərəsəliklə bağlı sənədləşdirmə işlərini həyata keçirə bilmirlər. Buna görə də məhkəmə qaydasında bacısının ölümünün qeydə alınma faktının müəyyən edilməsi zəruridir. Göstərilənlərə əsasən 27 yanvar 1951-ci il təvəllüdlü X2 18 may 1997-ci ildə ölməsinin qeydə alınma faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəyə dəqiqləşdirmə ilə müraciət edərək 27 yanvar 1951-ci il təvəllüdlü X3 18 may 1997-ci ildə ölməsinin qeydə alınma faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni və ona edilmiş dəqiqlədirmə ərizəsini müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Beləliklə, məhkəmədə ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin bacısı X6 27 yanvar 1951-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Biləcəri qəsəbəsi 1 saylı qəbiristanlıqda dəfn edilmişdir, lakin ərizəçi bacısının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
b) Mülki işin materialları:
9. Mülki işin materiallarında olan Maraqlı şəxs Ərizəçi nümayəndəsi X7 ünvanladığı məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır.
10. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1939-cu ilə dair Bakı şəhəri, Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında xx xxxxxx 1938-ci ildə doğulan X4 təvəllüdü qeyd olunur. Atası: Lütfəliyev Səədulla (atasının adı qeyd olunmayıb), milliyəti – azərbaycanlı. Anası: X8, millyəti – azərbaycanlı.
11. Mülki işin materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən “Femida” vəkil bürosuna ünvanlanmış məktubda bildirilmişdir ki, X2 Biləcəri qəsəbəsi 1 saylı qəbiristanlıqda dəfn olunduğu barədə məlumat təsdiqini tapmış, məzarı aşkar olunmuşdur.
12. Mülki işin materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X6 xx.xx.1997-ci ildə vəfat etmiş və qəbiristanlıqda dəfn edilmişdir.
13. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH saylı, 029706 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 53 saylı mənzili X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 640 saylı reyestr kitabında xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır.
14. Mülki işin materiallarında olan Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən verilmiş Xİİ-ЖГ nömrəli vətəndaş pasportunun surətindən görünür ki, X6 xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuşdur.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.
16. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
17. Göründüyü kimi ərizəçi bacısının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
19. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
20. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
21. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
22. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi bacısı xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.