Məhkəmə qərarları › İş №e-2(006)-4269/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4269/2022

27.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4269/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı Cavabdeh MTK-nın ləğvi ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı Cavabdeh MTK-nın ləğvi ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 03 noyabr 2016-cı il tarixli № 208 “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamında qeyd olunmuşdur ki, “Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li Qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rayon İcra Hakimiyyətinə ünvanlanmış 19 iyul 2016-cı il tarixli xx/xx-1068 №-li şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilsin. Sifarişçiyə tapşırılsın: 2.1. sahəni qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2. ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilsin. ”Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən xx.xx.2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyəti (VÖEN **********) ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Həmin müqavilə bağlanarkən iddiaçı notariusa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etmişdir. Həmin müqavilədə həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1.3-cü maddəsinin tələblərinə və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 03 noyabr 2016-cı il tarixli 208 №-li Sərəncamına istinad edilmişdir. Müqavilənin 1.2-ci bəndində yazılmışdır ki, “Müqavilənin 1.1.2-ci bəndinə əsasən, “Tikinti şirkəti” ünvan 1 ünvanda yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyriyaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində özü tərəfindən Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92,0 m2-dən ibarət hündürlüyü 5,5 m olan, birinci mərtəbədə (yerlə bir səviyyədə olan mərtəbədə) yerləşən qeyri-yaşayış sahəsini (müqaviləyə əlavə edilmiş sxemdə ştrixlənmiş hissə) tikib “Əmlak mülkiyyətçisi”nə təhvil verir. Həmin qeyri-yaşayış sahəsinin 70,0 kv.m.-dən ibarət olan hissəsi “Əmlak mülkiyyətçisi”-nin sökülən daşınmaz əmlakının əvəzi kimi verilir, qalan 22,0 kv.m.-dən ibarət hissə isə ödənişli əsaslarla “Tikinti şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”-nə satılır”. Bildirir ki, Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyəti Səməd Vurğun, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Salatın Əsgərova küçələrinin əhatə etdiyi məhəllədə ümumilikdə yeddi hündürmərtəbəli binalar inşa etmişdirlər, həmin binalardakı mənzillər, qeyri-yaşayış sahələri satılmışdırlar. Hal-hazırda həmin sahələrdə mülkiyyətçilər tərəfindən təmir işləri aparılmış və müvafiq olaraq qaz, su, elektrik sayğacları quraşdırılmışdır. 2021ci ildə həmin MMC MTK-ya çevrilmişdir. Hal-hazırda qeyd edilən ünvanda mənzil tikitinti koorperativi olaraq fəaliyyət göstərir və bu fəaliyyəti ilə iddiaçı tərəfindən mülkiyyətində olan əmlakın təmir işlərinin aparılmasına süni maneəlar yaradır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 44.1-ci (çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi qaydası) maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. 44.2 Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. 44.3 Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. 44.4 Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əlçatan yerdə (yerlərdə) yerləşdirilməlidir. 44.5 Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir: 44.5.1. yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat; 44.5.2. yığıncağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə); 44.5.3. yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan; 44.5.4. yığıncağın gündəliyi; 44.5.5. yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı. 44.6 Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Bu halda: 44.6.1. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncaqları keçirilmir və bu yığıncaqlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının yarısından çoxuna malik olan şəxslər tərəfindən çağırıla bilər; 44.6.2. bu Məcəllənin 45.6-cı maddəsinin müddəaları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı barəsində öz qüvvəsini saxlayır.” Həmin Məcəllənin 109.1-ci (Mənzil-tikinti kooperativləri) maddəsinə əsasən, “Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2. mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. 109.3. Mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. 109.4. Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “Kooperativin yaradılması zamanı qarşıya qoyulan məqsədə nail olunduqda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, kooperativin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci (müdafiə üçün məhkəməyə müraciət etmək hüququ) maddəsinə əsasən, “Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.” Hazırki iş üzrə cavabdeh tərəfindən yaradılmış mənzil tikinti koorperativi ona öz əmlakından təyinatına uyğun istifadə etməsinə maneələr yaradır, onun qanunla qorunan hüquqlarını pozur. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahat verərək bildirdi ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ mövcud deyil. Belə ki, bu tələb çoxmənzilli binanın sahə mülkiyyətçisinə məxsusdur. Lakin iddiaçının çoxmənzilli binanın sahə mülkiyyətçisi olmasına dair hər hansı bir sənəd iş materiallaırında mövcud deyildir. Eyni zamanda, bu məsələlər öncə sahə mülkiyyətçilərinin ümumi yığıncağında həll olunmalıdır. Ümumi yığıncağın qərarı mənzil tikinti kooperativi tərəfindən icra edilmədiyi təqdirdə sahə mülkiyyətçisi məhkəməyə müraciət edib, hazırki tələbini irəli sürməkdə haqlı olacaqdır. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, hazırki işin icraatına Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 03 noyabr 2016-cı il tarixli 208 saylı Sərəncamından görünür ki, Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №li Qərarı rəhbər tutularaq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən RİH-ə ünvanlanmış xx.xx.2016-cı il tarixli xx/xx-1068 №li Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanılaraq, Cavabdeh MMC-yə Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov Qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icrarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. - Cavabdeh MMC ilə İddiaçı arasında Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış və reyestrdə 3M-1058 № ilə qeyd edilmiş 04 oktyabr 2017-ci il tarixli müqavilədən görünür ki: Əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən xx.xx.2014-cü il tarixində ********** qeydiyyat və **********10-093023 reyestr nömrəsi ilə qeydiyyata alınmış və AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarış” ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 58.0 kv.mdən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verir, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evinin birinci mərtəbəsində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul edir. Tikinti şirkəti ünvan 1 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini təmir edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasında 3-cü blokun başlanğıc hissəsində, ümumi sahəsi 92,0 kv.m-dən ibarət hündürlüyü 5,5 m. olan, birinci mərtəbədə (yerlə bir səviyyədə olan mərtəbədə) yerləşən qeyri-yaşayış sahəsini (əlavə edilmiş sxemdə ştrixlənmiş hissə) tikib əmlak mülkiyyətçisinə təhvil verir. Həmin qeyri-yaşayış sahəsinin 70,0 kv.m-dən ibarət olan hissəsi əmlak mülkiyyətçisinin sökülən daşınmaz əmlakının əvəzi kimi verilir, qalan 22,0 kv.m-dən ibarət hissə ödənişli əsaslarla tikinti şirkəti tərəfindən əmlak mülkiyyətçisinə satılır. - Cavabdeh MMC ilə İddiaçı arasında Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış və reyestrdə 3M-1058 № ilə qeyd edilmiş 04 oktyabr 2017-ci il tarixli müqaviləyə 07 aprel 2018-ci il tarixli əlavədən görünür ki, müqavilənin 1.1.2-ci bəndinin dəyişdirilərək, “Tikinti şirkəti ünvan 1 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini təmir edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində özü tərəfindən Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfdəki vitrinləri Salatın Əsgəroa küçəsinə baxan, ümumi sahəsi 92,0 kv.m-dən ibarət hündürlüyü 5,5 m. olan, birinci mərtəbədə (yerlə bir səviyyədə olan mərtəbədə) yerləşən qeyri-yaşayış sahəsini (müqaviləyə əlavə edilmiş sxemdə ştrixlənmiş hissə) tikib əmlak mülkiyyətçisinə təhvil verir. Həmin qeyri-yaşayış sahəsinin 70,0 kv.m-dən ibarət olan hissəsi əmlak mülkiyyətçisinin sökülən daşınmaz əmlakının əvəzi kimi verilir, qalan 22,0 kv.m-dən ibarət hissə ödənişli əsaslarla tikinti şirkəti tərəfindən əmlak mülkiyyətçisinə satılır” redaksiyada verilməsi təsdiq edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, Cavabdeh MTK 12 aprel 2016-cı il tarixdə ********** VÖEN nömrəsi ilə AZ 1014 ünvan 2 ünvanı üzrə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edildiyi kimi, iddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın ləğv edilərək, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İlk öncə məhkəmə onu qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından yuxarıda qeyd edilən tələb hüququ çoxmənzilli binanın sahə mülkiyyətçilərinə məxsusdur. Lakin iddiaçının bu statusa malik olması iş materiallarında olan sənədlərlə öz əksini tapmamışdır. Belə ki, işin halları ilə müəyyən edildiyi kimi, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 03 noyabr 2016-cı il tarixli 208 saylı Sərəncamı ilə Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov Qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icrarə əsasında Cavabdeh MTK-nın (əvvəlki adı ilə Cavabdeh MMC-nin) istifadəsinə verilmişdir. Qeyd edilən ərazidə müvafiq tikinti işlərinin həyata keçirilməsi məqsədilə Cavabdeh MTK tərəfindən zəruri tədbirlər görülmüş, o cümlədən qəzalı vəziyyətdə olan söküləcək binanın köçürülən sakinləri ilə müqavilələr bağlanılaraq, onlara həmin binanın yerində inşa ediləcək çoxmənzilli yaşayış binasında yeni yaşayış və qeyri-yaşayış sahələrinin verilməsinə dair üzərinə bir sıra öhdəliklər götürmüşdür. Cavabdeh MTK-nın yuxarıda qeyd edilən ərazidə yeni çoxmənzilli yaşayış binasının tikintisi ilə əlaqədar üzərinə müxtəlif növ öhdəliklər götürməsinə baxmayaraq, çoxmənzilli yaşayış binasının dövlət qeydiyyatına alınması, binanın istismara verilməsi, çoxmənzilli yaşayış binasında mənzillərin bina sakinlərinə təhvil verilməsi və bunun əsasında bina sakinlərinə mülkiyyət hüquqlarını təsdiq edən müvafiq çıxarışların verilməsinə dair sənədlər iş materiallarında öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının, çoxmənzilli binanın sahə mülkiyyətçisi statusunu əldə etmədən, hazırki tələblə çıxış etməsi yolverilməzdir. Digər tərəfdən mənzil tikinti kooperativinin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi məsələsi bilavasitə qanunvericiliklə tənzimlənir. Belə ki, mənzil tikinti kooperativinin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi məsələsi ilkin olaraq sahə mülkiyyətçilərinin ümumi yığıncağında həll olunur və bu yığıncağın keçirilməsi qaydasını Azərbaycan Respublikasının Mənzil Məcəlləsi müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. - 43.2-ci maddəsinə əsasən hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. - 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. - 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. - 119.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. - 119.3-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi bu Məcəllənin 44-47-ci maddələrində nəzərdə tutulmuş qaydada keçirilən ümumi yığıncaqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin səs çoxluğu ilə qəbul edilir. - 119.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyəti yaratmış iştirakçılarının səslərinin sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxunu təşkil etməlidir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının iddia tələbi (Cavabdeh MTK-nın ləğv edilərək, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi) sahə mülkiyyətçilərinin ümumi yığıncağında həll edilməli məsələ olmaqla, ümumi yığıncağın səlahiyyətinə aid olan məsələdir. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən məsələnin müzakirəsinə və həllinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Məhkəmə qeyd edir ki, mənzil tikinti kooperativinin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsinin təmin edilməsi məsələsinin həlli yalnız bu məsələnin ümumi yığıncağın gündəliyinə salınması ilə mümkündür. Lakin ümumi yığıncağın təşkil olunması, bu məsələnin ümumi yığıncağın müzakirəsinə çıxarılmaqla, müvafiq qərarın qəbul edilməsi və bu kimi digər hallara dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbinə məhkəmədə baxılması yolverilməz olduğundan, İddiaçı Cavabdeh MTK-ya qarşı Cavabdeh MTK-nın ləğvi ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Bundan əlavə məhkəmə mülki qanunvericiliyin mülki hüququn subyektləri kimi cəmiyyət üzvlərinin mülki hüquqlardan biri olan ümumi yığıncaq hüququnun məhkəmə müdafiəsinə təminat verməsini və cəmiyyət üzvlərinin pozulmuş ümumi yığıncaq hüquqlarının bərpasını məhkəmə qaydasında tələb etmək hüququnun mövcud olmasını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı sahə mülkiyyətçilərinin ümumi yığıncağını təşkil edərək, mənzil tikinti kooperativinin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsinə dair qəbul edilmiş qərarın mənzil tikinti kooperativi tərəfindən icra edilmədiyi halda, bu öhdəliyin mənzil tikinti kooperativinin üzərinə qoyulmasını (pozulmuş ümumi yığıncaq hüquqlarının bərpasını) məhkəmə qaydasında tələb etmək kimi hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı Cavabdeh MTK-nın ləğvi ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar