Məhkəmə qərarları › İş №e-2(006)-4489/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4489/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4489/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6600 manat məbləğində sığorta ödənişinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1997-ci il tarixdən 23 avqust 2001-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur və hal-hazırda ehtiyatda olan kapitandır. Qeyd olunur Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə hərbi xidmət dövründə xəstəliyinə uyğun olaraq şəhadətləndirilmiş və xəstəliyin hərbi xidmət dövründə alındığı müəyyən edilmişdir. Bundan əlavə, barəsində Tibbi-Sosial Ekspert Komissiyasının 30 noyabr 2017-ci il tarixli qərarı ilə hərbi xidmət dövrü ilə əlaqədar ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Müvafiq əlillik dərəcəsi nəzərə alınmaqla tərəfindən cavabdehə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq müddəalarına uyğun olaraq sığorta ödənişlərinin ödənilməsinin təmin edilməsi ilə əlaqədar müraciət edilmiş, lakin cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan həmin ödənişin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasından görünür ki, cavabdeh hesab etmişdir ki, ona əlillik hərbi xidmətdən tərxis olunduğu tarixdən 3 ilk keçdikdən sonra, yəni 2017-ci il tarixdə təyin ediməsi səbəbindən birdəfəlik sığorta ödənişinin ödənilməsi mümkün deyil. Hesab edir ki, aşağıda göstərilən maddi hüquq normalarının tələbləri də nəzərə alınmaqla cavabdehin imtinası qanunsuz və əsassız olmaqla hüquqlarımın pozulmasına səbəb olmuşdur. Konkret olaraq sığorta ödənişi almaq hüququna malik olan şəxslərin kateqoriyası və hansı hallarda həmin ödənişlərin imtinasına əsasların olduğu müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, ona təyin edilmiş ikinci qrup əlillik hərbi xidmət dövrü ilə əlaqədar olmuş, məhz hərbi xidmət dövründə baş verən xəstəlik səbəbindən mənə əlillik təyin edilmişdir. Bu səbəbdən də əlilliyin 2017-ci il tarixdən sonrakı tarixdə təyin edilməsi səbəbindən sığorta ödənişinin ödənilməsindən imtina edilməsi ilə razı deyildir. Belə ki, sığorta ödənişinin imtina əsası konkret olaraq 8.1ci maddədə öz əksini tapmışdır. Həmin əsaslardan heç birində əlillik dərəcəsinin təyini müddətı imtina əsası qismində çıxış etməmişdir. Hesab edir ki, cavabdeh hazırkı halda əlillik müddətinin hansı tarixdə təyin edilməsi əvəzinə, əlilliyin hansı səbəbdən təyin edilməsi ilə maraqlanmalı, əlilliyinin xidməti vəzifələrini icra edərkən xəstələnməyi səbəbimdən olduğunu nəzərə almalı və hərbi qulluqçular arasında sığorta ödənişinin həyata keçirilməli olması ilə bağlı fərqləndirmə aparmadan ödəməli idi. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə verilmiş etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə olunmuş vətəndaşın hərbi xidmət keçməsi barədə elektron arayışa əsasən, şəxs xx.xx.1997-ci il tarixdən xx.xx.2010-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Ərizəyə əlavə olunmuş AR MN-nin MHHK-nın xx.xx.2017-ci il tarixli, 1178 nömrəli Qərarına əsasən, şəxsin almış olduğu xəstəlik hərbi xidmət dövründə alınmışdır. Ərizəyə əlavə olunmuş TSEK-də sonuncu müayinəyə dair məlumata əsasən, iddiaçıya xx.xx.2017-ci il tarixində ikinci dərəcəli əlillik təyin olunmuşdur. İddiaçının hərbi xidmət dövründə xəstələnməsinə görə ona əlilliyin təyin olunması sığorta hadisəsinin baş verdiyi zaman qüvvədə olan qanunvericiliyə və kassasiva instansiyası məhkəməsinin də formalaşdırdığı praktikaya uyqun olaraq sığorta hadisəsi hesab edilmir. Hazırkı iş üzrə iddiaçıya əlilliyin təyin edilməsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar deyil, hərbi xidmət dövründə alınmış xəstəliyi ilə əlaqədar olmuş, həmçinin şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. Sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman maddənin qüvvədə olan redaksiyasının mənasına görə, baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi üçün sığorta olunan həqiqi hərbi xidmətdən hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar buraxılmış olmalı, yəni hərbi xidmət keçdiyi zaman xəsarət almış və bu səbəblə vaxtından əvvəl buraxılmış olmalı, habelə bundan sonra 3 il müddətində sığorta olunana bu səbəblə əlillik təyin edilməlidir. Nəticə etibarilə, hazırkı iş üzrə iddiaçının hərbi xidmət dövründə xəstələnməsi faktı istinad olunan maddənin tələbi baxımından sığorta hadisəsi hesab edilmir. Həmçinin, iddiaçı xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ehtiyata buraxılmış olsaydı belə, yenə də hadisə sığorta hadisəsi hesab edilməyəcəyindən, sığorta ödənişi verilə bilməzdi. Belə ki, iddiaçı xx.xx.2010-cu ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılsa da, hərbi xidmət dövründə alınmış xəstəliyinə görə ona istinad olunan maddə ilə müəyyən olunmuş 3 il müddət ötürüldükdən sonra, yəni xx.xx.2017-ci ildə əlillik təyin edilmişdir. İşin qeyd olunan faktiki hallarına əsasən, şəxsin əlilliyinin mövcud olması hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında qanunvericiliyə əsasən, sığorta hadisəsi hesab edilmədiyindən, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsas yaradır. Əlilliyin sığorta hadisəsi hesab edilməsi və sığortaçının sığorta Ödənişi vermək öhdəliyini yarada bilməsi üçün əlillik sığorta olunana xidməti vəzifəsini verinə yetirməsi ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxıldığı gündən 3 il müddətində təyin edilməlidir. Bu müddətin sığorta olunan tərəfindən ötürülməsi Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, sığorta hadisəsi hesab edilmədiyinə görə, dolayısı ilə sığorta təminatına da daxil deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının: 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunanın əlilliyi müəyyən olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. 7-ci maddəsinə əsasən əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş TSEK sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə ikinci dərəcəli əlil olaraq müəyyən edilmişdir. ZE seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, X1 xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 1178 nömrəli, xx.xx.2017-ci il tarixli Qərarının surətindən görünür ki, Bakı şəhəri, Xətai RHK tərəfindən 1997-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən aldığı və xx.xx.2004-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasında ambulator müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Sol diz oynağının posttravmatik artriti” Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı ş. Suraxanı rayon idarəsinin xx.xx.2017-ci il tarixli 1626 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 98 nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.2004-cü il tarixli çıxarış epikrizi, tibbi kitabçadan çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. İddiaçı verilmiş Sosial arayışın surətindən görünür ki, vətəndaş xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, ona birdəfəlik sığorta ödənişi almaq hüququna malik olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/1811 nömrəli məktubdan görünür ki, onun sığorta ödənişinin verilməsi ilə bağlı müraciətinə baxılmışdır. O, xx.xx.2010-cu il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur və bu hadisədən 3 ildən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2017-ci ildə İİ qrup əlillik dərəcəsi almışdır. Bu səbəbdən ona sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Yuxarıda sadalananları nəzərə alaraq, məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “c” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət almasına (xəstələnməsinə) görə sığorta olunanın əlilliyi ehtiyata və ya istefaya buraxıldığı gündən üç il müddətində müəyyən olunduqda sığorta ödənişi verilməlidir. Sığorta ödənişinin verilməsi ilə bağlı hərbiqulluqçunun ehtiyata və ya istefaya buraxıldığı tarixdən 3 il müddətində əlilliyin müəyyən olunması qanunun birbaşa tələbidir. Göründüyü kimi, İddiaçı ehtiyata buraxıldıqdan sonra qanunvericiliklə müəyyən edilmiş 3 illik müddəti ötürmüş, belə ki, xx.xx.2010-cu il tarixdə ehiyata buraxılmış, xx.xx.2017-ci il tarixdə İİ dərəcəli əlilliyi müəyyənləşdirilmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar