Məhkəmə qərarları › İş №e-2(006)-4510/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4510/2024

03.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4510/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində göstərməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhumə anası X6 ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. 20 avqust 2024-cü il tarixdə, saat 10:20-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi İİ ünvanında vəfat etmişdir. Anasının ölümünü təsdiqləyən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. X1 ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün aidiyyəti üzrə müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, tərəfindən Maraqlı şəxsnə sorğu ilə müraciət edilərək mərhumə X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə alınması üçün “Ölüm haqqında tibbi şəhadətnamə” tərtib edilərək ona təqdim edilməsi xahiş olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/7-1644/24 saylı məktubu ilə sorğusuna cavab olaraq bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 saylı Qərarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmçinin bildirilmişdir ki, təqdim etdiyi sənədlər əsasında ölüm faktını təsdiq edən tibb müəssisənin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə müraciət etməlidir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X4 bildirmişdir ki, o, ərizəçinin atası, mərhumənin isə həyat yoldaşıdır. Həyat yoldaşı səhər saatlarında ev işi ilə məşğul idi. Onun qəflətən halı pisləşmiş və yerə yıxılmışdır. Bu hadisənin üstündən 5 dəqiqə belə keçməmiş həyat yoldaşı dünyasını dəyişmişdir. Təcili yardım çağırsalar da, artıq gec idi. Həkimlərin bildirdiyinə görə o, infarkt keçirmişdir. Mərhuməni Xaçmaz rayonunda dəfn etmişlər. Dəfn mərasimində qohumları da iştirak etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X7 bildirmişdir ki, o, ərizəçinin həyat yoldaşı, mərhumənin isə gəlinidir. Qayınanası qəflətən yıxılmışdır. Ona yaxınlaşmış, lakin qısa müddət keçdikdən sonra qayınanası rəhmətə getmişdir. Mərhuməni Xaçmaz rayonunda dəfn etmişlər. Dəfn mərasimində qohumları da iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirdi ki, o, ərizəçinin bacısı, mərhumənin isə qızıdır. Ailə üzvləri ona zəng edərək bildirmişlər ki, anası rəhmətə gedib. Anasını Xaçmaz rayonunda dəfn etmişlər. Dəfn mərasimində qohumları da iştirak etmişlər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı şəhər Təcili və X2 Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:20 radələrində Bakı şəhəri Sabunçu rayonu Zabrat İİ ünvanına X3 adına çağırış daxil olmuşdur. Həkimə qədər qadın cinsli meyit aşkar edilmişdir. - Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 0105 saylı arayışına əsasən X6 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Xaçmaz rayonunun Pərdiqran kəndində dəfn olunmuşdur. - 5 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli, 1064 saylı məktubundan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü, ünvan 4 ünvanında yaşayan X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət edilmədiyinə, müayinə və müalicə alınmadığına görə ölümün səbəbini bilmədiklərinə görə forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməli olduğu bildirilmişdir. - Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/7-1644/24 saylı məktubundan görünür ki, ölümün qeydə alınması ilə bağlı zəruri sənədlər təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhumə X3 məzarının üstü götürülmüş, məzarüstü xatirə lövhəsi quraşdırılmışdır. Mərmər xatirə lövhəsinin üzərinə mərhumənin soyadı, adı, atasının adı, doğum və vəfat tarixləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, Ərizəçi X1 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1955-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra mərhumə xx.xx.1955-ci il təvəllüdlü X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il tarixində anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar