Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4601/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi barədə Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/6-01352 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci ildə X4 ilə nikahıı rəsmi qaydada qeydə aldırmaqla, ailə həyatı qurarmuşlar. Münasibətləri düz gəlmədiyindən ondan ayrılmaq və rəsmi nikahlarını pozmaq qərarına gəlmişlər. Birgə nikahlarından; xx.xx.2012ci il tarixdəX3 adlı övladımız dünyaya gəlmişdir. xx.xx.2018-ci il tarixdəX6 qızı adlı adlı övladı dünyaya gəlmişdir. Uzun müddətdir ki, aralarında olan ər-arvad münasibətləri pozulmuş və xasiyyətləri düz gəlmədiyindən aralarında kəskin narazılıq yaranmışdır. Ona görə də ondan rəsmi qaydada məhkəmə yolu ilə ayrılmaq və övladını öz yanında saxlamaqla böyütmək qərarına gəlmişdir. Nikahın mediasiya prosesində pozulması üçün Bakı şəhəri 6 saylı mediasiya təşkilatına müraciət etmişlər və qarşılıqlı razılığa gəlməklə saziş bağlamışlar. 6 saylı mediasiya təşkilatından verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/6- 01352 saylı müdiasiya sazişinə əsasən xx.xx.2023-cü il tarixdə 1367 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına, 2-ci tərəf kimi Maraqlı şəxs birgə nikahdan doğulmuş övladlarının onun himayəmə verilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi izahatında bildirdi ki, uşaqlar faktiki olaraq ananın himayəsindədirlər. Hazırda barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi ərizəçinin öz işini ehtiyata almasından ötrü əlində məhkəmə aktının olması üçün lazımdır ki, gələcəkdə uşaqlarla bağlı aralarında mübahisə yarananda problem yaşanmasın. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək bildirdi ki, Ərizəçi ilə sivil qaydada boşanmışlar, uşaqları onun əlindən almaq fikri yoxdur. Uşaqlar ananlarının yanındadır, mütəmadi olaraq uşaqlarla ünsiyyət saxlayıb görüşür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/6-01352 saylı barışıq sazişinə əsasən: 2.1. Tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə, 1367 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər. 2.2. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları: xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 birinci tərəf kimi çıxış edən, anaları Ərizəçi himayəsinə verilməsinə etiraz etmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 7-1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 63.1-ci maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması üçün müraciətin prosessual əsası MPM-nin 355- 23.1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.2, 34.3, 34.4-cü maddələrinə müvafiq olaraq barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının MPM-in 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Ümumiyyətlə, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin isə əsas cəhəti ondan ibarətdir ki, bu zaman tərəflərin iradə bəyanları məhkəməyə getmə potensialı olan mübahisənin tamamlanmasını təmin edir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarında nəzərdə tutulmuş mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması onu nəzərdə tutur ki, mediasiya prosesi nəticəsində barışıq sazişi bağlandıqdan sonra sazişin tərəflərinin biri və ya hər ikisinin həmin barışıq sazişinin şərtlərinə müvafiq olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olur və tərəf müvafiq öhdəliyi icra etmir və ya lazımi qaydada icra etmir. Barışıq sazişinin tərəflərinin sazişin şərtlərinə uyğun olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olarsa və tərəflərdən biri barışıq sazişinin şərtini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməzsə sazişin digər tərəfi barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin Azərbaycan Respublikasının MPM-in 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Hazırkı barışıq sazişi ilə tərəflər arasında uşaqların kimin himayəsində qalması ilə bağlı məsələ həllini tapmışdır, hər hansı bir qeyri-müəyyənlik, həmçinin, icrası nəzərdə tutulan hər hansı bir şərt mövcud deyildir. Bu sazişin mahiyyəti ondan ibarətdir ki, Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları: xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 anaları Ərizəçi himayəsinə verilməsinə etiraz etmir. Məhkəmə iclasında da hər iki tərəf uşaqların faktiki olaraq ananın himayəsində olduqlarını təsdiq etmişlər. Göründüyü kimi, hazırkı barışıq sazişinin şərtləri özü-özlüyündə bir növ mövcud vəziyyətin saxlanılmasına, yəni uşaqların ananın himayəsində qalmasının təsbitinə yönəlmişdir. Belə olan halda isə, sazişin məhkəmə qaydasında təsdiq olunmasına (məcburi icraya) zərurətin nədən ibarət olması aydın deyildir. Ərizəçi ərizəni bu istiqamətdə ümumiyyətlə əsaslandırmamışdır. Məhkəmə iclasında da nümayəndəsi barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinin ərizəçinin öz işini ehtiyata almasından ötrü əlində məhkəmə aktının olması üçün lazım olduğunu bildirmişdir. Barışıq sazişinin nikahın pozulmasına dair hissəsinə münasibətdə isə qeyd edilir ki, həmin tələbə yalnız iddia icraatı qaydasında baxılması mümkün olduğundan nikahın pozulması hissəsində barışıq sazişinin təsdiq edilməsi yolverilən deyildir. Beləliklə, mediasiya prosesi nəticəsində bağlanmış həmin barışıq sazişində şərtlərinə müvafiq olaraq tərəflərdən hər hansı birinin müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi omadığından, MPM-in 261.0.1-ci maddəsinə müvafiq olaraq mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin təsdiqi barədə ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli **********59 nömrəli qəbz əsasında ödənilmiş 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ("Asan ödəniş” sistemi, qəbz nömrəsi: **********59, tarix: 05.08.25, saat: 16:22:06) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4601/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4601/2025
19.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver