Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4643/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Musayev Cavid Emin oğlunun katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə, maraqlı şəxs X6, maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil2, tərcüməçi X1 iştirakı ilə, Ərizəçi (X4 maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin ərizədə qeyd edilən halları: Ərizəçi ilə əcnəbi Nağıyeva İryna (CD 059012) arasında “nikahın pozulması, uşaqların himayəyə verilməsi, alimentdən imtina və əmlak bölgüsü tələbi”nə dair xx.xx.2024-cü il tarixində keçirilmiş mediasiya sessiyasında MŞB/02/2024-00599 nömrəli barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaq) bağlanmışdır. Saziş özündə ailə münasibətlərindən irəli gələn bütün məsələləri tənzimlədiyi üçün geniş və detallı şəkildə razılaşdırılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)- 693/2024 saylı Qətnaməsi ilə Sazişin şərtlərinə uyğun olaraq tərəflər arasında nikahın pozulması və Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 ataları-iddiaçı Ərizəçi, xx.xx.2022-ci il təvəllüdlü X7 anası-cavabdeh İryna Nağıyevanın yanında saxlanılması qət edilmişdir. Lakin, hazırda məhkəməyə müraciət edilməsini zəruri edən əsas hal məhz barışıq sazişinin 8-ci bəndindəki şərtlərin Nağıyeva İryna tərəfindən yerinə yetirilməməsidir. Ona görə də İ.Nağıyevanın Saziş üzrə üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməsinin təmin edilməsi üçün hazırki ərizə ilə məhkəmə müraciət edir. Belə ki, Sazişin 8-ci bəndinə əsasən, İ.Nağıyeva öhdəsinə götürür ki, Bakı şəhəri, X14 Yaşayış Massivi, Hacı Məmmədov küçəsi, Şimal Dress/435, ev 20 ünvanında yerləşən fərdi yaşayış evinə dair gələcəkdə hər hansı iddia və tələblərindən imtina edir, gələcəkdə bu əmlaka dair hər hansı iddia tələbi olmayacaqdır, evə dair sənədlərin Ərizəçi adına rəsmiləşdirilməsi üçün banka, notariat orqanına və müvafiq dövlət orqanına müraciət edəcəkdir və evin Ərizəçinin adına rəsmiləşdirilməsinə etiraz etmir. Ərizəçinin dəfələrlə müraciət etməsinə baxmayaraq, İ.Nağıyeva bu öhdəliyini icra etmir, hətta Ərizəçi məxsus evdən istifadə etməyə belə Ərizəçiyə icazə vermir, evin onun olduğunu iddia edir və evdə başqa şəxslərlə yaşayır. Hazırki ərizənin mahiyyəti Sazişin Bakı şəhəri, X14 Yaşayış Massivi, Hacı Məmmədov küçəsi, Şimal Dress/435, ev 20 ünvanında yerləşən fərdi yaşayış evinin Ərizəçinin adına keçirilməsi barədə bəndinin yekun məhkəmə qətnaməsi vasitəsilə məcburi icra edilməsini təmin etməkdir. Ərizəçinin tələbi: xx.xx.2024-cü il tarixində Nağıyeva İryna (CD 059012) ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/02/2024-00599 saylı barışıq sazişinin 8-ci bəndinin “İ.Nağıyeva öhdəsinə götürür ki, Bakı şəhəri, X14 Yaşayış Massivi, Hacı Məmmədov küçəsi, Şimal Dress/435, ev 20 ünvanında yerləşən evə dair gələcəkdə hər hansı iddia və tələblərindən imtina edir, gələcəkdə bu əmlaka dair hər hansı iddia tələbi olmayacaqdır, evə dair sənədlərin Ərizəçi adına rəsmiləşdirilməsi üçün banka, notariat orqanına və müvafiq dövlət orqanına müraciət edəcəkdir və evin Ərizəçi adına rəsmiləşdirilməsinə etiraz etmir.”- məzmununda təsdiq edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Maraqlı şəxsin etirazı: Ərizəçi ilə onun arasında “nikahın pozulması, uşağın himayəyə verilməsi, alimentdən imtina və əmlak bölgüsü tələbi” nə dair xx.xx.2024-cü il tarixində keçirilmiş mediasiya sessiyasında tərəflər arasında MŞB02/2024-00599 №-li barışıq sazişi bağlanmışdır. Saziş özündə ailə münasibətlərindən irəli gələn bütün məsələləri tənzimlədiyi üçün geniş və detallı şəkildə razılaşdırılmışdır. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-693/2024 saylı qətnaməsi ilə sazişin şərtlərinə uyğun olaraq tərəflər arasında nikahın pozulması və nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 ataları iddiaçı Ərizəçi, xx.xx.2022-ci il təvəllüdlü Emiliya Cəlal qızı anası İryna Nağıyevanın yanında saxlanılması qət edilmişdir. Daha sonra bağlanan sazişin şərtləri ilə tanış olmadıqları üçün o, ərizəçi tərəfindən ərizəyə müstəqil şəkildə əlavə edilmişdir. Ərizədə göstərilir ki, guya məhkəməyə müraciət edilməsi üçün zəruri şərt, barışıq sazişindəki 8-ci bəndin onun tərəfindən pozulması olmuşdur. Belə ki, həmin bəndə əsasən İ. Nağıyeva öhdəsinə götürmüşdür ki, Bakı şəhəri, X14 yaşayış massivi Hacı Məmmədov küçəsi, Şimal Dress 435, ev 20 ünvanında yerləşən evinə dair gələcəkdə hər hansı iddia və tələblərindən imtina edir və gələcəkdə bu əmlaka dair hər hansı iddia tələbi olmayacaqdır, guya evə dair sənədlərin Ərizəçi adına rəsmiləşdirilməsi üçün banka, notariat orqanına və müvafiq dövlət orqanına müraciət edəcəyəm və evin ərizəçinin adına rəsmiləşdirilməsinə etiraz etməyəcəkdir. Ərizəçinin dəfələrlə müraciət etməsinə baxmayaraq o, guya bu öhdəliyi icra etmir, hətta Ərizəçi məxsus evdən istifadə etməyə ərizəçiyə icazə vermir. Daha sonra ərizəçi məhkəməyə ünvanladığı ərizədən onu bu ünvanda qanunsuz yaşamağı əsas gətirərək həqiqətə uyğun olmayan məlumatları məhkəməyə rəsmi qaydada çatdırır. Daha sonra ərizəçi xx.xx.2024-cü il tarixində əcnəbi Nağıyeva İryna ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/02/202400599 saylı barışıq sazişinin 8-ci bəndinin təsdiq edilməsini xahiş edir. Aşağıdakı əsaslarla göstərir ki, bağlanan barışıq sazişi bağlandığı andan etibarsızdır, heç bir hüquqi nəticə yaratmır, dəyişmir və xitam vermir. Əvvəla, arasında bağlanan müqavilə saziş adlandırılsa da (Saziş dövlətlər arasında bağlanan müqavilədir) hüquqi əsaslarla deyil, merkantil əsaslarla bağlanmışdır. Bu əqdi ona görə imzalamışdır ki, ərizəçi yetkinlik yaşına çatmayan uşaqlarını məhkəmə vasitəsilə ondan almış, ona təzyiq göstərmək üçün belə müqaviləni imzalatdırmışdır. Daha sonra uşaqlarını qaytararaq guya mediasiya prosesində belə “saziş” bağlamış və mübahisəli evə dair o, üzərinə “öhdəlik götürmüşdür”. Məhkəmə üçün qabaqcadan müəyyənləşdirilmiş heç sübutun hüquqi qüvvəsi yoxdur. Məhkəməyə ünvanladığı ərizədə ərizəçi onu əcnəbi adlandırsa da, onunla qanuni nikahı olmuşdur və inzibati aktla onun nikahda olduqları dövrdə ailə üzvü olmuşdur. Onun istəyi ilə dünyaya 3 övlad gətirmiş, indi isə əcnəbi olmuşdur. Mübahisəli əmlakı – evi şəxsi vəsaitilə qanuni əsaslarla birgə nikah dövründə əldə etmişdir. AR MM-nin 225-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak əgər nikah kontraktında və onlar arasında razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa onların ümumi mülkiyyətindədir. AR MM-nin 6-cı maddəsində mülki hüququ subyektlərinin bərabərliyi həmin məcəllənin 9-cu maddəsində Mülki Qanunvericiliyin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədə olması göstərilir. AR MM-in 337-ci maddəsinin tələbinə görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı anda etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqaviləni digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Odur ki, qeyd olunan əsaslarla ərizəçi C. Nağıyevin Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə” etiraz edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçinın nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X6 barışıq sazişinin təsdiq olunmasını qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2024-cü il tarixli MŞB/2/2024-00599 nömrəli Bakı şəhəri 02 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış barışıq sazişinə əsasən, Tərəflər razıdırlar ki, Ərizəçi ilə Nağıyeva İryna arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində 111 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Nağıyeva İryna razıdır ki, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X10 ataları Ərizəçi himayəsində qalsın. Ərizəçi razıdır ki, xx.xx.2022-ci il təvəllüdlü X7 anası Nağıyeva İryna himayəsində qalsın. Tərəflər övladları ilə sərbəst şəkildə görüşə bilər. Tərəflərin bir-birinə qarşı aliment tələbləri mövcud deyildir. Tərəflər öhdələrinə götürürlər ki, uşaqların Azərbaycan Respublikasından kənara aparılmasına razılıq üçün qarşılıqlı şəkildə etibarnamə verəcəklər. Ərizəçi öhdəsinə götürür ki, 3 ay ərzində Nağıyeva İrynaya 40.000 manat məbləğ dəyərində mənzil alacaqdır. Nağıyeva İryna öhdəsinə götürür ki, Bakı şəhəri, X14 Yaşayış Massivi, Hacı Məmmədov küçəsi, Şimal Dress/435, ev 20 ünvanında yerləşən evə dair İ iddia və tələbindən imtina edir, gələcəkdə də bu əmlaka dair hər hansı bir iddiası olmayacaqdır, evə dair sənədlərin Ərizəçi adına rəsmiləşməsi üçün banka, notariat orqanına, müvafiq dövlət orqanına müraciət edəcəkdir. Evin Ərizəçi adına rəsmiləşməsinə etiraz etmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-693/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, iddiaçı Ərizəçi ilə cavabdeh İryna Nağıyeva (Savçuk İrina) arasında Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 111 nömrə ilə qeydə alınmış nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X5 ataları-iddiaçı Ərizəçi, xx.xx.2022-ci il təvəllüdlü X3 anası-cavabdeh İryna Nağıyevanın yanında saxlanılmaları qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmənin mövqeyi: Qanunvericilik mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın qanunazidlik və başqa şəxslərin mənafeyi kimi 2 halını müəyyən etmişdir. Bunlar barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Belə ki, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlamalıdır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olmadığı qənaətinə gələrsə onun təsdiqindən imtina etməlidir, əks halda isə onu təsdiqləyir. Məhkəmə iş materiallarını, proses iştirakçılarının izahatlarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Barışıq sazişinin 8-ci bəndinə əsasən “Nağıyeva İryna öhdəsinə götürür ki, Bakı şəhəri, X14 Yaşayış Massivi, Hacı Məmmədov küçəsi, Şimal Dress/435, ev 20 ünvanında yerləşən evə dair İ iddia və tələbindən imtina edir, gələcəkdə də bu əmlaka dair hər hansı bir iddiası olmayacaqdır, evə dair sənədlərin Ərizəçi adına rəsmiləşməsi üçün banka, notariat orqanına, müvafiq dövlət orqanına müraciət edəcəkdir. Evin Ərizəçi adına rəsmiləşməsinə etiraz etmir.” Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 04 iyun 2024-cü il tarixli barışıq sazişinin 8-ci bəndini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki- Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil, həmin hissədə saziş qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin həmin hissədə təsdiq edilməsini məqsədəmüvafiq hesab edir. Maraqlı şəxs X2 sözügedən barışıq sazişinin təzyiq altında bağlanmaqla, etibarsız olması ilə bağlı etirazının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli 01/2024 nömrəli qərardadında göstərilmişdir ki, Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1) Sazişin təsdiqləndiyi bütün hallarda barışıq razılaşması üzrə hər hansı iddiaya baxılmır, ona əsaslanan bir tələb (o cümlədən barışıq sazişinin etibarsızlığına dair mübahisə) həll edilmir. Hakimin barışıq sazişini təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir. “Mediasiya haqqında” Qanunun 34.5-ci və MPM-in 355-26.1-ci maddələrində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Barışığın daxili tərəfini təşkil edən razılaşma (saziş) ancaq maddi hüquq əsasında yoxlanıla bilər. Ona görə də iradəsi zədələnmiş, yaxud digər əsasla barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ayrıca iddia qaldırmaq hüququna malikdir. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıb-sayılmamasına hüquqi qiymət verilməlidir (39, 42,44,46, 47, 54-cü bəndlər). Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu ərizəciyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs X6 arasında 04 iyun 2024-cü il tarixdə Bakı şəhəri 02 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/2/2024-00599 nömrəli barışıq sazişinin 8ci bəndi aşağıdakı məzmunda təsdiq edilsin:
8. Nağıyeva İryna öhdəsinə götürür ki, Bakı şəhəri, X14 Yaşayış Massivi, Hacı Məmmədov küçəsi, Şimal Dress/435, ev 20 ünvanında yerləşən evə dair iddia və tələbindən imtina edir, gələcəkdə də bu əmlaka dair hər hansı bir iddiası olmayacaqdır, evə dair sənədlərin Ərizəçi adına rəsmiləşməsi üçün banka, notariat orqanına, müvafiq dövlət orqanına müraciət edəcəkdir. Evin Ərizəçi adına rəsmiləşməsinə etiraz etmir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Həbibə Miriyeva