Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4817/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" QSC-nin Lokomotivlərin Təmiri Departamentinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin Lokomotivlərin təmiri Departamentinin 19 iyul 2023-cü il tarixli, 13-1-16/3-10-1493/2023 nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi haqqında barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh əsl cavabdeh "xxxx" QSC ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquq və azadlıqları, "xxxx" QSC-nin Lokomotivlərin təmiri Departamenti tərəfindən bilərəkdən, qərəzli olaraq, qəsdən şəxsi maraqlara görə pozulmuşdur. Ailəsinin heç yerdən gəlir yeri olmadığı üçün məcburiyyət qarşısında normal yaşamaları üçün, eləcədə ailəsinin əsas qida və kommunal təlabatını qarşılamaq üçün, işləmək məcburiyyətindədir. Məlum edərək bildirmişdir ki, o, 1992-ci ildən 1996-cı ilə dək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası ilə mənfur düşmən ermənistan arasında xx.xx.1996-cı ildə atəşkəs elan olunduqdan sonra o, 1996-cı ilin oktyabr ayında qanunun tələblərinə uyğun olaraq, 706 saylı h/h-dən təxris olunaraq evə buraxılmışdır. 1996-cı ilin dekabr ayında keçmiş "xxxx" Gəncə Lokomotiv deposunda, indiki "xxxx" QSC-nin Lokomotivlərin təmiri Departamentində çilingər vəzifəsinə işə qəbul olunmuşdur. Beləliklə o, vətənin ərazi bütövlüyü uğrunda 4 il döyüşdükdən sonra, “Azərbaycan Dəmir Yolları“-da 28 il qüsursuz olaraq işləmişdir. Bu illər ərzində çilingər vəzifəsində ən yüksək dərəcə olan 6-cı dərəcəyə qədər yüksəlmişdir. Sonra vəzifəsində yüksəliş olmaqla usta vəzifəsinə təyin olunmuşdur. Bütün bu illər ərzində o, öz vəzifəsini heç bir qüsur və nöqsan olmadan vicdanla və məsuliyyətlə icra etmişdir. İşlədiyi dövrdə işini layiqincə yerinə yetirmiş və işinə nöqsan gətirəcək heç bir hal baş verməmişdir. İşində olan uğurlara görə daima təqdirə layiq görülmüş işçilər arasında müsbət rəğbət qazanmışdır. Kadrlar şöbəsinin rəisi işçilərə bildirmişdir ki, cəmiyyətin adının dəyişdirilməsi və əmək haqqının artırılması üçün yenidən sənədlər işlənib hazırlanmalıdır. Bu səbəbdən də, bütün işçilərin ərizə yazması zəruridir. İşçilərdə müdriyyətin sözünə inanaraq onların tədqim etdiyi boş kağızlara imza etmişlər. Sonradan işçilərə məlum olmuşdur ki, rəhbərlik bu yolla onları aldadıb, onların müddətsiz əmək müqaviləsini ləğv edərək, əvəzində 1 illik müddətinə yeni müavilə bağlamışdır. Daha sonra isə 1 illik müqavilənin müddəti bitdikdən sonra, müqavilənin şərtlərinə uyğun olaraq işdən azad etmişdir. Bu yolla da öz məqsədinə qeyri-qanuni yolla nail olmuşdur. Faktiki olaraq onlara müdriyyət tərəfindən əmək müqaviləsinin ikinci nüsxəsi təqdim edilməmişdir. Bundan əlavə rəhbərlik onu işdən çıxardarkən əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, rəhbərlik ona işdən çıxarılması ilə əlaqədar 1 ay əvvəldən heç bir məlumat verməmiş və onun ünvanına heç bir rəsmi xəbərdarlıq göndərməmişdir. Rəhbərlik ona sonuncu iş günü, yəni xx.xx.2023-cü il tarixdə bildirmişdir ki, sabahdan işə gəlməsin, işdən azaddır. O, əmək qanunvericiliyinin tələbləri pozularaq işdən çıxarıldığı üçün rəhbərliyə müraciət etmişdir ki, onu öz işinə bərpa etsin və ya mümkün olmadığı halda başqa işlə təmin etsin. Lakin rəhbərlik onu qanuni tələbinə heç bir məhəl qoymamış və işinə bərpa etməmişdir. Ona görə də o, işə bərpa olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, rəhbərlik tərəfindən aldadılaraq "xxxx" QSC-nin Lokomotivləri təmiri departamentinin xx.xx.2023-cü il tarixli 13-1-16/3-10-1493/2023 nömrəli əmrlə işdən azad edilmişdir. Onun əmək müqaviləsinə qeyri qanuni xitam verilmişdir. Əlavə olaraq bildirmək istəmişdir ki, işdən çıxdıqdan sonra barışıq sazişi əldə olunması barədə Samux 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesi mediator X2 tərəfindən həyata keçirilmişdir. Lakin, cavabdeh mediasiya iclaslarında iştirak etməmişdir. Bu səbəbdən də cavabdehlə aralarında barışıq sazişi əldə olunmamışdır və ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə müvafiq arayış alınmışdır. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə ADY-nin Gəncə Lokomotiv deposu arasında bağlanmış əmək müqaviləsinə əsasən o, xx.xx.1996-cı il tarixdə 1-ci dərəcə çilingər vəzifəsinə qəbul edilmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixdə iddiaçının öz ərizəsinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra, iddiaçı ilə xx.xx.2022-ci il tarixli 279 nömrəli yeni əmək müqaviləsi bağlanmış, o, yeni yaradılmış Lokomotivlərin təmiri departamentinin Gəncə lokomotivlərin təmiri deposunun elektrovozların təmiri sexində usta vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən yəni, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığına əsasən 1 (bir) il müddətinə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək bağlanmışdır. İddiaçı müddətli əmək müqaviləsi bağlamağa onun razılığı olmadığını iddia etsə də, faktiki olaraq əmək müqaviləsi bağlanarkən müddətli olması barədə məlumatı olmuş, öz iradəsi ilə qəbul edərək əmək müqaviləsini imzalamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün xx.xx.2023-cü il tarixli 13-1-16/3-10-1493/2023 nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrlə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqaviləyə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Bir sözlə, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı adına xx.xx.1996-cı il tarixdə açılmış ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1996-cı il tarixdə Gəncə Lokomotiv deposuna elektromaşın sexinə 1-ci dərəcə ilə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1997ci il tarixdə 2-ci dərəcə, xx.xx.1997-ci il tarixdə 3-cü dərəcə, xx.xx.1998-ci il tarixdə 4-cü dərəcə, xx.xx.2000-ci il tarixdə 5-ci dərəcə, xx.xx.2002-ci il tarixdə 6-cı dərəcə verilmişdir. xx.xx.2010-cu il tarixdə elektromaşın və akkumlyator sexinə 1 ay sınaq müddəti ilə usta vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixdə elektromaşın sexinə 6-cı dərəcə ilə çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2011-ci il tarixdə elektromaşın və akkumlyator sexinə müvəqqəti olaraq usta vəzifəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə elektrik maşınları sexinə usta vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə akkumlyator və elektrik maşınları təmiri sexinə çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə elektromaşınların təmiri sexinə usta vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin Lokomotivlərin təmiri departamentinin Gəncə lokomotivlərinin təmiri deposu elektrovozların təmiri sexinə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan iddiaçı ilə "xxxx" QSC Lokomotivlərin təmiri departamenti ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı həmin tarixdən 1 il müddətinə usta vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Lokomotivlərin təmiri departamentinin Gəncə lokomotivlərin təmiri deposu Elektrovozların təmiri sexində usta vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, müraciəti ilə əlaqədar X5 Xidmətinə təqdim etdiyi izahatda əmək müqavilənizə xitam verilərkən ona işəgötürən tərəfindən hər hansı xəbərdarlığın olunmadığı, son haqq-hesabla bağlı 19 iş günününün əmək haqqı kartına köçürülmədiyi və əsas tələbinin “Azərbaycan Dəmir Yollan" QSC-də əvvəl tutduğu vəzifəyə işə bərpa olmaqdan ibarət olduğunu bildirmişdir. Eyni zamanda müraciətininin araşdırılmasına dair müvafiq sənədlərin təqdim olunması məqsədilə "Azərbaycan Dəmir Yolları” QSC-nin ünvanına 3-17-5/2-28206/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla ona aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, məktub müəssisəyə xx.xx.2023-cü il tarixində çatdırılsa da, lakin sənədlər tam təqdim edilməmişdir. Tərəfindən təqdim olunan sənədlərə baxış keçirilərkən onunla xx.xx.1996-cı il tarixində usta vəzifəsi üzrə əmək müqaviləsinin bağlanıldığı, həmçinin əmək münasibətlərini dayandırmaq istədiyi tarixi xx.xx.2022-ci il göstərərək əmək müqavilənizə xitam verilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməsi və həmin tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verildiyi məlum olmuşdur. Həmçinin, araşdırma zamanı müəssisə tərəfindən təqdim olunan sənədlərə əsasən onunla "Azərbaycan Dəmir Yollan” QSC-nin işəgötürəni arasında yenidən xx.xx.2022-ci il tarixində 1 il 1 gün müddətinə müddətli əmək müqaviləsinin bağlanıldığı məlum olmuşdur. Eyni zamanda onun son haqq-hesabının aparılması və istifadə etmədiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixini əhatə edən iş ili üzrə istifadə etmədiyi 30 təqvim günü əmək məzuniyyətə görə pul əvəzinin ödənilməsinin təmin edilməsi İnsan resursları şöbəsinə həvalə edildiyi xitam əmrində öz əksini tapmışdır. Onun tərəfindən həmçinin müəssisə tərəfindən təqdim olunan sənədlərdən ona sonuncu iş günü faktiki işlədiyi xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək əhatə edən dövr üzrə 467.35 manat vəsaitin hesablandığı, həmçinin istifadə etmədiyi 30 təqvim günü əmək məzuniyyətə görə pul əvəzinin 811.75 manat vəsait hesablanaraq və müvafiq tutulmalar aparılaraq bank hesabına 1116.02 manat məbləğin köçürüldüyü məlum olmuşdur. Tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunla “Azərbaycan Dəmir Yolları" QSC-nin işəgötürəni arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dair bildirişin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsaslanmaqla xx.xx.2023-cü il tarixində qüvvədən salındığı müəyyən edilmişdir. Həmçinin, nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müraciəti ilə əlaqədar bildirilmişdir ki, onun 1-ci Qarabağ müharibəsi veteranı olmasını nəzərə alaraq və sosial dəstək göstərilməsi məqsədilə tərəfindən “Azərbaycan Dəmir Yolları" QSC-nin ünvanına işlə təmin olunması barədə müvafiq məktub ünvanlanmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid olduğundan yenidən “Azərbaycan Dəmir Yollan" QSC-yə işə qəbul olunması üçün işəgötürənə müraciət etməsi məqsədə uyğundur. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranan münasibətlərə aşağıdakı qanunvericilik normaları və müqavilə şərtləri tətbiq edilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.” Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən “Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.” Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin (bundan sonra Müqavilənin) 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.1-ci bəndində müqavilənin müddətli bağlanması qeyd edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1 il müddətinə bağlanmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarından göründüyü kimi iddiaçı ilə "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bir il müddətinə əmək müqaviləsi bağlanılmışdır. Əmək qanunvericiliyinin tələbindən göründüyü kimi müddətli əmək müqaviləsinin müddəti qurtardıqda həmin əmək müqaviləsinə xitam verilir. Əgər əmək münasibətləri davam etdirilirsə və bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə müqavilə həmin müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən “Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.” Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən “İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsası 5 ildən artıq olmayan müddət üçün bağlanmış əmək müqavilələrinə şamil edilir. Əgər müddətli əmək müqaviləsi qüvvədə olan qanunvericiliyə zidd olaraq bağlanmışsa və işəgötürənin müddətin bitməsi ilə əlaqədar olaraq müqaviləyə xitam verməsi ilə bağlı mübahisə yaranarsa, bu zaman müqavilənin qanuniliyi məsələsi AR ƏM-in 47-ci maddəsi rəhbər tutulmaqla həll edilməlidir. Bu maddənin əsas tələbi odur ki, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə (yəni, əvvəlcə hansı müddətə bağlanmışsa həmin müddətə) uzadılmış hesab olunur. Müddətin bitməsi ilə bağlı müqaviləyə xitam verilərkən AR ƏM-in 71-ci maddəsində nəzərdə tutulan əlavə təminatlar, həmin maddədə nəzərdə tutulan şərtlər və qaydalar tətbiq edilmir. Lakin müqaviləyə istənilən vaxt xitam verilə bilməz. Ona görə ki, həmin maddənin ikinci hissəsində işçinin iş yerində olmadığı üzrlü hallar təsbit edilmişdir. Həmin hallara işçinin xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və AR ƏM-in 179cu maddəsində nəzərdə tutulan hallar aid edilmişdir. Bu zaman qanunvericiliklə müəyyən edilmiş aşağıdakı şərtlərə riyaət edilməlidir: a) həmin müqaviləyə yalnız işçi işə çıxdıqdan sonra xitam verilməlidir, b) həmin müqaviləyə işəgötürənin müəyyən etdiyi gündə, lakin işçinin işə çıxdığı gündən bir təqvim həfləsi keçməmiş xitam verilə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi işçiyə son haqq-hesab sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" QSC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə xx.xx.2023-cü il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Bu səbəbdən də iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçının cavabdeh "xxxx" QSC-yə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-4817/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4817/2023
14.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver