Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4905/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə və ərizəyə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, Bakı 2 saylı Mediasiya Təşkilatının iştirakı ilə onunla Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, Ərizəçi Maraqlı şəxs ilə 11 fevral 2014-cü il tarixdə nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikah dövründə xx.xx.2017-ci il təvəllüdlü X2 doğulmuşdur. Hazırda Maraqlı şəxslə ailə münasibətləri pozulmuşdur, uzun müddətdir ki, ayrı yaşayırlar, ona görə də aralarında olan nikahın hüquqi cəhətdən də pozulması qaçınılmazdır. Bununla bağlı mediasiya xidmətinə müraciət edilib və aralarında Bakı 2 saylı Mediasiya Təşkilatının iştirakı ilə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Barışığın şərtlərinə əsasən aralarında bağlanmış olan 11 fevral 2014-cü il tarixdə 3 saylı Bakı Asan Xidmət Qeydiyyat şöbəsində 134 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X1 ərizəçi olaraq Ərizəçi Şahin qızının yanında saxlanılması və hər ay 220 manat aliment ödənilməsi barədə razılaşmışlar. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Hazırda barışıq sazişinin təsdiq edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizədə qeyd edilənləri təsdiq edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:
1. Hər iki tərəf Ərizəçi və Maraqlı şəxs aralarında bağlanmış xx.xx.2014-cü il tarixdə 3 saylı Bakı Asan Qeydiyyat şöbəsində 134 nömrəsi ilə qeydə alınmış nikahın məhkəmə qaydasında onlara barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razılıq verirlər.
2. İİ tərəf Maraqlı şəxs onların birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 İ tərəf Ərizəçi Şahin qızının yanında qalmasına və hər ay 220 manat aliment ödənilməsinə razılıq verir.
3. İlkin və tam mediasiya xərcini İ tərəf ödəyir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmışdır, lakin barışıq sazişi Maraqlı şəxs tərəfindən vaxtlı-vaxtında icra edilmir. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilmədiyindən barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunmasına zərurət yaranmışdır. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlərlə təsdiq edilməlidir:
1. “Hər iki tərəf Ərizəçi və Maraqlı şəxs aralarında bağlanmış xx.xx.2014-cü il tarixdə 3 saylı Bakı Asan Qeydiyyat şöbəsində 134 nömrəsi ilə qeydə alınmış nikahın məhkəmə qaydasında onlara barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razılıq verirlər.
2. İİ tərəf Maraqlı şəxs onların birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 İ tərəf Ərizəçi Şahin qızının yanında qalmasına və hər ay 220 manat aliment ödənilməsinə razılıq verir.
3. İlkin və tam mediasiya xərcini İ tərəf ödəyir”. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə qeyd edir ki, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Odur ki, alimentin tutulması 30 oktyabr 2023-cü il tarixdən hesablanmalı, eyni zamanda alimentin tutulması barədə qətnamə dərhal icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin. Ərizəçi və Maraqlı şəxs aralarında bağlanmış xx.xx.2014-cü il tarixdə 3 saylı Bakı Asan Qeydiyyat şöbəsində 134 nömrəsi ilə qeydə alınmış nikah pozulsun. Onların birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 anası Ərizəçi Şahin qızının yanında qalsın və uşağın saxlanılması üçün Maraqlı şəxs hər ay 220 manat sabit pul məbləğində aliment Ərizəçi ödənilsin. Aliment xx.xx.2023-cü il tarixdən tutulsun və dərhal icraya yönəldilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Natavan Tağıyeva