Məhkəmə qərarları › İş №e-2(006)-4932/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4932/2025

12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4932/2025 12.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət edərək, ona vurulmuş mənəvi zərərə görə 50.000 manat məbləğində kompensasiyanın və 1.380 manat maddi ziyanın, cəmi 51.380 manat kompensasiyanın cavabdeh vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 xx.xx.1995-ci il tarixində Bakı şəhərində doğulmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli qərarla iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-118/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay, yəni, xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəlb edilmiş başqa bir cinayət işi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-398/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə iddiaçıya təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla bu hökm üzrə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya qismən birləşdirilməklə iddiaçıya 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçının məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 (iki) gün hesab edilməklə həmin müddət, həmçinin Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 398/2022 saylı, xx.xx.2022-ci il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 03 (üç) gün müdət, ümumilikdə 02 (iki) ay 05 (beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq iddiaçıya təyin edilən 01 (bir) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və iddiaçıya qəti olaraq 01 (bir) il 03 (üç) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmış, hökm qanuni qüvvəyə minənədək iddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-118/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-446/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmüilə iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş cinayət işi üzrə iddiaçıya bəraət verilmiş, iddiaçının barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə iddiaçının azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və hazırda cəza çəkməsi nəzərə alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü qanuni qüvvəsini almışdır. Beləliklə, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 4 (dörd) ay, 4 (dörd) gün ərzində qanunsuz və əsassız olaraq faktiki azadlıqdan məhrum edilmiş, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçıya maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı həbs edildiyi vaxtda rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əməklə məşğul olmuşdur. Belə olan halda iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqı məbləğləri hesablanaraq maddi ziyana görə kompensasiya olaraq ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli Sərəncamı ilə 2023-cü il yanvarın 1-dən minimum aylıq əmək haqqının məbləği 345 (üç yüz qırx beş) manat müəyyən edilmişdir. Beləliklə, iddiaçıya vurulmuş maddi ziyan 1,380 (bir min üç yüz səksən) manat təşkil edir (345 manat x 4 ay = 1,380). İddiaçı ona vurulmuş mənəvi zərərə görə isə 50,000 (əlli min) manat kompensasiya tələb edir. Belə ki, həbs edildiyi vaxtda ailəsinin yeganə gəlir gətirən üzvü olmuş, qanunsuz və əsassız həbsi özünə və ailə üzvlərinə mənəvi iztirablar yaşatmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəməyə iddiaya etiraz təqdim etmiş və etirazda göstərmişdir ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi zərərə görə 51.380 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir və Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, iddiaçı fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu qeyd etsə də aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etməmişdir. Yəni iddiaçı xərcləri əsaslandırmadan maddi zərərə görə yüksək məbləğdə kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materiallarına əlavə edilməmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s.) konkret növləri göstərilmişdir. İddiaçı həmçinin mənəvi ziyana görə 50.000 manat kompensasiya ödənilməsini tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə, iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-10/2023 saylı hökmünə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-118/2023 saylı, 03 mart 2023-cü il tarixli qərarı ilə başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 06 ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci və 68.1.1-1-ci maddələri tətbiq edilməklə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-398/2022 saylı, 31 avqust 2022-ci il tarixli hökmü ilə İddiaçı təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla bu hökm üzrə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya qismən birləşdirilməklə İddiaçı 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmiş, İddiaçı məhkəməyədək icraat zamanı 06 noyabr 2021-ci il tarixdən 07 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 gün hesab edilməklə həmin müddət, həmçinin Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)- 398/2022 saylı, 31 avqust 2022-ci il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə 28 iyun 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 03 gün müddət, ümumilikdə 02 ay 05 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq İddiaçı təyin edilən 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından və İddiaçı çəkilməsi üçün qəti olaraq 01 il 03 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 05 iyul 2023-cü il tarixdən, saat 12:10-dan hesablanmış, hökm qanuni qüvvəyə minənədək İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 4(003)- 118/2023 saylı, 03 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-446/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmül ilə İddiaçı azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda cəza çəkməsi nəzərə alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı əsassız yerə kifayət qədər uzun müddət ərzində törətmədiyi cinayət əməli ilə bağlı istintaqa cəlb edilmiş, barəsində cinayət işi ilə əlaqədar araşdırma aparılmış, xx.xx.2023-cü il tarixdə saxlanılmaqla Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə olduğu müddətdə başqa cinayət işi üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı həbsdə olması nəzərə alınmaqla azadlıqdan məhrumetmə cəzası təyin edilməklə həmin cinayət işi üzrə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, daha sonra həbs qətimkan tədbirinin seçilməsinə əsas olan cinayət işi üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə həmin cinayət işi üzrə İddiaçı bəraət verilmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və cəza çəkməsi nəzərə alınmışdır. Göründüyü kimi iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 4 ay 4 gün müddətinə əsassız yerə həbsdə saxlanılması və sonda ona bəraət verilməsi işin mübahisəsiz halıdır. Məhkəmə tələbin maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, həbs edilməmişdən əvvəl iddiaçının rəsmi iş yeri olmamış, fərdi əməklə məşğul olmuşdur. Məhkəmə qeyd edir ki, oxşar işlərlə bağlı qəbul edilmiş məhkəmə qərarlarında gəlinən nəticəyə əsasən maddi zərərin tutulması hissəsinin sübuta yetirilmədiyi təqdirdə şəxsin hüquqlarının məhdudlaşdırıldığı dövrə mütənasib minimum əmək haqqı məbləğinə uyğun olaraq maddi ziyan ağlabatan məbləğdə tutulmalıdır. Hazırki iş üzrə iddiaçının həbsdə saxlanıldığı müddətdə, yəni 2023-cü il tarixdə ölkə üzrə minimum əmək haqqı məbləği 345 manat təşkil etmişdir. İddiaçının 4 ay müddətinə həbsdə saxlanılmasını nəzərə aldıqda ona dəymiş maddi ziyanın əvəzi kimi cəmi 1.380 manat (345 manat x 4=1.380 manat) məbləğində pul vəsaiti ödənilməlidir. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar doğrudur və ona yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyanın vurulması aşkardır. Məhkəmə, iddiaçının qanunsuz və əsassız yerə istintaqa cəlb edilməsi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, yəni 4.000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 4.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddia ərizəsinin məzmunundan və təqdim edilmiş sənədlərdən aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə törətmədiyi əməldə təqsirləndirilərək, rahatlığı əlindən alınmış, uzun müddət mənəvi iztirab çəkmiş, təqsiri olmadan çətin dönəmdən keçmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 4.000 manat və maddi ziyana görə 1.380 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 4.000 (dörd min) manat və maddi ziyana görə 1.380 (min üç yüz səksən) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar