Məhkəmə qərarları › İş №e-2(006)-537/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-537/2023

15.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-537/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi X5 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunması və əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş “Ford Edge” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, avtomobilin birgə nikah dövründə əldə edilmiş hesab edilməsi, həmin avtomobil üzərində ½ pay nisbətində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuşdur, Bakı şəhər Nəsimi Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-688/2020 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Birgə nikah dövründə xx.xx.2013-cü il tarixində X7 və xx.xx.2015-ci il tarixində X6 anadan olmuşdur. Birgə nikah dövründə Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə “FORD EDGE” markalı **-VV- *** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişlər. Həmin avtomobil xx.xx.2019-cu il tarixdə iddiaçının məlumatı olmadan həyat yoldaşı tərəfindən alğı-satqı müqaviləsi əsasında onun adından çıxarılaraq özgəninkiləşdirilmişdir. Hesab edir ki, bu müqavilə iddiaçının maraqlarına toxunduğundan etibarsız sayılmalı, avtomobil əvvəlki mülkiyyətinə qaytarılmalı və ümumi əmlak olduğundan ½ hissədə bölünməli və hər ikisinin mülkiyyət hüquqları tanınmalıdır. Bu səbəbdən məhkəmədən birgə nikah dövründə əldə edilmiş “FORD EDGE” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satıqısı barədə xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və onun həmin avtomobil üzərində 1/2 pay nisbətində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi X5 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-688/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında 10 aprel 2010-cu il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləru kitabında 216 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. - 26 sentyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “Ford Edge” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil “satıcı” Cavabdeh tərəfindən “alıcı” X2. - Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən 09 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, hal-hazırda Cavabdeh adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Həmçinin, Cavabdeh adına xx.xx.2019-cu il tarixdə “Ford Edge” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. - 28 fevral 2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “Ford Edge” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil “satıcı” X5 tərəfindən “alıcı” X1. - 08 iyun 2021-ci il tarixli etibarnamədən görünür ki, “Ford Edge” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5, həmin avtomobili etibarnamə əsasında idarə edən Cavabdehdur. - 24 avqust 2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, 10.30:11.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, lakin İddiaçı iştirak edərək 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator:G.Salmanova). - xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 10 aprel 2010-cu il tarixdə nikaha daxil olmuş, birgə nikah dövründə xx.xx.2019-cu il tarixdə Ford Edge” markalı, **- VV-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə isə alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Hazırda iddiaçı həmin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, həmin alğı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, avtomobilin birgə nikah dövründə əldə edilmiş hesab edilməsi, həmin avtomobil üzərində ½ pay nisbətində mülkiyyət hüquqlarının tanınmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbi ilə razı deyildir, iddianın rədd edilməsini məhkəmədən tələb edir. Məhkəmə iddia tələbinin birgə nikah dövründə əldə edilmiş “Ford Edge” markalı, **- VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Mülki Məcəllənin 6.2ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci və 324.2-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Buna görə də mübahisəli daşınar əmlak tərəflərin birgə nikah dövründə özgəninkiləşdirildiyindən iddiaçının bundan xəbərsiz olması ağlabatan deyildir. Eyni zamanda, daşınar əmlak hal-hazırda başqasının mülkiyyətindədir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iddia tələbi təmin edilməməlidir. Digər iddia tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələblər ilkin tələblə bağlıdır və həmin tələbin təmin olunub-olunmamasından asılıdır. Əqdin etibarsız hesab edilməsi tələbi rədd edildiyi üçün digər tələblər də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbi rədd edildiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunması və əmlakın bölünməsi”nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar