Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5494/2024 19.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların ümumi kütləsinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların ümumi kütləsinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahda olduqları dövrdə əldə olunmuş daşınar və daşınmaz əmlakların ümumi kütləsinin müəyyən edilməsini xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
3. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli, **********27 nömrəli qəbz Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5127/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıya geri qaytarılmış dövlət rüsumunun qəbzidir. Sözügedən qərardad xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış, icra vərəqəsi icra olunması üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə göndərilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir.
4. Həmçinin, məhkəmə iddia tələbinin qeyri-müəyyənliyi ilə bağlı nöqsanları yuxarıda istinad edilmiş qərardadda iddiaçının nəzərinə çatdırsa da, hazırkı ərizədən görünür ki, iddiaçı həmin nöqsanları aradan qaldırmamışdır. Məhkəmə bir daha qeyd edir ki, iddiaçı cavabdehin mülkiyyətində olan məhz hansı əmlakların ½ hissəsinə pay hüququnun tanınmasını tələb edirsə, iddia ərizəsinin nəticə hissəsində həmin əmlakları göstərməlidir ki (əmlakların cavabdehin mülkiyyətində olmasına dair sübutları əlavə etməklə), iş üzrə məhkəmə araşdırmasına başlanılsın. Əks halda, indiki iddia tələbinə baxmaq o deməkdir ki, məhkəmə iddiaçının vəkili kimi sorğular verib, tərəflərin birgə nikahda olduqları dövrdə cavabdehin adına əldə olunmuş daşınar və daşınmaz əmlakların ümumi kütləsini müəyyən etməlidir. Lakin məhkəmə hesab edir ki, bu məzmunda qoyulmuş tələb dəqiqləşdirilmədən ona baxılması düzgün deyil.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 149.2.3. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Maddə 150.3. İddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Maddə 151.1. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.1, 152.1.5. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
6. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
Nəticə:
7. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların ümumi kütləsinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova