Məhkəmə qərarları › İş №e-2(006)-5506/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5506/2025

23.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5506/2025 23.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Adgözəlova Nərgiz Elçin qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vəkilə verilmiş vəsaitin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğunu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vəkilə verilmiş vəsaitin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 mart 2024-cü il tarixli müqavilə üzrə vəkilə ödənilən 6 000 (altı min) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum övladı, N nömrəli hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımının avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X9 03 may 2017-ci il tarixində, qanunsuz sorğulamaların aparıldığı işgəncə məkanına aparılmış və may ayının 6-sı səhər saatlarına qədər Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən ağır işgəncələr altında öldürülmüşdür. X6 2017-ci ilin may ayının 3-dən 6-na qədər olan müddətdə qanunsuz sorğulamalara cəlb edilərək saxlanılması və ağır işgəncələrlə öldürülməsi faktı, Tərtər Hərbi Məhkəməsinin 1(098)-9/2019 saylı, 13 mart 2019-cu il tarixli və 1 (098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli hökmləri ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun icraatında olan, yeni açılmış hallar üzrə yenidən araşdırılan cinayət işinin materialları və yüzlərlə şahid ifadələri ilə öz təsdiqini tapmış və ********* nömrəli cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığı uçun Müdafiə Nazirliyinin N nömrəli h/h-nin 2-ci taborunun maddi texniki təminat tağımının avtomobil manqasının sabiq sürücüsü, müddətdən həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X6 barəsində, Azarbaycan Respublikası CM-nin 274, 338.1, 338.2 və 341.3-cü maddələri ilə həyata keçirilən cinayət təqibinə AR CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsinə əsasən xitam verilmişdir. Yenidən aparılmış istintaqın nəticəsi olaraq zərərçəkmiş şəxslərin təqsiri sübuta yetirilmədiyindən, onların tutulması, saxlanılması, qanunsuz sorğulamalara cəlb edilməsi, təqsirləndirilən şəxs qismində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, öldürülməsi nəticəsində onlara vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası onlara izah edildi. Bu iş üzrə Tərtər Hərbi Məhkəməsinin və Bakı Hərbi Məhkəməsinin yuxarıda qeyd etdiyi hökmləri qanuni qüvvəsini aldıqdan sonra qanuna müvafiq olaraq, iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı, cavabdeh AR Maliyyə Nazirliyinə qarşı, Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2968/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbim qismən təmin olunmuş və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6749/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2968/2024 nömrəli iş üzrə 30 sentyabr 2024-cü il tarixli qətnaməsi mənəvi zərər məbləğinə aid hissədə dəyişdirildi və iddiaçının xeyrinə ödənilməli olan mənəvi zərərin məbləği 60.000 (altmış min) manat müəyyən edildi. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1209/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2(103)-6749/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanıldı və iş icraya yönəldi. Bütün bu məhkəmə instansiyalarında və icra prosesində iddiaçının iştirakı olmadan, onu təmsil edən şəxs, Bakı şəhəri, 6 saylı VB-nin vəkili X8 olub. İddiaçı oğlunun ölümündən az sonra daimi olaraq ailəsi ilə birlikdə yaşadığı Tərtər rayonunun, Qapanlı kəndində yerləşən evindən müəyyən səbəblər ucbatından çıxmağa məcbur olmuş və həyat yoldaşından faktiki olaraq ayrılmışdır. Evdən yalnız özünə məxsus bir necə paltardan başqa heç nə götürməmişdir. Məskunlaşdığı rayonda kirayə tutduğu evin belə, kirayə pulunu verməyə imkanı yox idi. Çünki bir neçə dəfə olmuşdur ki, “xadimə” olaraq işlədiyi yerdən tez bir zamanda iddiaçını uzaqlaşdırmışdırlar. Səbəb isə, guya iddiaçının, “Vətən xaininin” anası olmağı idi. Eyni zamanda, belə bir maddi çətinliklərin və mənəvi əzabların içində heç bir günahı olmadığı halda, nahaqdan vəhşicəsinə öldürülən oğlunun haqq işi uğrunda dayanmadan mübarizə aparmalıydı və aparırdı da. Beləliklə, iddiaçı və digər “Tərtər işi” üzrə mübarizə aparan zərərçəkmişlər qalib gəlmişlər. Belə ki, yenidən aparılan istintaq nəticəsində hər bir zərərçəkmiş, eləcədə iddiaçının oğlu bəraət aldı, onun vətən xaini olmadığı, günahsız olduğu, yenidən aparılan istintaqla və məhkəmə hökmləri ilə öz təsdiqini tapdı. İddiaçı kompensasiya tələbi ilə məhkəməyə müraciət edərkən eyni maddi çətinlikləri yaşayırdı və məhkəmədə iddiaçının hüquqlarını müdafiə edən vəkilə əvvəlcədən haqq ödəmək iqtidarında deyildi. Ona görə də, vəkili ilə öz aralarında xx.xx.2024-cü il tarixli “Tapşırıq Müqaviləsi” bağlamışlar. Həmin müqavilənin 2.2-ci bəndinə görə, müqavilənin ilkin qiyməti 150 manat, tapşırılan iş müvəffəqiyyətlə başa çatdıqdan sonra isə, vəkalət verənin əldə etdiyi pul vəsaitinin 10%-i təşkil edirdi. Beləliklə, xx.xx.2025-ci il tarixində məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 60.000 (altmış min) manat pul, iddiaçının bank hesabına köçdü və iddiaçı da, həmin günü müqaviləyə uyğun olaraq 6000 (altı min) manat pulu vəkili X3 bank kartına köçürmüşdür. Mövcud qanunvericiliyə görə iddiaçının vəkilə ödədiyi 6000 manatı cavabdehdən tələb etmək hüququ var. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı hərbi prokurorluq orqanları tərəfindən hüquqi varisi olduğu X6 “Tərtər hadisələri” ilə bağlı amansız işgəncələrə məruz qaldığını əsas gətirərək onun barəsində AR Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işinin başlanmasını, isgəncələrə məruz qalmasını və nəticədə E.Quliyevin ölməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarının hərəkətlərini qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən maddi ziyanın əvəzi olaraq 6.000 manat pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından aydın olur ki, iddiaçıya qarşı Maliyyə Nazirliyi tərəfindən hər hansı hüquq pozuntusu və qanunazidd hərəkət törədilmədiyi halda, iddiaçı tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə qarşı irəli sürmüş, hüquq pozuntusu ilə əlaqəli şəxslərə qarşı konkret olaraq tələb irəli sürülməmişdir. Halbuki, iddia tələbi Mülki Prosessual Məcəllənin tələblərinə görə əsl cavabdehə yönəldilməlidir. Həmin iddia tələbi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı yönəldilməli olmadığından, habelə iddia tələbi üzrə Maliyyə Nazirliyi tərəfindən iddiaçıya münasibətdə hər hansı qanunsuz hərəkət və hərəkətsizliyə yol verilmədiyindən rədd edilməlidir. İlk növbədə qeyd edir ki, İddiaçı daha əvvəl də eyni iş üzrə, eyni tələblə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və iddiaçıya müvafiq məbləğdə pul vəsaitinin ödənilməsi barədə məhkəmə qətnaməsi icra olunaraq, müvafiq məbləğdə vəsaitin İddiaçı ödənilməsi təmin edilmiş, bununla bağlı Nazirlik tərəfindən 2025-ci il 5 iyul tarixli 3-23/2-4015/2025 nömrəli məktubla Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məlumat təqdim olunmuşdur. Belə olan halda təkrarən eyni iş üzrə, eyni tələblə işə baxılması yolverilməz hesab olunmalıdır. Həmçinin, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin, iddia tələbi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında qanunvericilikdən irəli gəldiyindən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin, Cinayət Prosessual Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, praktikada fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki, sözügedən qanunda “müvafiq icra hakimiyyəti orqanı” qismində, Maliyyə Nazirliyi müəyyən edilməmişdir. Buna görə də hesab edir ki, iddiaçıya dəymiş ziyan buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti şəxslər və ya cinayət prosesini həyata keçirən müvafiq orqanlar çıxış etməlidir. Digər tərəfdən sözügedən məhkəmə praktikasında bu tipli məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, buna görə də iddia tələbi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Üçüncü şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Qasım Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığı üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun maddi- texniki təminat tağımının avtomobil manqasının sabiq sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X6 barəsində Azərbaycan Respublikası CM-in 274, 338.1, 338.2 və 341.3-cü maddələri ilə həyata keçirilən cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-2968/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-6749/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2968/2024 nömrəli iş üzrə 30 sentyabr 2024-cü il tarixli qətnaməsi mənəvi zərər məbləğinə aid hissədə dəyişdirilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməli olan mənəvi zərərin məbləği 60.000 (altmış min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)- 1209/2025 saylı qərarı ilə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2024-cü il tarixli, 2(103)-6749/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ilə 6 saylı Vəkil bürosunun vəkili X8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli X5 haqqında tapşırıq müqaviləsinin şərtlərindən görünür ki, “Vəkalət verən” əvəzi ödənilməklə, hüquqi hərəkətləri yerinə yetirməyi “Vəkalət alan”a tapşırır. “Vəkalət alan” isə “vəkalət verən”in adından və onun hesabına, AR Mülki Məcəlləsinin 777-ci maddəsinə uyğun olaraq, konkret nəticə əldə olunmasına təminat vermədən, həmin hərəkətləri yerinə yetirməyi öz üzərinə götürür. Vəkalət verənin tapşırığının icrası üçün «Vəkalət alan»ın zəhmət haqqı və əlavə muzdu ikisi bir yerdə müqavilənin qiymətini təşkil edir. Bu müqavilənin qiymətini, ilkin olaraq 150 manat, tapşırılan iş müvəffəqiyyətlə başa çatdıqdan sonra vəkalət verənin əldə etdiyi pul vəsaitinin 10%-i təşkil edir. Tapşırığın icrası başa çatanadək onun «Vəkalət verən tərəfindən “Vəkalət alan”dan asılı olmayan səbəblərdən dayandırılması halında, “Vəkalət alan”ın zəhmət haqqı müqavilə qiymətinin 75 (yetmiş beş) faizi həddində ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, iddiaçı müqavilə üzrə nəzərdə tutulan həcmdə vəsaiti- 6.000 manat pulu müdafiəçi 6 saylı Vəkil bürosunun vəkili X1 hesabına köçürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) X5 ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinin İİİ hissəsinə əsasən vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış yazılı müqavilə əsasında həyata keçirilir. 19-cu maddəsinin İ hissəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 19-cu maddəsinin İİ hissəsinə əsasən vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iddia tələbinin əsasını iddiaçının göstərilən hüquqi xidmətlərə görə vəkilə ödədiyi vəsaitin ona geri ödənilməsi təşkil edir. İşin hallarından görünür ki, iddiaçının övladı tutulmuş, saxlanılmış, qanunsuz sorğulamalara cəlb edilmiş, işgəncələrə məruz qalaraq öldürülmüşdür. İddiaçı mərhum övladının hüquqi varisi olaraq tanınmış və cinayət prosesi iştirakçısı olaraq işə buraxılmışdır. Cinayət işinin istintaqının sonunda təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmışdır. Bundan sonra mərhumun hüquqi varisi olaraq iddiaçı ona dəyən maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə mübahisəsi kassasiya instansiya məhkəməsində yekunlaşmış və sonda, dəyən zərərin əvəzi olaraq iddiaçıya 60.000 manat vəsaitin ödənilməsi qət edilmişdir. İddiaçı məhkəmə proseslərində müdafiəçi 6 saylı Vəkil bürosunun vəkili X8 ilə təmsil olunduğunu, bununla bağlı müdafiəçi ilə tapşırıq müqaviləsi bağladığını, müqavilə şərtlərinə uyğun olaraq ona ödənilmiş 60.000 manat vəsaitin 10%-i olan 6.000 manat pulu müdafiəçiyə ödədiyini bildirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarına tam, hərtərəfli qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının hazırkı tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir. Göstərilən hüquqi yardıma dair vəkillə onun müdafiə etdiyi şəxs arasında bağlanan X5 Haqqında Müqavilə nümunəsi Azərbaycan Respublikası Vəkillər X2 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş və müqavilənin forması müəyyən edilmişdir. Lakin hazırkı işin hallarından müəyyən edilir ki, tərəflər arasında tapşırıq müqaviləsi bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq 6 saylı Vəkil bürosunun vəkili X8 iddiaçıya hüquqi yardım göstərmiş, bunun nəticəsində iddiaçı aldığı vəsaitdən müvafiq həcmdə müdafiəçiyə ödəniş etmişdir. İddiaçı ilə 6 saylı Vəkil bürosunun vəkili X8 arasında bağlanmış müqavilə Azərbaycan Respublikası Vəkillər X2 təsdiqlədiyi müqavilənin mahiyyəti ilə eynilik təşkil etmir. Tərəflər müqavilə azadlığı prinsipinə əsaslanaraq hazırkı müqaviləni imzalamış və şərtləri barədə razılığa gəlmişlər. Məhkəmə həmin vəsaitin məhkəmə xərci olmasına dair hissədə iddiaçının dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçı vəkillə bağladığı tapşırıq müqaviləsi əsasında ona ödədiyi vəsaiti məhkəmə xərci olaraq cavabdehdən tələb edə bilməz. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Belə ki, mövcud qanunvericiliyə əsasən maddi imkanları məhdud insanların belə keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi üçün onlara dövlət hesabına vəkil təyin edilməsi müvafiq qaydada tənzimlənir. İddiaçı isə bu hüququndan istifadə imkanı olduğu halda, bundan istifadə etməmiş, öz şəxsi iradəsi ilə vəkillə mülki qanunvericiliklə qadağan olunmayan, lakinvəkilin fəaliyyətini tənzimləyən qaydalardan fərqli olaraq tapşırıq müqaviləsi imzalamış və iradəsinə əsasən mübahisənin müsbət həlli nəticəsində vəkilə mükafat ödənilməsini öhdəsinə götürmüşdür. Hazırda iddiaçı öz şəxsi təşəbbüsü ilə şərtləşdirilmiş mükafat məbləğinə görə tapşırığı icra edən şəxsə ödədiyi məbləğin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini tələb etməsi tamamilə əsassızdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vəkilə verilmiş vəsaitin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vəkilə verilmiş vəsaitin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar