Məhkəmə qərarları › İş №e-2(006)-558/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-558/2023

01.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-558/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə turbo.az saytında olan elanlarda «Toyota Prius (Hibrid)» minik markalı, 2007-ci il buraxılışlı, BAN: JT DKB20U677609435, sedan tipli, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə və ya ilkin alğı-satqı müqaviləsi ilə satılmasına dair məlumatla tanış olmuşdur. İddiaçı elanda olan mobil nömrə ilə əlaqə saxlamış, özünü Cavabdeh3 kimi təqdim edən şəxs elanda olan məlumatların doğru olduğunu bildirmişdir. İlkin ödəniş kimi 6.000 manat və 30 ay hər ay 405 manat ödəniş şərtini təkrarlamışdır. İddiaçı şərtlərlə razı olduğu üçün xx.xx.2021-ci il tarixdə Valehin işlədiyi Bakıxanov qəsəbəsində fəaliyyət göstərən avtomobil təmiri emalatxanasına getmiş, orada Cavabdeh3la görüşmüşdür. Valeh avtomobilin Cavabdeh2 adına olduğunu, Cavabdeh2 avtomobili idarə etmək üçün ona notariat qaydada etibarnamə verəcəyini deyib Samirlə onu tanış etmişdir. Onlar birlikdə söhbət etmişlər, Cavabdeh3 və Cavabdeh2 bildirmişlər ki, onlar xaricdən avtomobillər gətirərək hissə-hissə ödəmək şərti ilə ayrı-ayrı şəxslərə satırlar. xx.xx.2021-ci il tarixdə iddiaçı Cavabdeh2 və Cavabdeh3la birlikdə Bakı şəhəri 16 saylı notariat ofisinə getmişlər. Notarial qaydada etibarnamə tərtib olunduqdan sonra iddiaçıya məlum olmuşdur ki, avtomobilin mülkiyyətçisi Cavabdeh1dır və onu Samir etibarnamə əsasında təmsil edir. Etibarnamə iddiaçının adına yazıldıqdan sonra, iddiaçı 6.000 manat ilkin ödənişi cavabdehlərə vermiş, onlar isə həmin avtomobili iddiaçının sahibliyinə və istifadəsinə vermişdilər. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə Cavabdeh3 arasında həmin avtomobilə dair ilkin alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı avtomobili qəbul etdikdən sonra taksi xidməti ilə məşğul olaraq ailəsinin maddi ehtiyaclarını ödəməklə yanaşı aylıq ödənişləri də vaxtında icra elmişdir. İlkin olaraq aylıq ödənişi xx.xx.2021-ci il tarixdə 400 manat olaraq Cavabdeh3 ödənilmişdir. Razılaşmaya görə İddiaçı hər ay 405 manat pul ödəməli olduğu halda o, artıq ödənişlər edərək aylıq ödənişləri vaxtından əvvəl bitirməklə avtomobilin onun adına rəsmiləşdirilməsini istəmişdir. İddiaçı ümumilikdə 19 dəfə, hər dəfə də 400 manat olmaqla ödənişi Cavabdeh3 vermiş və Valeh də əvəzində yazdığı qəbzdə bu barədə qeyd aparmaqla imzalamışdır. Lakin sonradan, yəni 2022-ci ilin mart ayında iddiaçıya məlum olmuşdur ki, Valehlə Samirin arasında ödənişlə bağlı narazlıq var və bu narazlıqların nəticəsində bir neçə sürücüdən avtomobil geri alınmışdır. Samir İsmayılov hazırda aylıq ödənişin məbləğinin 405 manat deyil, 750 manat olduğunu iddia edir. Cavabdeh2 dələlərlə iddiaçıya telefon vasitəsi ilə və görüşərkən bildirmişdir ki, aylıq ödənişlər 750 manat olaraq ödənilməsə avtomobilin idarə edilməsi ilə bağlı onun adına verdiyi etibarnaməni ləğv etdirəcək. Göstərilən səbəbdən bir neçə müddətdir ki, iddiaçı avtomobili idarə edib gəlir əldə edə bilmir. Göründüyü kimi, tərəflər arasında avtomobilə dair ilkin yazılı razılaşmaya iddiaçı əməl edərək, xeyli müddət cəmi 14000 manat məbləğində cavabdehlərə ödənişlər etməsinə baxmayaraq avtomobili iddiaçıdan geri alırlar. İddiaçı faktiki olaraq avtomobildən, həm də ümumilikdə 14000 manat məbləğində vəsaitindən əsassız olaraq məhrum olmuşdur. Beləliklə, iddiaçı hesab edir ki, cavabdehlərin tələbi ilə avtomobil geri qaytarılmalı olduğundan cavabdehlər də iddiaçıdan aldıqları vəsaiti ona geri qaytarmalıdırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14000 məbləğində pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 132 manat pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə turbo.az saytında olan elanlarda «Toyota Prius (Hibrid)» minik markalı avtomobil elanı görmüş və elanda qeyd olunmuş mobil telefonla əlaqə saxlamışdır. Həmin nömrənin sahibi olan hazırkı iş üzrə Cavabdeh3 ilə görüşmüşdür. Sonuncu ilə aralarınnda bağlanılan razılaşmaya əsasən o, ilkin 6.000 manat ödəməklə aylıq isə 400 manat olmaqla 30 aylıq ödəniş etməyi, Cavabdeh3 isə bütün ödənişlər etdikdən sonra qeyd olanan maşını ona verməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra Cavabdeh3 ona bildirmişdir ki, avtomobil Cavabdeh2 adınadır və 30 aylıq müddət ərzində avtomobili idarə edə bilməyi üçün Samir ona etibarnamə verəcəkdir. O, bununla razılaşmış və onlar birlikdə Samirin avtotəmir mərkəzinə getmişlər. Orada Samirlə danışmış və Valeh Samiri ona xalası oğlu kimi tanıtmışdır. Bundan sonra Samir ona maşını idarə etmək üçün Bakı şəhəri 16 saylı notariat ofisində etibarnamə vermişdir. O, da bunun müqabilində onlara ilkin ödəniş olaraq 6.000 manat vermişdir. Burada ona məlum olmuşdur ki, maşın Samirin yox, Cavabdeh1 deyilən bir xanımın mülkiyyətindədir və Samir etibarnamə üzrə onun hüquqlarını həyata keçirir. 4 ay o, maşını idarə etmiş, 5-ci ayda Samir ona bildirmişdir ki, Valeh ödənişləri ona vaxtında ödəmir. Onda o, bilmişdir ki, Valeh Samirə aylıq 750 manat ödəməyi öhdəsinə götürmüşdür. Bununla bağlı Valehlə danışdıqda isə o, bunların yalan olduğunu bildirmişdir. Bundan bir müddət sonra isə Samir ona verdiyi etibarnaməni ləğv etmişdir. O, bu günə kimi 19 ayın pulunu Valehə ödəmişdir. Bunu onun tərəfindən verilmiş qəbz də təsdiq edir. Bütün bu qeyd olunanlar nəticəsində ona maddi ziyan vurulmuşdur. Ona gorə də iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini özünə aid hissədə qəbul etməyərək izahatında göstərmişdir ki, o, Naxçıvan qeydiyyatında olduğundan mülkiyyətinə maşın keçirə bilmirdi. Buna görə də müxtəlif qohumlarının adına maşın alır və onlar sonradan ona etibarnamə verirdilər. Hazırkı iş üzrə digər Cavabdeh3 uzun müddətdir tanıyır. Ona hazırki iş üzrə iddiaçıda olan maşında daxil olmaqla 5 maşın icarəyə vermişdir. Valeh də həmin maşınları başqalarına icarəyə verirdi. Maşını idarə etmək üçün isə tərəfindən hər dəfə onlayn qaydada etibarnamə verilirdi. Valeh Pərvizlə birlikdə onunla razılığa gəlmək üçün avtosalona gələrkən Valeh ona özünün xalasıoğlu kimi tanıtsa da o, Pərvizə onun yalan dediyini və bunun belə olmadığını bildirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Pərviz Valehə 6.000 manat vermişdir. Aylıq isə 400 manat ödəməyi öhdəsinə götürmüşdür. O, Valehə bildirmişdir ki, sonuncu Pərvizlə bu cur razılığa gəlsə də o, maşını ona günü 25 manatdan verəcək. Valeh ona bildirmişdir ki, heç bir problem yoxdur. Həmçinin o, orada da Pərvizə xəbərdarlıq etmişdir ki, ödənişlər edilməsə maşını alıb, etibarnaməni ləğv edəcək. Bundan sonra Valeh ona heç bir ödəniş etmədiyindən, o, Valehə verdiyi 5 maşını da geri istəmişdir. Ancaq Pərvizə bir insan kimi etibar etdiyindən onda maşının qalmasına etiraz etməmişdir. Ancaq ona bildirmişdir ki, o, ödənişləri ondan alacaq və Valehlə ünsiyyətə girməyəcək. Bundan sonra da ödənişlər edilmədiyindən verdiyi etibarnaməni ləğv etmişdir. Həmçinin ona sonradan məlum olmuşdur ki, Valeh ona bildirmədən Pərviz ilə alğı-satqı müqaviləsi bağlamışdır. Bu günə kimi Valeh tərəfindən ona ümumilikdə 1800 manat pul ödənilmişdir. Həmçinin cavabdeh bildirmişdir ki, bu məsələləri biləndən sonra Cavabdeh3 ona maşından olan borcunu rəsmiləşdirmək üçün notarial qayda borc müqaviləsi bağlamışdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BA125722 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən «Toyota Prius (Hibrid)» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh1 adına qeydiyyata alınmışdır.

8. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 adından X1 tərəfindən Cavabdeh2 «Toyota Prius (Hibrid)» markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə etməyi, sürücülük hüququ olduğu halda nəqliyyat vasitəsini idarə etmək barədə etibarnamə verməyi, nəqliyyat vasitəsinə dair icarə müqaviləsi bağlamağı, sənədləşmə işlərini aparmağı, sənədlər təqdim etməyi, ona çatası sənədlər almağı, ərizə verməyi, imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından digər hərəkətlərin edilməsi ilə bağlı 4 il müddətinə xx.xx.2025-ci il tarixədək səlahiyyət verilmişdir.

9. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 adından X1 tərəfindən Cavabdeh2 notariat ofislərində onun nümayəndəsi olması, notarial qaydada daşınar əmlaklara ilkin alqı-satqı müqaviləsi və daşınar əmlaklara alqı-satqı müqaviləsi bağlaması, müqavilələrdə imza etməsi, notariusun bankdakı depozit hesabı vasitəsi ilə pulu alması, sənədləri və arayışları toplaması, təqdim etməsi və alması, və dtgər sənədləşmə işlərini aparması, lazımi sənədlərdə imza etməsi, adından ərizə verməsi, ərizədə imza etməsi, ona çatası pulu alması, rüsumları ödəməsi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər hərəkətlərin edilməsi ilə bağlı 4 il müddətinə xx.xx.2025-ci il tarixədək səlahiyyət verilmişdir.

10. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 adından Cavabdeh2 tərəfindən İddiaçı «Toyota Prius (Hibrid)» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının idarə etməsi ilə bağlı 3 il müddətinə xx.xx.2024-cü il tarixədək səlahiyyət verilmişdir.

11. İş materiallarında olan xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh3 Rəhman oğlu şahid X2 iştirakı ilə İddiaçı «Toyota Prius» markalı ** BK *** nömrəli avtomobili ilkin ödəniş 6000 manat olmaqla 30 aylıq ayda 400 manat olmaqla noyabr ayının 20-dən ödəmək şərti ilə maşını təhvil vermişdir. 30 ayın tamamında avtomobil İddiaçı qalacaq.

12. İş materiallarında olan Cavabdeh3 tərəfindən yazılmış qəbzdən görünür ki, o, xx.xx.2021-ci il tarixdə - 400 manat, xx.xx.2021-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2022-ci il tarixdə - 400 manat, xx.xx.2023-cü il tarixdə - 400 manat, xx.xx.2023-cü il tarixdə - 400 manat, xx.xx.2023-cü il tarixdə - 400 manat, xx.xx.2023-cü il tarixdə - 400 manat, xx.xx.2023-cü il tarixdə - 400 manat, xx.xx.2023-cü il tarixdə - 400 manat məbləğində pul almışdır.

13. İş materiallarında olan “Borc verən” qismində Cavabdeh2 ilə “Borc alan” qismində Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən Cavabdeh2 Cavabdeh3 hər növbəti ay 620 manat qaytarmaq şərti ilə 6.200 manat məbləğində borc pul vermiş, Cavabdeh3 krediti xx.xx.2023-cü il tarixədək Cavabdeh2 qaytarmağı öhdəsinə götürmüşdür.

14. İş materiallarında olan Cavabdeh3 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Toyota Prius” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 30 aylıq icarəyə verilir. Bu müddət ərzində icarəçi icarə haqqını tam ödədikdən sonra həmin avtomobilin qanuni sahibi olur. Avtomobili təhvil aldıqda icarəçi 6000 manat dəyərində depozit ödənişi etmişdir. Avtomobilin aylıq icarəsi 405 manat təşkil edir və icarəçi bu məbləği gündəlik 13,50 manat ödəməlidir. Müqavilənin 5-ci bəndinə əsasən əgər icarəçi tərəfindən avtomobilə zədə dəyərsə, DYP və BNA tərəfindən tətbiq olunan cərimələr 1 həftə ərzində ödənilməzsə, avtomobil icarəçidən alınacaq və icarəçinin əvvəlcədən şirkətə ödədiyi 6000 manat depozit qaytarılmayacaq.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli «Toyota Prius (Hibrid)» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh1 mülkiyyətindədir və həmin avtomaşına dair sərəncam verilməsi ilə bağlı Cavabdeh1 adından X1 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına etibarnamə verilmişdir. Cavabdehlər arasında avtomobilindən qalan qalıq üzrə xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh3 xx.xx.2023-cü il tarixədək 6.200 manat məbləğində borc pul vermişdir. İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə ilkin alğı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh3 tərəfindən “Toyota Prius” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı aylıq 405 manat, gündəlik 13,50 manat ödənilməsi şərti ilə 30 ay müddətinə icarəyə verilmiş, iddiaçı avtomobili təhvil aldıqda icarəçi 6000 manat məbləğində depozit ödənişi etmişdir. Müqaviləyə əsasən 30 ay müddət ərzində iddiaçı icarə haqqını tam ödədikdən sonra həmin avtomobil onun qanuni sahibliyinə keçirilməlidir. Hazırda isə iddiaçıya verilən etibarnamə ləğv edilərək qeyd olunan avtomobil ondan geri istənilməkdədir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

17. Mülki Məcəllənin 14-cü maddəsində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi 14.2.7-ci bəndində əsassız varlanma qeyd olunmuşdur.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Eyni zamandan Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. [713]

20. Mülki Məcəllənin 1091.2-ci maddəsində isə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən isəvarlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

22. Mülki Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

23. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

25. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında etibarlı razılıq əsasında avtomaşının satılması ilə bağlı ilkin alğı-satqı müqaviləsi bağlanılmış və iddiaçı tərəfindən cavabdehə cəmi 14000 manat pul ödənilmişdır.

26. Lakin məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış ilkin alğı-satqı müqaviləsi özü-özlüyündə kökündən etibarsızdır.

27. Belə ki, Mülki Məcəllənin 650-ci maddəsinə əsasən qeyd olunan avtomobil ilə bağlı istənilən əqd müvafiq qaydada rəsmiləşdirilməli (müvafiq icra hakimiyyəti orqanında) idi. Lakin ilkin müqavilənin özü müqavilə tərəfi olan Cavabdeh3 qeyd olunan şirkətə nə kimi bağlılı, bağlılıq olduğu təqdirdə isə hüquqi şəxsin möhürü ilə də təsdiqlənməmişdir. Odur ki, müqavilə lazımi qaydada qanuna uyğun qaydada rəsmişləşdirilmədiyindən etibarsız hesab edilməlidir.

28. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlərdən olan Cavabdeh1 isə mülki iş üzrə hər hansı subyektiv cavabdehlik daşımadığından ona qarşı verilən iddia tələbi bütövlükdə təmin edilməməlidir.

29. Belə ki, Cavabdeh1 mübahisəli avtomobilin mülkiyyətçisi olmuş, lakin hazırki iddiaçı ilə hər hansı müqavilə münasibətlərind olmamış və sonuncuya da etibarnamə verməmişdir.

30. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 üzərinə iddiaçı ilə bağlanmış müqavilə münasibətləri olmadığından öhdəlik götürməməsinə baxmayaraq, iddianın 1800 manat hissəsini qəbul etmişdir. Bundan əlavə olaraq isə iddiaçı tərəfindən digər cavabdehə ödənilmiş olan ümumilikdə 14.000 manat puldan 6200 manat hissəsini Cavabdeh3 ilə aralarında olan borc müqaviləsi ilə rəsmiləşdirmişdir. Bu hal isə onu göstərir ki, iddiaçının iddia tələbi təmin olunduğu təqdirdə (1800 manat istisna olmaqla) geriyə qalan məbləğ (6200 manat) iki dəfə cavabdehdən tutulması (borc müqaviləsi üzrə artıq Cavabdeh2 tələb hüququ yaranmışdır) hüququnu süni şəkildə yardacaqdır ki, buda məhkəmə tərəfindən yolverilməz hal kimi qəbul edilməlidir.

31. Məhkəmə tərəfindən o da qeyd edilməlidir ki, nə qədər ki, tərəflar arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir, bu halda hüquqi vəziyyətdə geriyə qaytarılmalıdır. Lakin bu hüquqi mövqe hazırki iddia tələbi ilə və işin halları ilə uyğunsuzluq təşkil etdiyindən ilkin vəziyyətə qaytarılması bu məhkəmə icraatında mümkün deyildir.

32. Belə ki, iddiaçının hazırki tələbi əqdin etibarsızlığı olmamaqla pul tələbidir və tərəflar arasında avtomobilin təhvil-təslim aktı mövcud olmamış, yalnız ilkin alğı-satqı müqaviləsi (etibarsız hesab edilən) üzrə tərəf isə avtomobilin mülkiyyətçisi (və ya qanuni sahibi) olmamışdır. Bu halda ilkin vəziyyət bərpa olunacağı təqdirdə mübahisəli nəqliyyat vasitəsi özlüyündə yenidən əsassız olaraq Cavabdeh3 qayıtmış olacaqdır ki, bu halda yolverilməzdir.

33. Məhkəmə bu halda qeyd edir ki, mübahisəli avtomaşının mülkiyyətçisinin və ya qanuni sahibi öz əşyasını (nəqliyyat vasitəsini) özgəsinin qanunsuz sahibliyindən avtomobili geri tələb etməklə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır.

34. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh2 8000 (səkkiz min) manat, Cavabdeh3 6000 (altı min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.

35. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. «Dövlət rüsumu haqqında» AR Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir.

37. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 75,24 (yetmiş beş manat, iyirmi dörd qəpik) manat Cavabdeh2, 56,76 (əlli altı manat, yetmiş altı qəpik) manat Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 8000 (səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75,24 (yetmiş beş manat, iyirmi dörd qəpik) manat, Cavabdeh3 6000 (altı min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 56,76 (əlli altı manat, yetmiş altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar