Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6020/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MMCnin cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı MMC cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə vurulmuş maddi zərər qismində 8825 manat və dövlət rüsumu qismində 109 manat olmaqla, cəmisi 8904 manat pulun cavabdehlərdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə B.B.Bəşirov və S.V. Bəşirovun tam ortaqlı "xxxx" Firmasına məxsus olan “Mersedes-Benz Sprinter” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi ilə hərəkətdə olan zaman Cavabdeh2 (bundan sonra “Elnur”) idarə etdiyi “HOWO” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili bir neçə başqa avtomobillə yanaşı, Firmanın avtomobilini də əzmişdir. Bunun nəticəsində, bir neçə başqa avtomobilin də zədələnməsi ilə müşayiət olunan yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin qəza nəticəsində avtomobilə 8825 AZN (əsas zərər qismində 7480 AZN və ƏDV qismində 1345 AZN) həcmində maddi zərər dəymişdir. **-AD-*** nömrəli avtomobil xx.xx.2020-ci il tarixli 002 saylı İcarə müqaviləsi və onun xx.xx.2020-ci il tarixli X2 əsasında Trade Center MMC-yə icarəyə verilmişdir. Həmin icarə münasibəti bugünədək davam edir. Həmin yolnəqliyyat hadisəsi də həmin avtomobil icarə hüququ əsasında iddiaçının sahibliyində və istifadəsində olarkən baş vermişdir. Hadisə nəticəsində həmin avtomobil tam yararsız hala düşdüyündən bugünədək idarə edilməsi imkansız olaraq qalır. Məlum hadisə ilə bağlı cavabdeh barəsində İXP ******* saylı X1 Protokol tərtib edilmişdir. Həmin protokola əsasən TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş, Elnurun bu hadisədə təqsiri müəyyən edilmiş və Elnur İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat cərimə edilmə haqqında tənbeh növü tədbiq edilmişdir. Bununla əlaqədar, vurulmuş maddi zərərin ödənilməsi barədə cavabdehə təklif edilsə də, cavabdeh bundan imtina etmişdir. Hadisə yerinə gələn və özünü Elnurun idarə etdiyi yük avtomobilinin sahibi kimi təqdim edən Cavabdeh3 (bundan sonra “Fərhad”) vurulmuş maddi zərərin ödənilməsi barədə müraciətlərinə Fərhad cavab olaraq bildirmişdir ki, ödənişi etməyəcək, çünki zərərə görə sığorta ödəniş etməlidir. Ona görə də, onlar məcbur qalıb dərhal icbari sığorta şəhadətnaməsində adı keçən "xxxx" ASC-yə müraciət etmişlər və sığorta prosesini başlatmışlar. Lakin həmin sığorta şirkətindən onlara bildirmişlər ki, sığorta hadisəsi baş verən zaman hadisədə günahkar olan şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin icbari sığortası olmadığına görə sığorta şirkəti heç bir məsuliyyət daşımır. Odur ki, sığorta şirkəti dəymiş zərərə görə heç bir ödəniş etməyəcək. Nəticə etibarilə, sığorta şirkəti tərəfindən avtomobilə dəyən zərərin müəyyən edilməsi və ödənilməsi istiqamətində heç bir hərəkət edilmədiyini müşahidə etdikdən sonra onlar qərara gəlmişlər ki, avtomobilə dəymiş zərərin müəyyən edilməsi və cavabdehdən tutulub onlara ödənilməsi üçün məhkəməyə müraciət etsinlər. Qüsur aktından da göründüyü kimi, həmin yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə 8825 AZN maddi zərər dəymişdir. Odur ki, dövlət rüsumu qismində ödənilmiş 109 manat və avtomobilə vurulan zərər qismində 8825 manat (əsas zərər qismində 7480 manat və ƏDV qismində 1345 manat) məbləğdə pul cavabdehdən tutulmalı və iddiaçıya ödənilməlidir. Qanunvericiliyin normalarından da göründüyü kimi, sığorta şirkəti avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün qanunvericilikdə və müqavilədə nəzərdə tutulan pul vəsaitini və digər zərərləri də ödəməlidir. Lakin cavabdeh bu ödənişləri etməkdən yayınır. Avtomobilə dəymiş zərər qanunvericilikdə icbari sığorta üzrə ödənişin həcmini keçdiyini nəzərə alaraq, geri qalan məbləğ də digər cavabdehlərdən tutulmaldır.
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verildiyindən ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
4. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edildi ki, ərizəçi məhkəmə aidiyyəti normalarına riayət etməmişdir.
5. Belə ki, İddiaçı MMC (VÖEN: ********** ) və cavabdehlərdən biri "xxxx" ASC (VÖEN: **********) kommersiya hüquqi şəxslərdir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti subyektləridir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılmalıdır.
6. Sahibkarlıq fəaliyyəti subyekti olmayan digər cavabdehlərə münasibətdə isə qeyd edilməlidir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır.
Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 1-ci maddə. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddə. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddə. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 30-cu maddə. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 31.1-ci maddə. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 114.1, 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarı: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 16-cı bənd. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. 20-ci bənd. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.
9. Göründüyü kimi, hazırki iş üzrə mübahisənin subyekt tərkibinin (tərəflər) kommersiya hüquqi şəxslər olduğu müəyyən edildiyindən, həmçinin sahibkarlıq fəaliyyəti subyekti olmayan digər cavabdehlərə yönləndirilmiş əlaqəli tələblər də "xxxx" ASC-yə yönəlmiş tələbə birləşdirildiyindən məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.
10. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 109 (bir yüz doqquz) manat məbləğində rüsum ödənilmişdir.
11. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
Nəticə:
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30, 31, 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 109 (bir yüz doqquz) manat məbləğində pul İddiaçı MMC-yə geri qaytarılsın (qəbz №: **********) İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova