Məhkəmə qərarları › İş №e-2(006)-690/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-690/2025

06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-690/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X28 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X10 maddi zərər olaraq, 639.922 manatın indeksasiya olunaraq, mənəvi zərər olaraq 5 000 000 manat həcmində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi, X1 maaş qismində aldığı pul vəsaitinin hər ay və ömürlük olmaqla pensiya kimi iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı il aprel ayının əvvəlində düşmən təxribatları nəticəsində sərhəd boyunca başlayan döyüşlər cəmi dörd gün davam etdi və “Aprel döyüşləri” kimi Azərbaycan tarixinə düşdü. Döyüşlər əsasən, Tərtər bölgəsində baş verdi və bəzi mövqelərimiz düşməndən azad olunmaqla, Azərbaycan Ordusunun üstünlüyü ilə nəticələndi və bununla da, “keçilməz erməni səngərləri” haqqında mif alt-üst edildi və ordumuz nəyə qadir olduğunu real olaraq düşmənə göstərdi. Bu tarixi döyüşlərdən cəmi bir il sonra, yəni 2017-ci ilin may ayının 1-dən başlayaraq, Tərtər bölgəsində yerləşən hərbi hissələrdə xidmət göstərən və birbaşa “Aprel döyüşləri”nin iştirakçısı olan hərbi qulluqçular arasında kütləvi şəkildə olmaqla, “düşmənə hərtərəfli xidmət göstərən xəyanətkarlar” axtarılmağa başladı və bu barədə 2017-ci il may ayının 7-də AR Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yaydı (Ətraflı bu linkdə: https://genprosecutor.gov.az/az/post/1752). Həmin bəyanatda deyilirdi: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Bəyanatdan o da məlum oldu ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 3 may 2017-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və digər bir sıra maddələri ilə cinayət işi başlayıb. Bir müddət sonra isə bu “cinayət işi” üzrə məhkəmə hökmü ilə 25 nəfər şəxsin təqsirləndirilərək 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edildiyi, eyni zamanda, yüzlərlə əsgər və zabit (dəqiq sayı məlum deyil) bu “cinayət işinin istintaqı” zamanı amansız işgəncələrə məruz qaldığı və ən azı 11 nəfər hərbçinin vəhşicəsinə, verilən işgəncələr nəticəsində həyatını itirdiyi barədə xəbərlər yayıldı. Bütün bu qanlı hadisələr Azərbaycan cəmiyyətində şərti olaraq, “Tərtər işi”, “Tərtər terroru”, “Tərtər qətliamı” kimi adlanır və mütəmadi olaraq, geniş ictimai müzakirələrə səbəb olur. İddiaçı X7 mərhum övladı, N nömrəli hərbi hissənin 2-ci taborunda, manqa komandiri vəzifəsini yerinə yetirməklə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X13 da, 01 may 2017-ci il tarixində, günorta saatlarında, qanunsuz sorğulamaların aparıldığı işgəncə məkanına gətirilmiş və may ayının 10-da dəhşətli işgəncələrlə öldürülmüşdür. X6 ölümü ilə bağlı Komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2017-ci il tarixi T124/2018 nömrəli rəyində yazılır ki, “X3 meyitinin müayinəsi zamanı baş beynin ağır dərəcəli əziyi, apanevrozaltı. subdural, subaraxnodial və hər iki göz ətrafını əhatə edən hematoma ilə müşayiət olunan ağır qapalı kəllə-beyin travması. alt dodaq, hər iki çiyin qurşağı, döş qəfəsinin ön səthi, hər iki bud. baldır, çanaq nahiyəsinin sol yan səthi, sağ kürək, hər iki sağrı, bel nahiyəsində solda, sol mil bilək, hər iki ayaq pəncəsində əzilmiş yara və qançır aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla. xx.xx.2017-ci ildə 056 nömrəli hərbi hospitala daxil olmazdan əvvəl (1-2 gün) yetirilmişdir. Təqdim edilən tibbi sənədlərdə xəsarətlərin xarakteri təsvir edilmədiyindən onların hər birinin dəqiq yetirilmə müddəti haqqında daha dəqiq fikir söyləmək mümkün deyildir. Mərhum E.K.Ağazadənin ölümünə səbəb olmuş ağır qapalı kəllə-bevin travması baş beynin ağır dərəcəli əziyi və qansızma canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya. əzilmiş yaralar, iri qançır və hematomalar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, kiçik qançırlar isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Mərhum E.K.Ağazadənin meyitinin müayinəsi zamanı hündürlükdən düşmə üçün xarakterik xəsarətlər qeyd edilməmişdir. Müayinə zamanı aşkar edilən xəsarətlər çoxsaylı məhdud səthə malik küt əşyanın bilavasitə zərbələri nəticəsində yaranmasına uyğun gəlir. Mərhum E.K.Ağazadənin ölümünə səbəb qapalı kəllə-beyin travması nəticəsində baş beynin ağır dərəcəli əziyi və qişalarına qansızma olmuşdur. Yetirilən xəsarətlərlə ölüm arasında səbəbli əlaqə vardır. Mərhum E.K.Ağazadəyə yetirilmiş xəsarətlərdən ölümün baş verməsinədək müəyyən müddət keçməsi tibbi praktikada rast gəlinən haldır. Belə ki, baş beyinə, onun qişalarına qansızma zədələnən damarın diametri və axan qanın surətindən asılı olaraq müəyyən müddət sonra özünü klinik əlamətlərlə büruzə verir. Bu müddət təbabətdə “işıqlı dövr” adlanır. Bu dövrdə isə zərərçəkmiş şəxslər müəyyən məqsədyönlü hərəkətlər etmək iqtidarında olurlar. Baş beyin əzilməsinin yerləşmə nahiyəsindən asılı olaraq müəyyən müddət keçdikdən sonra yığılan qan beyin toxumasını sıxaraq onun normal fəaliyyətini pozur. Zədələnmə və qan yığılması artdıqca klinik əlamətlər özünü göstərir, proses kiçik olduqda müsbət dinamika, böyük olduqda isə davam edən beyin ödemi nəticəsində xəstənin həyatını xilas etmək mümkün olmur. E.K.Ağazadə istər 056 nömrəli hərbi hospitalda, istərsə də, SQ BKH-ya daxil olarkən artıq onda bu əlamətlər özünü kəskin büruzə vermiş, ona görə də müsbət dinamika əldə olunmamışdır. E.K.Ağazadə özünü hündürlükdən atdıqdan sonra dərhal tibb müəssisəsinə göndərilməli, onun vəziyyətinə nəzarət edilməli idi. Vaxtında aşkar edilmiş baş beyin əzilməsi və onun qişalarına qansızma aparılmış müayinə, müalicə tədbirləri nəticəsində qarşısı alındığı təqdirdə xəstənin vəziyyətinin stabilləşməsi. sonrakı ağırlaşmaların baş verməməsi və nəhayət xəstənin həvatınm xilas olunması ehtimalını artıra bilərdi. İstər 056 nömrəli hərbi hospitalda, istərsə də SQ BKH-da E.K.Ağazadəyə göstərilmiş tibbi yardım, müayinə metodları onun vəziyyətinə uyğun olmuşdur. Hər iki tibb müəssisəsində müalicə aldığı müddətdə onun vəziyyətində müsbət dinamika müşahidə olunmamış, proses proqressiv olaraq inkişaf etdiyindən hərbçi vəfat etmişdir”. X6 2017-ci ilin may ayının 1-dən 10-na qədər qanunsuz sorğulamalara cəlb edilərək saxlanılması və ağır işgəncələrlə öldürülməsi faktı, Tərtər Hərbi Məhkəməsinin 1(098)-9/2019 saylı, 13 mart 2019-cu il tarixli və 1 (098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli hökmlərində, Bakı Hərbi Məhkəməsinin hökmlərində və Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun içraatında olan ********* saylı cinayət işinin materialları və yüzlərlə şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Lakin həmin cinayət işləri üzrə təqsirləndirilən şəxslər ordumuzun yüzlərlə əsgər və zabitlərinə qarşı ağlagəlməz, dəhşətli işgəncə növlərini amansızlıqla tətbiq etməklərinə baxmayaraq onlara, etdikləri cinayət əməlinə uyğun olmayan, çox cüzi cəzalar verildi və zərərçəkmiş şəxslər, oğul itirmiş valideynlər və həyat yoldaşları işgəncə altında öldürülmüş xanımlar onlara qarşı edilən bütün təsir və təzyiqlərə baxmayaraq, illərlə, öz haqlarını tələb etməklə müxtəlif instansiyalara, eyni zamanda, ölkə başçısına yazılı müraciətlər və açıq çağırışlar etdilər. Yüzlərlə zərərçəkmişə misli görünməmiş üsularla işgəncələrin verildiyi bu cinayət işinə yenidən baxılmasını və iş üzrə istintaqın təzələnməsini tələb etdilər. Nəticədə, ölkə başçısının göstərişi ilə AR Baş Prokurorluğunda sözügedən cinayət işinin istintaqı təzələndi. Yenidən başladılmış istintaqın nəticəsi olaraq AR Baş Prokurorunun müraciəti əsasında sözügedən iş üzrə məhkəmələrin müvafiq hökm və qərarlarına AR Ali Məhkəməsinin Plenumunda yeni açılmış hallar üzrə yenidən baxıldı. “Dövlətə xəyanət” adı altında dəhşətli işgəncələr görmüş və 10 ildən 20 ilə qədər qanunsuz olaraq azadlıqdan məhrum edilmiş əsgər və zabitlərin barəsindəki bütün cinayət işlərinə bəraətverici əsaslarla xitam verildi, öldürülən şəxslərin və digər zərərçəkmişlərin üzərindən “Vətən xaini” damğası götürüldü. Yenidən aparılmış istintaqın nəticəsi olaraq zərərçəkmiş şəxslərin təqsirli olduqları sübuta yetirilmədiyindən, onların tutulması, saxlanılması, qanunsuz sorğulamalara cəlb edilməsi, təqsirləndirilən şəxs qismində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində onlara vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası onlara izah edildi (Ətraflı bu linkdə: https://apa.az/az/hadise/terter-isi-uzre-cinayet islerinin-icraati-tezelenib-birge-melumatvideo-676760). Bu işdə yuxarıda qeyd edilmiş tələbkarlardan biri də İddiaçı olub. O, yaşadığı maddi və mənəvi çətinliklərə baxmayaraq, 7 il ərzində əziz balasının zülmlə öldürülməsində iştirakı olan hər bir cinayətkarın həbs olunmasını və övladının haqqını tələb edib. Elxan Ağazadə aldığı çoxsaylı ağır xəsarətlər nəticəsində işgəncə məkanında həyatını itirdikdən sonra, ailəsinə xəbər verilmədən Müdafiə Nazirliyinin tanımadıqları əməkdaşları tərəfindən yaşadıqları kəndə gətirilmiş və “vətən xaini” kimi kənd qəbirstanlığında basdırılmışdır. Bütün bu maddi və mənəvi ağırlıqlarla birgə, oğlunun barəsində istər xidmət yoldaşlarının, istərsə də yaşadığı rayonda (kənddə) əhali arasında yaranmış mənfi fikir və şübhələr, “vətən xaininin atası” və buna bənzər eşitdiyi sözlər, edilən qınaqlar bir valideyn olaraq, onun üçün dözülməz hala çevrildi və həm də digər səbəblər onu daimi olaraq yaşadığı evini, qurub yaratdığı təsərrüfatını və kəndini tərk etməyə məcbur etdi. Lakin hara getsə də, oğluna vurulmuş bu qara ləkə hər yerdə onun baş qaxıncı oldu. Bütün bu olanlar onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb oldu və çox ağır sarsıntılar yaşadı. Oğlunun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması saysız-hesabsız psixi, fiziki və mənəvi olmaqla, iddiaçıya çox ağır və dözülməz iztirablar yaşatdı və bu gün də həmin iztirabları yaşamaqdadır. Eyni zamanda, ailənin yeganə oğul övladının heç bir günahı olmadan, gənc yaşında ağır işgəncələr altında öldürülməsi bir ataya hansı dərəcədə, həm mənəvi, həm də maddi baxımdan zərər vurması işin mübahisə olunmayan tərəfidir. Odur ki, qanuna müvafiq olaraq iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın əvəzi ödənilməlidir. Ağazadə Elxan hərbçi kimi qulluq etdiyi ərazidən qanunsuz olaraq işgəncə məkanına aparılaraq, amansızlıqla öldürülənə qədər İddiaçı hər bir işdə güvəndiyi və fəxr etdiyi oğlu var idi. Lakin birdən-birə o sakit, güvənli həyatı darmadağın oldu. Həmişə haqqında fəxrlə danışdığı çox sevdiyi oğluna “vətən xaini” deyilirdi artıq. Ona görə də edilən tənələrə, ona rişxənd edən insanlara, hər dəfə onu aşağılayan baxışlara dözə bilmədi. Hər yerdə əzildi, sındı, utandı, oğlunun üzərində qalan “xain” adını həzm edə bilmədi, bacarmadı. Dərin depressiyalar yaşadı, lakin sonunda çıxış yolunu amansız işgəncələr altında öldürülən oğlunun və özünün haqqı uğrunda mübarizə aparmaqda gördü. Bütün bu yaşadıqları iddiaçının sağlamlığına və mənəviyyatına çox ağır zərbələr və sağalmaz yaralar vurdu. X6 zərərçəkmiş şəxs qismində tanındığı cinayət işləri üzrə cəlb edilmiş təqsirləndirilən şəxslər və hələ də istintaqa cəlb olunmayan digər şəxslər, E.Ağazadə və digər zərərçəkmişlərə işgəncə verən, bu prosesi təşkil edən zaman Azərbaycan dövlətini təmsil edirdilər və bir çoxları bu gün də təmsil edirlər. Yəni adi mülki vətəndaş kimi yox, hərbi hissənin Müdafiə Nazirliyi tərəfindən təyin edilmiş hərbi rütbəli vəzifəli şəxsləri kimi çıxış ediblər. Müdafiə Nazirliyinin digər qurumlarla birlikdə 07 may 2017-ci il tarixli bəyənatından sonra dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün tabeçiliyində olan iddiaçı və çoxsaylı digər hərbi qulluqçuları xidmət yerlərindən (postlardan, döyüş mövqelərindən, bölüklərdən) hərbi hissənin digər ərazilərində yerləşən bölük və hissələrinə aparmağa göstəriş vermiş, qara maskada olan digər hərbi hissələrdən olan hərbi qulluqçuların ixtiyarına vermişlər. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı rəsmi məlumatlardan görünür ki, 2017-ci ilin may-iyun ayları ərzində Ağdam, Tərtər, Beyləqan və digər rayonlar ərazisində həm 1-ci, həm də 2-ci Ordu korpuslarının tərkibinə daxil olan müxtəlif hərbi hissələrdən N nəfər hərbi quluqçu (zabit, gizir, müddətdən artıq və müddətli hərbi xidmət hərbi quluqçuları) qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışlar ki, onlardan da 11 nəfəri bu qanunsuz proses zamanı həyatlarını itirmişdir. Başqa sözlə, cinayət əməlləri Müdafiə Nazirliyinin tabeçiliyində olan 1 Ordu korpusunda yüzlərlə hərbi quluqçunu əhatə etmişdir, cinayət əmə ləri qısa müddət ərzində deyil, ən azı 2 ay ərzində davamlı şəkildə həyata keçirilmişdir. Bu səbəblərdən də təqsirləndirilən şəxslərin belə böyük miqyasda və uzun müddət ərzində həyata keçirdiyi qanunazidd əmələr nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi AR Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələbləri əsasında həyata keçirilməlidir. Həmin tələblərə əsasən isə dövlət orqanlarının və bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. Yuxarıda qeyd edilənlərdən, məhkəmə hökmlərindən və istintaq sənədlərindən məlum olur ki, Elxan Ağazadə ağlasığmaz formada ən ağır işgəncələrə məruz qalmış, nəticədə faciəli şəkildə həyatını itirmişdir. Bütün bunlar azmış kimi, ona “vətən xaini” ləkəsi vurulmuş, bunun nəticəsində bütün yaxınları mənəvi olaraq dözülməz əzab-əziyyətə və mərhumiyyətlərə məruz qalmışlar. Ata-anası və digər yaxınları cəmiyyət içərisində utanc hissi ilə yaşamış, şəxsi və ailə sirləri cəmiyyət içərisində təhrif olunmuş qaydada yayılmış, şərəf, ləyaqət və işgüzar nüfuzlarına ləkə gəlmiş, illərlə cəmiyyətdən təcrid olunmuşlar. Belə ki, yaşadıqları kənddə, rayonda toya, yasa getməmiş, qohum-qonşu arasında utanc hissi ilə yaşamış, daima mənəvi narahatlıq, stres və əzab hissləri keçirmiş, ətrafdakı insanlar tərəfindən mütəmadi olaraq, alçaldıcı və təhqiredici hərəkətlərə, münasibətlərə məruz qalmış, nəticədə bir ata olaraq sağlamlığını da itirmişdir. Bununla bağlı vurulmuş mənəvi ziyanın əvəzini hər hansı bir pul qarşılığında kompensasiya etmək mümkün olmasa da, iddiaçı nisbi olaraq, ona vurulmuş mənəvi zərəri 5 000 000 (beş milyon) manat məbləğində qiymətləndirir. Həmçinin, bundan sonra həyatı yurd-yuvasından, evindəntəsərrüfatından ayrı düşərək, kirayələrdə, işsiz və gəlirsiz qalıb, haqsızlıqlarla mübarizə aparmaqla, vəkil axtarmaq, ona pul ödəmək, yüzlərlə dövlət idarələrinə qəbullara getmək, teleqramlar, ərizələr, şikayətlər göndərmək, digər ailələri tapıb onlarla birləşmək, birgə hərəkət etməklə mübarizə aparmaq, sübutlar toplamaq, Tərtər, Gəncə, Şəki və Bakı şəhərlərində illərlə gedən məhkəmələrdə iştirak etməklə davam edib. Bütün bunlar isə qaçılmaz şəkildə mənəvi ağır psixoloji travmaları birə on qat artırıb, eyni zamanda onsuz da çətin olan maddi vəziyyətini daha da pisləşdirib, dəfələrlə borc almağa məcbur olub. Çünki heç bir yerdə işləmirdi, onu işə götürmürdülər, ona “vətən xaininin atası” kimi baxırdılar. Bütün bunlarla yanaşı, həm də maddi gəlirindən, həmçinin, əldən çıxmış fayda olaraq digər gəlirlərindən məhrum olub. Belə ki, X13 işlədiyi müddət ərzində, yəni, 2017-ci ilin may ayının 10-a qədər hər ay, 850 manat maaş qismində və digər əlavə ödənişlər almışdır. Əgər 2017-ci ilin iyun ayında öldürülməsə idi, E. Ağazadə öldürüldüyü tarixdən bu günə qədər keçən 85 ay ərzində onun maaşı, 72. 250 (yetmiş iki min iki yüz əlli) manat edir (85ay X 850 = 72.250). Bundan başqa Ağazadə Elxan işlədiyi müddətdə dövlətdən hər ay olmaqla, kirayə pulu 262.50 (iki yüz altmış iki manat ə li qəpik) manat (85 ay X 262.50 = 22.312) ildə bir dəfə olmaqla maddi yardım 370 (üç yüz yetmiş) manat, (7 il X 370 = 2.590) məzuniyyət pulu 430 (dörd yüz otuz) manat (7 il X 430 = 3.010) və 13-cü maaş 680 (altı yüz səksən) manat (7 il X 680 = 4760) alıbdır. Cəmi: 32.672 (otuz iki min altı yüz yetmiş iki) manat. Ümumi məbləğ: 104.922 (yüz dörd min, doqquz yüz iyirmi iki) manat. Bundan əlavə, əldən çıxmış fayda olaraq, vəzifədə yüksəliş, hərbçilərin maaşların artırılması, həmin pulun müəyyən bir qisminin hansısa, bir işə yatırılaraq əlavə gəlirlərin də əldə olunması nəzərə alınsa, ümumlikdə ailənin itirdiyi vəsait 500 000 (beş yüz min) AZN məbləğində dəyərləndirilməlidir. İddiaçı maddi çətinliklər ucbatından bir neçə dəfə müxtəlif vaxtlarda, müxtəlif şəxslərdən ümumilikdə 10 000 manatdan çox borc götürməyə məcbur olub. Bundan əlavə iddiaçı oğlunun əsassız ittiham və işgəncələr nəticəsində, eyni zamanda dövlətə xəyanət kimi ağır mənəvi iztirab verən cinayətdə əsassız ittiham edilərək öldürülməsi nəticəsində ciddi psixoloji travmalar alıb və bu səbəbdən fiziki sağlamlığına zərər dəyib. Bu psixoloji travmaların müalicəsi uzun müddətli və çox bahalıdır, həmçinin digər müxtəlif tipli xəstəliklərlə üz-üzə qalıb, əməliyyat olunub. Lakin heç vaxt maddi imkansızlıqdan tam müalicə olunmayıb. Çünki bu xəstəliklərin müalicəsi, həkim qəbulu, alınacaq dərmanlar ümumi müalicə kursları böyük məbləğlər tələb edir. Beləliklə, iddiaçıya tam reabilitasiya və fiziki sağlamlığına vurulmuş zərəri aradan qaldırmaq üçün təxminən, 10 000 (on min) manat civarında vəsait lazımdır. 2017-ci ildən hazırkı tarixə qədər Bakı şəhəri də daxil olmaqla, respublikanın bir çox şəhər və rayonlarında gedən məhkəmə proseslərində və digər proseslərdə iştirak etmək üçün çəkilən xərclər 15 000 (on beş min) manat civarında dəyərləndirilməlidir. Xüsusi sənədləşmiş sübutları olmayan xərclərlə bağlı, eləcə də mənəvi ziyanla bağlı məhkəmə təcrübəsində adətən bu cür qaçılmaz olaraq çəkilən xərclər məsələsi nəzərə alınır, obyektiv olaraq xərclərin qaçılmaz şəkildə çəkilmiş olması ən azından onların hamısının da olmasa bir qisminin tanına bilinməsi üçün əsas ola bilər. Qeyd edilməlidir ki, X13 2017-ci ilin may ayının 1də qanunsuz saxlanılaraq işgəncələrlə öldürüldükdən sonra ölkədə həm ümumi, həm də müxtəlif sahələr üzrə xüsusi inflyasiya daim olub: ərzaq, geyim və s. bazarı, əmək bazarı, əmlak-kirayə və torpaq alqı-satqı bazarı və s. Buna görə də, bütün tanınacaq olan zərərlərin aid olduqları sahələr üzrə və ümumi ölkə inflyasiyası göstəricilərinə uyğun indeksləşməsi aparılmalı və həmin məbləğlər də cavabdehdən tələb edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən cavabdeh təşkilatdan aşağıdakı kompensasiya məbləğləri tələb olunur: Mənəvi zərər kimi – 5 000 000 (beş milyon) manat. Maddi zərər kimi – 639.922 (altı yüz otuz doqquz min doqquz yüz iyirmi iki) manat, həmçinin, maddi zərərə görə hesablanan məbləğ azı 38% həcmdə inflyasiyaya görə indeksləşdirilərək ödənilməlidir.

3. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz təqdim edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini dövlət büdcəsinə yönəltmişdir. İlk növbədə qeyd edilmişdir ki, Əsasnamədə Maliyyə Nazirliyinin belə bir vəzifəsinin olması müəyyən edilməmişdir. Hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Mülki qanunvericilikdə orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Maliyyə Nazirliyi özü dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir. Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. Ölüm haqqında AZ-İ seriyalı 854098 nömrəli şəhadətnamədən görünür ki, X14 xx.xx.2017-ci il tarixdə başbeynin diffuz travması, travmatik subdural qansızma səbəbindən ölmüşdür.

9. N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli, 128 nömrəli əmrindən çıxarışdan görünür ki, hərbi hissə komandirinin sərəncamında olan 2-ci taborun 4-cü bölüyün 2-ci taqımın 3-cü manqanın (sabiq) komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X13 vəfat etdiyi üçün xx.xx.2018-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış hesab edilmişdir.

10. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmiş mərhum oğlu X8 ölməsi faktı üzrə Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır.

11. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli 2V-174 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş – X6 vərəsələri atası İddiaçı və anası X15r. Onlar miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Tərtər rayon filialı tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 38 nömrəli sənədə əsasən X3 ölümü ilə əlaqədar olaraq ödəniləcək 11.000 manat sığorta pulundan ibarətdir.

12. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli 2V-622 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş – X6 vərəsələri atası İddiaçı və anası X15r. Onlar miras əmlakdan bərabər hissədə (½ hissə ilə) pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2018-ci il tarixli, 5908 nömrəli sənədinə əsasən mərhum hərbi qulluqçu X11 ödənilməli olan 1.250,15 manat məbləğində əşya əmlakı əvəzinə pul kompensasiyasından ibarətdir.

13. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığından, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 2-ci tağımının 3-cü manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X6 barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmişdir.

14. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-38/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X2 Nazirliyinin İ Ordu Birləşməsinin tərkibində olan Tərtər rayonunun ərazisində yerləşən 057 nömrəli əlahiddə kəşfiyyat taborunun xüsusi təyinatlı kəşfiyyat bölüyünün kəşfiyyat qrupunun komandiri vəzifəsində leytenant hərbi rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vəzifəli şəxs olaraq, vəzifədə xidmət edərkən İ Ordu Birləşməsinin tabeliyində olmuş hərbi hissələrdə düşmənlə əməkdaşlıq etmələrinə şübhə olan hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etməklə özlərini yuxarı komandanlıq qarşısında qarşıya qoyulan tapşırıqları bacarıqla yerinə yetirən və vəzifələrinin öhdəsindən layiqincə gələ bilən zabit və vəzifəli şəxs kimi göstərmək, həmçinin cinayət törətmiş şəxsləri ifşa etmək və etirafa gətirmək bacarığına malik olmaqla, dövlətin təhlükəsizliyi əleyhinə törədilmiş ağır və xüsusilə ağır cinayət hadisələrinin açılmasında, yəni cinayət törətmiş şəxslərin müəyyən edilməsində xüsusi xidmətlərinin olması görüntüsünü yaratmaq və buna görə nüfuz qazanmaq, gələcəkdə vəzifədə irəli çəkilmək və mükafatlandırılmağa nail olmaq məqsədi ilə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq X20, X16, X25 və digərləri ilə mütəşəkkil dəstədə birləşib Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət” Nizamnaməsinin tələblərinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində qrup (taqım) komandiri kimi qrupun şəxsi heyəti ilə döyüş və ictimai-siyasi hazırlıq məşğələləri keçirmək, manqa komandirlərinin (komanda çavuşlarının) əsgərlərə (matroslara) düzgün təlim vermələrini və döyüş tapşırıqları yerinə yetirilərkən, qrupa bacarıqla komanda vermələrini yoxlamaq, qrupun döyüş və ictimai-siyasi hazırlığının uçotunu aparmaq, Silahlı Qüvvələrin döyüşçüsü kimi öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, Azərbaycan dövlətinin işinə, mənafeyinə uyğun sayıq, namuslu və sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvələrini əsirgəməmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək, hərbi nizamnamələrin tələblərini möhkəm bilmək və vicdanla yerinə yetirmək, nalayiq hərəkətlər etməmək və yoldaşlarını belə hərəkətlərdən çəkindirmək kimi funksiyaları və digər bu kimi vəzifələri, həmçinin dəstə üzvləri tərəfindən müəyyən edilmiş vəzifə bölgüsünə əsasən ona həvalə edilmiş qeyd edilən hərbi hissənin köhnə qərargah binasında dövlətə xəyanət faktları üzrə ilkin təhqiqat apararaq təşkilati sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla mütəşəkkil dəstənin cinayətkar niyyətinə əsasən İ Ordu Birləşməsinin tabeliyində olan hərbi hissələrdə düşmənlə əməkdaşlıq etməkdə şübhəli hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etmək məqsədilə əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər və Ağdam rayonları ərazisində yerləşən bölmələrinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2014 cü il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, xx.xx.2014-cü il tarixli, 72 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı şifahi formada ona həvalə olunmuş, prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün qeyd edilən halların qanunvericilikdə nəzərdə tutulmayan qaydada və üsullarla araşdırılması məqsədilə mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında ona verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 01 may 2017-ci il tarixdə axşam saatlarında dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək 2-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, həmin hərbi hissənin 2-ci tabor, 4-cü bölük, 2-ci tağım, 3-cü manqasının komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X13 barəsində dövlətə xəyanət şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq X16, X25, X20 və digər dəstə üzvləri ilə birlikdə Elxan Ağazadənin əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada tam lüt soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə həmin gün Elxan Ağazadədən düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə qərargah binasının birinci və ikinci mərtəbəsində olan otaqlarında, dəhlizdə əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağlayıb sərbəst hərəkət etməsini məhdudlaşdıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, habelə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, onu üzü üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutub, başını otaqda olan çəlləkdəki suyun içinə salıb bir neçə saniyə saxlamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan verməmiş yenidən həmin proses eyni qaydada bir neçə dəfə davam etdirilmiş, habelə onun arxası üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub, əski parçasını onun ağzının üstünə qoyaraq əskinin üstündən ağzına su tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən əskini götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesin eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlamış, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb, elektrik cərəyanı verilməsindən ötrü mühəndis istehkam fəaliyyətlərində istifadə olunan KPM-1 adlı qurğunun naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə, bədəninə bir neçə dəfə elektrik cərəyanı vermiş, bir neçə dəfə arxa keçəcək nahiyyəsinə yad cism yeridib çıxartmış, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırmaqla ac, susuz saxladıqdan sonra Elxan Ağazadə fiziki və psixi ağrılara dözməyərək düşmənlə əməkdaşlıq etməsini təsdiq etsə də, qanunsuz əməllərini davam etdirərək mütəşəkkil dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü xx.xx.2017-ci il tarixə kimi eyni qaydada ona qarşı qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi silah tətbiq olunmaqla onun hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə Elxan Ağazadəni xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək isə Müdafiə Nazirliyinin Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən 056 nömrəli hospitalında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 1 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada fiziki zor tətbiq edərək güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə mütəşəkkil dəstə tərkibində təkrarən sağlamlığa ağır zərər vurmaqla işgəncə verərək 10 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyadan istifadə etməklə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni Elxan Ağazadənin və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” Cinayət Məcəlləsinin 274 cü (dövlətə xəyanət) və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi kimi ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, sonuncuya zəruri tibbi yardım göstərilməsini, habelə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etməmiş, ona mütəşəkkil dəstə tərkibində qəsdən həyat və sağlamlığı üçün təhlükəli olan və ağır zərər vurma hesab olunan “baş beynin ağır dərəcəli əziyi, apanevrozaltı, subaraxnoidal, subdural və hər iki gözətrafı əhatə edən hematoma ilə müşayiət olunan ağır qapalı kəllə-beyin travması, alt dodaq, hər iki çiyin qurşağı, döş qəfəsinin ön səthi, hər iki bud, baldır, çanaq nahiyəsinin sol yan səthi, sağ kürək, hər iki sağrı, bel nahiyəsində solda, sol mil-bilək, hər iki ayaq pəncəsində qançır və əzilmiş yara” xəsarətlərini yetirməsi nəticəsində Elxan Ağazadə baş beynin ağır dərəcəli əziyi və qişalarına qansızma səbəbindən 10 may 2017-ci il tarixdə işgəncələrə məruz qaldığı və qanunsuz saxlanıldığı ünvan 1 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında ehtiyatsızlıqdan ölmüşdür.

15. İş materiallarına, həmçinin, X11 məxsus əmək haqqı kartı üzrə hesabdan çıxarış əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı övladı X4 Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi qulluqçu (2-ci taborun 4-cü bölüyünün 2-ci tağımının 3-cü manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş) olaraq xidmət edərkən Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxsi tərəfindən işgəncə verilərək öldürülmüşdür. Bu fakt nazirliyin vəzifəli şəxsləri barəsində aparılmış cinayət işi üzrə qəbul edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə öz təsdiqini tapmışdır.

17. X6 ölümündən sonra atası (iddiaçı) və anası onun vərəsələri kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almış, habelə yuxarıda qeyd olunan cinayət işi üzrə istintaq və məhkəmə zamanı iddiaçı zərərçəkmişin hüquqi varisi qismində tanınmışdır.

18. Beləliklə, X6 məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələr verilməklə öldürülməsinin qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilməsi hazırki iş üçün məcburi əhəmiyyət daşıyan (preyudisial), iddiaçının sübut etməkdən azad olduğu, mübahisəsiz haldır.

19. Hazırda iddiaçı oğlunun Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələr verilməklə öldürülməsi nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu bildirərək, öldürüldüyü gündən keçən 85 ay ərzində aylıq 850 manat əmək haqqından və ona əlavələrdən məhrum olduğuna, vəzifədə yüksəliş, maaş artımı və həmin pul məbləğlərindən istifadə edərək gəlir əldə edə biləcəkləri halda, məhrum olduqları əldən çıxmış faydaya görə cəmi 604.922 manat, oğlunun ölümündən sonra götürdüyü borclara görə 10.000 manat, özünün müalicəsinə görə 10.000 manat və çoxsaylı məhkəmə proseslərində iştirak etmək üçün çəkdiyi xərclərə görə 15.000 manat olmaqla, cəmi 639.922 manat maddi ziyanın əvəzinin indeksasiya olunmaqla və 5.000.000 manat mənəvi ziyanın cavabdeh vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini, habelə oğlunun sağlığında aldığı maaşın ömürlük olaraq ona pensiya kimi verilməsi; cavabdeh isə iddiaçıya onun təqsiri ucbatından ziyan dəyməsinin sübuta yetirilməməsi və əsl cavabdeh olmaması səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər.

c) Məhkəmənin mövqeyi:

20. Məhkəmə iddiaçının oğlunun Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalaraq öldürülməsi nəticəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

21. Məhkəmə iddiaçı tərəfin izahatlarını və cavabdehin etirazını mülki işin materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddia tələbi “maddi ziyanın indeksasiya olunmaqla ödənilməsi” hissəsində təmin edilməməli, “mənəvi ziyan” hissəsində isə qismən təmin edilməlidir.

22. Belə ki, iddia tələbinin “340.000 manat məbləğində maddi ziyanın indeksasiya edilməklə ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. İddiaçı oğlunun 85 ay ərzində orada işləməyə davam edəcəyini, vəzifəsinin və maaşının artacağını, aldığı maaşla investisiya edərək, daha çox pul qazanacağını bildirsə də, bunlar sadəcə ehtimallardan ibarət olmuşdur. Bununla yanaşı, iddiaçı səhhəti ilə bağlı tələb olunan, məhkəməyə gediş-gəlişlə bağlı çəkdiyini iddia etdiyi xərclərə və məhz bu məsələ ilə əlaqədar borca düşməsinə dair heç bir mötəbər sübutu məhkəməyə verməmiş, iddia ərizəsində yazdığı dəlillər isə ona iddia etdiyi məbləğdə zərər dəyməsinin və bu zərərin məhz baş verən hadisənin nəticəsi olduğunun, yəni zərərlə əməl arasında səbəbli əlaqənin olmasının təsdiqi kimi qiymətləndirilmir. Maddi zərər tələblərində mötəbər sübutların iddiaçı tərəfindən təqdim edilməməsi məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın indeksasiya edilməklə ödənilməsi hissəsində təmin edilməməlidir.

23. İddia tələbinin “5.000.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının oğlunun Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalmaqla öldürülməsi iddiaçıda narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, ailələrinin cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000.000 manat məbləğində kompensasiyanın ödənilməsi tələbinin tam formada təmin edilməsi mümkün deyildir. Belə ki, məhkəmə qeyd edir ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır. Beləliklə, göstərilən bütün diqqətəlayiq halları (zərərçəkənlərin çoxluğu, təqsirin növünün ehtiyatsızlıqdan olmasının müəyyən edilməsi, zərərçəkənin şəxsiyyəti, peşəsi və digər) nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 50.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində pul İddiaçının xeyrinə ödənilməlidir.

24. İddia tələbinin “oğlunun sağlığında aldığı maaşın ömürlük olaraq ona verilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, Maliyyə Nazirliyi bu tələb üzrə əsl cavabdeh ola bilməz. İddiaçı bu tələblə əvvəlcə mərhum oğlunun işlədiyi aidiyyəti quruma müraciət edə, həmin qurum onun müraciətinə müsbət cavab vermədiyi təqdirdə isə məsələni aidiyyəti inzibati məhkəmədə mübahisələndirə bilər. Qeyd olunan məsələ inzibati orqanla vətəndaş arasında olan mübahisə olduğundan əlavə cavabdehin cəlb edilməsinin iddiaçıya təklif edilməsi məhkəmə tərəfindən məqsədə müvafiq hesab olunmamışdır.

25. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.

26. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərər görə kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir.

27. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyektin isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir.

28. Bundan başqa, cavabdehin “iddiaçının mənəvi zərərə məruz qalmasını heç bir mötəbər sübutla təsdiqləməməsinə dair” dəlilini məhkəmə əsassız hesab edir. Belə ki, mübahisəsiz haldır ki, oğlunun dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalması iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. İddiaçının mənəvi ziyan çəkməsinin mülahizə olması fikri isə heç bir məntiqə sığmır və onun inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər çəkməsi, bir sözlə mənəvi sarsıntılar keçirməsi işin mübahisəsiz hallarından hesab olunur.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

29. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

30. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

32. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

33. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

34. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.

35. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

36. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X17rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

38. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 13-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat məbləğində pul İddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Nəticə:

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar