Məhkəmə qərarları › İş №e-2(007)-100/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-100/2025

05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-100/2025 05.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (rabitə kabelinin mühafizə zolağındakı tikilinin sökülməsi; mühafizə zonası) X8 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndələri Nümayəndə3 və Nümayəndə2, Cavabdehin vəkil-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh qarşı “rabitə kabelinin mühafizə zolağındakı tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “rabitə kabelinin mühafizə zolağındakı tikilinin sökülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125E ünvanda "xxxx" MMC-yə məxsus kabel kanalizasiya (telekommunikasiya) qurğuları üzərində və mühafizə zonasında inşa edilmiş qeyri-yaşayış sahəsinin cavabdehin hesabına sökülərək rabitə kabellərinin mühafizə zonasının təmin edilməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125E ünvanda onun xüsusi mülkiyyətində olan sahədə “Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus və 1982-ci il tarixdən Cəmiyyətin balansında olan magistral kabel kanalizasiya (telekommunikasiya) qurğuları üzərində və mühafizə zonasında qanunsuz olaraq qeyri-yaşayış binası inşa edilmişdir. “BTR" MMC ilə yanaşı Xüsusi Rabitə və X1 Xidmətinin, Prezidentin Təhlükəsizlik Xidmətinin və digər dövlət qurumlarının bir neçə kabel (telekommunikasiya) xətləri də həmin tikilinin altında qalmışdır. Qeyd edilən fakt Nizami rayon İcra Hakimiyyətinin 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi Nümayəndəliyinin, Prezidentin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin və “Bakı Telefon Rabitəsi" MMCnin 3 saylı Rabitə Xidmətləri Mərkəzinin əməkdaşlarının və Cavabdeh özünün iştirakı ilə tərtib edilmiş akt, çəkilmiş fotoşəkillərlə bir daha təsdiq olunur. Kabel kanalizasiya (telekommunikasiya) qurğularının üzərində və mühafizə zonasında qanunsuz tikilmiş qeyri-yaşayış binasının sökülməsi Cavabdeh təklif edilmiş, lakin cavabdeh tərəfindən bununla bağlı hər-hansı tədbir görülməmişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 saylı qərarı ilə təsdiq olunmuş Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydalarının 2.1.1, 4.1, 5.1 və 5.9-cu bəndlərinin tələblərini pozaraq "xxxx" MMC-nin həmin əraziyə 24 saat ərzində maneəsiz daxil olmaq və təmir işlərini aparmalarını məhdudlaşdırmışdır. Həmin qaydaların 6.1-ci bəndinə görə hüquqi və fiziki şəxslər tərəfindən bu Qaydalar pozulduqda, oniar Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında nəzərdə tutulan məsuliyyət daşıyırlar. “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 2.1.1-ci bəndinə görə yeraltı kabel və məftilli hava xətləri üçün yan naqillərə və kabellərə paralel olaraq hər iki tərəfə 2 metr məsafədə torpaq sahəsi (fəza nəzərə alınmaqla) mühafizə zonaları müəyyən edilmişdir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonalarında aidiyyəti dövlət orqanlarının və telekommunikasiya operatorlarının razılığı və iştirakı olmadan tikinti, quraşdırma, rekonstruksiya və partlayış işlərinin aparılması qadağandır. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən Telekommunikasiya operatorlarının texniki işçiləri həmin operatorlara məxsus telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonalarına 24 saat ərzində maneəsiz daxil olmaq və təmir işləri aparmaq hüququna malikdirlər. Həmin Qaydaların 5.9-cu bəndinə əsasən obyekt, bina və digər tikinti layihələrində, layihələndirilən ərazidə mövcud olan telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının keçdiyi yer göstərilməli və tikinti layihəsi digər aidiyyəti dövlət orqanları ilə yanaşı telekommunikasiya sahəsi üzrə səlahiyyətli dövlət orqanı ilə də razılaşdırılmalıdır. Telekommunikasiya haqqında “Azərbaycan Respublikasının qanununun 35.1-ci maddəsinə görə Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizəsinə dövlət tərəfindən hüquqi təminat verilir. Telekommunikasiya şəbəkələrinə, vasitələri və qurğularına qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası və zolaqları ayrılır. Həmin qanunun 35.2-ci maddəsinə əsasən layihə və tikinti ilə məşğul olan hüquqi və fiziki şəxslər binaların, tikililərin, şəbəkələrin, qurğuların tikintisi, təmiri, yenidən qurulması və bərpası zamanı tikinti sahələrində mövcud olan telekommunikasiya şəbəkələrini, vasitələrini və qurğularını mühafizə etməlidirlər. “Bakı Telefon Rabitəsi" MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən cavadeh Cavabdeh telekommunikasiya qurğuları üzərində və mühafizə zonasında inşa edilmiş qeyri-yaşayış sahəsinin sökülməsi barədə xx.xx.2024cü il tarixli məktubla müraciət olunsa da, bu günə qədər cavabdeh tərəfindən tikili sökülməmiş və rabitə kabellərinin mühafizə zonası təmin edilməmişdir. Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar: Cavabdehin vəkili və nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125E ünvanda "xxxx" MMC-yə məxsus kabel kanalizasiya (telekommunikasiya) qurğuları üzərində və mühafizə sonasında inşa edilmiş qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh hesabına sökülərək rabitə kabellərin mühafizə zonasının təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi qanunsuzdur və iddiaçının buna subyektiv hüququ yoxdur. Mülkiyyətində olan torpaq sahəsində yüngül konstruksiyalı qeyri-yaşayış sahəsi tikilmişdir. Müvafiq qaydada tikiliyə və 0.03 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyat alınmış xx.xx.2017-ci il tarixli,Seriya RX ******* nömrəli çıxarış və faktiki 0.00574 ha sahəsi olan obyektlə bağlı texniki pasport ilə rəsmiləşdirilmişdir. Həmin sənədlər etiraza əlavə edilmişdir. Mülkiyyyət hüquqları qanunla qorunur və onun müdafiə olunmasına dövlət təminatı verilır. Lakin iddiaçı heç bir əsas göstərmədən, yəni hansı təmir işlərinin aparıldığını, həmin ərazidən kommunikasiya xətlərinin keçməsinin sübut edəcək layihə sertifikatlaşdırma sənədlərinin iddia ərizəsinə əlavə etməmiş yanlış formal mülahizələrə əsaslanaraq mülkiyyətinə qəsd edilir. Belə ki, Azərbycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli, 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın tələblərinin pozulduğunu əsas gətirərək 24 saat ərzində əraziyə daxil olmaq və təmir işlərinin aparılması guya tərəfindən məhdudlaşdırlmışdır. Hansı təmir işlərinin aparıldığı və tərəfindən cavabdehə hansı məhdudiyyətlərin qoyulması barədə heç bir faktlar, sübutlar göstərilməmişdir. Bu barədə hər hansı rəsmi qaydada bildiriş göndərilməmişdir. Əksinə buna heç bir hüquqi olmadan dövlət reyestindən qeydiyyatdan keçmiş mülkiyyətində olan qeyri-yaşayış obyekinin sökülməsi barədə, buna subyektiv hüququ olmadan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. İddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığından və tərəfindən həmin hüququn pozulması faktları, sübutları məhkəməyə təqdim edilməmişdir. Subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan iddiaçı tərəfindən qaldırıldığından hesab edir ki, sübutlar araşdırılmadan rədd olunmalıdır. Azərbycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005- ci il tarixli, 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 2.11 -ci bəndinə əsasən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinin qarşısını almaq məqsədilə yeraltı kabel və məftilli hava xətləri üçün yan naqillərə və kabellərə paralel olaraq hər iki tərəfə 2 metr məsafədə torpaq sahəsi (fəza nəzərə alınmaqla) mühafizə zonaları müəyyən edilir. Mühafizə zonasının hüdudlarının hardan keçməsi və ətrafda yerləşən digər obyekt və yaşayış binalarının altında olan həmin xətlərin mühafizəsə zonalarının necə müəyyən edilməsinin əsaslandırlmasını göstərilməmişdir. Qaydaların 4.1-ci bəndinə əsasən telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarında aidiyyəti dövlət orqanlarının və telekommunikasiya operatorlarının razılığı və iştirakı olmadan aşağıdakı işlərin görülməsi qadağandır: Qeyd edir ki, mülkiyyətində olan torpaq sahəsi üzərində sərbəst şəkildə istifadə etmək, sahiblik hüququmu həyata keçirmək və sərəncam vermək hüququ vardır. Bu hüquqların hər hansı formada məhdudlaşdırılması qadağandır. Bu hüquqların həyata keçiriməsi telekommunikasiya operatorlarının razılığı və iştirakı olmadan aparıla bilməməsi absurddur və mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, həmin kommunikasiya xətlərin həmin ərazidən keçdiyini göstərən tablo, işarə və ya izahlı lövhələr yoxdur. İddiaçı tərəf uzun müddətdir ki, mülkiyyətində və istifadəsində olan obyektin bu ərazilər üzərində olması barədə susqunluq nümayiş etdirməsinin, hazırda bu məsələyə niyə bu qədər önəm verməsinin səbəbləri aydın deyildir. Kabellərə paralel olaraq 2 metr məsafədə mühafizə zolagı həmin ərazidə digər qonşu tikililər tərəfindən də gözlənilmir. Qaydaların 5.9-cu bəndinə əsasən Obyekt, bina və digər tikinti layihələrində, layihələndirilən ərazidə mövcud olan telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının keçdiyi yer göstərilməli və tikinti layihəsinə dair digər aidiyyəti dövlət orqanları ilə yanaşı, telekommunikasiya sahəsi üzrə səlahiyyətli dövlət orqanının da rəyi alınmalıdır. Yüngül konstruksilayı qeyri-yaşayış sahəsi üçün belə tələblər qoyulmur və rəy tələb edilmir. Mülkiyyətimdə olan qeyri-yaşayış binasının Texniki Pasportun məlumatlarından görünür ki,qeyri-yaşayış binası yüngül konstruksiyalardan tikilməklə yardımçı və köməkçi sahələrdən ibarətdir, hündürlüyü 2.9 m, cəmi sahəsi isə 51 kv.m-dir, ətrafı açıq terraslardan ibarətdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.8.-ci maddəsinə əsasən təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 79.1.9.-cu maddəsinə əsasən bu məcəllənin 70.2.-ci maddəsinin tələblərinə əməl edilməklə yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 m və sahəsi 100 kv.m. olan yardımçı tikililərin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 70.2 və 70.2.4-cü maddələrinə əsasən tikintisinə icazə tələb olunmayan obyektlərin tikintisinə obyektlər arasında və ərazilərdə (sahələrdə) yerləşməsinə yol verilir. Həmin Məcəllənin 3.0.16.cı maddəsinə əsasən müvəqqəti tikili anlayışı belə verilmişdir: torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıbsökülən tikili; Qeyd edir ki, telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinə, normal iş rejiminə xələl gətirilməsinə səbəb olan əsaslı tikinti işləri ümumiyyətlə aparılmamışdır. Bunun əksini sübut edəcək faktları iddiaçı ortaya qoymamışdır. İddiaçı telekommunikasiya fəaliyyəti sahəsində lisenziyasını belə təqdim etməmişdir. Ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğuları qanunvericilikdə müəyyən olunmuş qaydada sertifikatlaşdırılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş uyğunluq sertifikatı olmayan telekommunikasiya vasitələrinin və qurğularının ümum istifadəli telekommunikasiya şəbəkələrində istismarına yol verilmir. Telekommunikasiya vasitələrinin və qurğularının zəruri texniki sınağının aparılması, texniki və təhlükəsizlik göstəriciləri üzrə rəy verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İddiaçı tərəf yuxarıda qeyd edilən sertifikatlaşdırılma barədə müvafiq sənədləri təqdim etməmişdir. Hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olmamaqla yanaşı, mülkiyyəti üzərində mülkiyyət toxunulmazlığına yönəlmiş iddia ilə müraciət etmişdir. İddiaçı öz növbəsində mülkiyyət hüquqlarının məhdudlaşdırılmadan başqa tədbirlərin görülməsinin qəti mümkün olmamasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, hazırkı vəziyyətin həlli telekomminikasiya xətlərininin yerinin dəyişdirilməsi ilə də mümkün olar. Qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərini nəzərə alaraq iddia tələblərinin əsaslı hesab edilməsi üçün aşağıdakı hallar müəyyən edilməlidir: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olması, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olması. Göründüyü kimi göstərilən hallar mövcud deyildir. Mülkiyyətində olan 0.03 ha torpaq sahəsi 2003-cü il tarixdən dövlət qeydiyyatına alınmışdır. İddiaçı tərəfindən indiyədək 20 illik müddətdə tikiliyə və torpaq sahəsinə dair hər hansı bir tələb irəli sürülməmişdir. Yüngül konstruksiyalı tikili onun şəxsi mülkiyyətində olduğundan, özbaşına tikili sayıla bilməz, onun sökülməsi tələbi qoyula bilməz, ona görə də hazırkı iddia da qanuni və əsaslı sayıla bilməz. Torpaq sahəsi və üzərində olan tikili qanuni mülkiyyətində olduğundan, həmin torpaq sahəsindən də mülkiyyətçi olaraq öz istədiyi kimi istifadə etmək və sahib olmaq hüququ vardır. Göstərilənlərə əsasən, iddiaçının subyektiv hüquqa malik olmadığından iddia tələbi araşdırılmadan rədd edilməsi, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları: İş materiallarında olan və məhkəmə araşdırması zamanı təqdiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 125 E ünvanında yerləşən, “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” təyinatlı, ümumi sahəsi 51.1 kv.m olan qeyri-yaşayış binası (0.03 ha torpaq sahəsi) Cavabdeh tam pay hüququ ilə xüsusi mülkiyyətindədir və onun adına ********** nömrə ilə xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 125 E ünvanında, Cavabdeh məxsus xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə baxış keçirilərək, 1982-ci il tarixdən "xxxx" MMC-nin balansında olan magistral kabel-kanalizasiya (telekommunikasiya) qurğuları üzərində qeyri-qanuni tikili aşkar edilmiş və bu barədə akt tərtib edilərək, Nizami RİH-nin 3 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndənin müavini, Xüsusi Rabitə və X1 Xidmətinin zabit mütəxəssisi, 3 saylı rabitə xidmətləri mərkəzinin hüquq məsləhətçisi, 3 saylı rabitə xidmətləri mərkəzinin xətt qurğuları istismarı şöbəsinin EATS 374, 375, 376, 370-ci xətt mühəndisi, Prezident Təhlükəsizliyi Xidmətinin nümayəndəsi, "xxxx" MMC-nin XQİŞ-nin müdiri tərəfindən imzalanaraq təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, 3 saylı Rabitə Xidmətləri Mərkəzi rabitə vasitələri və qurğularının mühafizə qaydalarını pozan vətəndaş, fiziki və hüquqi şəxslərin cərimə edilməsi və.s ilə bağlı xəbərdarlıq məktubunu “Bahadur Məmmədov”a təqdim etmişdir. xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 125 E ünvanında yerləşən qyri-yaşayış binasını X2 aylıq 300 manat icarə haqqı olmaqla icarəyə vermişdir. xx.xx.2019-cu il tarixli, İN/L-38/2019 saylı lisenziyanın surətindən görünür ki, "xxxx" MMC-yə “tikintisinə icazə tələb olunana bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə” icazə verilmişdir. Tikilinin fotoşəkilləri, qeyri-yaşayış binasının texniki pasportu, "xxxx" MMC-nin nizamnaməsi, cədvəllər, protokol və akt olan 08 ədəd qovluq, məhkəmənin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 şəxsindən əldə edilmiş mübahisə predmeti olan ünvana dair sənədlər, məhkəmə qərarları iş materiallarına əlavə edilmişdir. Məhkəmənin qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5242 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 125E ünvanında inşa edilmiş ölçüsü 4.45m x 9.32m olan tikilinin bir hissəsinin, ölçüsü 3.16m x 6.48m olan və ölçüsü 3.15m x 7.45 m olan tikililərin “Bakı Telefon Rabitəsi" MMC-yə məxsus müxtəlif ölçüdə yeraltı rabitə kabellərin üzərində inşa edildiyini eləcə də, ölçüsü 4.45m x 9.32m olan tikilinin bir hissəsinin, ölçüsü 3.16m x 6.48m olan otaqda müxtəlif ölçülü kabellərdən divara qədər 1.8 metr, plastik pəncərə tərəfə isə 1.22 metr məsafənin olduğu, ölçüsü 3.15m x 7.45m otaqda müxtəlif ölçülü kabellərdən divara qədər 1.4 metr olduğunu nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr 227 saylı qərarı ilə təsdiq edilmiş Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularının mühafizə Qaydalarının 2.1.1 bəndinə əsasən, yeraltı kabel və məftilli hava xətləri üçün yan naqillərə və kabellərə paralel olaraq hər iki tərəfə 2 metr məsafədə torpaq sahəsinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli yerli baxış protokolundan görünür ki, mübahisə predmeti olan ünvanda yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan obyektin girişindən solda yüngül konstruksiyalı tikilinin altından rabitə xəttləri keçir. Sağ tərəfdə yardımçı sahədə (bufet) bir dədə rabitə quyusu, mətbəxdə 01 ədəd rabitə quyusu yerləşmişdir İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ekspertiza rəyi mövcuddur və məhkəmə tərəfindən yerində baxış keçirilmişdir. Qeyri-yaşayış sahəsi mühafizə zolağında yerləşdiyindən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Torpaq sahəsi məhkəmənin qərarı əsasında , Cavabdeh keçmişdir, tikintini dayandırma, söküntü işləri FHN-nin sərəncamındadır. Bu barədə prezidentin fərmanı var. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmışdır, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 4-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir; 22-ci maddəsinin 2-ci bəndinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır; 62-ci maddəsinə əsasən, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu: 35.1. Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizəsinə dövlət tərəfindən hüquqi təminat verilir. Telekommunikasiya şəbəkələrinə, vasitələri və qurğularına qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası və zolaqları ayrılır. 35.2. Layihə və tikinti ilə məşğul olan hüquqi və fiziki şəxslər binaların, tikililərin, şəbəkələrin, qurğuların tikintisi, təmiri, yenidən qurulması və bərpası zamanı tikinti sahələrində mövcud olan telekommunikasiya şəbəkələrini, vasitələrini və qurğularını mühafizə etməlidirlər. 46.2. Torpaq sahələrinin ayrılması, mühafizə zona və zolaqlarının müəyyənləşdirilməsi qaydaları, onlardan istifadə müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. 46.3. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zolaqlarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları: 4.1. Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarında aidiyyəti dövlət orqanlarının və telekommunikasiya operatorlarının razılığı və iştirakı olmadan aşağıdakı işlərin görülməsi qadağandır: 4.1.1. tikinti, quraşdırma, rekonstruksiya və partlayış işlərinin aparılması; 4.1.2. 0,3 metr dərinlikdə qazma işlərinin aparılması; Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxsləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 125E ünvanında inşa edilmiş ölçüsü 4.45m x 9.32m olan tikilinin bir hissəsinin, ölçüsü 3.16m x 6.48m olan və ölçüsü 3.15m x 7.45 m olan tikililərin "xxxx" MMC-yə məxsus müxtəlif ölçüdə yeraltı rabitə kabellərin üzərində inşa edildiyini eləcə də, ölçüsü 4.45m x 9.32m olan tikilinin bir hissəsinin, ölçüsü 3.16m x 6.48m olan otaqda müxtəlif ölçülü kabellərdən divara qədər 1.8 metr, plastik pəncərə tərəfə isə 1.22 metr məsafənin olduğu, ölçüsü 3.15m x 7.45m otaqda müxtəlif ölçülü kabellərdən divara qədər 1.4 metr olduğunu nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr 227 saylı qərarı ilə təsdiq edilmiş Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularının mühafizə Qaydalarının 2.1.1 bəndinə əsasən, yeraltı kabel və məftilli hava xətləri üçün yan naqillərə və kabellərə paralel olaraq hər iki tərəfə 2 metr məsafədə torpaq sahəsinin mühafizə zonasına düşmüşdür. Məhkəmə cavabdeh tərəfin etirazında göstərdiklərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsindən və müvafiq lisenziyadan görünür ki, iddiaçının "xxxx" MMC-yə məxsus müxtəlif ölçüdə yeraltı rabitə kabellərin mühafizə zonasını təmin etmək ilə bağlı hüquqları mövcuddur. Məhkəmə iddia tələbini əsaslı hesab edərək qeyd edir ki, mübahisə predmeti olan ünvana məhkəmə tərəfindən baxış keçirilərkən qeyri-yaşayış obyektinin içərisində 02 ədəd rabitə-kanalizasiya quyusu olduğu da müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, cavabdehin mülkiyyətində olan qeyriyaşayış obyektinin yerləşdiyi torpaq “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər” təyinatlı torpaqlara aiddir. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125E ünvanda "xxxx" MMC-yə məxsus kabel kanalizasiya qurğuları üzərində və mühafizə zonasında inşa edilmiş qeyri-yaşayış sahəsinin mühafizə zonasına düşən hissəsi cavabdehin hesabına sökülməlidir. Məhkəmə xərcləri: Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, həmçinin ekspertiza tədqiqinin dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti isə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125E ünvanda "xxxx" MMC-yə məxsus kabel kanalizasiya qurğuları üzərində və mühafizə zonasında inşa edilmiş qeyri-yaşayış sahəsinin mühafizə zonasına düşən hissəsi cavabdehin hesabına sökülsün. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat məbləğində pul iddiaçı "xxxx" MMC və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar