Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1232/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (nikahın pozulması) X3 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının vəkil-nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkil-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş əmlaka pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə, 1823 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və ünvan 1 ünvanında inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış binasının A blokunun, 6-cı mərtəbəsində yerləşən, 2 otaqlı, 118.78 kvm ümumi sahəsi olan 24 saylı mənzilin alınması üçün sərf edilən ümumi vəsaitin 3/5 hissəsi üzərində İddiaçı, 2/5 hissəsi üzərində isə Cavabdeh pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əşyalara payın müəyyən edilməsi” tələbinə qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə alınmış, Samsunq markalı paltaryuyan-1400 manat, yataq dəsti 8000 manat, soyuducu 2500 manat, qabyuyan 1000 manat, Samsunq markalı televizor 350 manat, mikder 350 manat, soba 1200 manat, qaz plitəsi 700 manat, aspirator 500 manat, toster 500 manat, lyustur 300 manat, tozsoran 300 manat, gecə lampası 2 ədəd 200 manat, pəncərələr üçün 2 ədəd pərdə 600 manat, mətbəx stolu və 4 ədəd stullar 400 manat. Cavabdeh İddiaçı mənzili tərk edib gedərkən yuxarıda göstərilən ev əşyalarını özü ilə aparmışdır. Göstərilənlərə əsasən birgə nikah dövründə əldə edilmiş, Samsunq markalı paltaryuyan, yataq dəsti, soyuducu, qabyuyan, Samsunq markalı televizor, mikser, soba, qaz plitəsi, aspirator, toster, lyustur, tozsoran, gecə lampası 2 ədəd, pəncərələr üçün 2 ədəd pərdə, mətbəx stolu və 4 ədəd stullar olmaqla, 18900(on səkkiz min doqquz yüz) manat məbləğində əmlakların ½ hissəsinə Cavabdeh, ½ hissəsinə İddiaçı payının müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən ilkin iddia üzrə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə ilkin iddia üzrə Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka pay hüququnun tanınması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əşyalara payın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiaları ayrıca icraata ayrılması və ayrılmış icraat məhkəmənin dəftərxanasında yeni nömrə altında qeydiyyata alınaraq, ayrıca icraatda baxılması, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə mülki işdə e-2(007)- 1232/2025 nömrəsinin saxlanılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə iş üzrə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Sözügedən nikah 4 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə, 1823 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahdan övladı yoxdur. Bir müddət ailə münasibətləri normal davam etsə də, son zamanlar cavabdehlə münasibətləri kəskin şəkildə pozulmuşdur və ailə münasibətləri faktiki olaraq mövcud deyildir. İddiaçı hesab edir ki, ailə münasibətlərinin faktiki olaraq yox olmasına səbəb cabavdehlə xasiyyətinin uyğunlaşmamasıdır və bunun nəticəsi olaraq ailəsində tez-tez mübahisələr yaranır. Artıq cavabdehlə birgə nikahda yaşamağı mümkün deyil və nikahları demək olar ki, formal xarakter daşıyır. Bununla bağlı iddiaçı 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsinə müraciət edərək nikahın pozulmasını tələb etsədə, cavabdeh tərəfin iştirak etməməsi səbəbilə nikah həmin orqanda ləğv dilməyib. Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cavabdehin qeydiyyat şöbəsinə müraciət etməməsi səbəbindən qeydiyyat orqanında ərizənin təmin edilməsi mümkün olmamışdır. Həmçinin, bununla bağlı mediasiya təşkilatına da müraciət edilməsinə baxmayaraq, hər hansı bir müsbət nəticə olmamışdır. İddiaçı tərəfindən 2024-cü il tarixdə nikahın pozulması ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilsədə, sonradan barışıq məqsədilə iddiaçı öz ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı hesab etmişdir ki, cavabdeh tərəf ailə münasibətlərinin qaydasına düşməsinə çalışar və ailəsi dağılmaz. Amma buna baxmayaraq cavabdeh tərəf ailənin dağılmaması üçün iddiaçının və iddiaçının ailəsinin (qardaşı və valideynlərinin) etdiyi bütün səylərə əhəmiyyət verməmişdir. Çünki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış binasının A blokunun, 6-cı mərtəbəsində 2 otaqlı , 118.78 kvm ümumi sahəsi olan 24 saylı mənzilin alınması üçün sərf edilən ümumi vəsaitin çox hissəsi (demək olar ki, ümumi pul vəsaitinin 3/5 hissəsi) iddiaçının özünün və qardaşının əvəzsiz olaraq ona bağışladığı pul vəsaitindən formalaşıb. İddiaçı tərəf və onun valideynləri (əsasən qardaşı) ailənin dağılmaması üçün maddi dəstəklərini hər zaman göstərmiş və əsas məqsədləri ailənin dağılmaması üçün tərəflərin mənzil və sosial təminatını qarşılamaq olub. Amma hazırkı halda, tərəflərin nikahının pozulması qaçılmazdır və iddiaçı hesab edir ki, 4 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə, 1823 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı və ünvan 1 ünvanında inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış binasının A blokunun, 6-cı mərtəbəsində yerləşən, 2 otaqlı, 118.78 kvm ümumi sahəsi olan 24 saylı mənzilin alınması üçün sərf edilən ümumi vəsaitin 3/5 hissəsi üzərində iddiaçının pay hüququ tanınmalıdır. İş materialları: AZ-İİ seriyalı 352523 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X1 ilə Cavabdeh xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1823 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əsgərova” soyadı verilmişdir. 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, əri Cavabdeh şöbəyə gəlmədiyindən, nikahın pozulması üçün məhkəməyə müraciət etməli olduğu İddiaçı izah edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi haqqında xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01106 saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsini müdafiə edib ərizənin məzmununa uyğun izahat verdi və nikahın pozulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi nikahın pozulmasına razı olduğunu bildirdi və nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 17.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onlarına razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər; 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir; 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyə edilmişdir. Həmçinin, Ailə Məcəlləsinin 36.9-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da, bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir. Lakin Ailə Məcəlləsinin ümumi hissəsinə ailə münasibətlərinə iddia müddətinin tətbiqini müəyyən edən 8-ci maddənin daxil edilməsi ilə iddia müddətinə dair bütün məsələlərin vahid mənbədən tənzim edilməsinə, yəni ictimai münasibətlərin tənzimlənməsinin sabitliyinə nail olunması qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. İşin faktiki halı: Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahdan yetkinlik yaşına çatmayan övladları yoxdur. Tərəflərin münasibətləri pozulmuşdur, bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar, onların nikahı formal xarakter daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. İddiaçı nikahın pozulmasında təkidli olduğundan və cavabdeh nikahın pozulmasın razı olduğundan tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulmuş uşaqları yoxdur, ona görə Ailə Məcəlləsinin 22.2.1-ci maddəsində nəzərdə tutulan məsələ ilə bağlı mübahisə yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə mülkiyyətində olan əmlakın bölgüsü ilə bağlı məhkəmənin icraatında ayrıca qaydada 2(007)-2075/2025 saylı mülki iş mövcuddur. Məhkəmə iclasında müəyyən edildi ki, hazırki halda tərəflər arasında Ailə Məcəlləsinin 22.2.4-cü maddəsində nəzərdə tutulanlarla bağlı mübahisə yoxdur. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 4 saylı Bakı Asan Xidmət mərkəzində qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1823 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı isə tələb etmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və xx.xx.2019-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1823 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-1232/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1232/2025
15.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver