Məhkəmə qərarları › İş №e-2(007)-1408/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1408/2024

05.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1408/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əşyaların, olmaqdıqda isə dəyərlərinin verilməsi və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əşyaların, olmaqdıqda isə dəyərlərinin verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 1 ədəd dəyəri 2000 (iki min) manat olan 120 kvadratmetrlik “E.C.A” markalı kombinin, Cavabdeh1 1 ədəd dəyəri 6000 (altı min) manat olan 1.3*2.4 metr ölçüdə Quba “Qımıl” əl xalçasının və 1 ədəd 21 qramlıq 750 əyarlı, dəyəri 2100 (iki min yüz) manat olan qızıl boyunbağının, olmadıqda isə onların dəyərinin və Cavabdeh1 8452 (səkkiz min dörd yüz əlli iki) manatın alınaraq ona verilməsinə dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehlər doğma bacıqardaşdırlar. Cavabdehlər atalarının ölümündən sonra onun mənzildə olmadığından istifadə edərək, oradan ona məxsus əşyaları icazəsi olmadan aparıblar. Həmin əşyalardan Cavabdeh2 apardığı 1 ədəd dəyəri 2000 manat 120 kvadratmetrlik “E.C.A” markalı kombidən və Cavabdeh1 apardığı 1 ədəd dəyəri 6000 manat 1.3*2.4 metr ölçüdə Quba “Qımıl” əl xalçasından ibarətdir. Bundan başqa, Cavabdeh1 daha əvvəl iddiaçının ailəsinə məxsus, onlara toylarında hədiyyə olunmuş 1 ədəd 750 əyarlı, çəkisi 21 qram, dəyəri 2100 manat olan qızıl boyunbağını analarına məxsus qızıllarla birgə gütürüb özü ilə aparıb. Onun tərəfindən Cavabdeh1 mirasdan pay əvəzi kimi digər vərəsələrlə bölüşmək üçün 20000 manat məbləğində pul verilib. Lakin sonradan məlum olub ki, cavabdeh həmin pulun hamısını özündə saxlayıb. Məhkəmə qətnaməsi ilə müəyyən edilib ki, onun verdiyi etibarnamə əsasında Cavabdeh1 Tağı qızı ona məxsus olan 20000 manat depozit pulu götürüb və ona çatmalı olan məcburi pay dəyəri həmin puldan çıxılıb. Bu səbəbdən də, həmin 20000 manatdan məcburi pay dəyəri olan 11548 manat çıxıldıqdan sonra qalan 8452 manat, digər əşyalarla cavabdehlərdən alınaraq ona verilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(011)-2082/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilib, iddiaçılar Cavabdeh1, X1, Cavabdeh2, X3 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin üzərində hər birinin 1/10 hissədə məcburi payı tanınıb, iddia tələbi qalan hissədə rədd edilib. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Apelyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2082/2022 saylı iş 12 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, miras qalmış əmlak - Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin dəyəri 123500 manat, 1 ədəd 4 qramlıq 750 əyarlı qızıldan olan qızıl üzüyün dəyəri 280 manat, 1 ədəd 583 əyarlı qızıl onluğun dəyəri 700 manat və Cavabdeh1 Tağı qızına verilmiş 5000 ABŞ dollarından sonuncuya qalmış 1000 manat məbləğində pul olmaqla, ümumi dəyəri 125480 manat müəyyən edilməsi, iddiaçıların hər birinin payı 1/10 hissədə olmaqla, iddiaçı X2 12548 manat, Cavabdeh2 700 manat dəyərində qızıl onluq qalması nəzərə alınmaqla 11848 manat, X4 280 manat dəyərində qızıl üzük qalması nəzərə alınmaqla 12268 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq onlara ödənilməsi, iddiaçı Cavabdeh1 aid hissədə iddia tələbinin təmin edilməməsi qət edilib. Həmin qətnamənin 80-86-cı abzaslarında qeyd edilib ki, “miras kütləsinə daxil olan 1000 manat pul Cavabdeh1 qalıb. Ona görə də, ona düşən məcburi payın tamamlanması üçün ödənilməli olan məbləğ 11548 (12548-1000) manat müəyyən edilməlidir (80). Bununla belə, müəyyən edilib ki, cavabdehin verdiyi etibarnamə əsasında Cavabdeh1 cavabdehə məxsus olan 20000 manat depozit pulu götürmüşdür (81). Belə ki, "xxxx" QSC tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilib ki, QSC-nin Həzi Aslanov filialında xx.xx.2021-ci il tarixində AZ51ACAB******************** saylı 20000 AZN məbləğində əmanət hesabı açılıb, xx.xx.2021-ci il tarixində qeyd olunan əmanət 7E12040 reyestr nörməli etibarnamə əsasında Cavabdeh1 tərəfindən bağlanıb. Hazırda onun adına heç bir əmanət hesabı mövcud deyildir (82). Cavabdeh göstərib ki, ataları öləndən sonra iddiaçı Cavabdeh1 etibarnamə verib ki, ona məxsus 20000 manat məbləğində əmanəti götürüb, mənzildən olan paylarının əvəzi olaraq digər iddiaçılarla bölüşsün. Lakin məlum olub ki, Cavabdeh1, nəinki götürdüyü puldan digər iddiaçılara verməyib, onlara hətta pulu götürməsi barədə məlumat da verməyib (83). İddiaçı Cavabdeh1 isə həmin pulun özünə məxsus olduğunu, xaricdə yaşadığı üçün cavabdehin adına depozitə qoyulduğunu bildirib (84). Kollegiya iddiaçının bu dəlilini əsaslı hesab etməyərək, qeyd edir ki, işin halları ilə bu hal təkzib edilir, belə ki, iddiaçının atası xx.xx.2021-ci il tarixdə ölmüş, qısa zaman sonra xx.xx.2021-ci il tarixdə iddiaçı Cavabdeh1 tərəfindən cavabdehə məxsus depozit hesabından 20000 manat məbləğində pul götürülüb. Sonuncu istinad etdiyi halları, yəni həmin pulun özünə məxsus olmasını sübut edə bilməyib, halbuki bunu sübut etmək yükü məhz onun üzərinə düşür. Odur ki, Kollegiya cavabdehin dəlillərini əsaslı hesab edir (85). Göründüyü kimi iddiaçı Cavabdeh1 çatası məcburi payın həcmi 12548 manat olub, o isə 20000 manat məbləğində cavabdehə məxsus depozit məbləğini götürdüyü üçün ona çatmalı olan məcburi pay dəyəri artıq ona verilib, yəni hazırda tamamlanmamış hissə qalmayıb”. Odur ki, ona münasibətdə iddia tələbi rədd edilməlidir (86). Odur ki, iddiaçı ona məxsus cavabdehlərdə olan əşyaların, onlar olmadıqda isə onların dəyərlərinin cavabdehlərdən iddiaçının xeyrinə tutulamısı istəyir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək, qeyd edib ki, iddiaçının irəli sürdüyü xalça, qızıl və.s əmlak tələbləri tərəflər arasında əvvəlki məhkəmə mübahisəsində müəyyən edilmiş miras əmlakın tərkibinə daxil edilmədiyindən həmin hissələrə ətraflı münasibət bildirilməsinə zərurət yoxdur. Belə ki, qanuni qüvvəsini almış olan Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi çıxarılan zaman, sədrlik edən hakim tərəfindən dəfələrlə həmin iş üzrə cavabdehə miras əmlaka daxil olan digər əmlaklar varmı? sualına xeyr cavabı verilib. Əgər həmin əmlaklar var idisə, onlar miras əmlaka daxil ola və qanun üzrə vərəsələrin payı müəyyən edilərək onlara çatası pay tamamlanardı. Həmin iş üzrə bu qeyd edilən əmlakların bildirilməməsi hazırki iş üzrə iddiaçının bu tələblərinin təmin olunması imkanından məhrum edir. Çünki miras əmlaka dair qanuni qüvvəsini almış bir qətnamə mövcuddur və həmin iş üzrə müəyyən edilmiş hallar təkrarən sübut edilmir. Hesab edirlər ki, hazırki qaldırılmış olan iddia iddiaçı tərəfindən vərəsələrə tanınmış olan məcburi payın tamamlanmasından boyun qaçırmaq üçün bir vasitədir. Eyni zamanda, əgər iddiaçının qeyd etdiyi kimi oğurluq hadisəsi mövcud idisə, bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilməli idi. Hazırki işdə isə bu cür müraciətin olması görünmür. İddiaçının depozit hesabından götürülmüş 20000 manatlıq tələbi ilə bağlı məhkəmənin diqqətinə bəzi məqamları çatdırmaq istəyirlər. İddiaçının elektron məhkəmə sisteminə əlavə etmiş olduğu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-503/2023 nömrəli qətnaməsinin 12-ci səhifəsində qeyd edilmişdir ki, "xxxx" QSC-nin Həzi Aslanov filialında xx.xx.2021-ci il tarixində AZ51ACAB******************** saylı 20000 AZN məbləğində əmanət hesabı açılıb, xx.xx.2021-ci il tarixində qeyd olunan əmanət 7E12040 reyestr nörməli etibarnamə əsasında Cavabdeh1 tərəfindən bağlanıb. Göründüyü kimi, əmanət hesabından 20000 manatlıq pul xx.xx.2021-ci il tarixdə götürülüb. Hərçənd, həmin mülki işdə Cavabdeh1 tərəfindən 20000 manat pulun özünə məxsus olduğu bildirilsə də, o hissədə sübutetmə mümkün olmayıb və həmin pul vəsaitinin Cavabdeh1 çatmalı olan məcburi payın miqdarından artıq olması səbəbi ilə ona hər hansı pul vəsaitinin ödənilməməsi qət edilib. Hazırda isə iddiaçının qaldırmış olduğu iddianın müddətin ötürülməsi ilə verilməsini ilahi ədalətin bir təcəssümü hesab etmək olar. Belə ki, hazırki iddia tələbinin 8452 manatlıq hissəsi ilə bağlı əsassız varlanmaya dair normalar nəzərə alınaraq, müddətin ötməsi səbəbindən iddia tələbi rədd edilməlidir. İddaçının qızıl, xalça və s. tələbləri ilə bağlı yuxarıda qeyd etdikləri kimi miras əmlakın həcmi müəyyənləşdirilərkən həmin əmlakların mövcudluğu ilə bağlı hər hansı fikir bildirmədiklərindən həmin hissədə də iddiası əsassız hesab olunmalı və iddia tələbləri tam olaraq rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçının iddia tələbləri əsassız olduğundan həmin tələblərin Cavabdeh1 münasibətdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının elektron məhkəmə sisteminə əlavə etmiş olduğu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 503/2023 nömrəli qətnaməsinin 12-ci səhifəsində qeyd edilib ki, "xxxx" QSC-nin Həzi Aslanov filialında xx.xx.2021-ci il tarixində AZ51ACAB******************** saylı 20000 AZN məbləğində əmanət hesabı açılıb, xx.xx.2021-ci il tarixində qeyd olunan əmanət 7E12040 reyestr nörməli etibarnamə əsasında Cavabdeh1 tərəfindən bağlanıb. Göründüyü kimi əmanət hesabından 20000 manatlıq pul xx.xx.2021-ci il tarixdə götürülüb. Hazırki iddia tələbinin 8452 manatlıq hissəsi ilə bağlı əsassız varlanmaya dair normalar nəzərə alınaraq, iddia müddətinin ötməsi səbəbindən iddia tələbi rədd edilməlidir. İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh1 depozit hesabından pulu çəkməsindən məlumatlı olub. Çünki onun tərəfindən cavabdehə verilmiş etibarnamədə birbaşa olaraq banklarda əməliyyat aparmaq səlahiyyəti verilib. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin çıxarmış olduğu qətnaməsinin 12-ci səhifəsində qeyd edilib ki, “cavabdeh göstərmişdir ki, ataları öləndən sonra iddiaçı Cavabdeh1 etibarnamə vermişdir ki, ona məxsus 20000 manat məbləğində əmanəti götürüb mənzildən olan paylarının əvəzi olaraq digər iddiaçılarla bölüşsün”. Yuxarıda qeyd etdikləri kimi iddiaçının depozit hesabından götürülmüş pul vəsaitindən onun məlumatı olub və baş verənlər onun razılığı ilə olub. Əlavə olaraq iddiaçı 20000 manatı həmin vaxt cavabdehin digər vərəsələrlə bölüşməsini bilməməsi nə qədər mümkünsüz olsa da, bunun belə olduğunu fərz etsələr belə, Cavabdeh1 və başqa vərəsələr tərəfindən ona qarşı Xətai Rayon Məhkəməsində qaldırılmış iddia vasitəsi ilə baş verənlərdən məlumatı olmuş və əsassız varlanma obyektini qaytarmaq üçün iddia irəli sürmək müddətini ötürüb . Belə ki, elektron məhkəmə sisteminə baxdıqda görünür ki, Bakı şəhəri, Xətai rayon Məhkəməsinə Cavabdeh1 və digər iddiaçıların cavabdeh-İddiaçı qarşı mirasda məcburi payın tamamlanması tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olub, xx.xx.2022-ci il tarixdə iddia ərizəsi icraat götürülüb və xx.xx.2022-ci il tarixdə isə tərəflərə SMS bildiriş göndərilib. İddiaçının hazırki iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxt isə xx.xx.2024-cü ildir. Göründüyü kimi iddiaçı ən gec 18 fevral 2022-ci il tarixdə baş verənlərdən məlumat tutmuş olsa da, əsassız varlanma obyektini qaytarmaq üçün nəzərdə tutulmuş 2 illik müddətini ötürdüyündən həmin hissədə iddia müddəti tətbiq edilərək iddiaçının bu tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçının irəli sürmüş olduğu 8452 manatlıq pulun geri qaytarılması tələbinin iddia müddətinin ötməsi səbəbindən rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qayınatası vəfat edəndə o, xalçanı tabuta qoymaq üçün verib. Həmin xalçanı cehiz gətirib, 33 illik xalçadır. O, xalçanın qayınatasının tabutunun götürüldüyü evdə qalmasını istəyib, lakin cavabdehlər xalçanı götürüb aparıblar. Bu ərəfədə cavabdehlər həmin evə gedibgəlirdilər, evin açarı da cavabdehlərdə idi. Cavabdehlər özləri xalçanı, kombini apardıqlarını, qızılları verəcəyi halda xalçanı, kombini qaytaracaqlarını bildirirlər. Toyda ona verilən qızılları qayınanasına saxlamaq üçün verib, qayınanası isə həmin qızılları cavabdəhə verib, cavabdeh də qızılları özü ilə aparıb. Evin çıxarışı da aparılıb, lakin çətinliklə də olsa çıxarışı qaytardılar. Xalça və qızıllar onundur. Xalçanı özü toxuyub, gəlin gələrkən gətirib. Xalça və kombi ünvan 1 ünvanında yerləşən 5 otaqlı evdən götürülüb. ünvan 1 ünvanında yerləşən ev əri Ələsgərov Rası̇ m Tağı oğluna atası tərəfindən bağışlanıb. Qayınatasının tabutu həmin evdən çıxarılıb. Cavabdehlər o evə gəlibgedirdilər, açar da onlarda idi. Mənzil ərinə bağışlanmamışdan öncə onlar orada yaşayıblar. Mübahisəli əşyalar qayınatası öləndən sonra götürülüb. Bakı Apellyasiya Məhkəməsində xalça, kombi barədə iddia qaldırmalı olduqları bildirilib. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 etirazın dəlillərinə uyğun izahat verərək, iddia tələbini qəbul etməyib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində qeyd edilən əşyalarla bağlı mirasda məcburi payın tamamlanması ilə bağlı tərəflər, digər qardaşı və himayədə olan İ dərəcə əlil Zərimə Ələsgərova adlı bacılarının mülki işləri olmuşdur. Həmin evi tərəflərin atası Tağı sağlığında etibarnamə əsasında iddiaçıya bağışlamışdır. Bakı Apellyasiya Məhkəməsində hakim tərəflərdən miras əmlakları soruşulub, ev qiymətləndirilib. Mirasda məcburi payın tamamlanması ilə bağlı Ramı̇ z Ələskərovun, Vahid Ələskərovun, İ dərəcə əlil Zərimə Ələsgərovanın qəyyumu Tonqol Çı̇ mnaz Tağı qızının bağışlanmış evdən Rası̇ m Ələsgərovdan 12000 manat pulun ödənilməsi ilə bağlı tələbləri var, həmin iş üzrə məhkəmə qətnaməsi icra mərhələsindədir. İddiaçının mülkiyyətində iki avtomobil var. O da dayanacağa qoyulacaq. İddiaçı həmin pulu əvəzləşdirmək üçün hazırki iddianı qaldırıb. Konstitusiya Məhkəməsi Plenumu MM-nin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. 8452 manata münasibətdə iddia müddəti keçib. xx.xx.2021-ci il tarixdə Cavabdeh1 depozit hesabından pulu çəkməsindən iddianın qaldırıldığı, yəni xx.xx.2024-cü ilədək iki illik müddət keçib. İddiaçı mübahisə predmeti olan əmlakların özünə məxsus olduğunu sübut etməlidir. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-503/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2082/2022 saylı iş 12 may 2022ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılması və iddia tələbinin qismən təmin edilməsi, miras qalmış əmlak - Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin dəyəri 123500 manat, 1 ədəd 4 qramlıq 750 əyarlı qızıldan olan qızıl üzüyün dəyəri 280 manat, 1 ədəd 583 əyarlı qızıl onluğun dəyəri 700 manat və Cavabdeh1 Tağı qızına verilmiş 5000 ABŞ dollarından sonuncuya qalmış 1000 manat məbləğində pul olmaqla, ümumi dəyəri 125480 manat müəyyən edilməsi, iddiaçıların hər birinin payı 1/10 hissədə olmaqla, iddiaçı X2 12548 manat, Cavabdeh2 700 manat dəyərində qızıl onluq qalması nəzərə alınmaqla 11848 manat, X4 280 manat dəyərində qızıl üzük qalması nəzərə alınmaqla 12268 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı oğlundan tutularaq onlara ödənilməsi, iddiaçı Cavabdeh1 aid hissədə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, aparılmış ekspertiza tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə xərcinin dəyəri olan 500 manatın 200 manatı cavabdehdən, 200 manat digər iddiaçılardan tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi, 100 manatı Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir. Məhkəmə iclasında işin faktiki əsaslarına əsasən müəyyən olundu ki, iddiaçı cavabdehlərə qarşı iddia qaldıraraq, Cavabdeh2 1 ədəd dəyəri 2000 (iki min) manat olan 120 kvadratmetrlik “E.C.A” markalı kombinin, Cavabdeh1 1 ədəd dəyəri 6000 (altı min) manat olan 1.3*2.4 metr ölçüdə Quba “Qımıl” əl xalçasının və 1 ədəd 21 qramlıq 750 əyarlı, dəyəri 2100 (iki min yüz) manat olan qızıl boyunbağının, olmadıqda isə onların dəyərinin və Cavabdeh1 8452 (səkkiz min dörd yüz əlli iki) manatın alınaraq ona verilməsinə xahiş etmişdir. Cavabdeh1 isə ondan tələb olunan 1.3*2.4 metr ölçüdə Quba “Qımıl” əl xalçasının və 1 ədəd 21 qramlıq 750 əyarlı, dəyəri 2100 (iki min yüz) manat olan qızıl boyunbağı ilə bağlı əvvəlki məhkəmə araşdırması zamanı heç bir tələbin olmadığını, iddiaçı tərəfin həmin əşyalarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdilmədiyini, həmçinin 8452 manat pulu verilməsi hissəsində iddia müddətinin ötürüldüyünü qeyd edərək, iddiaya ona aid hissədə etirazını bildirmişdir. Məhkəmə iddianın “Cavabdeh2 1 ədəd dəyəri 2000 (iki min) manat olan 120 kvadratmetrlik “E.C.A” markalı kombinin, olmadıqda isə onların dəyərinin alınıb iddiaçıya verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Hazırda iddiaçı həmin kombini ünvan 1 ünvanında yerləşən mənzilə gətirdiyini, lakin sonradan cavabdeh tərəfindən götürüldüyünü, komnin nə vaxt alındığını dəqiq xatırlamadığı qeyd etmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, iddiaçı mübahisələndirilən hissədə iddia tələbini sübut edə bilməmiş, həmin cihazın mövcudluğuna, nə vaxt, haradan, neçiyə alınmasına, cavabdehin sahibliyində olmasına dair məhkəməyə sübutlarını təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə təmin edilməməlidir. Məhkəmə iddianın “Cavabdeh1 1 ədəd dəyəri 6000 (altı min) manat olan 1.3*2.4 metr ölçüdə Quba “Qımıl” əl xalçasının və 1 ədəd 21 qramlıq 750 əyarlı, dəyəri 2100 (iki min yüz) manat olan qızıl boyunbağının, olmadıqda isə onların dəyərinin alınaraq ona verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, adıçəkilən əşyalar iddiaçıya deyil, iddiaçının arvadı Nümayəndə məxsus olmuşdur. Məhkəmə iddiaçıya əsl iddiaçı ilə əvəz edilməsi ilə bağlı təklif edilsə də, iddiaçı bununla razılaşmamışdır. Göstərilənlərə əsasən məhkəmə iddia ilə bağlı qeyd edir ki, ilk öncə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmaması məsələri araşdırılmalıdır. MPM-in: 54.1-ci maddəsinə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Göründüyü kimi, məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisələndirilən 1.3*2.4 metr ölçüdə Quba “Qımıl” əl xalçası və 1 ədəd 21 qramlıq 750 əyarlı, dəyəri 2100 (iki min yüz) manat olan qızıl boyunbağı iddiaçının arvadına məxsus əşyalar olmuş, iddiaçının arvadı Nümayəndə həmin əşyaların ona məxsus cehiz əmlakı olduğunu bildirmişdir. Nəticədə, məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblə cavabdehə qarşı iddia qaldırmaq hüququnun olmadığı müəyyən edilmiş və iddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Nəticə etibarı ilə iddiaçının “Cavabdeh1 1 ədəd dəyəri 6000 (altı min) manat olan 1.3*2.4 metr ölçüdə Quba “Qımıl” əl xalçasının və 1 ədəd 21 qramlıq 750 əyarlı, dəyəri 2100 (iki min yüz) manat olan qızıl boyunbağının, olmadıqda isə onların dəyərinin alınaraq ona verilməsi” bağlı hər hansı tələb hüququ yoxdur və o, göstərilən iddia tələbi ilə bağlı tərəf kimi çıxış edə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddianın “Cavabdeh1 8452 (səkkiz min dörd yüz əlli iki) manatın alınaraq ona verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh həmin hissədə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiqi barədə ərizəsində Cavabdeh1 xx.xx.2021-ci il tarixdə iddiaçının depozit hesabından pulu çəkdiyini və iddiaçının bundan məlumatlı olduğunu, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsində aparılan məhkəmə araşdırması zamanı onun pulun çıxırılmasından təkrar məlumat əldə etdiyini qeyd etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Belə ki, MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-503/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin 82-ci bəndinə əsasən qeyd edir ki, "xxxx" QSC tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, QSC-nin Həzi Aslanov filialında xx.xx.2021-ci il tarixində AZ51ACAB******************** saylı 20000 AZN məbləğində əmanət hesabı açmış, xx.xx.2021-ci il tarixində qeyd olunan əmanət 7E12040 reyestr nörməli etibarnamə əsasında Cavabdeh1 tərəfindən bağlanmışdır. Hazırda onun adına heç bir əmanət hesabı mövcud deyildir. Göründüyü kimi, iddiaçı məhz xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsində məhkəmə araşdırması davam edən zaman "xxxx" QSC-dən müvafiq məlumatı əldə edib. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən MM-in 1095-ci maddəsinə nəzərədə tutulan müddət ötürülməyib. Məhkəmə mübahisələndirilən hissədə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində bəzi hallar var ki, tərəflər həmin hallarda sübutetmə yükündən azaddır. Bu hallara faktın etirafı (Maddə 106.3), iddia tələbinin etirafı (Maddə 52.2, 191), hamıya bəlli olan hallar (Maddə 82.1), preyudisial qərarlarla müəyyən edilmiş hallar (maddə 82.3, 82.4) və s. aid etmək olar. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023 saylı 23.0.2023-cü i tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, miras kütləsinə daxil olan 1000 manat pul Cavabdeh1 qalmışdır. Ona görə də ona düşən məcburi payın tamamlanması üçün ödənilməli olan məbləğ 11548 (12548-1000) manat müəyyən edlməlidir. Bununla belə, müəyyən edilmişdir ki, cavabdehin verdiyi etibarnamə əsasında Cavabdeh1 cavabdehə məxsus olan 20000 manat depozit pulu götürmüşdür. Belə ki, "xxxx" QSC tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, QSC-nin Həzi Aslanov filialında xx.xx.2021-ci il tarixində AZ51ACAB******************** saylı 20000 AZN məbləğində əmanət hesabı açmış, xx.xx.2021-ci il tarixində qeyd olunan əmanət 7E12040 reyestr nörməli etibarnamə əsasında Cavabdeh1 tərəfindən bağlanmışdır. Hazırda onun adına heç bir əmanət hesabı mövcud deyildir. Cavabdeh göstərmişdir ki, ataları öləndən sonra iddiaçı Cavabdeh1 etibarnamə vermişdir ki, ona məxsus 20000 manat məbləğində əmanəti götürüb mənzildən olan paylarının əvəzi olaraq digər iddiaçılarla bölüşsün. Lakin məlum olmuşdur ki, Cavabdeh1, nəinki götürdüyü puldan digər iddiaçılara verməyib, onlara hətta pulu götürməsi barədə məlumat da verməmişdir. İddiaçı Cavabdeh1 isə həmin pulun özünə məxsus olduğunu, xaricdə yaşadığı üçün cavabdehin adına depozitə qoyulduğunu bildirmişdir. Kollegiya iddiaçının bu dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işin halları ilə bu hal təkzib edilir, belə ki, iddiaçının atası xx.xx.2021-ci il tarixdə ölmüş, qısa zaman sonra - xx.xx.2021-ci il tarixdə iddiaçı Cavabdeh1 tərəfindən cavabdehə məxsus depozit hesabından 20000 manat məbləğində pul götürülmüşdür. Sonuncu istinad etdiyi halları, yəni həmin pulun özünə məxsus olmasını sübut edə bilməmişdir, halbuki bunu sübut etmək yükü məhz onun üzərinə düşür. Odur ki, Kollegiya cavabdehin dəlillərini əsaslı hesab edir. Göründüyü kimi iddiaçı Cavabdeh1 çatası məcburi payın həcmi 12548 manat olmuş, o isə 20000 manat məbləğində cavabdehə məxsus depozit məbləğini götürdüyü üçün ona çatmalı olan məcburi pay dəyəri artıq ona verilmiş, yəni hazırda tamamlanmamış hissə qalmamışdır. Odur ki, ona münasibətdə iddia tələbi rədd edilməlidir (80-86-cı bəndləri). Göründüyü kimi, məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 düşən məcburi payın tamamlanması üçün ödənilməli olan məbləğ 11548 manat müəyyən edilmiş, lakin Cavabdeh1 tərəfindən İddiaçı məxsus depozit hesabından 20000 manat məbləğində pul götürüldüyündən ona aid hissədə iddia təmin edilməmişdir. Hazırda isə İddiaçı həmin puldan (20000 manatdan) qalan 8452 manatın Cavabdeh1 tərəfindən ona ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır; 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır; 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Belə ki, Cavabdeh1 tərəfindən İddiaçı məxsus depozit hesabından 20000 manat məbləğində pul götürüldüyündündən və qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023 saylı 23.0.2023-cü i tarixli qətnaməsi ilə Cavabdeh1na ödənilməli olan 11548 manat pulun həmin vəsait hesabına tamamlandığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı əsassız varlanma qaydaların uyğun olaraq pulu tələb etməkdə haqlı olduğundan, iddia həmin təmin edilməli və Cavabdeh1 8452 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 8452 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilən hissəsinə uyğun olaraq 104,52 manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 8452 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu Cavabdeh1 aid edilsin, 104,52 manat dövlət rüsumu ondan tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar