Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1477/2024 21.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (Açar sözlər: “mənzilin təhvil verilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh Mənzil Tikinti Kooperativinin vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasının İİİ blok, 15-ci mərtəbəsində ümumi sahəsi izolə olunmuş 2 (iki) otaqdan ibarət 91.4 kv.metr olan 149 №-li mənzilin məcburi qaydada Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməsi, vəkil-nümayəndəyə ödənilmiş 330 (üç yüz otuz) manat və 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh Mənzil Tikinti Kooperativindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında 09 yanvar 2009-cu il tarixində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqavilə bağlanmışdır. Müqavilənin əsas predmeti Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının İİİ blok, 15-ci mərtəbə, ümumi sahəsi 91.4 kv.metr olan 149 №-li mənzilə izolə olunmuş 2 (iki) otaqdan ibarət olub bir pay kimi verilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə mənzilin dəyəri bir kv.metr sahəsi üçün 500 AZN təyin edilmiş, cəmi 91.4 kv.m sahəsi üçün 73120 AZN təşkil edir. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasən mənzilin pay dəyəri tam ödənilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmişdir. Qeyd edilənlərə baxmayaraq cavabdeh bu günə qədər üzərinə götürdüyü binanı inşa edib başa çatdırsa da İddiaçı mənzillə təmin etməklə bağlı öhdəliyini icra etməmişdir. Dəfələrlə cavabdehə bu barədə müraciət etsələr də təəsüflər olsun ki, qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən nəinki yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir, hətta onun yerinə yetirilməsi və icra edilməsindən müxtəlif bəhanələr ilə boyun qaçırmışdır. 2009-cu ildən iddiaçı ailəsi ilə birlikdə kirayə mənzildə yaşamaq məcburiyyətində qalaraq mülkiyyətindən, eləcə də layiqli həyat səviyyəsindən məhrum olmuşdur. Bütün bunların hamısı iddiaçı və ailəsinin mənəvi sarsıntı keçirilməsi ilə nəticələnmişdir. Ona görə də hesab edir ki, cavabdeh müqavilənin şərtlərinə əməl etmədiyi üçün müqavilədə nəzərdə tutulmuş Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının İİİ blok, 15-ci mərtəbə, ümumi sahəsi 91.4 kv.metr olan 149 №-li mənzilə izolə olunmuş 2 (iki) otaqdan ibarət mənzil təhvil verməlidir. Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, mənzil çoxdan istismara təhvil verilib və hazırda başaqa adamlar yaşayr. Mənzilin iki adama satılması ilə bağlı 2018-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. İddiaçı neçə illərdi mənzilsiz qalıb, dəfələrlə özlərinə və aidiyyəti qurumlara müraciət edib. Cavabdeh MTK-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçı dəyərini tam ödədiyi mənzilində yaşaya bilmir, qeyd etdiklərinə əsasən məhkəmədən iddianın tam təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh Mənzil Tikinti Kooperativinin vəkili və nümayəndəsi X2 bildirdi ki, iddia tələbini qəbul etmir, əlavə olaraq bildirdi ki, iddiaçı iddiasının əsası kimi cavabdeh "Dərəçiçək” MTK arasında 09 yanvar 2009-cu il tarixində müqavilənin bağlanmasına istinad etmişdir. Əvvəla qeyd edir ki, cavabdeh təşkilat tərəfindən İddiaçı hər hansı bir mənzil satılmamışdır, cavabdeh təşkilat tərəfindən aparılmış araşdırma zamanı iddiaçıya mənzil satılması müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş müqavilədə cavabdeh təşkilatın möhürü olsa da imza Əhmədov S.R tərəffindən imzalanmamışdır. S.R Əhmədov keçmiş direktordur. Belə bir halda həmin müqavilə sübut qismində qəbul edilə bilməz. Şəxsin özü tərəfindən imzalanmamış əqd etibarsız əqddir. Bununla bağlı analoji işlər üzrə Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin Plenum Qərarları var. Bundan əlavə sözügedən müqavilə üzrə iddiaçının həqiqətən ödəniş edərək mənzil almasını təsdiq edən maliyyə arayışı, ödənişi əks etdirən qəbz və s. iddia ərizəsinə əlavə edilməmişdir. Ümumiyyətlə iddiaçı qeyd edilən mənzilin hansı şəraitdə almasını və mənzilin həqiqi sahibi olmasına dair ağılabatan hər hansı bir dəlillər irəli sürülməmişdir. Əksinə, iş materialları və iddia ərizəsinə əlavə edilmiş sənədlərlə qeyd edilən mənzilin iddiaçıya satılmadığı və cavabdeh təşkilatın nümayəndəsinin imzası ilə imzalanmadığı təqdim edilən müqavilənin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilir. Odur ki, İddiaçı mənzil tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh Mənzil Tikinti Kooperativinin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədiyini və İddiaçı mənzil tələbinə dair iddisının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, əvvəl Cavabdeh Mənzil Tikinti Kooperativinin direktoru işləmiş və möhür onda olub. Direktor vəzifəsində 2006-2018-ci illərdə işləmişdir. Sözügedən binanın inşası 2006-cı ildə başlayıb, 2013-cü ildə isə başa çatıb. İnşa olunan bina 16 mərtəbəli olub. Müqaviləyə vurulmuş möhür MTK-ya məxsus olsa da ad və soyadının qarşısında çəkilmiş imza ona məxsus deyil və İddiaçı adlı şəxsi tanımır, onunla müqavilə bağlamamışdır.
İş materialları:
7. Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 09 yanvar 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının İİİ blok, 15-ci mərtəbə, ümumi sahəsi 91.4 kv.metr olan 149 №-li mənzilə izolə olunmuş 2 (iki) otaqdan ibarət olub bir pay kimi verilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə mənzilin dəyəri bir kv.metr sahəsi üçün 500 manat təyin edilmiş, cəmi 91.4 kv.m sahəsi üçün 73120 manat təşkil edir. Müqaviləyə əsasən mənzilin pay dəyəri 73120 manat tam ödənilmişdir.
8. 07.03.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı bacısı X4 hüquqi yardım üçün 3 saylı Vəkil Bürosunun hesabına 330 manat ödəniş etmişdir.
İşin faktiki halları:
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 09 yanvar 2009-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının İİİ blok, 15-ci mərtəbə, ümumi sahəsi 91.4 kv.metr olan 149 №-li mənzilə izolə olunmuş 2 (iki) otaqdan ibarət olub bir pay kimi verilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə mənzilin dəyəri bir kv.metr sahəsi üçün 500 manat təyin edilmişdir, cəmi 91.4 kv.m sahəsi üçün 73120 manat təşkil edir. Müqavilədə mənzilin pay dəyəri olan 73120 manat tam ödənilməsi qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 09 yanvar 2009-cu il tarixli müqavilədə iddiaçının imzası olmadığı müəyyən edilmişdir və iddia tələbini əsaslı edəcək digər əlavə sənədlər maliyyə arayışı və.s sübutlar təqdim edilməmişdir.
Tətbiq edilməli hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 340-cı maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Qərarı:
Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarı:
Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 407.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 12 avqust 2020-ci il tarixli Qərarı:
Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir.
14. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
18. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 09 yanvar 2009-cu il tarixli müqavilənin əsli iddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilsə də həmin müqavilədə Cavabdeh Mənzil Tikinti Kooperativinin möhürü olsa da müqavilə İddiaçı tərəfindən imzalanmamışdır. Həmçinin məhkəmə iclasında ifadəsi alınmış şahid bildirmişdir ki, müqaviləyə vurulmuş möhür MTK-ya məxsus olsa da ad və soyadının qarşısında çəkilmiş imza ona məxsus deyil və İddiaçı adlı şəxsi tanımır, onunla müqavilə bağlamamışdır. Qanunvericiliyin tələbinə görə imza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Bundan əlavə məhkəmə qeyd edir ki, müqavilədə mənzilin dəyəri olan 73120 manat məbləğində pulun tam ödənildiyi qeyd edilsə də bununla bağlı maliyyə arayışı, ödənişi əks etdirən qəbz təqdim edilməmişdir. Odur ki, iddiaçının təqdim etdiyi 09 yanvar 2009-cu il tarixli müqavilə məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Qanunvericiliyin tələbinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməlidir. Göründüyü kimi iddiaçı qanunvericiliyin tələbinə əməl etməmiş və məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən sözügedən iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmə xərcləri:
20. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir.
22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova