Məhkəmə qərarları › İş №e-2(007)-1736/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1736/2025

25.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1736/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “hadisə yerindən yayınma, subroqasiya qaydasında pul tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən “Skoda Rapid” markalı, 77PN715 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1383.20 manat məbləğində sığorta ödənişi, 33.84 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, 77FZ360 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi “Skoda Rapid” markalı, 77PN715 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə “Skoda Rapid” markalı, 77PN715 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İş materiallarına əlavə olunmuş Skoda Autohouse MMC-nin “İcra edilmiş xidmətləri dair” aktın surətindən görünür ki, dəymiş zərərin məbləği 1383.20 (bir min üç yüz səksən üç manat iyirmi qəpik) manat məbləği müəyyən edilmişdir. Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən “Skoda Rapid” markalı, 77PN715 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı SŞ ASC-də könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Skoda Rapid” markalı,** PN *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə 1383.20 (bir min üçyüz səksən üç manat iyirmi qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İcbari Sığorta Bürosunun çıxarışından məlumdur ki, Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, 77FZ360 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi hadisə tarixində İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta növü üzrə sığortalanmışdır. İş materiallarından göründüyü kimi hadisənin hər iki tərəfin avtomobillərinin sığortası İddiaçı Sığorta Şirkəti ASC-də olmuşdur. (“Toyota Prius”, ** FZ ***-icbari sığorta, “Skoda Rapid”,** PN ***-könüllü sığorta). Zərərçəkən könüllü sığorta müqaviləsinə əsasən sığorta ödənişini almış, cavabdehin icbari sığortası öz öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh hadisə zamanı hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, ** FZ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmasına görə AR İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilindiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 1383.20 (bir min üç yüz səksən üç manat iyirmi qəpik) manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır.

İş materialları :

3. İcbarı Sığorta Müqavilələrinin mövcudluğunun yoxlanılmasına dair məlumatdan görünür ki, hadisənin baş verdiyi xx.xx.2023-cü il tarixində “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari avtoməsuliyyət sığortası müqaviləsi qüvvədə olmuşdur.

4. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********496 nömrəli sığorta şəhadətnaməsinə dair məlumatdan görünür ki, “Skoda Rapıd” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır.

5. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 127636 nömrəli “Sığorta Aktı”ndan görünür ki, xx.xx.2023-cü il tarixdə “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Skoda Rapıd” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sonuncuya 1383.20 manat məbləğində zərər dəymişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 1383.20 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə köçürülmə yolu ilə ödənilmişdir.

6. “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP6090962 nömrəli xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 18:45-də S.Vurğun küçəsində “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəqliyyat vasitəsinin sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə Cavabdeh tərəfindən AR İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

7. Azərbaycan Respublikası DİN Abşeron DYP-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixində saat 18:45 dəqiqədə Bakı şəhərində toqquşma növlü yol-nəqliyyat hadisəsi baş vermişdir. Yolnəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxslər barədə məlumatdan görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh, mülkiyyətçisi X4, avtonəqliyyat vasitəsinin markası-“Toyota Prius minik” markalı, dövlət qeydiyyat nişanı **-FZ-***-dır. Sürücü barədə başlanmış icraatın növü inzibati icraat və tarixi xx.xx.2023-cü ildir. Hadisə nəticəsində “Skoda Rapid minik” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hadisə zamanı “Skoda Rapid minik” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini mülkiyyətçisi "xxxx" MMC və idarə edən şəxs X3 olmuşdur.

8. X1 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:45 radələrində özünəməxsus “Skoda Rapid minik” markalı maşınla S.Vurğun heykəlinin yanında hərəkətdə olarkən işıqforda sol istiqamətə dönərkən arxadan “Toyota Prius minik” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vurmuşdur. O, ona saxlamağını bildirsə də, buna baxmayaraq o hadisə yerindən yayınmışdır. O da 102 xidmətinə zəng edərək bildirmiş və sığorta şirkətinin nümayəndəsinə maşının əzilmiş şəkillərini atmışdır.

9. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" LLC-yə 1383.20 manat məbləğində ödəniş edilmişdir.

10. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" LLC-yə 200 manat məbləğində ödəniş edilmişdir.

11. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq “Skoda Rapid minik” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görə 1383.20 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Odur ki, qeyd edilən zərər məbləğini 10 iş günü ərzində şirkətə ödəməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

12. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş sorğu məlumatlarından görünür ki, xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 48.82 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir.

Tərəflərin izahatları :

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər.

14. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini bildirərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

19. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun:

25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.

İşin faktiki halı :

20. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Toyota Prius minik” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır.

21. xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh etibarnamə əsasında idarə etdiyi X2 mülkiyyətində olan və Cavabdehnun qanuni əsaslarla (nəqliyat vasitəsini idarə etmək, bağışlamaq, sərəncam vermək hüququna dair etibarnamə üzrə) sahibliyində olan **-FZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius minik” markalı avtomobil ilə Bakı şəhərində yol hərəkəti qaydalarını pozmuş, nəticədə “Skoda Rapid” markalı, 77PN715 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur.

22. Hadisədən sonra “Toyota Prius minik” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş və o, həmin qərarla Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

23. Hadisə nəticəsində “Skoda Rapid” markalı, 77PN715 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı "xxxx" MMC tərəfindən qiymətləndirilərək 1383.20 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən "xxxx" LLC-yə ödənilmişdir.

Məhkəmənin mövqeyi :

24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

25. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC həmin normada sadalanan əsaslardan biri hazırki mülki işin faktiki halına uyğun gəldiyi üçün həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. Həmin əsas-avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ halıdır (maddə 63.1).

26. İş üzrə materiallardan və faktiki hallardan göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir və İddiaçı Sığorta Şirkəti ASC-nin subroqasiya qaydasında tələb hüququ yaranmışdır.

27. Məhəkəmə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir.

28. MM-nin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.

29. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır.

30. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh hüquqazidd hərəkətinin nəticəsi olması, hüquqazidd əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh təqsiri müəyyən edilmişdir.

31. Həmçinin məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh xx.xx.2025ci il tarixli məhkəmə baxış iclasında iştirak etmiş, məhkəmədən işi araşdırmaq üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən verilmiş şifahi vəsatəti təmin edərək məhkəmə baxış iclasını təxirə salmışdır. Lakin cavabdeh növbəti məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə münasibət bildirməmişdir. Keçən məhkəmə iclasında iddia tələbinə etiraz etsə də, ona verilən vaxt ərzində etirazlarının nədən ibarət olmasını və onları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə xərcləri.

32. İddiaçı Sığorta Şirkəti ASC 33.84 manat məbləğində dövlət rüsumunun əvəzinin və 0.40 qəpik xidmət haqqının cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

33. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 33.84 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Məhkəmə İddiaçı Sığorta Şirkəti ASC-nin ödənilmiş 0.40 manat xidmət haqqının cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərcin əvəzini cavabdehdən tələb etmək hüququna malik olduğundan, tələb əsaslıdır, 0.40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

35. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 1383.20 (bir min üç yüz səksən üç manat iyirmi qəpik) manat məbləğində ödənilmiş sığorta ödənişi və 33.84 (otuz üç manat səksən dörd qəpik) manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh 1383.20 (bir min üç yüz səksən üç manat iyirmi qəpik) manat məbləğində sığorta ödənişi, 33.84 (otuz üç manat səksən dörd qəpik) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar