Məhkəmə qərarları › İş №e-2(007)-2044/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2044/2025

21.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2044/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə cavabdeh "xxxx" QSC-nə qarşı tələbinə dair mülki iş üzrə Açar sözlər: (işə bərpa, əmrin etibarsız hesab edilməsi, əmək haqqı tələbi, iddia müddəti və s.) X10 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə cavabdeh "xxxx" QSC-nə qarşı “əmrin etibarsız sayılması, işə bərpa və məcburi işburaxma üçün əmək haqqı ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddətinə görə əməkhaqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işlədiyi "xxxx" QSC-dən işdən azad olunma haqqında əmrin etibarsız sayılması, işə bərpa olunmaq və buraxlmış günlərə görə əmək haqqının ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Siyəzən rayonu ərazisində yerləşən yanacaq doldurma məntəqəsində uzun müddət işləmişdir. 2023-cü ilin mart ayının 6-da işini həmin yanacaq doldurmaq məntəqəsində icra edən zaman hadisə baş vermiş və oradan birbaşa onu “Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırmışdırlar. Xəstəxanada yatdığı (müalicəsinə başlandığı andan) vaxtdan etibarən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X7 Həkim Məsləhət Komissiyası tərəfindən ona bülleten açılmışdır. Uzun müddət xəstə olduğundan və əmək qabiliyyətini tam bərpa etməməyi səbəbindən onun bülleteninin müddəti uzadılmış sonuncu tarix 31 dekabr 2023-cü il tarixinədək uzadılmışdır. “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X9 tərəfindən ona 01 dekabr 2023-cü il tarixində verilmiş Seriya SN 00008 № ******* Əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən ona təyin edilmiş İ 63.3 beyin infraktı diaqnozu bir daha təsdiq edilmişdir. Həmin xəstəxananın Həkim Məsləhət Komissiyası xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023xx.xx.2023-cü il və xx.xx.2023- xx.xx.2023-cü il tarixinədək ona xəstəlik vərəqəsi verərək və xəstəliyi ilə bağlı xx.xx.2023-cü il tarixinədək işdən azad edilməyi barəsində qərar vermişdir. Sənəddə işə başlama tarixi 31 dekabr 2023-cü il tarixi qeyd edilmişdir (xəstəxanın ona vermiş olduğu bülletenin surəti iddia ərizəsin əlavə edilmişdir). Xəstə olduğu və “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X7 Həkim Məsləhət Komissiyasının vermiş olduğu xəstəlik vəsiqəsinin qüvvədə olduğu zaman 10 dekabr 2023-cü il tarixində çalışdığı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Siyəzən rayonunda yerləşən müəssisəsinin əməkdaşları onun yaşadığı Siyəzən rayonundakı evinə gələrək ona işdən öz istəyi ilə çıxamağı barədə boş sənədə məcburən və ona təzyiq göstərərək imza çəkdirmişdirlər. Həmin ona zorla imzalatdırılan sənəd boş olmuş ona daha sonra özlərinin dolduracağını bildirmişdirlər. Hadisə bir daha bildirmək istəyir ki, 10 dekabr 2023-cü il tarixində yaşadığı Siyəzən rayonundakı evində baş vermiş və həmin zaman gündüz saatları olduğundan birgə yaşadığı həyat yoldaşı (arvadı) işdə olmuş evdə ondan başqa heç kim olmamışdır. Hansı ki, onun xəstəlik vərəqəsinin müddəti 31 dekabr 2023-cü il tarixinədək olmuşdur. Hadisədən sonra xəstəlik vərəqəsinin (bülletenin) müddəti sona çatdığından o, həmin xəstəlik vərəqini (bülleteni) xəstəxanadan alaraq işlədiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Siyəzən rayonundakı yanacaq doldurma məntəqəsinə işə qayıtmışdır. Həmin vaxtı ona artıq işdən çıxarıldığı və orada işləmədiyi bildirilmişdir. Bundan sonra bir neçə dəfə şifahi formada rəhbərliyə müraciət etmişdir və onlardan onu bəlkə işə qaytaracaqları barədə qərar qəbul edəcəklərini gözləmişdir. Lakin onlar tərəfdən heç bir müsbət addım atılmamışdır. O, həmin yerdə artıq uzun müddətdir ki, işləyir. Ailənin yeganə qazanc mənbəyi onun gəliri olmuşdur. Həyat yoldaşı rəsmi olmayaraq işləyir, ancaq onun da məvacibi azdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti onu qanunsuz işdən çıxartmağından əlavə onun əmək kitabçasını və işdən çıxamağı barəsində əmri ona təqdim etməmişdir, onlarda qalmışdır. O, keçən ilin sonunda ora rəsmi qaydada yazılı müraciət etdikdən sonra onlar onun yaşadığı Siyəzən rayonundakı ünvanına işdən çıxmağım barəsindəki əmri və əmək kitabçasını göndərmişdirlər. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ona qarşı etdiyi qanunsuzluqlar və hüquq pozuntularından sonra, pozulmuş hüquqlarının məhkəmə müstəvisində həll edilməsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşlədiyi müəssisənin ona qarşı etmiş olduğu qanunsuzluqlarla bağlı məhkəmədə iddia qaldırmamışdan əvvəl mübahisənin məhkəməyə qədər həll edilməsi məqsədilə “işdən azad olunma haqqında əmrin etibarsız sayılması, işə bərpa və buraxılmış günlərə görə əmək haqqının ödənilməsi tələbi” barədə Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurasının Bakı 10 saylı Mediasiya Təşkilatında onun müraciəti əsasında əmək mübahisəsi üzrə mediator X2 rəhbərliyi ilə 19 avqust 2024-cü il tarixinə ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barəsində arayış təqdim etmişdir. Həmin arayışa əsasən onun, İddiaçı tərəfindən 60 manat (50 manat mediasiya haqqı, 10 manat poçt xərclərinin) ödənildiyi qeyd edilmişdir. Həmin tarixdə mediasiyaya dəvət olunan tərəf "xxxx" QSC-dən heç kim ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşləmiş olduğu “SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qanunsuz olaraq o təzyiqə məruz qalmışdır və ona məcbur edildiyi üçün boş vərəqə imza etmişdir. Həmin vaxtı onun evinə gəlmiş müəssisənin əməkdaşları bildirmişdir ki, həmin sənədi imzalamaqla o işdən azad olunur. Bundan öncə bir dəfə məhkəməyə müraciət etmiş məhkəmədən ona əmək kitabçasını və işdən çıxarılmağı barəsində əmri iddia ərizəsinə əlavə emtəli olduğu deyilmişdir. Bundan sonra təkrar "xxxx" QSC-yə müraciət etdikdən sonra onun yaşadığı ünvana həmin sənədlər göndərilmişdir. Cavabdehin ərizəsi: Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X5 məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə, ərizə ilə müraciət edərək göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra-Cəmiyyət) qarşı işdən azad olunma haqqında əmrin etibarsız sayılması, işə bərpa və buraxılmış günlərə görə əmək haqqının ödənilməsi barədə iddia tələbi Nizami Rayon Məhkəməsinin icraatındadır. İddiaçı, Cəmiyyətin xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmişdir. İşçinin işdən azad edilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Bununla belə iddiaçı əmək mübahisəsinə dair qanunun iddia müddəti barədə tələblərinə əsasən 1 aylıq müddəti ötürmüşdür. İddiaçının işdən azad edilməsi barədə məlumatı olmuşdur. Belə ki, iddiaçı öz ərizəsinə əsasən işdən azad edilmiş və bir müddət sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad edilən maddələrinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yəni öz ərizəsinə əsasən işdən azad edilmişdir. Bakı 10 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00461 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə İddiaçı arayış verilmişdir. Mediasiya haqqında Azərbaycan Respublikası qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. İddiaçı əmrin ləğvi üçün müəyyən olunmuş 1 aylıq iddia müddətini açıq-aşkar ötürmüşdür. Qeyd edilənlərə əsasən iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə hazırlıq iclası zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edib əlavə olaraq izahatında göstərmişdir ki, evdə heçkəs olmayanda məcburi imza atdırmışlar. Yoldaşının işdən çıxmaq istəyi olmamışdır, çünki banka borcu olmuşdur. Müalicə alıb işə geri dönmək istəmişdir. O, müraciət etmişdir ki, onun yerinə yoldaşını işə götürsünlər, amma etmədilər. Yoldaşı xəstəliklə bağlı uşaq ağlında olmuşdur, ona nə desələr, edərdi. Bülleteni olmuşdur, işdən çıxarmışlar, pis vəziyyətdə qalmışdır. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib əlavə olaraq izahatlarında göstərdi ki, iddia ərizəsində qeyd etdiyi kimi 2023-cü ilin mart ayında şəxs Siyəzən rayonunda yerləşən yanacaq doldurma məntəqəsində bağban vəzifəsini icra edən zaman halı pisləşmişdir. Onu Siyəzən Rayon Mərkəzi Xəstəxanasına aparmışlar və orada insult diaqnozu qoyulmuşdur. Şəxs ev şəraitində olmuş, müalicəsini davam etdirmişdir. Siyəzən Rayon Mərkəzi Xəstəxanasında bülleten açılmışdır. 2023-cü ilin 1 dekabr tarixində isə əmək qabiliyyətinin itirilməsi barədə sənəd verilmişdir. İşəgötürən tərəfindən şəxsin əmək qabiliyyətinin itirilməsinə əsaslanaraq işdən çıxarılma prosedurlarına əməl olunmalı idi. Lakin 10 dekabrda iddiaçı evdə tək olan zaman Socarın əməkdaşları evə daxil olublar və işdən çıxma barədə sənədi imzaladıblar. Lakin bunun hansı şəraitdə olması aydın deyil, evdə kserokopya etmək mümkün deyil. Özünün aparıb iş yerinə verməsi ola bilməz. Çünki o imkana malik deyil. Özü verməyib, ona boş vərəq imzalatmışlar. Sonra ərizəni özləri doldurmuşlar. İşdən çıxarıldıqdan sonra nə əmək kitabçası, nə də işdən çıxma əmri verilməmişdir. Noyabr ayında onlar müraciət etdikdən sonra 2024-cü ilin dekabr ayında əmək kitabçası və əmri onlara göndərmişlər. Yəni ki, 1 il sonra vermişlər. Onlar başa düşür ki, şəxs əmək qabiliyyətini itirmişdir, amma "xxxx" QSCdə heç köməklik etməmişdir. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib, əlavə olaraq izahatında göstərdi ki, iddiaçı bağban olmuşdur, onunla kimin prinsipi ola bilərdi? Xəstəliyi olub gözləmişlər ki, sağalıb gəlsin. Özü demişdir ki, xəstədir, işləyə bilmir. Özü oxuyub imzalamışdır. Maddi imkanla bağlı ərizə yazsınlar kömək etsinlər. Əgər sağalıbsa, gəlsin işə düzəltsinlər. Amma əmək qabiliyyətini itirmişdir. İddiaçı iddia müddətini ötürmüşdür. İddia müddətini tətbiq etməklə iddianın rədd olunmasını xahiş edir. Əmək kitabçası və əmri götürmək üçün dəfələrlə iddiaçıya demişlər. Lakin gəlib götürməmişdir. Onlar da müraciətdən sonra poçtla göndərmişlər. Özü işdən çıxmaq barədə ərizə təqdim etmişdir. Digər prosedur qaydaları tətbiq etməyə nə ehtiyac var? Ərizə ilə müraciət etsin, ərizəyə baxılıb maddi yardım göstərsinlər. Göstərdiklərinin nəzərə alınmasını və iddia ərizəsinin rədd olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydad xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı "xxxx" QSC-yə müraciət edərək işdən çıxarılması barədə əmr və əmək kitabçasının ona təqdim edilməsini xahiş etmişdir. MŞB/10/2024-00461 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya xərcini ödəmişdir, "xxxx" QSC-nin nümayəndəsi sessiyada iştirak etməmişdir. Siyəzən RMX PHŞ-nin ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023xx.xx.2023-cü il tarix araqlıqlarında beyin infaktı diaqnozu ilə işdən azad edilməli olması qeyd edilmişdir. 41791 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə "xxxx" QSC-nin 16 saylı YDM-nə fəhlə peşəsinə işə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə 3-cü dərəcəli yardımçı fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci ildə 3-cü dərəcə, xx.xx.2021-ci il tarixdə 4-cü dərəcə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr və əmək kitabçası İddiaçı ünvanına göndərilmişdir. xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı onunla "xxxx" QSC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli, KƏ-1627-2023 saylı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surətindən görünür ki, 4-cü dərəcə ilə, yardımçı fəhlə vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinin ləğv edilməsi, ona son haqq-hesabın ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi olmuşdur. İş materiallarına 005 saylı əmək müqaviləsi, İddiaçı işə qəbul barədə xx.xx.2013-cü il tarixli ərizəsi dopleroqrafiya vərəqi, ambulator kartadan çıxarış sübut qismində əlavə edilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi:

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsi:

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

3. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.

4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi:

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. (Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.)

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

İşin faktiki halı: Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı xx.xx.2013-cü il tarixdə "xxxx" QSC-nin 16 saylı YDM-nə fəhlə peşəsinə işə qəbul edilmişdir. O, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023-cü il tarix araqlıqlarında beyin infaktı diaqnozu ilə Siyəzən RMX PHŞ-nin ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən işdən azad edilmişdir. O, xx.xx.2023-cü il tarixdə ərizə yazaraq onunla "xxxx" QSC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli, KƏ-1627-2023 saylı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr ilə 4-cü dərəcə ilə, yardımçı fəhlə vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinin ləğv edilməsi, ona son haqq-hesabın ödənilməsi əmr edilmişdir. Hazırda isə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli KƏ-1627-2023 saylı işdən çıxarılma əmrinin etibarsız hesab edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edir.

Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə İddiaçı iddia tələbinin “əmrin etibarsız hesab edilməsi və işə bərpa” hissəsini əsassız sayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə əsas İddiaçı öz iradə ifadəsini əks etdirən ərizəsi olmuşdur. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə işdən çıxmaq istədiyi tarixi göstərməklə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Hazırda iddiaçı iddia tələbini onunla əsaslandırır ki, ona öz istəyi ilə işdən çıxmağı barədə boş sənədi məcburən və təzyiq göstərərək imzalatmışlar. Məhkəmə mövcud məhkəmə təcrübəsini nəzərə alaraq ilk növbədə qeyd edir ki, sözügedən ərizənin elektron şəkildə hazırlanması və iddiaçı tərəfindən imzalanması ağlabatandır və bu hal özündə həmin ərizənin və ərizə əsasında verilmiş əmrin etibarsızlığına dəlalət etmir. Bundan başqa məhkəmə qeyd edir ki, sözgedən ərizənin məcburən və təzyiq altında imzaladılması məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Məhkəmə həmçinin iddiaçının öz ərizəsində qeyd etdiyi “həmin vaxt bizim evə gəlmiş müəssisəmizin əməkdaşları bildirmişdir ki, həmin sənədi imzalamaqla mən işdən azad olunuram” sözlərinə münasibətdə qeyd edir ki, sözügedən ərizə iddiaçının özü tərəfindən tərtib edilməmiş olsa belə, o, işdən azad olunma barədə ərizəni imzaladığını bilmiş və öz iradə ifadəsini əks etdirmişdir. Bundan başqa məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçı özü xəstə olduğunu işləyə bilmədiyini qeyd etmiş, ərizəni özü oxumuş və imzalamışdır. Məhkəmə onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh qəbul edilmiş əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Məhkəmə iddia tələbinin “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbindən törəmə tələbdir, “əmrin etibarsız hesab edilməsi və işə bərpa” hissəsində iddia tələbinin əsassız olduğundan təmin edilməməsi nəzərə alınmaqla, iddiaçının hazırkı hissədə tələbi də təmin edilə bilməz. Belə olan halda, iddianın həmin hissədə də təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-375-ci maddələrinin tələbləri nəzərə alınmaqla, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin hallarından görünür ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2024-cü il tarixdə, iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən sonuncuya göndərilmişdir, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən mediasiya təklifi göndərilmiş, xx.xx.2024-cü il tarixdə tərəfə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Lakin iddiaçı məhkəməyə hüquqlarının müdafiəsi məqsədilə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Yəni mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı aldıqdan 8 ay sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia müddətinin axımı işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən başlayır. İddia ərizəsinin məzmunundan isə görünür ki, iddiaçı elə hesab edir ki, onun işdən çıxarılması barədə əmr etibarsız olmuşdur və iddiaçı sözügedən əmr çıxarılan zaman həmin əmrdən xəbərdar olmuşdur. Belə olan halda iddiaçı qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Lakin məhkəmə qeyd edir ki, iddia tələbi özlüyündə əsaslı olmadığından və iddia tələbi əsassız olduğuna görə təmin edilmədiyindən iddia müddətinin tətbiq edilməsilə iddianın rədd edilməsinə əsaslar mövcud deyil.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, tələb isə təmin edilməmişdir, cavabdehə aid edilə bilməz, ona görə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin etibarsız sayılması, işə bərpa və məcburi işburaxma üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı “əmrin etibarsız sayılması, işə bərpa və məcburi işburaxma üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar