Məhkəmə qərarları › İş №e-2(007)-229/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-229/2024

12.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-229/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı1, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh3, Cavabdeh6 və Cavabdeh4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 qarşı “ümumi birgə mülkiyyətdə olan əmlakdan payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 qarşı “ümumi birgə mülkiyyətdə olan əmlakdan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətlərində olan, ünvan 1 ünvanda yerləşən, sahəsi 115.10 kv.m olan qeyri-yaşayış binasından və sahəsi 0.276230 hektar olan torpaq sahəsindən 1/6 hissədə iddiaçılar İddiaçı1, 1/6 hissədə İddiaçı2 və cavabdehlər 1/6 hissədə Cavabdeh3, 1/6 hissədə Cavabdeh6, 1/6 hissədə Cavabdeh1, 1/6 hissədə X1 vərəsələri Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanda yerləşən, sahəsi 115.10 kv.m olan qeyri-yaşayış binasından bir hissə və 0.276230 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət kimi 05 iyul 2016-cı il tarixdən onların və cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh1 və X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. Mülkiyyətçilərdən X2 vəfat etdiyindən onun əmlaka olan ümumi birgə mülkiyyət hüququ vərəsəlik qaydasında həyat yoldaşı Cavabdeh5, övladları Cavabdeh4 və Cavabdeh2 keçmişdir. Təqdim olunan reyestrdən çıxarışdan görünür ki, həmin şəxslərin vərəsəlik qaydasında əldə etdikləri mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Dövlət reyestrindən verilmiş çıxarışdan göründüyü kimi qeyd olunan qeyri-yaşayış binası və torpaq sahəsi eyni hüquqla - ümumi birgə mülkiyyət hüququ üzrə onlara da məxsus olsa da, cavabdehlərin maneçiliyi üzündən əmlaklarından istifadə edə bilmirlər. Cavabdehlər onlara maneçilik törətsələr də, özləri uzun müddət qeyd olunan əmlakdan istifadə etmiş, gəlir əldə etmişlər. Hazırda cavabdehlər obyektdən istifadəni dayandırsalar da, qeyri-yaşayış sahəsinə və torpaq sahəsinə gedən yolun girişinin qarşısına beton plitələr döşədərək onların ora girişinə, istifadə etmələrinə imkan vermirlər. Mülkiyyət və istifadə hüquqları cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məhdudlaşdırılıb. Bundan başqa, onlarda məlumat var ki, cavabdehlər müxtəlif qanunsuz vasitələrlə ümumi birgə mülkiyyətlərində olan qeyd olunan əmlaklarını onların haqlarını, mənafelərini nəzərə almadan satmaq istəyirlər. Hətta ümumi birgə mülkiyyətlərində olan əmlaklarının özgəninkiləşdirilməsi məqsədilə alıcı da tapıblar. Cavabdehlər ümumi birgə mülkiyyətlərində olan qeyri-yaşayış binasından və torpaq sahəsindən paylarının müəyyən edilməsi və paylara uyğun olaraq mülkiyyətçilər arasında bölünməsinə razı deyillər. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün qeyd olunan ümumi birgə əmlaklarından paylarının müəyyən olunması və mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünüb ayrılması qərarına gəlmişlər. Qanunvericiliyin tələblərinə əsasən ümumi birgə mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən və qeyri-yaşayış binasından 1/6 hissədə payları müəyyən edilə bilər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini etiraf etmədi və iddia əsassız olduğundan təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh6 iddia tələbini etiraf etmədi və iddia əsassız olduğundan təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini etiraf etmədi və iddia əsassız olduğundan təmin olunmamasını xahiş edir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddia tələbini etiraf etmədi və iddia əsassız olduğundan təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, işə cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi 17 ünvanında yerləşən, ümumi sahəsi 115.10 kv.m olan qeyri-yaşayış binasından bir hissə İddiaçı2, Cavabdeh1, İddiaçı1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2; sahəsi 0.276230 ha olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi İddiaçı2, Cavabdeh1, İddiaçı1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 (torpaq sahəsi ümumi birgə hissədən 1/3 hissə), Cavabdeh5 (torpaq sahəsi ümumi birgə hissədən 1/3 hissə) və Cavabdeh2 (torpaq sahəsi ümumi birgə hissədən 1/3 hissə) ümumi birgə mülkiyyətindədir. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi zamanı İddiaçı1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi 17 ünvanında yerləşən, ümumi sahəsi 115.10 kv.m olan qeyri-yaşayış binasından bir hissə İddiaçı2, Cavabdeh1, İddiaçı1, Cavabdeh6, Cavabdeh3 və X1 vərəsələri (onun payına münasibətdə)- Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2; sahəsi 0.276230 ha olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi İddiaçı2, Cavabdeh1, İddiaçı1, Cavabdeh6, Cavabdeh3 və X1 vərəsələri- Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 (X1 payına münasibətdə hər birinə 1/3 hissə) ümumi birgə mülkiyyətindədir. Cavabdehlər iddiaçılara ümumi birgə mülkiyyətdə olan əmlakdan istifadə etməyə maneçilik törədirlər. Bu səbəbdən iddiaçılar ümumi birgə mülkiyyətlərində olan əmlakdan onların və cavabdehlərin hər birinin 1/6 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Beləliklə, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi 17 ünvanında yerləşən, ümumi sahəsi 115.10 kv.m olan qeyri-yaşayış binası və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi tərəflərin birgə mülkiyyətindədir, lakin tərəflər arasında razılıq olmadığı üçün paylarını müəyyənləşdirə bilmirlər. Qanunvericiliyin də tələbindən görünür ki, belə olan halda məhkəmənin qərarına əsasən ümumi əmlaka tərəflərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər və mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə paylar bərabər sayılır. Həmçinin məhkəmə iclasında cavabdehlər paylarının bərabər olduğunu inkar etmədilər və onun əksini təsdiq edəcək heç bir sübut təqdim etmədilər. İddiaçılar da paylarının bərabər yəni 1/6 müəyyən olunmasını xahiş edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, birgə mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən, sahəsi 115.10 kvardat metr qeyri-yaşayış binasından və sahəsi 0.276230 hektar olan torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı1, 1/6 hissəsinə İddiaçı2, 1/6 hissəsinə Cavabdeh3, 1/6 hissəsinə Cavabdeh6, 1/6 hissəsinə Cavabdeh1 və 1/6 hissəsinə X1 vərəsələri Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçılar tələb etmədiyindən, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ümumi birgə mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən, sahəsi 115.10 kvardat metr qeyri-yaşayış binasından və sahəsi 0.276230 hektar olan torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı1, 1/6 hissəsinə İddiaçı2, 1/6 hissəsinə Cavabdeh3, 1/6 hissəsinə Cavabdeh6, 1/6 hissəsinə Cavabdeh1 və 1/6 hissəsinə X1 vərəsələri Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 payları müəyyən edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar