Məhkəmə qərarları › İş №e-2(007)-2307/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2307/2025

26.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2307/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “barışıq sazişinin təsdiq edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:

1. Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli MŞB/9/2025-00005 nömrəli barışıq sazişinin təsdiq edilməsinə dair qərar qəbul edilməsini, saziş məhkəmə qərarı ilə təsdiqindən sonra icra sənədi kimi tanınması təmin edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs arasında 15 yanvar 2025-ci il tarixində mediasiya prosesi keçirilib və alimentin ödənilməsi ilə bağlı Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatında MŞB/9/2025-00005 nömrəli barışıq sazişi imzalanıb. Barışıq sazişinə əsasən: Maraqlı şəxs hər ay 250 (iki yüz əlli) manat məbləğində aliment məbləğini azyaşlı X1 (xx.xx.2024 təvəllüdlü) saxlanması üçün ödəməyi öhdəsinə götürüb; bundan əlavə, uşaq 3 yaşına çatanadək uşağa qulluğa görə anaya əlavə olaraq 100 (yüz) manat məbləğində vəsaitin ödənilməsi razılaşdırılıb; ikinci tərəf hər ayın son həftəsi ona aliment məbləğini (350 AZN) ödəməyi öhdəsinə götürüb. Saziş könüllü şəkildə, hər iki tərəfin razılığı ilə, qarşılıqlı anlaşma şəraitində imzalanıb, lakin müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilməyib.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Maraqlı şəxs əriznin təmin edilməsinə etiraz etmədi. Əlavə olaraq bildirdi ki, o, aliment ödənişlərini icra edirdi. Birinci nikahdan üç övladı var, işləmir. Bu səbəbdən hazırda aliment ödəyə bilmir.

Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

6. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs nikaha daxil olaraq ailə həyatı qurmuşlar, onların xx.xx.2024-cü il təvəllüdlü X3 adlı uşaqları var. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında tərəflər övladları X4 birinci tərəfin yanında qalacağı, ikinci tərəf övladı X1 (xx.xx.2024) saxlanması üçün hər ay 250 (iki yüz əlli) AZN uşağa görə, 100 (yüz) AZN uşaq üç yaşa çatanadək uşağa qulluğa görə anaya olmaqla, cəmi 350 (üç yüz əlli) AZN alimenti birinci tərəfə ödəyəcəyi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə müvafiq olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun alimentin məbləğinə yenidən baxıla (artırıla, azaldıla, dayandırıla və s.) biləcəyi, bu barədə müvafiq qaydada məhkəmədə iddia qaldırılana qədər razılaşdırılmış aliment məbləğinin dəyişdirilə bilməcəyi, ikinci tərəf alimenti hər ayın sonuncu həftəsi birinci tərəfin aşağıdakı bank hesabına köçürəcəyi barədə razılıq əldə edilmişdir. Barışıq Sazişinin 4-cü bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində tam icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir.

9. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən xx.xx.2025-ci il tarixli barışıq sazişi MPM-nin 355-26 maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3 maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır.

10. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

Nəticə:

11. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli, ərizə təmin edilməli, Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir: İkinci Tərəf övladı X1 (xx.xx.2024) saxlanması üçün hər ay 250 (iki yüz əlli) AZN uşağa görə, 100 (yüz) AZN uşaq üç yaşa çatanadək uşağa qulluğa görə anaya olmaqla, cəmi 350 (üç yüz əlli) AZN alimenti Birinci Tərəfə ödəyəcək; Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə müvafiq olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun alimentin məbləğinə yenidən baxıla (artırıla, azaldıla, dayandırıla və s.) bilər. Bu barədə müvafiq qaydada məhkəmədə iddia qaldırılana qədər razılaşdırılmış aliment məbləği dəyişdirilə bilməz; İkinci Tərəf alimenti hər ayın sonuncu həftəsi Birinci Tərəfin aşağıdakı bank hesabına köçürəcək (Bank: “Kapitalbank” Qara Qarayev flialı, kod: 200145, Bank VÖEN: **********, SWİFT: AİİBAZ2X, ADİ: AZ44AİİB********************, ADİ: X2, hesab №: AZ27AİİB********************, P/Kart nömrəsi: 4169 7385 1753 4255).

12. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə ki, tərəflər arasında barışıq sazişi bağlandıqdan sonra maraqlı şəxs aliment ödənişlərini təmin etmiş, lakin borcu qalmışdır. Məhkəmə hesab edir ki, alimentin tutulma müddətinin əvvəli ərizəçinin məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.

13. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 14 Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - İkinci Tərəf övladı X1 (xx.xx.2024) saxlanması üçün hər ay 250 (iki yüz əlli) AZN uşağa görə, 100 (yüz) AZN uşaq üç yaşa çatanadək uşağa qulluğa görə anaya olmaqla, cəmi 350 (üç yüz əlli) AZN alimenti Birinci Tərəfə ödəyəcək. - Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə müvafiq olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun alimentin məbləğinə yenidən baxıla (artırıla, azaldıla, dayandırıla və s.) bilər. Bu barədə müvafiq qaydada məhkəmədə iddia qaldırılana qədər razılaşdırılmış aliment məbləği dəyişdirilə bilməz. - İkinci Tərəf alimenti hər ayın sonuncu həftəsi Birinci Tərəfin aşağıdakı bank hesabına köçürəcək (Bank: “Kapitalbank” Qara Qarayev flialı, kod: 200145, Bank VÖEN: **********, SWİFT: AİİBAZ2X, ADİ: AZ44AİİB********************, ADİ: X2, hesab №: AZ27AİİB********************, P/Kart nömrəsi: 4169 7385 1753 4255). Aliment xx.xx.2025-ci il tarixdən başlayaraq tutulsun. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar