Məhkəmə qərarları › İş №e-2(007)-255/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-255/2025

24.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-255/2025 24.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Əmanətlərin Sığortalanması Fondu müstəqil tələblər irəli sürməyən üçünçü şəxs qismində cəlb olunmaqla cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “avtomobilin qaytarılması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondu müstəqil tələblər irəli sürməyən üçünçü şəxs qismində cəlb olunmaqla cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh1 qarşı “avtomobilin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Əmanətlərin Sığortalanması Fondu müstəqil tələblər irəli sürməyən üçünçü şəxs qismində cəlb olunmaqla cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh1 qarşı “avtomobilin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Nissan Teana” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı, istehsal ili 2004-cü il olan, rəngi-ağ, Ban N-si J31030884 olan avtomobilin və 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Əmanətlərin Sığortalanması Fondu məhkəmə prosesində müstəqil tələblər irəli sürməyən üçünçü şəxs qismində cəlb olunmuşdur.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “Nissan Teana” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı istehsal ili 2004-cü il olan, rəngi-ağ, Ban N-si J31030884 olan avtomobili xx.xx.2013-cü il tarixində almışdır. Bildirir ki, həmin avtomobili almaq üçün pulu çatmadığı üçün "xxxx" ASC-də girov qoymaqla avtomobilin pulunun bir hissəsini bankdan alıb vermişdir. Beləliklə, "xxxx" ASC ilə o, cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 271 saylı kredit müqaviləsinə əsasən adında olan “Nissan Teana” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı istehsal ili 2004-cü il olan, rəngi-ağ, Ban N-si J31030884 olan avtomobili girov qoymaqla "xxxx" ASC-dən 4960 (dörd min doqquz yüz altmış) manat kredit götürmüşdür. Bildirir ki, bir müddət sonra Cavabdeh1 mülki etibarnamə vermişdir. Cavabdeh1 Bakı şəhəri 6 saylı Notariat Kontorunda onun adından etibarnamə əsasında vətəndaş cavabdehlər Cavabdeh2 (xx.xx.2013-cü il tarixində 81262 Reyestr nömrəli) və Cavabdeh3 (xx.xx.2014-cü il tarixində 2510 Reyestr nömrəli) avtomobildən istifadə üçün etibarnamə vermişdir. Həmin vaxtdan sonra "xxxx" ASC-yə kredit ödənişləri dayandı. Daha sonra avtomobilini geri tələb etdi. Lakin avtomobilini cavabdehlər qaytarmadı. O, cavabdehlərdən avtomobili özünə qaytarmasını tələb etsə də, cavabdeh onunla olan əlaqəsini kəsdi. Həmin vaxtdan sonra "xxxx" ASC kredit borcuna görə onu məhkəməyə verdi. O, da məcbur olub "xxxx" ASC-yə olan borcunu ödədi və bankdan təmizlik məktubunu aldı. Bildirir ki, hal-hazırda mülkiyyətində olan “Nissan Teana” minik markalı, ** SB *** qeydiyyat nömrə nişanlı avtomobil cavabdehlərdədir. Cavabdehlərdən heç biri avtomobilin onlarda olduğunu etiraf etmək istəmir. Hazırda mülkiyyətində olan avtomobil sürülür və cərimələr onun adına gəlir. Cavabdehə verdiyi etibarnamələri ləğv etdirmişdir. Hal-hazırda BDYPİ-nə ərizə ilə müraciət edərək avtomobilin tapılması və müvəqqəti duracağa yerləşdirilməsini xahiş etmişdir. 6 saylı Notariat Kontorunun ona göndərdikləri xx.xx.2024-cü il tarixli 78 N-li sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli 522 N-li məktubundan göründüyü kimi, Cavabdeh2 xx.xx.2013-cü il tarixində 81262 Reyestr nömrəli etibarnamə verilmiş və xx.xx.2014-cü il tarixində həmin etibarnaməyə xitam verilmişdir, Cavabdeh3 xx.xx.2014-cü il tarixində 2510 Reyestr nömrəli etibarnamə verilmiş, həmin etibarnaməyə xx.xx.2019-cu il tarixində xitam verilmişdir. Həmçinin AR DİN BDYPİ-nin ona göndərdikləri xx.xx.2024-cü il tarixli 79 N-li sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli 3-13-16/2-60601/2024 N-li məktubundan göründüyü kimi “Nissan Teana” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı, istehsal ili 2004-cü il olan, rəngi-ağ, Ban N-si J31030884 olan avtomobil AC057704 N-li şəhadətnamə ilə mülkiyyətçi İddiaçı adınadır. Bütün yuxarıda göstərilənlərə baxmayaraq hal-hazırda mülkiyyətində olan avtomobili cavabdehlər ona qaytarmır. Bu səbəbdən də mülkiyyət hüququndan məhrum olmuş və mülkiyyətində olan avtomobildən istifadə edə bilmir Hesab edir ki, cavabdehlər tərəfindən üzərinə götürdüyü öhdəliklər icra olunmadığından və tərəfindən ona verilmiş 08 fevral 2007-ci il tarixli etibarnamə ləğv edildiyindən onaməxsus “Nissan Teana” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlərdən alınaraq ona veilməlidir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdehlərə verilən etibarnamə ləğv olunub. Avtomobil isə tapılmır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 bilmişdir ki, iddia tələbini qəbul etmir. O, avtomobil salonunda fəhlə işləmişdir. Sadəcə salonun sahibi ona etibarnamə verib ki, avtomobili başqasının adına keçirsin. X2 sahibidir. Avtomobil heç bir gündə onda olmayıb nə də maşını görməyib.

6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 bilmişdir ki, iddia tələbini qəbul etmir. Avtomobili salondan almışdır. İndi həmin salon yoxdu. Vüqar adında adam var idi, o da tutulmuşdu. 1 ay sonra avtomobil xarab olduğu üçün geri salona qaytardı. Başqa avtomobil götürdü. Sözügedən avtomobil onda deyil. Ona cərimələr gəlirdi, bu səbəbdən Xırdalana gedib müraciət elədi, bildirdilər ki, get etibarnaməni ləğv et. Həmin vaxt avtomobil Bərdə rayonunda görünürdü. Cərimələr Bərdə rayonunda gəlirdi. Avtomobili tapa bilmədi. Etibarnaməni ləğv elədi. Sonra avtomobilin texniki pasportunda adı qeyd edilən mülkiyyətçi zəng elədi ki, cərimələr gəlir. O, da artıq etibarnaməni ləğv elətdirmişdi.

7. Məhkəmənin əvvəlki iclasında (audiokonfrans vasitəsi ilə) iştirak etmiş cavabdeh X8 bilmişdir ki, iddia tələbini qəbul etmir. Avtomobil o zaman borcu olduğu üçün banka qaytarılıb. Avtomobili 2014-cü ildə Babək prospektində yerləşən avtosalonların birindən alınmışdır. Dəqiq hansı avtosalon olduğu yadında deyil. Maşın kreditdə idi o, ilkin ödəniş etmişdi təxminən 3000 manat, avtomobili 3-4 ay sürdükdən sonra ödəniş edə bilmədikləri üçün bank maşını aparıb. Maşını Nizami adlı adam sürürdü o, da tutulub. Bildiyi qədər o, da həbsdədir. Amma bank dəqiq maşını Nizaminin evindən Xırdalandan gəlib aparıb 2014-2015-ci illər olardı.

İş materialları:

8. 28.08.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

9. "xxxx" ASC-nin 22 noyabr 2019-cu il tarixli məktubunun surətindən görünür ki, İddiaçı bank qarşısında borc öhdəliyi mövcud deyildir.

10. İddiaçı Cavabdeh2, X5 və Cavabdeh1 ünvanladığı 03 iyun 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, “Nissan Teana” minik markalı, ** SB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ona qaytarılmasını, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

11. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli, 2(010)- 2918/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 852,24 manat əsas, 423,46 manat cərimə borcu olmaqla cəmi 1275,70 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməklə İddiaçı məxsus “Nissan Teana” minik markalı, ** SB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin açıq hərracdan satılması və cavabdeh İddiaçı "xxxx" ASC-yə olan kredit borcu həmin girov predmetinin satışından əldə edilərək pul vəsaiti hesabına ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir.

12. Baş Dövlət Yol Polis İdarəsinin 23 aprel 2024-cü il tarixli məktubunun surətindən görünür ki, “Nissan Teana” minik markalı, ** SB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı adına qeydiyyatdadır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 8(010)-2633/2017 saylı qərardadı əsasında həbsin, "xxxx" ASCnin xx.xx.2016-cı il tarixli məktubu və mülkiyyətçinin 016-127543 nömrəli müraciəti əsasında qeydiyyatla bağlı məhdudiyyət qoyulmuşdur.

13. Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi insformasiya sistemindən çıxarışdan görünür ki, “Nissan Teana” minik markalı, ** SB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair xx.xx.2013-cü il tarixdə Cavabdeh2 (xx.xx.2019-cu il tarixdə xitam verilib), xx.xx.2014-cü il tarixdə X5 (xx.xx.2014-cü xitam verilib)etibarnamə verilmişdir.

14. AR-İ seriyalı 294195 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 xx.xx.2013-cü il tarixdə etibarnamə vermişdir. Həmin etibarnaməyə xx.xx.2014-cü il tarixdə xitam verilmişdir.

15. “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh1 X5 etibarnamə vermişdir.

16. 06.12.2022-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh2 "xxxx" ASC-yə 243 manat ödəniş etmişdir.

17. Əmanətlərin sığortalanması Fondunun 22 noyabr 2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı “Nissan Teana” minik markalı, ** SB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin girovdan çıxarılmasını xahiş etmişdir.

18. Baş Dövlət Yol Polis İdarəsinin 17 yanvar 2025-ci il tarixli məktubunun surətindən görünür ki, “Nissan Teana” minik markalı, ** SB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin İddiaçı adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün məhv edilmişdir.

İşin faktiki halları:

19. Məhkəmə iclasında müəyyən olundu ki, “Nissan Teana” minik markalı, ** SB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı məxsusdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 8(010)-2633/2017 saylı qərardadı əsasında həbs, "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli məktubu və mülkiyyətçinin 016-127543 nömrəli müraciəti əsasında qeydiyyatla bağlı məhdudiyyət qoyulmuşdur. Avtomobilə dair İddiaçı Cavabdeh1, Cavabdeh1 və X5 etibarnamə vermişdir. Hazırda avtomobilin yeri müəyyən olunmur. İddiaçı mülkiyyətində olan “Nissan Teana” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı, istehsal ili 2004-cü il olan, rəngi-ağ, Ban N-si J31030884 olan avtomobilin və 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılmasını xahiş edir.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

135.5-ci maddəsinə əsasən daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

24. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, “Nissan Teana” minik markalı, ** SB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin harada olması məlum deyil. Cavabdehlərin verdikləri izahatdan da görünür ki, avtomobil onlarda deyil. Həmçinin Baş Dövlət Yol Polis İdarəsinin məktubundan da görünür ki, “Nissan Teana” minik markalı, ** SB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin İddiaçı adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Göründüyü kimi avtomobilin harada və kimin faktiki istifadəsində olması barədə məlumatları məhkəməyə təqdim etmək iddiaçının üzərinə düşür. Sübutetmə yükü iddiaçının üzərindədir, lakin iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

25. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

26. Həmçinin iddiaçı tərəfindən avtomobilin girovdan çıxarılması ilə bağlı məhkəməyə hər hansı məlumat təqdim edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmə baxışının hədləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Məhkəmə xəcləri:

29. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

30. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh1 qarşı “avtomobilin qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir.

31. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh1 qarşı “avtomobilin qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar