Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2669/2025 19.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Toyota Camry” markalı, **- NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 30000 AZN (otuz min manat) ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 180 AZN (yüz səksən manat) dövlət rüsumunun və 1,44 AZN (bir manat qırx dörd qəpik) xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2024cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Changan Qiyuan A06 PLUG-İN HİBRİD” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Toyota Camry” markalı, **- NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törədib. İş materiallarına əlavə edilmiş **********807 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 133002 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Camry” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanıb. Azadolma (franşiza) məbləği 100 AZN, sığorta dəyəri 50000 AZN (əlli min) olaraq müəyyən edilib. Nəqliyyat vasitəsinin rəsmi servisi olan "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə aktına əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “Toyota Camry” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 51440 AZN (əlli bir min dörd yüz qırx manat) zərər dəyib. Beləliklə, sığortalanmış nəqliyyat vasitəsi tam məhv olub. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında qərarının, 33.2.2-ci maddəsinə əsasən, avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkiletməsi) deməkdir. 33. Sığorta ödənişinin həyata keçirilməsi 33.2.2. avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkiletməsi), yaxud oğurlanması və ya qaçırılması halında: 33.2.2.1. sığorta məbləğindən çox olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var: 33.2.2.1.1. avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Qeyd olunan normanın məzmunundan da aydın olur ki, avtomobilin 75%-dən çox hissəsinin məhv olması həmin nəqliyyat vasitəsini əvvəlki vəziyyətinə bərpa etməyi mümkünsüz edir. Buna görə də, nəqliyyat vasitəsindən qalan qalıqların qiyməti, azadolma məbləği avtomobilin dəyərindən çıxılmaqla, qalan məbləğdə sığorta ödənişi zərərçəkənə ödənilir. Hazırki iş üzrə sığorta dəyəri 50000 AZN-dən azadolma məbləği 100 AZN və avtomobildən qalan qalıq hissələrin dəyəri 15000 AZN çıxılmaqla qalan sığorta ödənişi məbləği 34900 AZN (otuz dörd min doqquz yüz) olub. Cavabdehə zərərin qiymətləndirilməsi prosesində iştirak etməsi üçün qiymətləndirməyə dəvət məktubu göndərilib. İş materiallarında olan “Tam zərər halında avtomobilin qalıq hissələrinin qiymətləndirilməsi” protokolundan görünür ki, avtomobildən qalan qalıqlar ən yüksək qiyməti təklif edən şəxsə 15000 AZN olmaqla satılıb. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********/867165645 saylı qəbzdən görünür ki, sığortalanmış “Toyota Camry” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 34900 AZN (otuz dörd min doqquz yüz manat) sığorta ödənişini nəqliyyat vasitəsinin mülkiyyətçisi Əliyev Ziyad Taqif oğlunun təqdim etdiyi bank hesabına köçürüb. Bildirilir ki, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilindiyi üçün ona qarşı Subroqasiya hüquqları yaranıb. Belə ki, iş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib. Belə ki, həmin qərardan aydın olur ki, yol-nəqliyyat hadisəsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verib. Bu həmçinin iş materiallarına əlavə edilmiş izahatlardan, forma 4 arayışından, hadisə sxemindən də aydın olur. İSB-dən (icbari Sığorta Bürosu) çıxarışa əsasən, Cavabdeh nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman "xxxx" SŞ ASC-də icbari qaydada sığortalı olduğu üçün, məbləğin 4900 AZN (dörd min doqquz yüz manat) hissəsi sonuncu tərəfindən iddiaçıya ödənilib. Geri qalan 30000 AZN ( otuz min manat) məbləğ cavabdehin özü tərəfindən geri qaytarılmalıdır. Cavabdehə pretenziya göndərilib, əlaqə yaradılsa da, cavabdehlə razılığa gəlinməyib, borcun heç bir hissəsi ödənilməyib. Hesab edirlər ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 30000 AZN (otuz min manat) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Qeyd edirlər ki, bu qanun məhz avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə fiziki şəxslərə təqdim edilən könüllü sığorta növünün aparılmasının əsaslandığı, bütün sığortaçılar üçün məcburi olan qayda və şərtləri müəyyən edir.
Cavabdehin etirazı və ona dəlilləri:
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. İddiaçı ərizəsində göstərib ki, xx.xx.2024-cü il tarixdə onun tərəfindən idarə olunan “Changan Qiyuan A06 PLUG-İN HİBRİD” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı Sığorta Şirkəti ASC-də könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmış “Toyota Camry” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub və onun təqsiri ucbatından baş vermiş həmin yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən dəymiş zərərə görə sığortalanmış nəqliyyat vasitəsinin sürücüsü Əliyev Ziyad Taqif oğluna 34900 AZN (otuz dörd min doqquz yüz manat) sığorta ödənişi edilib. Hadisə baş verən zaman mənim idarə etdiyi nəqliyyat vasitəsinin mülki məsuliyyəti "xxxx" Sığorta Şirkəti ASC-də icbari qaydada sığortalı olduğu üçün, məbləğin 4900 AZN (dörd min doqquz yüz manat) hissəsi sonuncu tərəfindən iddiaçıya ödənilib, geri qalan 30000 AZN (otuz min manat) isə onun tərəfindən ödənilmədiyi üçün sığorta ödənişini vermiş İddiaçı Sığorta Şirkəti ASC-nin ona qarşı subroqasiya hüququ yaranıb. İddiaçı ərizəsində Mülki-Prossesual və Mülki Məcəllənin bəzi normalarına istinad edib öz mülahizələrini əsaslandırmağa çalışsa da, subroqasiya hüququ ilə bağlı normaların təsbit olunduğu əsas qanuna, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa istinad etməyib və subroqasiya hüququn İddiaçı Sığorta Şirkəti ASC-də nəyə görə yarandığını bildirməyib. Bununla bağlı məhkəmənin diqqətinə çatdırır ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilib. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsi ilə müəyyən olunmuş hallar sığortaçının mənafelərinin müdafiəsini təmin etməyə yönəldilib. Baş vermiş həmin hadisə zamanı isə onun tərəfindən “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində göstərilən halların heç biri pozulmayıb. Belə ki, sığorta hadisəsi onun tərəfindən qəsdən törədilməyib, ehtiyyatsızlığı nəticəsində baş verib, nəqliyyat vasitəsi onun tərəfindən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar edilməyib, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırmayıb, nəqliyyat vasitəsini idarə və istismar etməyə hüququm olub, mülkiyyət sahibindən etibarnaməsi, həmçinin sürücülük vəsiqəsi olub, nəqliyyat vasitəsi onun texniki təyinatına uyğun məqsədlərlə istifadə edilib, hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində tərəfindən mümkün olan tədbirlər görülüb, sığorta hadisəsi onun tərəfindən hər hansı bir fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilməyib, baş vermiş hadisə ilə əlaqədar müvafiq orqanlara heç bir yanlışlığa yol verilmədən məlumat və izahat verib və hadisə zamanı hadisə yerindən yayınmayıb. O ki qaldı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən dəymiş zərərə görə sığortalanmış nəqliyyat vasitəsinin sürücüsü Əliyev Ziyad Taqif oğluna sığorta ödənişi etməsi, bu belə də olmalıdır, qanunvericilik də bunu bu cür tələb edir. Bununla yanaşı bildirir ki, özü də istəmədən ehtiyyatsızlığı nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi avtomobilə də mühüm ziyan dəyib və tələbə olaraq heç bir yerdə işləmədiyi halda valideynlərinin və yaxın qohumlarının maddi dəstəyi ilə onun təmiri üçün xeyli vəsait sərf edib, həmçinin törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunub. Bütün bu göstərdiyim hallarla yanaşı, məhkəmənin diqqətini kütləvi informasiya vasitələrində vaxtaşırı tirajlanan, İddiaçı Sığorta Şirkəti ASC-nin nailiyyəti və uğuru kimi qələmə verilən xəbərlərə yönəldir. Yayımlanan həmin xəbərlərdə İddiaçı Sığorta Şirkəti ASC-nin mütəmadi olaraq maliyyə nəticələri açıqlanır və hesabatlarda müsbət göstərici kimi vətəndaşlardan toplanan sığorta haqqlarının və ödənilən sığorta ödənişlərinin artım dinamikasından yazılır və məlum olur ki, Sığorta Şirkəti hər hesabat dövründə milyonlarla mənfəət əldə edir. Yaxşı haldır, təqdirəlayiqdir. Lakin hazırda İddiaçı Sığorta Şirkəti ASCnin pul tələbinə dair qaldırdığı iddia ərizəsindən belə nəticəyə gəlmək olar ki, subroqasiya hüququnun yaranmadığı halda Sığorta Şirkəti əsassız olaraq məhkəməyə müraciət edib, hamının vaxtını almaqla bərabər, özlərinin də xüsusi vurğuladığı kimi “şirkətin müştərilər qarşısındakı etibarlı və çevik fəaliyyətini əks etdirən əsas prinsiplərindən biri hesab etdikləri sığorta ödənişlərini” sonradan qanunsuz olaraq günahı olmayan vətəndaşlardan geri almaq istəyirlər. Bir daha vurğulayır ki, subroqasiya hüququnun yaranmadığı halda tam qanunsuz olaraq. Belə olan halda Sığorta Şirkəti nə üçündür və vətəndaşlardan toplanan sığorta haqları hara xərclənir? yoxsa İddiaçı Sığorta Şirkəti ASC hesab edir ki, vətəndaşlardan aldıqları sığorta haqlarının hamısı elə özlərinə qalmalıdır?. Qeyd edilənlərə əsasən iddianın əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materialları:
4. Sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Camry” markalı, **-NE- *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il saat 00:00dan xx.xx.2024-cü il, saat 23:59-dək sığortalanmışdır.
5. Nizami RPİ-nin TŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət iərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Nizami RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
6. TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixində saat 15:00-da “Changan Qiyuan A06 PLUG-İN HİBRİD PLUG-İN HİBRİD” minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur;
7. İcbari sığorta müqavilələlərinin mövcudluğunun yoxlanılması barədə çıxarışdan görünür ki, xx.xx.2024-cü ildə “Changan Qiyuan A06 PLUG-İN HİBRİD” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də icbari sığortalanmışdır.
8. xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, “Changan Qiyuan A06 PLUG-İN HİBRİD” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2033-cü il tarixədək idarə etmək üçün Cavabdeh verilmişdir;
9. AD seriyalı 997561 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Camry” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi Əliyev Ziyad Taqif oğludur;
10. xx.xx.2024-cü il tarixli, 133002 saylı siğorta aktından görünür ki, “Toyota Camry” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. Həmin avtomobil “Changan Qiyuan A06 PLUG-İN HİBRİD” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, dəymiş zərər 51440 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 34900 manat sığorta ödənişi Əliyev Ziyad Taqif oğlunun hesabına köçürülməlidir;
11. xx.xx.2024-cü il tarixli qiymətləndirilmə aktından görünür ki, “Toyota Camry” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvəz olunmalı ehtiyat hissələrinin və təmir işlərinin 51440 manat təşkil edir;
12. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 34900 manat məbləğində sığorta ödənişi Əliyev Ziyad Taqif oğlunun bank hesabına köçürülmüşdür;
13. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" ASC tərəfindən 4900 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür;
14. "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, cavabdeh həyata keçirilən 30000 manat sığorta ödənişinin ödənilməli olması, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşdur;
15. Məhkəmənin qərardadına əsasən Məhkəmə Ekspertizası Bürosu tərəfindən keçirilmiş qiymətləndirilməyə dair xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, Mərkəzi Ekspertiza Bürosunun mütəxəssisləri tərəfindən aparılmış araşdırmalar və təhlillərə əsasən **-NE-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobilin ehtiyat hissələrinin alınmasına və təmirinə xərclənməli olan vəsait məbləği iş materiallarında olan qüsur aktına uyğundurmu və aktda qeyd olunan ehtiyat hissələrinin, göstərilməli olan xidmətlərin qiymətləri real bazar qiymətlərinə uyğun deyil. Əgər Aktda göstərilən qiymətlərreal bazar qiymətlərinə uyğun gəlmirsə-10 NE-017 dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobilə dəymiş maddi zərər real bazar qiymətləri ilə nə qədər müəyyən olunur və qeyd edilən zərərin aradan qaldırılması üçün tələb olunan xərc 38881 manat, **-NE-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobilin hazırda qalıq hissələrinin dəyəri 18430 manat təşkil edir.
16. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu zaman iddiaçıdan 1,44 manat bank xidmət haqqı alınmışdır.
Tərəflərin izahatları:
17. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, keçiriləcək məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklər. Keçən məhkəmə iclasında da bildirdiyi kimi ekspert rəyi ilə müəyyən edilən məbləğdən görünür ki, nəqliyyat vasitəsinin təmir bərpa xərcinə çəkilməli xərc onun dəyərinin 75%-dən çoxunu təşkil edir. Ona görə də, nəqliyyat vasitəsinin hadisə zamanına olan 50000 AZN bazar dəyərindən qalıqların qiyməti və icbari sığorta ödənişi çıxılmaqla iddia tələbinin təmin edilməsini və mülki işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir.
18. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (həmçinin, istifadəsinə olan mobil nömrəyə SMS xəbərdarlıq göndərilməsinə) baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.
19. Belə olan halda, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
20. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, avtombilin qalıq hissəsləri nə qədər baha satılarsa, verəcəkləri ödənişdən o qədər məbləğ çıxılır. İddiaçı heç bir halda az qiymətləndirmədə maraqlı ola bilməz. 5000 manat icbari sığorta öhdəliyi var. 4900 manat icbari sığortanın öhdəliyi üzrə ödədiyi məbləğdir. Müqavilədən göründüyü kimi 100 manat azadolma məbləğidir. Yəni zərərçəkən 100 manat azadolma məbləğini icbari sığortadan özü alır, qalan 4900 manat sığorta şirkətinə ödənilir. Amma avtomobil hazırda məhv olub. Kasko sığorta müqaviləsinin şərtində qeyd olunmur ki, avtomobil 27 yaşından yuxarı 5 il təcrübəsi olan şəxs tərəfindən idarə olunmalıdır. O bənd onun üçündür ki, sığorta hadisəsi baş verəndə əgər onların sığortaladığı avtomobilin sürücüsü təqsirli bilinirsə, həmin vaxt sürücünün 27 yaşı və 5 il təcrübəsi yoxdursa, o zaman onlar vətəndaşa ödəniş etmirlər. Bu halda isə cavabdeh hadisədə özü təqsirli olub, onların sığorta şirkəti təqsirli olmayıb. Müqavilənin bəndinin əhəmiyyəti ondan ibarətdir. Əks halda sığorta şirkətlərindən pul almaq çətindir. Bu dəfələlərlə araşdırılır, pul ödəməmək üçün müqavilədə səhv axtarırlar. O hal zərəçəkən özü təqsirli olsaydı, tətbiq edilərdi. İndiki halda isə tətbiq edilmir. Təqsirli olan cavabdehdir. Əgər cavabdehin ekspert rəyinə etirazı yoxdursa, onun da zərər məbləği ilə bağlı ekspert rəyinə etirazı yoxdur. Avtomobilin dəyəri sığorta müqaviləsi bağlanan ildə 50000 manat məbləğində hesablanıb. Bunu sığorta aktından görmək mümkündür. Qalıq məbləğə etirazı yoxdur. Düşünür ki, işi uzatmağa ehtiyac yoxdur. Rəydə qeyd olunan 18430 manat məbləğlə razıdır.
İşin faktiki halı:
21. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2024cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Changan Qiyuan A06 PLUG-İN HİBRİD” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Atəşgah” SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək sığortalanmış “Toyota Camry” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törədib, zərərçəkmiş şəxsə maddi ziyan vurulub. **********807 nömrəli sığorta şəhadətnaməsinə və 133002 saylı sığorta aktına əsaəsn baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Camry” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanıb. Azadolma (franşiza) məbləği 100 AZN, sığorta dəyəri 50000 AZN (əlli min) olaraq müəyyən edilib. Törədilmiş inzibati xətaya görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati qaydada cərimə edilib. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2024-cü il tarixdə sığorta aktı tərtib edilib. sığorta hadisəsi zamanı yetirilmiş maddi ziyanın ümumi məbləği 51440 manat məbləğində müəyyən edilib. xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasında sığorta ödənişi kimi müəyyən edilmiş pul məbləği İddiaçı Sığorta Şirkəti ASC tərəfindən maddi zərərə uğramış Əliyev Ziyad Taqif oğlunun hesablarına 34900 (50000 (avtomobilin dəyəri)-15000 (qalıq hissələrinin dəyəri)-100 (azadolma məbləği)) manat məbləğində pul vəsaiti köçürülüb. Cavabdeh nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman "xxxx" ASC-də icbari qaydada sığortalı olduğu üçün, məbləğin 4900 AZN (dörd min doqquz yüz manat) hissəsi sonuncu tərəfindən iddiaçıya ödənilib. Bu səbəbdən iddiaçı ödədiyi sığorta ödənişindən 4900 manat məbləğini çıxaraq qalan 30000 manat məbləğində pulun ödənilməsini tələb edib.
Məhkəmə baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin övəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sıortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nifuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
25. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 37-ci maddəsinə (reqress tələbi hüququ) əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
26. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1 və 25.1.1. Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
Məhkəmənin mövqeyi:
27. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
28. Qeyd olunanlarla müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Changan Qiyuan A06 PLUG-İN HİBRİD” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək sığortalanmış “Toyota Camry” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törədib, zərərçəkmiş şəxsə maddi ziyan vurulub. Törədilmiş inzibati xətaya görə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati qaydada cərimə edilib. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığorta hadisəsi zamanı yetirilmiş maddi ziyanın ümumi məbləği 51440 manat məbləğində müəyyən edilib. xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasında sığorta ödənişi kimi müəyyən edilmiş pul məbləği İddiaçı Sığorta Şirkəti ASC tərəfindən maddi zərərə uğramış Əliyev Ziyad Taqif oğlunun hesablarına 34900 (50000 (avtomobilin dəyəri)-15000 (qalıq hissələrinin dəyəri)-100 (azadolma məbləği)) manat məbləğində pul vəsaiti köçürülüb. Cavabdeh nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman "xxxx" SŞ ASC-də icbari qaydada sığortalı olduğu üçün, məbləğin 4900 AZN (dörd min doqquz yüz manat) hissəsi sonuncu tərəfindən iddiaçıya ödənilib. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir.
29. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozub.
30. Araşdırma zamanı cavabdeh iddiaçının subroqasiya tələbini qəbul etməyib, avtomobilə dəymiş zərərin məbləğini mübahisələndirib. Məhkəmə, bu xüsusatı nəzərə alaraq zərərin həcminin müəyyən edilməsi məqsədilə əmlakın qiymətləndirilməsi aparılıb.
31. Məhkəmənin qərardadına əsasən Məhkəmə Ekspertizası Bürosu tərəfindən keçirilmiş qiymətləndirilməyə dair xx.xx.2025-ci il tarixli hesabata əsasən mütəxəssislər tərəfindən aparılmış araşdırmalar və təhlillərə əsasən **-NE-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobilin ehtiyat hissələrinin alınmasına və təmirinə xərclənməli olan vəsait məbləği iş materiallarında olan qüsur aktına uyğundurmu və aktda qeyd olunan ehtiyat hissələrinin, göstərilməli olan xidmətlərin qiymətləri real bazar qiymətlərinə uyğun deyil. Əgər Aktda göstərilən qiymətlər real bazar qiymətlərinə uyğun gəlmirsə-10 NE-017 dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobilə dəymiş maddi zərər real bazar qiymətləri ilə nə qədər müəyyən olunur və qeyd edilən zərərin aradan qaldırılması üçün tələb olunan xərc 38881 manat, **-NE-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobilin hazırda qalıq hissələrinin dəyəri 18430 manat təşkil edir.
32. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən: 33.2.2. avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması halında: 33.2.2.1. sığorta məbləğindən çox olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var: 33.2.2.1.1. avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya onları özü alır; 33.2.2.1.2. həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək.
33. Belə ki, iddiaçı zərər dəymiş “Toyota Camry” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin 50000 manat olduğunu nəzərə alaraq, avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin dəyərini 51440 manat kimi qeyd edib, avtomobilin tam məhv olması əsası ilə hazırda məhkəmədən avtomobilin dəyərindən, avtomobilin qalıq hissəslərinin dəyəri olan 15000 manat və 4900 manat sığorta ödənişini çıxmaqla iddianın təmin edilməsini xahiş edib.
34. Məhkəmə araşdırması zamanı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərc 38881 manat müəyyən edilib, həmin məbləğ isə avtomobilin bazar dəyərinin 75 %-dən daha çox hissəsini təşkil etdiyindən məhkəmə hesab edir ki, avtomobilin qalıqlarının dəyəri olan 18430 manat avtomobilin dəyərindən çıxılmalıdır.
35. Qeyd edilənlərə əsasən məhkəmə mütəxəssi rəyi ilə razılaşaraq (tərəflər həmin rəyi mübahisələndirməyiblər) istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı ilə cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir.
36. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərarının 4.78-ci bəndində göstərilib ki, nəzərə alınmalıdır ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyətdən irəli gələn zərərə görə pozuntunu törətmiş fiziki və hüquqi şəxslər məsuliyyət daşıyırlar. Onların məsuliyyəti yalnız bu zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi halda istisna edilir. Məsələn, şəxs avtomobili yol hərəkəti qaydalarına uyğun olaraq idarə edərkən güclü külək səbəbindən reklam lövhəsi qırılaraq, avtomobilin alın şüşəsinə çırpıldığından (qarşısıalınmaz qüvvə) sürücü idarəetməni itirərək, qarşıdakı piyadanı vurduğu halda, hadisəni törətmiş olan sürücünün məsuliyyəti istisna edilir. Başqa bir halda piyada bilərəkdən özünü hərəkətdə olan yol nəqliyyat vasitəsinin önünə ataraq (zərərçəkənin qəsdi) xəsarət alarsa, sürücü məsuliyyət daşımayacaqdır.
37. Hazırda isə göstərilən hallar cavabdehə münasibətdə müəyyən edilməmişdir.
38. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və 26570 (50000 (avtomobilin dəyəri)-18430 (qalıq hissələrinin dəyəri)-4900 (ödənilmiş sığorta ödənişi)-100 (azadolma məbləği)) manat sığorta ödənişi məbləği Cavabdeh tutulub, İddiaçı Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
Məhkəmə xərcləri:
39. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 180 manat dövlət rüsumu və 1,44 manat xidmət haqqı ödənilmişdir.
40. Bundan əlavə, işdə olan mütəxəssus rəyindən aydın olur ki, xidmət haqqı ödənilmişdir.
41. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 180 manat dövlət rüsumunun 159,4 manatı və 1,44 manat xidmət haqqının 1,3 manatı cavabdehə aid edilməli, qalan hissələri iddiaçıya aid edilməlidir.
Nəticə:
42. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, “Toyota Camry” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 26570 manat siğorta ödənişi məbləği, dövlət rüsumu qismində ödənilmiş 159,4 manat dövlət rüsumu və 1,3 manat xidmət haqqının əvəzi Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 20,6 manatı və ödənilmiş xidmət haqqının 0,14 manat İddiaçı Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə aid edil edilməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. “Toyota Camry” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 26570 manat siğorta ödənişi məbləği, dövlət rüsumu qismində ödənilmiş 159,4 manat dövlət rüsumu və 1,3 manat xidmət haqqının əvəzi Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 20,6 manatı və ödənilmiş xidmət haqqının 0,14 manat İddiaçı Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva