Məhkəmə qərarları › İş №e-2(007)-2769/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2769/2024

28.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2769/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən kondisionerin təmiri üçün cavabdehə verdiyi 260 manat məbləğində pul vəsaitinin, LG markalı kondisionerin özünün və ya onun Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3327 saylı rəyinə əsasən müəyyənləşdirilən bazar qiyməti olan 550 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xərcin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşadığı mənzildə kondisioner təmiri üçün Cavabdeh ilə razılaşmışdır. Cavabdeh evdəki kondisionerə baxış keçirərək həmin kondisionerin evdə təmirinin mümkün olmadığını, kondisionerin təmir olunması üçün onun yerindən sökülərək müvafiq təmir mərkəzinə aparılmalı olduğunu ona bildirdi. Müvafiq işlərin görülməsi üçün cavabdeh ondan 260 manat məbləğində pul tələb etdi. Pulu aldıqdan sonra kondisioneri sökərək aparan cavabdeh dəfələrlə əlaqə saxlamağına baxmayaraq nə kondisioneri, nə də ona təmir üçün verdiyi pulu geri qaytarmamışdır. Cavabdehin əvvəllər də dəfələrlə belə qanunsuz əməlləri olmuşdur. Cavabdeh ilə danışıq aparmaq üçün onun evinə gedərkən yaşadığı məhəllədə olan şəxslər cavabdehin ondan əlavə 4-5 nəfər tərəfindən axtarıldığını və həmin şəxslərin də müxtəlif ev əşyalarının cavabdeh tərəfindən təmir adı ilə götürülərək geri qaytarılmadığından şikayət etdiklərini bildirdilər. Cavabdehin belə bir fəaliyyət ilə məşğul olduğuna əmin olduqdan sonra hüquqlarının müdafiəsi üçün tərəfimdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinə dəfələrlə müraciət ünvanlansa da həmin İdarənin müxtəlif əməkdaşları tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərarlar qəbul olunmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərarlar Yasamal Rayon Prokurorluğunun müvafiq əməkdaşları tərəfindən bir neçə dəfə ləğv edilərək material üzrə əlavə araşdırmanın aparılması məqsədilə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə qaytarılmışdır. Yuxarıda qeyd olunanlara baxmayaraq ödənilmiş 260 manat məblğində pulu və kondisioneri cavabdehdən almaq mümkün olmamışdır.

İş materialları :

3. Yasamal RPİ-nin 29-cu PŞ-nin xx.xx.2022-ci il tarixli, “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material Yasamal RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır.

4. Yasamal RPİ-nin İŞ-nin xx.xx.2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.

5. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

6. İddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh tərəfindən məhkəmə iclas zalında 600 manat məbləğində pul vəsaiti təqdim edildiyi üçün iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Tərəflərin mövqeləri :

7. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdehlə aralarında olan razılıq əldə edilmişdir. Belə ki, razılığa əsasən, cavabdeh tərəfindən ona dəymiş ziyana görə 600 manat pul ona verildiyi üçün iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizəyə əsasən iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.

İşin faktiki halı :

9. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə məhkəmənin baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçıya 600 manat məbləğində ödəniş edilmişdir. İddiaçı məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etməsini qəbul edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə. Məhkəmənin mövqeyi :

11. Məhkəmə iddia ərizəsini və iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.

12. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul olunduqda məhkəmə iş üzrə icraata xitam verir.

13. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə baxış iclası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 600 manat məbləğində pul vəsaitinin ödənildiyi üçün iddiadan imtina etdiyini, cavabdeh isə ərizəyə əsasən iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.

14. İddiaçının tələbindən imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur.

15. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (MPM maddə 52.5).

16. Məhkəmə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiadan imtina etməsi haqqında ərizəni iş materailları, işin halları ilə birlikdə araşdıraraq qeyd edir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur.

17. Bu səbəbdən də, iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir.

18. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

19. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.

Nəticə :

20. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən baxış icraatı mərhələsində iddiadan imtina olunması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddı̇ açi Əsgərov Natı̇ q Əlı̇ oğlunun iddı̇ a tələbı̇ ndən imtı̇ nası qəbul edı̇ lsı̇ n. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar