Məhkəmə qərarları › İş №e-2(007)-317/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-317/2024

26.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-317/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddia İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs2, Hümbətova (Tağıyeva) Sevil İsa qızı, Maraqlı şəxs1 və Maraqlı şəxs4 cəlb olunmaqla, “miras əmlakın satılması, miras qoyana çəkilmiş xərclərin ödənilməsi və pul vəsaitinin vərəsələr arasında bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2, Hümbətova (Tağıyeva) Sevil İsa qızı, Maraqlı şəxs1 və Maraqlı şəxs4 cəlb olunmaqla, “miras əmlakın satılması, miras qoyana çəkilmiş xərclərin ödənilməsi və pul vəsaitinin vərəsələr arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum anaları X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə onun 6 vərəsəsi, Tağıyeva (Seyidova) Zenfira İsa qızı, X15, Maraqlı şəxs1, Cavabdeh, Maraqlı şəxs2, Maraqlı şəxs4 iki yerdə, ünvan 1 ünvanında yerləşən 3 otaqlıya düzəldilmiş, 2 otaqlı mənzil, Bərdə şəhəri, ünvan 2nda yerləşən 0.0566 ha həyətyanı torpaq sahəsi və sahəsi 297.9 kv.m olan fərdi yasayış evi miras qalmışdır. Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)-589/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən mənzil və Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və sahəsi 297.9 kv.m olan fərdi yaşayış evi qanun üzrə vərəsələrin hər birinin payı 1/6 hissə olmaqla bölünmüşdür. Miras qalmış əmlakların naturada bölünməsi mümkün deyildir. Həmin əmlakların satılaraq bölünməsi zəruridir. Miras qoyanın ölümündən əvvəl, xəstə olduğu 10 il müddəti (5 il Bakı şəhərində, son 5 ili Bərdə şəhərində) ərzində onun bütün qayğılarını, ona baxılması, müayinə və müalicələrinin təşkili (onkoloji xəstə olmuşdur), maddi təminatını, öldükdən sonra dəfn və hüzür mərasimlərini Tağıyeva (Seyidova) Zenfira isa qızı həyata keçirmişdir. Həmin xərclər aşağıdakılardan ibarət olmuşdur, Bakı şəhərində olduğu zaman 2011-2015-ci illərdə, 5 il, 12 ay, 200 manat, cəmi 12.000 manat (xəstəyə günaşırı baxan hər baxıcıya ödənilən 200 manat hesabı ilə), 3il, 12 ay, 100 manat, cəmi 3.600 manat (Gülya adlı baxıcıya şənbəbazar günlərinə) 4 ay, 200 manat, cəmi 800 manat (Almaz adlı baxıcıya), 1000 manat Sevil bacıya, 4 iynə, 400 manat, cəmi 1600 manat (Modern hospitalın həkimi Əfqana), 5 il, 12 ay, 300 manat, cəmi 18.000 manat bazarlıq, 2 ay, 30 gün, 20 manat, cəmi 600 manat (Zəminə və Nərgizə baxıcılar), 27 günə 500 manat (Siyəzəndə qardaşı Məhəmmədin evində olanda baxıcıya), Bakıda olduğu vaxt cəmi 38.100 manat. Bərdə şəhərində olduğu zaman 2016-2020-ci illərdə: 5 il, 12 ay, 200 manat cəmi 12.000 manat (baxıcılara), 5 il, 12 ay, 200 manat, cəmi 12.000 manat (hər ayda 1 dəfə bazarlıq), 5 ildə 9 ədəd “Prole Aklasme” iynələrinin (Bakıdan buzun içərisində taksi ilə göndərdiyi və tibb bacısı Təranə Rəhimova tərəfindən anaya vurulması); 4 ədədi, 400 manat, cəmi 1.600 manat, 5 ədədi 500 manata, cəmi 2.500 manat, cəmi 4.100 manat, 1 il, 12 ay, 70 manat, cəmi 840 manat (ayda 1 dəfə vurulan iynə) Kolyaska 400 manat, qarşok 100 manat, xodunok 4 ədəd 100 manat, cəmi 400 manat, dəfn, cümə axşamları, il dönümü xərcləri 5500 manat, Bərdə şəhərindəki evdə anasının vəsiyyətinə əməl edərək, onun ölümü ərəfəsində və ölümündən sonra tualetin təmiri üçün 340 manat, su çəkmək üçün 470 manat, hamamın təmiri üçün 481 manat, su çəninin qoyulması üçün 1200 manat, istilik peçinin alınması və quraşdırılması üçün 300 manat, cəmi 2771 manat; cəmi Bərdə şəhərindəki xərclər 38.111 manat olmuşdur. Beləliklə, miras qoymuş ananın xəstəliyi zamanı, miras qoyana qulluq və onun müalicəsi, dəfni, cümə axşamlarının və ilin verilməsi, Bərdədəki mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətinin icrası ücün cəmi 76.211 (yetmiş altı min iki yüz on bir) manat xərclər yalnız iddiaçı tərəfindən qarşılanmış və ödənilmişdir, hesabatda göstərilənlər Nizami Rayon Məhkəməsində sonradan icraatına xitam verilmiş 2(007)-3424/2021 saylı xx.xx.2021-ci il tarixli mülki işə baxıldığı zaman (anasının xəstə olması və xərcləri) məhkəmə prosesində ifadə verən şahidlər və təqdim etdiyi sənədlər və maraqlı şəxslərin etirafları ilə tam təsdiqini tapmışdır. Vərəsələrdən Cavabdeh miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzili mənimsəyərək, digər varislərin miras əmlaka hüquqlarını tanımaq istəmir, məsələnin qarşılıqlı anlaşma şəraitində həll olunmasına razılıq vermir. Odur ki, analarından qalmış ünvan 1 ünvanında yerləşən mənzil və Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və sahəsi 297,9 kv.m olan fərdi yaşayış evinin satılması, əldə olunmuş vəsaitdən 76.211 (vetmis altı min iki yüz on bir) manatının iddiaçı Tağıyeva (Seyidova) Zenfira İsa qızına verilməsi, qalan vəsaitin 1/6 pay hesabı ilə 6 vərəsə Tağıyeva (Seyidova) Zenfira İsa qızı, X15, Maraqlı şəxs1, Cavabdeh, Maraqlı şəxs2, Maraqlı şəxs4 arasında bölünməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən, analarından miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzilin və Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və sahəsi 297.9 kv.m olan fərdi yaşayış evinin satılması, əldə olunmuş vəsaitdən 76.211 (yetmiş altı min iki vüz on bir) manatının iddiaçı Tağıyeva (Seyidova) Zenfira İsa qızına verilməsi, qalan vəsaitin 1/6 pay hesabı ilə 6 vərəsə Tağıyeva (Seyidova) Zenfira İsa qızı, X15, Maraqlı şəxs1, Cavabdeh, Maraqlı şəxs2 və Maraqlı şəxs4 arasında bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 02 yanvar 2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə təqdim edərək ərizəsində göstərmişdir ki, X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən 3 otaqlıya düzəldilmiş, 2 otaqlı mənzilin bazar qiyməti hazırda 135.000 (bir yüz otuz beş min) manatdır, Bərdə şəhəri, ünvan 2nda yerləşən 0.0566 ha həyətyanı torpaq sahəsi və sahəsi 297.9 kv.m olan fərdi yasayış evinin hazırda bazar qiyməti 75.000 (yetmiş beş min) manatdır. Miras qoyanın vərəsələri qismində tanınmış 6 nəfərdən İddiaçıdır. Qalan 5 nəfər vərəsələrdən 4 nəfəri, İddiaçı 10 il xəstə vaxtlarında analarına təkbaşına baxdığını, ilkin iddia ərizəsində göstərdiyi məbləğdə xərcləri çəkdiyini, çəkdiyi xərclərin miras əmlakların satılmasından əldə olunmuş vəsaitdən ona ödənilməsi tələbini haqlı hesab edərək, irəli sürdüyü iddia tələblərini etiraf etməklə, hər 4 nəfər maraqlı şəxslər notariat qaydasında təsdiq olunmuş ərizələrini məhkəməyə təqdim etmişlər. Bu faktları sübut edən çoxsaylı səkillər, müayinə və müalicə sənədləri tərəflərindən elektron məhkəmə sistemi vasitəsi ilə mülki işə əlavə edilmişdir. Bundan əlavə Nizami Rayon Məhkəməsində 2021 -ci ildə baxılmış 2(007)- 3424/2021 saylı mülki iş üzrə şahid qismində dindirilmiş şahidlərin ifadələri qeyd olunmuş məhkəmə iclası protokollarının kserosurətləri hazırda baxılan mülki işə əlavə olunmuşdur. Həmin şahidlər, ifadələrində həqiqətən xərçəng xəstəliyinə mübtəla olmuş anasına uzun müddət (10 il) baxdıqlarına görə iddiaçının onlara külli miqdarda zəhmət haqqı ödədiyini, bu zaman xəstə anasını müayinə və müalicələrə apardığını, müxtəlif bahalı dərmanları alaraq müalicələrə sərf etdiyini təsdiqləmişlər. Onlardan əlavə çəkdiyi xərcləri təsdiq edəcək çox saylı şahidləri dindirmək üçün məhkəməyə təqdim edəcəkdir. Miras qoyan ana onunla bahəm, həm də digər vərəsələrin anası olmuşdur. Lakin, digər vərəsələr ana üçün ardıcıl, fasiləsiz, dözümlə iddiaçının etdiklərinin heç birini etməmişlər və yaxud Məhəmməd istisna olmaqla heç etmək imkanında da olmamışlar. Bu qəbildən olan xəstəyə baxmağın və xərclərinin qarşılanmasının çətinliyini yalnız o işi konkret görmüş şəxslər qiymətləndirə bilərlər. O miras qoyanın övladıdır. Övladlar valideyninə baxmağa borcludur. Lakin, 10 il anaya baxdığı müddətdə onun məruz qaldığı çətinlikləri və xərcləri təkcə övladlıq borcu kimi qiymətləndirmək çox böyük ədalətsizlik olardı. Vərəsələrdən Məhəmməd istisna olmaqla, hamı miras qalmış mənzillərin açıq hərracdan satılmasına razıdırlar. Qeyd etmək lazımdır ki, Cavabdeh ilə razılığa gəlmək üçün ona iddiaçı tərəfindən müraciət olunmuş, o, görüşməkdən imtina etmiş, ümumiyyətlə iddiaçının təklifinə fikir bildirməmişdir. Göstərilənlərə əsasən, anaları X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən, 3 otaqlıya düzəldilmiş 2 otaqlı mənzilin ilkin satış qiyməti 135.000 (bir yüz otuz beş min) manata olmaqla və Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və sahəsi 297.9 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti qiyməti 75.000 (yetmis beş min) manata olmaqla hərracda satılması, əldə olunmuş vəsaitdən 76.211 (yetmiş altı min iki vüz on bir) manatının iddiaçı Tağıyeva (Seyidova) Zenfira İsa qızına verilməsi, qalan vəsaitin 1/6 pay hesabı ilə 6 vərəsə Tağıyeva (Seyidova) Zenfira İsa qızı, X15, Maraqlı şəxs1, Cavabdeh, Maraqlı şəxs2 və Maraqlı şəxs4 arasında bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinə etirazla müraciət edərək, etirazında göstərmişdir ki, iddiaçı X13 Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs1 və Maraqlı şəxs4 qızına qarşı "miras əmlakların satılması və əldə olunmuş vəsaitin vərəsələr arasında bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir. İddiaçının iddia ərizəsində satılması tələb edilən miras əmlaklar iddiaçı X8, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs1 və Maraqlı şəxs4 qızın ümumi paylı mülkiyyətindədir. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin müvafiq müddəaları ilə tənzimlənir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi).Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göründüyü kimi Konstitusiya Məhkəməsinin müvafiq qərarında formalaşmış hüquqi mövqedən müəyyən edilir ki, ilk növbədə payının ayrılmasını tələb edən maraqlı mülkiyyətçi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməlidir. Əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Hazırki iddia tələbində isə iddiaçı tərəfindən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmədən, Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara riayət edilmədən birbaşa əmlakın satılması tələb edilir. Bu cür tələb isə Mülki Məcəllənin 220-ci maddəsinin və Konstitusiya Məhkəməsinin müvafiq qərarının tələblərinə ziddir. İddia tələbi miras əmlakların satılmasından sonra əldə olunmuş vəsaitdən 76.211 (yetmiş altı min iki yüz on bir) manatın iddiaçıya verilməsi hissəsində də tamamilə əsassızdır. Belə ki, iddiaçı hüquqi əsas kimi Mülki Məcəllənin 1157-ci maddəsinə istinad etsə də, həmin maddə miras əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclərin ödənilə bilməsi münasibətlərini tənzimlənir. Həmin maddədə bu növ tələblərin üstün qaydada ödənilməli olması qeyd olunur. Göründüyü kimi 1157-ci maddə ödənilməyən xərclərlə bağlı tələblərin digər tələblərə nisbətən daha üstün qaydada ödənilməli olması ilə bağlı münasibətləri tənzimləyir. Qeyd olunan maddə miras şərikləri olan vərəsəyə miras əmlakdan daha üstün pay almaq hüququnu vermir. Eyni zamanda işin faktiki hallarından müəyyən edilir ki, tələb olunan xərclərin miras qoyanın sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi ilə ümumiyyətlə bağlığı olmamışdır və Mülki Məcəllənin 1157-ci maddəsində nəzərdə tutulan hər hansı ödənilməmiş tələb mövcud deyildir. İddia ərizəsində heç bir mötəbər sübutla təsdiq olunmayan 10 il müddətinə çəkilmiş xərclər göstərilmişdir. Həmin xərclər arasında hətta bazarlıq, tualet təmiri ilə bağlı xərclər də qeyd olunmuşdur. Bu baxımdan miras əmlakların satılmasından sonra əldə olunmuş vəsaitdən 76.211 (yetmiş altı min iki yüz on bir) manatın iddiaçıya verilməsi ilə bağlı tələbin heç bir hüquqi əsası mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbini əsassız hesab etmiş və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, o anasına 2010-cu ildən 2015-ci ilə qədər Bakı şəhərində, 2015-ci ildən etibarən Bərdə şəhərində baxmışdır. Anası onkoloji xəstə olmuşdur. Onların əvvəlki məhkəmə işində anasına baxan baxıcılar şahid kimi dindirilmişlər. Əfqan adlı həkim onun anasını əməliyyat etmişdir. O, anaslna 500 manatlıq iynələr vurdurmuşdur. Anasına yoldaşının pulu ilə və onun imkanı sayəsində anasına baxmışdır. O on il anasına baxmış və xərclər çəkmişdir. O özü Bakıda, anası isə Bərdədə yaşamış və o anasına baxılması üçün baxıcılara aylıq 200 manat ödəmişdir. O, mübahisə predmeti olan əmlakların qiymətləri ilə maraqlamış, Bakı şəhərində yerləşən evi 120.000 manat dəyərində, Bərdə şəhərində yerləşən evi isə 75.000 manat dəyərində satmaq mümkündür. Qeyd etdiklərinə əsasən, miras əmlakların satılaraq vərəsələr arasında bölünməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisə iki əmlakın satılıb bölünməsi üzrədir. Əmlaklardan biri Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşir. Vərəsəlik üzrə paylar məhkəmə qaydasında 1/6 hissə olmaqla müəyyən edilmişdir. Bərdə şəhərində yerləşən evin qiyməti təxminən 60000-70000 manat təşkil edir. Bakı şəhərində yerləşən ev isə təxminən 120.000-135.000 manat dəyərindədir. İddiaçı vəfat etmiş anası üçün çəkdiyi xərcləri də tələb edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər iddianın təmin edilməsinə razıdır. Miras əmlakların satılması zəruridir. Çünki həmin əmlakların naturada bölünməsi mümkün deyil. İddia tələbi qanunidir. Buna görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, miras əmlak 1/6 hissədə paylara bölünmüşdür. İddiaçının dedikləri qətiyyən yalandır və o, iddiaçının dediklərini qəbul etmir. Analarının bir ilinə iki ay qalmışdı ki, mərhumun qəbrinin üstü götürülməmiş və bunu cavabedeh etmişdir. Göstərdiklərinə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, Mülki Məcəllənin 220-ci maddəsi və Konstitusiya Məhkəməsinin qərarı ilə müəyyən olunur ki, bu halda paylı mülkiyyət üzrə əmlakın satılması ilə bağlı tələb irəli sürülə bilməz. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin razılıq ərizələri isə, onlar cavabdeh olmadıqlarından etiraf hesab edilmir. Etiraz ərizəsini və göstərdiklərini nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 iddiaçının göstərdiklərinə etiraz etməyərək bildirdi ki, iddiaçı həqiqətən analarına baxmışdır. Onun imkanı olmamış və Zenfiranın imkanı olduğundan anaları üçün xərc çəkmişdir. İddianın təmin edilməsinə etiraz etmir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 iddiaçının göstərdiklərinə etiraz etməyərək bildirdi ki, həmin əmlak analarının onlara mirasıdır. Evin əşyalarını Zenfira almışdır. Bu səbəbdən iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs3 iddiaçının göstərdiklərinə etiraz etməyərək bildirdi ki, analarına baxılması ilə əlaqədar xərcləri həqiqətən də Zenfira çəkmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməsinə etiraz etmir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Hümbətova (Tağıyeva) Sevil İsa qızı, Maraqlı şəxs1 və Maraqlı şəxs4 hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(007)- 3424/2021 saylı qərardadının surətindən görünür ki, iddiaçı X9 cavabdehlər Cavabdeh, Maraqlı şəxs2, Hümbətova (Tağıyeva) Sevil İsa qızına, Maraqlı şəxs1, Maraqlı şəxs4, Bakı şəhəri 50 saylı notariat kontoruna qarşı “miras əmlaklarına qanun üzrə vərəsəlik hüquqlarının tanınması, miras əmlakların qiymətləndirilərək satılması və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarışın surətindən görünür ki, Bərdə şəhəri, ünvan 4 ********** qeydiyyat nömrəsi ilə 23 fevral 2021-ci il tarixdən X2 xüsusi mülkiyyətində olmuşdur. -19 iyul 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı, Cavabdeh, Maraqlı şəxs2, Hümbətova (Tağıyeva) Sevil İsa qızı, Maraqlı şəxs1 və Maraqlı şəxs4 X2 vərəsələridir və onların hər biri miras əmlakdan 1/6 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X3 məxsus Bərdə şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 297.9 kv.m olan yaşayış evindən və həmin fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 0.0585 ha olan torpaq sahəsindən ibarətdir. -19 iyul 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı, Cavabdeh, Maraqlı şəxs2, Hümbətova (Tağıyeva) Sevil İsa qızı, Maraqlı şəxs1 və Maraqlı şəxs4 X2 vərəsələridir və onların hər biri miras əmlakdan 1/6 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X3 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 40.9 kv.m olan mənzildən ibarətdir. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e-2(007)- 589/2023 saylı qətnamənin surətindən görünür ki, İddiaçı cavabdehlər Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs2, Cavabdeh, Maraqlı şəxs4 və Bakı şəhəri 50 saylı Notariat ofisinə qarşı “mirasın vərəsələr arasında bölünməsi və bölünmüş əmlaka vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən mənzil və Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və 297.9 kv.m olan fərdi yaşayış evinin qanun üzrə vərəsələr arasında hər birinə 1/6 hissədə pay verilməklə bölünməsi, bölünmüş əmlaka qanun üzrə vərəsəlik hüquqlarının tanınması və vərəsələrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 50 saylı Notariat Kontorunun üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. -İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün cavabdehə müraciət etmişdir. -Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin MH seriyalı, 085299 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ev 15 may 1997-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. -AZ-İİ seriyalı, 094095 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 11 iyun 2020-ci il tarixdə, Bərdə rayonunda beyindaxili qansızma nəticəsində vəfat etmişdir. -14 fevral 2023-cü il tarixli aktın surətindən görünür ki, X5, X16, X17, X14 və Cavabdeh akt tərtib edərək bildirmişlər ki, həqiqətən mərhum X7 2013-cü ildən vəfat etdiyi tarixə kimi Siyəzən rayonu, Sədan kəndində oğlu Cavabdeh məxsus fərdi yaşayış evində, hər il yay aylarında oğlu ilə birlikdə yaşamışdır. - X3 məxsus fotoşəkillərin surəti, şahid ifadələrinin əks olunduğu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3424/2021 saylı mülki iş üzrə protokolunun surəti sübut əhəmiyyətinə malik olduğundan məhkəməyə təqdim edilmişdir. -Medical Centre tibb mərkəzinin bel-oma KT müayinəsi barədə sənədi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi Mammoloji mərkəzin ultrasəs müayinəsi barədə sənəd, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin ambulator-poliklinik şöbənin arayışı, Loğman klinikasının ultrasonoqrafiya sənədi, Ömürdən Pay klinikasının videokolonoskopiya barədə sənədi, Azərbaycan Tibb Universitetinin X6 epikrizləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin rentgen müayinənin protokolu, həkim X4 yazdığı resepti sübut əhəmiyyətinə malik olduğundan iş materiallarına əlavə edilmişdir. -Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs1 notarial qaydada təsdiq olunmuş ərizələri məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bərdə şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 297.9 kv.m olan yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 0.0585 ha olan torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 40.9 kv.m olan mənzil X2 adına qeydiyyata alınmışdır. X7 11 iyun 2020-ci il tarixdə, Bərdə rayonunda beyindaxili qansızma nəticəsində vəfat etmişdir. İddiaçı, Cavabdeh, Maraqlı şəxs2, Hümbətova (Tağıyeva) Sevil İsa qızı, Maraqlı şəxs1 və Maraqlı şəxs4 X2 vərəsələri olmaları və onların hər birinin miras əmlakdan 1/6 hissədə pay almaları 19 iyul 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e-2(007)-589/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs2, Cavabdeh, Maraqlı şəxs4 və Bakı şəhəri 50 saylı Notariat ofisinə qarşı “mirasın vərəsələr arasında bölünməsi və bölünmüş əmlaka vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən mənzil və Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və 297.9 kv.m olan fərdi yaşayış evinin qanun üzrə vərəsələr arasında hər birinə 1/6 hissədə pay verilməklə bölünməsi, bölünmüş əmlaka qanun üzrə vərəsəlik hüquqlarının tanınması və vərəsələrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 50 saylı Notariat Kontorunun üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, analarından miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin və Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və sahəsi 297.9 kv.m olan fərdi yaşayış evinin satılması, əldə olunmuş vəsaitdən 76.211 (yetmiş altı min iki vüz on bir) manatının İddiaçı verilməsi, qalan vəsaitin 1/6 pay hesabı ilə 6 vərəsə İddiaçı, X15, Maraqlı şəxs1, Cavabdeh, Maraqlı şəxs2 və Maraqlı şəxs4 arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı sözügedən əmlaklara münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq olunmasına riayət etməmişdir. O, ilk növbədə payının ayrılmasını tələb edərkən öz payının naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etməmiş və birbaşa miras əmlakın hərracda satılaraq vərəsələr arasında bölünməsini tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı ilə formalaşdırılmış mövqeyə zidd olduğundan, miras əmlakın hərracda satılması və əldə olunan vəsaitin vərəsələr arasında bölünməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Məhkəmə iddianın miras əmlakın hərracda satılmasından əldə olunmuş vəsaitdən 76.211 (yetmiş altı min iki vüz on bir) manatın iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd edir ki, bu tələb ilkin tələbdən törəmədir, iddiaçı əvvəl miras əmlakın hərracda satılmasını, daha sonrra həmin əmlakın hərracda satılması nəticəsində əldə olunmuş pul vəsaitindən müəyyən qədər hissənin ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbini miras əmlakın hərracda satılaraq vərəsələr arasında bölünməsi hissəsində təmin etmədiyindən həmin də tələb təmin edilməməlidir. Bundan başqa, iddiaçı əmlakın hərracda satılması ilə əldə olunan vəsaiti tələb edərkən miras qoyana qulluq etməsi və onun xəstəliyi ilə bağlı xərcləri təmin etməsini əsas gətirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı miras qoyana on il qulluq etməsini və xəstəliyi ilə əlaqəli xərclər çəkdiyini göstərsə də, bunları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir və iddiaçının pul tələbinin sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi ilə ümumiyyətlə bağlığı sübuta yetirilmir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsi, tələb olunan xərclərin miras qoyanın sonuncu xəstəliyi zamanı ona qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclərin miras əmlakdan ödənilməsini nəzərdə tutur və miras şərikləri olan vərəsəyə miras əmlakdan daha üstün pay almaq hüququnu vermir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2, Hümbətova (Tağıyeva) Sevil İsa qızı, Maraqlı şəxs1 və Maraqlı şəxs4 cəlb olunmaqla, “miras əmlakın satılması, miras qoyana çəkilmiş xərclərin ödənilməsi və pul vəsaitinin vərəsələr arasında bölünməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2, Hümbətova (Tağıyeva) Sevil İsa qızı, Maraqlı şəxs1 və Maraqlı şəxs4 cəlb olunmaqla, “miras əmlakın satılması, miras qoyana çəkilmiş xərclərin ödənilməsi və pul vəsaitinin vərəsələr arasında bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar