Məhkəmə qərarları › İş №e-2(007)-3321/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3321/2024

29.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3321/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs3 hüquqi varisi Maraqlı şəxs1 qarşı “barışıq sazişinin hissəvi təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “barışıq sazişinin hissəvi təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesinin (mediator Niyaz Ələkbərov) nəticəsində onunla Maraqlı şəxs3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 01129 nömrəli barışıq sazişinin ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın aralarında bərabər şəkildə bölünməsi hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla mərhum həyat yoldaşı Maraqlı şəxs3 arasında AR Ağdaş r/n İ.H.B-nın Qülbəndə kənd icra nümayəndəliyinin mərkəzi qeydiyyat şöbəsində xx.xx.2004-cü ildə nikah qeydə alınmışdır. Nikahın bağlanması haqqında akt qeydləri kitabının 13 №-si ilə nikah qeydə alınmış AZ-İ № 129719 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(014)- 163/2024 saylı qətnaməsinə əsasən nikah pozulmuşdur. Mingəçevir 1 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixli, 01129 nömrəli barışıq sazişinə əsasən birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak aralarında bərabər şəkildə bölünmüşdür. Qeyd edir ki, birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2018-ci il tarixdə Maraqlı şəxs3 adına daşınmaz əmlakın dövlət reyestrində 986 nömrəli reyestr kitabının 88563 nömrəli vərəqində qeydiyyata alınmışdır. Keçmiş həyat yoldaşı Maraqlı şəxs3 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. AR ƏN Ağdaş Rayon Notariat Ofisinə vərəsəlik işi ilə bağlı müraciət olunmuşdur. AR ƏN Ağdaş Rayon Notariat Ofisinin 04 sentyabr 2024-cü il tarixli 456 saylı cavab məktubunda qeyd olunan məsələnin notariusun səlahiyyətinə aid olmadığı, barışıq sazişinin təsdiq edilməsinə dair müvafiq ərizə ilə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Daha sonra, ərizəçinin nümayəndəsi-vəkili Vəkil MPM-in 53-cü maddəsinə əsasən dəqiqləşmə barədə ərizə təqdim edərək, Maraqlı şəxs2 maraqlı şəxslər siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi-vəkili Vəkil ərizənin dəlillərini müdafiə edib, əlavə olaraq izahatında bildirdi ki, Maraqlı şəxs3 rəhmətə gedib. Hüquqi varis Maraqlı şəxs1 onun övladıdır. Laçın müəllim vəfat etməmişdən qabaq bildirmişdi ki, mübahisə istəmir və buna görə də Aysel xanım ilə barışıq sazişi bağlamışdı. Hazırda Aysel xanım nikah pozulduğundan vərəsə kimi tanımırlar. Buna görə barışıq sazişinin təsdiq edilməsinə zərurət yaranıb. Ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs1 (Maraqlı şəxs3 hüquqi varisi) məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, mərhum Maraqlı şəxs3 vəfatından sonra Ağdaş rayon notariat ofisində vərəsəlik işi açılmış və Maraqlı şəxs1 xx.xx.2024-cü ildə mərhum Maraqlı şəxs3 (miras qoyan) qanun üzrə vərəsəsi qismində tanınmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi İddiaçı ilə Maraqlı şəxs3 arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesində barışıq sazişi bağlanmışdır və barışıq sazişi əsasında müəyyən edilmişdir ki: 1) 20 avqust 2004-cü il tarixdə Ağdaş rayon İHB-nın Qülbəndə kənd İƏD üzrə nümayəndəliyində 13 nömrə ilə qeydə alınmış Nikah aktı pozulur. 2) Tərəflər arasında nikah pozularkən onların ümumi övladları olan 19 iyul 2007-cı il tarixdə anadan olmuş X1 ananın himayəsində saxlanılır və 2-ci tərəf uşağın saxlanması üçün 1-cl tərəfə 2023-cü ilin noyabr ayının 01-dən başlayaraq uşaq yetkinlik yaşına çatanadək hər ay, 150 (yüz əlli) manat məbləğində vəsait (aliment) ödəyir. 3) Tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak tərəflər arasında bərabər şəkildə bölünür. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli, 01129 saylı barışıq sazişinin əmlakın bölünməsinə dair hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı ilə Maraqlı şəxs3 arasında xx.xx.2023-cü il tarixində, mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı (Saziş üzrə Birinci Tərəf) ilə Maraqlı şəxs3 (Saziş üzrə İkinci Tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, 01129 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak tərəflər arasında bərabər şəkildə (1/2 hissədə) bölünsün. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar