Məhkəmə qərarları › İş №e-2(007)-394/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-394/2025

12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-394/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abdulova Lalə Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. Təxminən fevral ayında Cavabdeh ondan 5000 manat məbləğində borc pul istəmişdir. O da ona bildirmişdir ki, onda 5000 manat yoxdur, o, cavabdehə 1800 manat məbləğində borc verə bilər. Beləliklə, o, xx.xx.2024-cü ildə Cavabdeh 1800 manat məbləğində borc pul vermişdir. Bu şərtlə ki, o iddiaçıya bu borcu 2024-cü ilin mart ayının axırına kimi verməli idi. Onlar razılaşsalar da, cavabdeh ona hələ də 1800 manat borcu qaytarmamışdır. Dəfələrlə onunla telefon əlaqəsi saxlamış, pulunun geri qaytarılmasını tələb etmişdir. O hər dəfə ona bir bəhanə gətirərək pulu verməkdən yayınmışdır. Sonuncu dəfə xx.xx.2024-cü ildə telefon vasitəsilə əlaqə saxlamaq istəmişdir. Anası Roza xanım onunla kobud danışmış və bildirmişdir ki, ona pulu verməyəcəklər. Bütün olanlardan sonra artıq başa düşmüşdür ki, cavabdeh onu aldatmışdır. O, ondan dəfələrlə 1800 manat məbləğində borcu istəsə də, o, pulu verməkdən yayınmışdır. Hətta telefon zənglərinə belə cavab verməmişdir. Odur ki, o da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Göstərilənlərə əsasən, bu iş üzrə Cavabdeh 1800 manat məbləğində pulunun və iddia ərizəsinin yazılması, hüquqi xidmətlər üçün ödədiyi 50 manat və məhkəməyə ödənilmiş 38 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh ondan 5000 manat pul istəmiş, o isə, cavabdehə 1800 manatı olduğunu deyərək, 12 martda borca pul vermişdir. Cavabdeh mart ayının axırına kimi qaytarmalı olsa da, 5 gün, 10 gün deyərək hələ də qaytarmamışdır. Məhkəməyə təqdim etdiyi kart hesabı ona aiddir. Cavabdehin anasına 500 manat bir, 370 manat da bir olmaqla, ümumilikdə 870 manat borc vermişdir. O, dayanmadan zəng etdiyi üçün manato.az və azpulmat saytlarından pul götürüb ona vermişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında videkonfrans vasitəsilə iştirakı təmin edilmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, hazırda Bakı İstintaq təcridxanasındadır. O, iddiaçıdan 1800 manat borc almışdır. Lakin 800 manat pulu ona geri qaytarmışdır. Hazırda iddiaçıya 1000 manat borcu qalmışdır. Bu barədə qəbzlər də var. Cavabdeh məhkəmənin baxış iclasında iştirak etməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1800 manat borcu var. Cavabdeh bu borcu mart ayının axırına kimi qaytarmağa söz vermişdir. Hər iki tərəf qəbzi imzalamaqla təsdiq etmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 38 manat dövlət rüsumu ödənilmişdir; -01 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. Həmin CD diskdə olan səs yazıları ilə müəyyən edilir ki, İddiaçı “Roza” və “Lalə” kimi xitab etdiyi şəxslərlə danışaraq, onlara verdiyi pulu tələb etmiş, sonuncular isə ödəyəcəklərini bildirmişlər. Səs yazılarından birində isə sonuncu şəxslərdən biri Rasim üzr istəməzsə, pulu ödəməyəcəyini bildirmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Vəliyeva Rozaliyə məxsus, Leobank kartından, 418249****2860 saylı Paşa Bank kartına 200 manat pul köçürülmüşdür. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Vəliyeva Rozaliyə məxsus, Leobank kartından, 418249****2860 saylı Paşa Bank kartına 200 manat pul köçürülmüşdür. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Vəliyeva Rozaliyə məxsus, Leobank kartından, 418249****2860 saylı Paşa Bank kartına 100 manat pul köçürülmüşdür. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Vəliyeva Rozaliyə məxsus, Leobank kartından, 418249****2860 saylı Paşa Bank kartına 100 manat pul köçürülmüşdür. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Vəliyeva Rozaliyə məxsus, Leobank kartından, 418249****2860 saylı Paşa Bank kartına 100 manat pul köçürülmüşdür. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 416973******4045 saylı kartdan, 418249******2860 saylı karta 100 manat pul köçürülmüşdür. -Paşa Banka məxsus bank kartının surətindən görünür ki, 418249******2860 saylı kart İddiaçı məxsusdur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 1800 manat borc pul vermişdir. Cavabdeh həmin pulu İddiaçı almış və bu borcunu, mart ayının sonuna kimi geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya həmin məbləğdə pul borcunun olmasını xx.xx.2024-cü il tarixdə əlyazması ilə iltizam yazaraq və imza edərək təsdiqləmişdir. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh borc məbləği qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1800 manat məbləğində pulun, hüquqi xidmətlər üçün ödədiyi 50 manat və məhkəməyə ödənilmiş 38 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixdə 1800 manat məbləğində borc vermiş, cavabdeh həmin məbləğdə pulu iddiaçıdan borca almışdır. Daha sonra cavabdeh özü istintaq təcridxanasında olduğundan onun anası tərəfindən iddiaçıya məxsus 418249******2860 saylı bank kartına xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat olmaqla, ümumilikdə 800 manat pul köçürülmüşdür. Məhkəmə iş materiallarına əlavə edilmiş 01 ədəd CD diskdə olan audio yazıya baxış keçirərək müəyyən etdi ki, həmin audio yazı İddiaçı ilə “Lalə” və “Roza” adlı şəxslərlə arasında olan dialoqu əks etdirir. Dialoqda İddiaçı həmin şəxslərdən borcunu qaytarmasını tələb etmiş, həmin şəxslər də borcu qaytaracaqlarını söz vermişlər. Məhkəmə həmin audio yazı ilə bağlı qeyd edir ki, dialoq zamanı qeyd edilən borcun, məhz hazırkı iddianın predmeti olan borc olması həmin audio yazı ilə sübuta yetirilmir. Habelə səs yazılarında hansı məbləğdə borcdan söhbət getdiyi aydın olmamışdır. Məhkəmə Cavabdeh “onun iddiaçıya olan borcdan 800 manatını qaytarması və yalnız 1000 manat borcunun qalması” barədə izahatında göstərdiklərinə münasibətdə isə qeyd edir ki, iş materiallarına olan qəbzlərlə cavabdehin iddiaçıya 1800 manat borcunun olması, sonradan həmin borcdan 800 manat ödəməsi təsdiq olunur. Məhkəmə İddiaçı “cavabdehin anasına 870 manat borc verməsi” barədə izahatına münasibətdə qeyd edir ki, iddiaçının izahatında göstərdiyi hal iş materiallarında olan sübutlarla sübuta yetirilmir. Mülki qanunvericiliyə görə, borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsi həm şifahi, həm də yazılı bağlanıla bilər. Borc müqaviləsində borc verən borc vermək üzrə öhdəliyini yerinə yetirdikdən sonra onun üzərində yalnız hüquqlar qalır ki, bu da verilmiş borcun qaytarılmasını tələb etməkdən ibarətdir. Borc alan isə borc predmetini aldıqdan sonra onu qaytarmaq vəzifəsini daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verənə qaytarmalı olduğundan və öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Bu yerdə məhkəmə qeyd edir ki, iddia tələbi 1000 manat borcun tutulması hissəsində əsaslı olsa da, qalan 800 manat pulun tutulması hissəsində təmin edilə bilməz, belə ki, həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya hissə-hissə geri qaytarılmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı hüquqi xidmət göstərilməsi üçün tərəfindən ödənilmiş 50 manat pulun da cavabdehdən tutulmasını tələb etsə də, bunu təsdiq edən sənədləri (ödəniş qəbzi) məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissə də də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1000 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 28 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 10 manat hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 28 manat hissəsi alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar