Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-423/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Chevrolet Cruse” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2995 manat pulun və ödənilmiş 40,35 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Khazar SD” markalı, 90-PK043 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Chevrolet Cruse” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Chevrolet Cruse” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 3100 manat sığorta ödənişi həyata keçirmişdir. Həmin məbləğdən xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən 105 manat ödəniş həyata keçirilmişdir. Yerdə qalan məbləğ, yəni 2995 manat isə indiyə kimi ödənilməmiş qalmaqdadır. Bildirmək istəyirlər ki, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerini tərk etdiyinə görə Cavabdeh qarşı subroqasiya hüquqları yaranmışdır. Hesab edirlər ki, 2995 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, o, 105 manat ödəniş etmişdir. Ödəniş etdiyi zaman işləyirdi, lakin hazırda işləmədiyi üçün maddi imkanı olmadığına görə ödəniş edə bilmir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində saat 22:45-də yol-nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətmişdir; - TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində saat 22:45-də “KHAZAR SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına manevr etmə nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2020-ci il tarixində saat 22:45-də Bakıxanov qəsəbəsi Gənclik küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. "xxxx" MMC-nin mülkiyyətində olan **-PK-*** dövlət qeydiyyat nişanlı KHAZAR SD” minik markalı markalı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir; - xx.xx.2020-ci il tarixli, 086658 manat sığorta aktının surətindən görünür ki, sığortalanmış (xx.xx.2020-xx.xx.2021) “KHAZAR SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Cruze” markalı **-UD-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərər dəymiş əmlaka (“Chevrolet Cruze” (**-UD-***)) sığorta ödənişi avtomobilin təmiri üçün X1 hesabına 3100 manat pul köçürülmüşdür; - Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli Hesabından görünür ki, zədələnmiş **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərər 3100 manat müəyyən edilmişdir; - Cavabdeh Bakı şəhəri Sabunçu rayon BPİ-in DYPŞ-də verdiyi xx.xx.2020-ci il tarixli izahatından görünür ki, o, idarə etdiyi avtomobillə “Chevrolet Cruze” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu, hadisə yerini tərk etdiyini etiraf etmişdir; - xx.xx.2020-ci il tarixli 6858 saylı ödəniş tapşırığı və on alavədən görünür ki, X1 3100 manat pul köçürülmüşdür; - İddiaçı Şığorta Şirkəti ASC-nin xx.xx.2021-ci il tarixli O-AP-20211517 saylı Pretenziya məktubundan görünür ki, Cavabdeh 3100 manat sığorta ödənişinin 10 (on) gün müddətində ödənilməsi tələb edilmiş, ödəmədiyi təqdirdə İddiaçı Şığorta Şirkəti ASC tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur; - xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Şığorta Şirkəti ASC-nin hesabına 105 manat ödəniş edilmişdir; - Dövlət rüsumu haqqında xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı Şığorta Şirkəti ASC tərəfindən 39,95 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Khazar SD” markalı, 90-PK043 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Chevrolet Cruse” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Chevrolet Cruse” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 3100 manat sığorta ödənişi həyata keçirmişdir. Həmin məbləğdən xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən 105 manat ödəniş həyata keçirilmişdir. Yerdə qalan məbləğ, yəni 2995 manat isə indiyə kimi ödənilməmiş qalmaqdadır. İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2021-ci il tarixdə məktubu ilə Cavabdeh müraciət edərək həyata keçirdiyi sığorta ödənişini ondan tələb etmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur. Lakin cavabdeh iddiaçının bununla bağlı xəbərdarlığına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iclasında müəyyən olundu ki, “Khazar SD” markalı, 90-PK043 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Chevrolet Cruse” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı Sığorta Şirkəti ASC 3100 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh həmin məbləğdən xx.xx.2021-ci il tarixdə 105 manat ödəniş etmişdir. Hadisə ilə bağlı X3 İdarəsinin arayışan əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli olan tərəf qismində iştirak etmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı tərtib olunan inzibati xəta haqqında protokolda Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayındığı qeyd olunmuşdur. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Həmçinin məhkəmə iclasında cavabdeh iddiaçının subroqasiya tələbini qəbul etmiş, lakin hazırda işləmədiyi üçün ödənişi etməyə maddi imkanın olmadığını bildirmişdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 39,95 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 39,95 manat dövlət rüsumu və və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2995 manat sığorta ödənişi məbləği və ödənilmiş 39,95 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi Cavabdeh tutulub, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2995 manat sığorta ödənişi məbləği və ödənilmiş 39,95 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi Cavabdeh tutulub, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-423/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-423/2023
15.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver