Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-563/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları və cehiz əmlaklarının, əşyalar olmadıqda isə onların dəyərinin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları və cehiz əmlaklarının, əşyalar olmadıqda isə onların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 03.05.2019-cu il tarixdə 2 saylı Bakı ASAN xidmət mərkəzində nikaha daxil olmuşdur. Nikahları Zəngilan Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli 2(034)-207/2021 saylı qətnaməsi ilə bir neçə ay bundan əvvəl pozulmuşdur. Övladları yoxdur. Aralarında şiddətli münaqişələr olmamışdır. Fiziki şiddətə məruz qalmamışdır, adətən münaqişələri sözlü olmuşdur və əri tərəfindən yaradılmışdır. Keçmiş əri Cavabdeh ailəsi də onlarla birlikdə yaşamışdır. Bu münaqişələrdə ərinin ailəsinin rolu olmuşdur. Bu münaqişələr zamanı əri bir neçə dəfə onu atası evinə gətirib qoymuşdur, bir müddət onunla küsülü qaldıqdan sonra barışmışlar və onu yenidən özü gəlib evə aparmışdır. Problemləri məişət xarakterli olduğu üçün tez-tez baş versə də, boşanma həddinə çatacağına inanmamışdır. O, boşanmaq istəməmişdir, bunu nikahlarının pozulması barədə işə baxılanda məhkəmədə də bildirmişdir. Buna görə də, sonuncu dəfə atasının evinə gəldiyi zaman da özünə məxsus olan şəxsi əşyalarını götürməmişdir. Ancaq zəruri gündəlik paltarını götürmüşdür. Hətta ziyafət paltarları da ərinin evində qalmışdır. Qızıl zinət-əşyaları hazırki günə qədər keçmiş əri Cavabdehdır. Qızıllarını ona görə götürməmişdir ki, qayınanası bunu söz-söhbətə çevirməsin. Cehizlərini də yalnız rəsmi qaydada boşanandan sonra götürmüşdür. Az bir hissəsi hələ də oradadır. Əlavə olaraq müəyyən cehiz əmlaklarını o, ərinin evindən çıxandan sonra itmişdir. Öz ailəsi də boşanmağına tərəftar olmamışlar. Ancaq rəsmi qaydada boşandıqdan sonra anası qızıl-zinət əşyalarının ona verilməsini əri Ramildən xahiş etsə də, Ramil imtina etmişdir. Cehizləri götürməyinə isə maneə yaratmamışdır. Qızıl-zinət əşyalarının hamısını ona keçmiş əri Cavabdeh alaraq nişan və toy mərasimlərindən əvvəl hədiyyə etmişdir. Həmin qızıl zinət əşyalarına Ramil 4900 (dörd min doqquz yüz) manat pul xərcləmişdir. Gümüş komplektini isə “8 Mart” beynalxalq qadınlar günündə almışdır. Həmin komplekti 140 (yüz qırx) manata almışdır. Onun bütün zərgərlik məmulatları hazırda keçmiş əri Cavabdehdır. Cavabdeh götürülən və götürülməyən cehiz əmlakının və qızıl-zinət əşyalarının siyahısı anası X1 və keçmiş əri Cavabdeh tərəfindən əl ilə tərtib edilmiş siyahılarda göstərilmiş, birgə tərtib etdikləri qeyd olunan sənədlər həm Ramil, həm də anası tərəfindən imzalanmışdır. Qeyd olunan əşyalar ona məxsus olduğundan əşyaların ona verilməsinin təmin olunmasını məhkəmədən xahiş edir. Eyni zamanda anası X1 (AZE № ********) şahid qismində dinlənilsin. Faktiki olaraq eyni ünvanda yaşayırlar, anası Zəngilan rayonu, Alibəyli kəndində qeydiyyatdadır. Tərəflərindən mediatora müraciət olunmuşdur. İlkin Mediasiya sessiyasında iştirak barədə arayış alınmışdır. Cavabdehin qeydiyyatda olduğu ünvan barədə ünvan 2ldirişində və qətnamədə qeyd olunmuşdur. Ona məxsus olan və keçmiş əri Cavabdeh qalan qızıl-zinət əşyaları aşağıdakılardır: 1. Briliyant Komplekt: sırğa (damla formalı briliyant qaşlarla); üzük (paxlava formalı briliyant qaşlarla); bilərzik (oval formalı briliyant qaşlarla); sep (damla formalı briliyant qaşlarla) – 4000 (dörd min) manat dəyərində; 2. Qızıl nişan üzüyü (dairə formalı qaşlı briliyant) - 900 (doqquz yüz) manat dəyərində; 3. Gümüş komplekt (üzük, sep, sırğa) – 140 (yüz qırx) manat dəyərində. Qoşmaya əlavə etdiyi fotoşəkillərdə qızıl-zinət əşyaları aydın görünür. İtirilmiş və ya götürə bilmədiyi cehiz əmlakının və şəxsi əşyalarının siyahısı (həmin əmlak ərinin evində olmadığı üçün götürə bilməmişdir): 1. Yataq dəsti iki ədəd – 20 (iyirmi) manat dəyərində; 2. Türkiyə istehsalı olan üz dəsmalları beş ədəd – 40 (qırx) manat dəyərində; 3. Türkiyə istehsalı olan can dəsmalları iki ədəd – 50 (əlli) manat dəyərində; 4. Ətir 1 ədəd yeni – 120 (yüz iyirmi) manat dəyərində; 5. Kosmetika vasitələri – 100 (yüz) manat dəyərində; 6. Kiçik məişət əşyaları – 50 (əlli) manat dəyərində; 7. Geyimlər (plaş, yubka, şalvar, idman ayaqqabısı) – 200 (iki yüz) manat dəyərində. Qeyd edilənlərə əsasən siyahıda qeyd edilmiş: 1. Dəyəri 4000 (dörd min) manat olan brilyant dəst (bir ədəd sırğa, üzük, sep, qolbaq); 2. Qızıl üzük - 900 manat; 3.Gümüş Komplekt - 140 manat; 4.Cehiz əmlakı və şəxsi istifadədə olan əşyalar - 580 manat, cəmi 5620 (beş min altı yüz iyirmi manat) dəyərində qızıl- zinət əşyalarının, cehiz əmlakının və şəxsi istifadəsində olan əşyaların cavabdehdən alınaraq ona qaytarılmasını, əşyalar olmadıqda isə onların dəyərinin və 85 (səksən beş) manat dövlət rüsumunun, vəkilin xidmət haqqına görə ödənilən 100 (yüz) manat pulun və mediator xidmətlərinə görə ödənilən 50 (əlli) manat pulun (ümumilikdə 5855 manat) Cavabdeh tutularaq onun hesabıma ödənilməsini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əşyaların və ya ümumilikdə 5855 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin xahiş edirəm hissəsində cehiz əmlakları və şəxsi istifadədə olan əşyaların adı ümumi göstərilmiş və dəyəri qeyd olunmamışdır. Bu səbəbdən məhkəməyə ünvanlanan tələblərlə bağlı hissəni aşağıdakı formada dəqiqləşdirir. Məhkəmədən xahiş edir ki, siyahıda qeyd edilmiş: 1. Dəyəri 4000 manat olan brilyant dəst (bir ədəd sırğa, üzük, sep, qolbaq); 2. Qızıl üzük - 900 manat; 3. Gümüş komplekt - 140 manat; 4. Cehiz əmlakı və şəxsi istifadədə olan əşyalar: 2 ədəd yataq dəsti- 20 manat, 5 ədəd üz dəsmalları – 40 manat, 2 ədəd can dəsmalları - 50 manat, 1 ədəd ətir - 120 manat, kosmetik vasitələr - 100 manat, kiçik məişət əşyası - 50 manat, geyim (plaş, yubka, şalvar, idman ayaqqabısı) – 200 manat, cəmi 5040 manat dəyərində qızıl-zinət əşyalarının, 580 manat dəyərində cehiz əmlakları və şəxsi istifadəsində olan əşyaların, əşyalar olmadıqda isə onların dəyərinin və 85 manat dövlət rüsumunun, vəkil xidmət haqqına görə ödənilən 100 manat pulun, mediator xidmətinə görə ödənilən 50 manat pulun, yəni ümumilikdə 5855 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsinin təmin edən qətnamə qəbul edilsin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib, ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin təqdim etdiyi qızıllardan dəyəri 4000 manat olan brilyant dəstə daxil olan sep həmin sep deyil. Bundan başqa, sep qırılmışdır. İddiaçı tərəf cavabdehin nişan üzüyünü cehiz əşyaları və qızıl əşyaları təhvil verildikdən sonra qaytaracaqdır. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, atası xəstə olduğu üçün qızılları lombarda qoymuşdur. Qızılları lombarddan götürmüşdür və hazırda qızılları özü ilə məhkəməyə gətirmişdir. Əgər iddiaçı ona nişan üzüyünü qayataracaqsa, o da, qızıllları ona verəcəkdir. Məhkəmə iclas zalında qızılları təhvil verməyə hazırdır. Bundan başqa, cehiz əşyalarını isə iddiaçı özü ilə birlikdə aparmışdır. Onda bir əl-üz dəsmalı və ətir var. Həmin əl-üz dəsmalını işdə istifadə etmişdir, gətirib verə bilər. Ətirin qabı evdədir və ətir istifadə olunmuşdur. İddiaçı tərəf nişan üzüyünü ona təhvil verilmir, o da qızılları vermir. O, lombarda məhkəmədə təqdim etdiyi qızılları vermişdir. Həmçinin, hansı qızılları lombarda təhvil verdiyini və onda olan qızılların həqiqi qızıl olmasını müəyyən etmək üçün lombarda gedə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Zəngilan Rayon Məhkəməsinin 2(034)-207/2021 saylı 01.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 03.05.2019-cu il tarixdə 2 saylı Bakı “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri litabındakı 932 saylı nikah qeydinin ləğv edilməsi qət edilmişdir. - Məhkəməyə Ramil və Pərvanə adlı şəxslər tərəfindən imzalanmış və üzərində qeydlər aparılmış vərəqlər təqdim edilmişdir. - Məhkəməyə qızıl əşyalarının əks olunduğu fotoşəkillər təqdim edilmişdir. -01.12.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına 100 manat ödəniş edilmişdir. - 11.10.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 85 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 03 may 2019-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə birlikdə yaşamış, ailə münasibətlərinin pozulması nəticəsində ayrılmışlar, Zəngilan Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırkı halda İddiaçı ona məxsus olan qızıl-zinət və cehiz əşyalarının, onlar olmadıqda dəyərinin cavabdehdən alınaraq ona verilməsi ilə bağlı iddia qaldırmışdır. Qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin “qızıl-zinət əşyalarının, olmadığı təsdirdə isə dəyərinin qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində bəzi hallar var ki, tərəflər həmin hallarda sübutetmə yükündən azaddır. Bu hallara faktın etirafı (Maddə 106.3), iddia tələbinin etirafı (Maddə 52.2, 191), hamıya bəlli olan hallar (Maddə 82.1), preyudisial qərarlarla müəyyən edilmiş hallar (maddə 82.3, 82.4) və s. aid etmək olar. MPM-in: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Belə ki, Cavabdeh iddia tələbindən göstərilmiş qızıl-zinət əşyalarını məhkəməyə gətirərək, iddiaçı tərəfindən ona məxsus qızıl üzük geri qaytarıldığı təqdirdə tələb edilən qızıl-zinət əşyalarını təqdim edəcəyini bildirmişdir. Belə olan halda, cavabdeh mübahisələndirilən qızıl-zinət əşyalarının onda olması halını qəbul etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, iddia tələbində adı çəkilən qızıl-zinət əşyaları hədiyyə şəklində İddiaçı verildiyindən həmin əşyalar sonuncunun fərdi mülkiyyəti hesab edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 34.1-ci və 34.2-ci maddələrinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Hazırkı mülki iş üzrə müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan qızıl-zinət əşyaları cavabdehin sahibliyindədir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın məzmunundan aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdeh(lər)in əşyanın sahibi olması, cavabdeh(lər)in əşyaya sahiblik hüququnun olmaması. Odur ki, mülkiyyətin müdafiəsi ilə bağlı tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Tərəflərin məhkəmə iclasında verdikləri izahatları və tədqiq olunmuş iş materialları ilə müəyyən edildi ki, nikaha daxil olanadək və nikah dövründə iddiaçı hədiyyə kimi müvafiq qızıl-zinət əşyaları verilmişdir. Həmin qızıl əşyalarının iddiaçıya hədiyyə şəklində verilməsi, onların iddiaçıya məxsus olması məhkəməyə təqdim edilməklə tədqiq olunmuş müvafiq sübutlarla, o cümlədən fotoşəkillərlə təsdiq olunur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, qızıl-zinət əşyaları 4000 manat dəyərində brilyant dəst (bir ədəd sırğa, üzük, sep və qolbaq), 900 manat dəyərində qızıl üzük, 140 manat dəyərində gümüş komplekt, həmin əşyalar qaytarılmadığı təqdirdə isə onların dəyəri Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən məhkəməyə gətirilmiş, brilyant dəstin parçası olan sepin iddiaçıya məxsus olmadığını və sepin qırıldığını bildirmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, iddiaçı tərəf qeyd edilən sepin iddia tələbindən adıçəkilən sep olmadığını və ya həmin sepin iddiaçının cavabdehlə birlikdə yaşadıqları evi tərk edərkən saz vəziyyətdə olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qızıl-zinət əşyalarının adını özünə məlum olan adlarla təsvir etdiyindən, hazırda isə ərizəsinə dəqiqləşdirmə vermədiyindən qətnamədə həmin əmlakların adı ərizədə göstərilən qaydada ifadə edilməlidir. Məhkəmə iddia tələbinin “cehiz və şəxsi əşyaların, olmadığı təqdirdə isə dəyərinin qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, məhkəməyə sübut kimi qiymətləndirilməsi üçün üzərində qeydlər aparılmış və müxtəlif əşyaların adları sadalanmış vərəq təqdim edilmişdir. Qeyd edilən vərəqlər “Ramil” və “Pərvanə” adlı şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edir ki, göstərilən vərəqələr iddia təlbindən sadalanan əşyaların cavabdehin sahibliyində olması halını təsdiqləyən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin vərəqədə müxtəlif əşyaların adları sadalanaraq bəzi qeydlərdən sonra “+” və “-” işarələri qoyulmuş, bəzi hissələrdə “yoxdur” yazısı qeyd edilmiş, müəyyən hissələrdə isə sadəcə əşyaların adları çəkilmişdir. Lakin qeyd edilən vərəqələrin tərtib edilməsi məqsədini, onu imzalayan şəxslərin vərəqləri imzalamaqda məqsədlərinin nədən ibarət olmasını və iddia tələbində göstərilən əşyalara və onların dəyərinə dair qeydlərin aparılmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçı tərəf cehiz əmlakı və şəxsi istifadədə olan əşyaların (2 ədəd yataq dəsti- 20 manat, 5 ədəd üz dəsmalları – 40 manat, 2 ədəd can dəsmalları- 50 manat, 1 ədəd ətir- 120 manat, kosmetik vasitələr-100 manat, kiçik məişət əşyası – 50 manat, geyim (plaş, yubka, şalvar, idman ayaqqabısı) – 200 manat) cavabdehin sahibliyində olmasını və iddiaçının cavabdehlə birlikdə yaşadığı evi tərk edərək tərəfindən aparılmamasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, qeyd edilənlərə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-in: 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qanunvericiliyin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ona məxsus cehiz əmlakı və şəxsi istifadədə olan əşyaların cavabdehdə olması ilə bağlı iddia tələbini sübut edə bilməmiş, iddia tələbini mübahisələndirilən hissədə əsaslandıra biləcəyi mötəbər sübutları məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı tərəf mübahisələndirilən hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddia tərəf iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi “cehiz və şəxsi əşyaların, olmadığı təqdirdə isə dəyərinin qaytarılması” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4000 manat dəyərində brilyant dəst (bir ədəd sırğa, üzük, sep və qolbaq), 900 manat dəyərində qızıl üzük, 140 manat dəyərində gümüş komplekt, həmin əşyalar qaytarılmadığı təqdirdə isə onların dəyəri Cavabdeh alınaraq, İddiaçı verilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vəkil xidməti üçün ödənilmiş 100 manat, mediasiya xərci üçün ödənilmiş 50 manat məbləğində pul, iddia ərizəsi üçün ödənilmiş 76,2 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməldir. Həmçinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi, yəni 8,8 manatı dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4000 manat dəyərində brilyant dəst (bir ədəd sırğa, üzük, sep və qolbaq), 900 manat dəyərində qızıl üzük, 140 manat dəyərində gümüş komplekt, həmin əşyalar qaytarılmadığı təqdirdə isə onların dəyəri Cavabdeh alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən vəkil xidməti üçün ödənilmiş 100 manat, mediator xidməti üçün ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 76,2 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 8,8 manatı dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-563/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-563/2022
12.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver