Məhkəmə qərarları › İş №e-2(007)-578/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-578/2024

23.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-578/2024 23.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 300 (üç yüz) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 330.40 (üç yüz otuz manat qırx qəpik) məbləğin iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Xırdalan şəhəri ərazisində, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmış, etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunan “X8” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobillə “X8” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına uyğun olaraq “X8” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilə 300 (üç yüz) manat məbləğində zərər dəydiyi müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişi Şirkət tərəfindən zərərçəkmiş şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Abşeron DYPŞ tərəfindən qəbul olunmuş “inzibati tənbeh vermə haqqında” TP ******* nömrəli Qərara əsasən, hadisə ilə əlaqədar “X8” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Pretenziya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə baxmayaraq Cavabdeh tərəfindən hər hansı vəsait ödənilmədiyinə görə törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən zərərçəkənə ödənildiyindən, Şirkətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə uyğun olaraq Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır.

İş materialları :

3. İcbari sığorta müqaviləsinə dair elektron məlumat vərəqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə X4 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, PDS********** nömrəli “avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” növlü icbari sığorta müqaviləsi əsasında “X8” markalı 99ZP496 dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. Həmin müqavilə ilə əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur.

4. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh ünvanlandırdığı xx.xx.2023-cü il tarixli, №65/08-375/2023-li pretenziya məktubunun surətindən görünür ki, şirkət sözügedən zərərin aradan qaldırılması üçün 300 (üç yüz) manat məbləğində sığorta ödənişini Cavabdeh tələb etmiş və 5 gün müddətinə göstərilən məbləği şirkətin bank hesabına ödəməyi ondan xahiş olunmuş, əks təqdirdə şirkət tərəfindən onun ilə bağlı müvafiq məhkəmə orqanına 300 (üç yüz) manat məbləğin ödənilməsi tələbi ilə müraciət olunacağı və iddianın təmin olunduğu təqdirdə bu məbləğ ilə yanaşı məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsinin onun üzərinə düşəcəyi bildirilmişdir.

5. X1 Abşeron RPİ-də verdiyi izahatından görünür ki, o, bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı ünvanda etibarnamə əsasında idarə etdiyi, qapının ağzında saxladığı “Opel” markalı 99DO972 dövlət qeydiyyat nişanlı avtomobilin səhər 11:00-da sol iki qapısının əzildiyini görmüş, təhlükəsizlik kamerasından hadisənin törədənin 99ZP496 dövlət qeydiyyat nişanlı avtomaşın olduğu aşkarlamışdır.

6. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İXP ******* nömrəli xx.xx.2021-ci il tarixli “inzibati xəta haqqında” protokolun surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

7. TP ******* nömrəli xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Cavabdeh “X8” markalı 99ZP496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

8. Azərbaycan Respublikası DİN Abşeron DYP-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixində saat 01:00 dəqiqədə Xırdalan şəhəri, ara küçəsində baş vermiş toqquşma növlü yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli şəxs olaraq müəyyən edilmişdir.

9. İş materiallarına “Yol nəqliyyat hadisəsinin sxemi” əlavə edilmişdir.

10. X1 Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin Rəhbərliyinə ünvanlandırdığı xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixində təxminən 01:00 radələrinə “Opel Astra” markalı 99DO972 dövlət qeydiyyat nişanlı avtomobili ilə Xırdalan şəhərində hərəkətdə olan zaman “Opel Astra” markalı 99ZP496 dövlət qeydiyyat nişanlı avtomobili onun avtomobilini vuraraq ona ziyan yetirildiyi üçün avtomobilin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalandığından onun avtomobilinə dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsinə dair müraciət etmişdir.

11. Azərsığorta tərəfindən tərtib edilmiş İCR-4405 nömrəli, “Dəymiş zərərin hesablanmasına dair” aktın surətindən görünür ki, “Opel Astra” markalı 99DO972 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilkidə 300 manat təşkil edir.

12. “Sığorta ödənişi ilə bağlı” 4405 nömrəli xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, “Azərsığorta” DSKŞ tərəfindən faydalanan şəxs (zərəçəkən) X2 dəymiş zərər ilə bağlı 300 manat sığorta ödənişi edilmişdir.

13. 9094 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, X1 "xxxx" QSC-də olan hesabına Azərbaycan Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən sığorta hadisələri üzrə ödəniş təyinatı əsasında 300 manat (üç yüz manat sıfır qəpik) məbləğində pul köçürülmüşdür.

14. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödənilmişdir.

Tərəflərin izahatları :

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər.

16. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini bildirərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

21. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun:

25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.

İşin faktiki halı :

22. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2021ci il tarixli, PDS********** nömrəli müqavilə üzrə “Opel Astra” markalı 99ZP496 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır.

23. xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh etibarnamə əsasında idarə etdiyi X3 mülkiyyətində olan və Cavabdeh qanuni əsaslarla (nəqliiyat vasitəsini idarə etmək, bağışlamaq, sərəncam vermək hüququna dair etibarnamə üzrə) sahibliyində olan 99ZP496 dövlət qeydiyyat nişanlı “X8” markalı avtomobil ilə Xırdalan şəhəri ara küçə ərazisində yol hərəkəti qaydalarını pozmuş, nəticədə “X8” markalı, 99DO972 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur.

24. Hadisədən sonra “X8” markalı 99ZP496 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş və o, həmin qərarla Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə iznibati tənbeh tətbiq edilmişdir.

25. Hadisə nəticəsində “X8” markalı, 99DO972 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “Azərsığorta” DSKŞ tərəfindən qiymətləndirilərək 300 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən X2 ödənilmişdir.

Məhkəmənin mövqeyi :

26. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

27. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC həmin normada sadalanan əsaslardan biri hazırki mülki işin faktiki halına uyğun gəldiyi üçün həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. Həmin əsas-avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ halıdır. (maddə 63.1).

28. İş üzrə materiallardan və faktiki hallardan göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir və iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin subroqasiya qaydasında tələb hüququ yaranmışdır.

29. Məhəkəmə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir.

30. MM-nin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.

31. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır.

32. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh təqsiri müəyyən edilmişdir.

33. Həmçinin məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, hazırki mülki işə müvafiq prosessual maraq göstərməmiş, iddia tələbinə heç bir etiraz bildirməmiş, tələb edilən məbləği mübahisələndirməmişdirdir. Belə olan halda, məhkəmə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin və iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin məbləğini işin mübahisələndirilməyən halı kimi qəbul etmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

Məhkəmə xərcləri.

34. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin və 0,40 qəpik xidmət haqqının cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

35. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir.

36. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Məhkəmə iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ödənilmiş 0,40 manat xidmət haqqının cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərcin əvəzini cavabdehdən tələb etmək hüququna malik olduğundan, tələb əsaslıdır, 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

39. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 300 (üç yüz) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30 (otuz manat) manat dövlət rüsumu və 0.4 qəpik xidmət haqqı olmaqla, cəmi 330.40 (üç yüz otuz manat qırx qəpik) məbləğində pul vəsaitinin tutularaq iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsinə dair iddia tələbi təmin edilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ödədiyi 300 (üç yüz) manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumunun əvəzi və 0.4 qəpik xidmət haqqının Cavabdeh tutularaq iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmasına dair iddia tələbi təmin edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar