Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-620/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 1520 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun 35.20 manat Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 21:53 radələrində Bakı şəhəri, M.Rüstəmov küçəsi ilə Sarayevo küçələrinin kəsişməsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Honda İnsight” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil, X7 idarə etdiyi “Toyota Prius” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Honda İnsight” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Prius” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1520 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən, 1520.00 manat iddiaçı tərəfindən X4 bank hesabına ödənilmişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Qasımov X8 Xətalar Məcəlləsinin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə), 327.2-ci və 327.7-cimaddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir.
İş materialları :
3. xx.xx.2021-ci il tarixli, PXA********** nömrəli müqaviləyə dair “İcbari Sığorta müqaviləsinə dair məlumat”dan görünür ki, ** RY *** dövlət qeydiyyat nişanlı “HONDA İnsight” markalı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il saat 15:38:52-dən xx.xx.2022-cü il saat 15:38:52-dək sığortalanmışdır. Həmin müqavilə ilə əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur.
4. Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2021-cü il tarixli “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Cavabdeh ** RY *** dövlət qeydiyyat nişanlı “HONDA İnsight” markalı avtomobil etibarnaməsiz idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.7 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
5. “AutoBox automobile services“ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 7462 nömrəli “qiymətləndirmə aktı”ndan görünür ki, xx.xx.2007-ci il buraxılışı olan “Toyota Prius” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobildə qiymətləndirmə aktı üzrə tamamlanmış işlərə görə 1130 manat, məxaric fakturası üzrə 390 manat olmaqla, cəmi 1520 manat qiymətləndirilmişdir.
6. PXA99008 nömrəli “sığorta aktı”ndan görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş sığortalanmış “Honda İnsight” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Prius” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması-sığorta hadisəsi nəticəsində sığorta predmetinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 1520 manat məbləğində sığorta ödəniş edilmişdir.
7. Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-si tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixində saat 21:53 dəqiqədə Bakı şəhərində toqquşma növlü yolnəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxslər barədə məlumatdan görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş avtonəqliyyat vasitəsinin etibarnamə ilə sürücüsü Cavabdeh, mülkiyyətçisi X5, avtonəqliyyat vasitəsinin markası-Honda İnsight minik, dövlət qeydiyyat nişanı-**-RY-***-dir. Sürücü barədə başlanmış icraatın növü inzibati icraatı və tarixi xx.xx.2021-ci ildir. Hadisə nəticəsində “Toyota Prius” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hadisə zamanı “Toyota Prius” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini mülkiyyətçisi X1 olsa da, X9 idarə etmişdir.
8. Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-si tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, hadisə baş verdiyi an Cavabdeh AC seriyalı, 757798 nömrəli sürücülük vəsiqəsi olmuşdur.
9. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1984 nömrəli pretenziya məktubundan görünür ki, hadisə zamanı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsini nəzərə alaraq 1520 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC-nin aşağıda qeyd olunmuş bank hesabına və ya “Milliön” aparatlarından 7 iş günü ərzində könüllü ödəməsini təklif etmiş, əks təqdirdə qeyd olunan məbləği məhkəmə qaydasında tələb edəcəyini bildirmişdir.
10. BB seriyalı, 338125 nömrəli Azərbaycan Respublikasının Sürücülük Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sürücülük hüququ mövcuddur.
11. xx.xx.2021-ci il tarixli, 8785 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə X6 1520 manat məbləğində ödəniş edilmişdir.
12. xx.xx.2024-cü il tarixli, **********47 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.4 qəpik bank xidmət haqqı ödənilmişdir.
Tərəflərin izahatları :
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, avtomobil onun mülkiyyətində olmasa da, etibarnamə ilə idarə etmişdir. Hadisə baş verən zaman sadəcə etibarnamənin müddəti bitmiş, onun isə bundan xəbəri olmamışdır. Hadisəyə dair arayışda qeyd edilən AC seriyalı, 757798 nömrəli sürücülük vəsiqəsi ona məxsus olmuşdur.
15. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
19. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun:
25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
İşin faktiki halı :
20. “Xalq Sığorta" ASC tərəfindən "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, PXA********** nömrəli müqaviləyə əsasən **-RY-*** dövlət qeydiyyat nişanlı “Honda İnsight” markalı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır.
21. xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh etibarnaməsiz idarə etdiyi X3 mülkiyyətində olan **-RY-*** dövlət qeydiyyat nişanlı “HONDA İnsight” markalı avtomobil ilə Bakı şəhərində yol hərəkət qaydalarını pozmuş, nəticədə “Toyota Prius” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur.
22. Hadisədən sonra “HONDA insight” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş və o, həmin qərarla Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2 və 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
23. Hadisə nəticəsində “Toyota Prius” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “AutoBox automobile services” tərəfindən qiymətləndirilərək 1520 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdə sığorta ödənişi iddiaçı "xxxx" ASC tərəfindən faydalananan şəxsə ödənilmişdir.
Məhkəmənin mövqeyi :
24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
25. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC həmin normada sadalanan əsaslardan biri hazırki mülki işin faktiki halına uyğun gəldiyi üçün həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. Həmin əsas-hadisə zamanı sürücünün avtomaşını idarə etməyə hüququ olmaması halıdır.
26. Qeyd olunan normada deyilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (maddə 25.1.3).
27. Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir.
28. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər.
29. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarə etmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir.
30. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur.
31. Cavabdeh məhkəmə iclasında da bildirmişdir ki, avtomobili etibarnamə əsasında idarə etmiş, hadisə baş verən zaman etibarnamənin müddəti bitmişdir. Etibarnamənin müddətinin bitməsindən məlumatlı olmamışdır. Hadisəyə dair arayışda qeyd edilən AC seriyalı, 757798 nömrəli sürücülük vəsiqəsi ona məxsus olmuşdur.
32. Həmçinin məhkəmə qeyd edir ki, avtomobilin idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur.
33. Qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, sığorta şirkətinin hazırkı halda avtomobili idarə edən şəxsdən, Cavabdeh ödənilmiş sığorta məbləğini geri tələb etməyə subyektiv hüququ yaranmamışdır.
34. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Məhkəmə xərcləri.
35. İddiaçı "xxxx" ASC ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
37. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə :
38. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı olan ödənilmiş 1520 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair iddia tələbi rədd edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 1520 manat sığorta ödənişi və 35.2 manat dövlət rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva