Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1348/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 40.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xeyli müddətdir ki, tanıyır. Onunla yaxşı münasibətləri olmuşdur. 2021-ci ilin qış aylarında cavabdeh ona müraciət edərək iş qurmaq məqsədilə ona 40.000 (qırx min) manata yaxın pul lazım olduğunu bildirdi. O, cavabdehin səmimiyyətinə inanaraq, eləcə də yaxşı münasibətləri olduğuna görə etibar etmiş və istədiyi məbləği verə biləcəyini, lakin hissə-hissə təxmini 10 gün müddətinə verə biləcəyini dedi. Beləliklə, 07 dekabr 2021-ci il tarixdə ilkin olaraq cavabdehə 5000 (beş min) manat pul verdi. Pulu verərkən elə həmin gün cavabdehlə aralarında notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi də bağlanaraq pulun verilməsini rəsmiləşdirdi və razılığa əsasən bu müqavilənin müddəti də 07 iyun 2023-cü il müəyyən olundu. Daha sonra 14 dekabr 2021-ci il tarixdə 25.000 (iyirmi beş min) manat pul verdi həmin məbləği də notarial qaydada verdi və bu zaman müqavilənin son icra müddətinin 14 dekabr 2023-cü il tarixi olması barədə razılığa gəldilər. Daha sonra isə cavadehə 18 dekabr 2021-ci il tarixdə 10.000 (on min) manat məbləğində pul verdi və bu müqavilənin müddəti də 2 il olmaqla 18 dekabr 2023-cü il müəyyən olundu. Cavabdeh qazanc əldə etdikcə aybaay onun pulunu qaytarmalı idi, lakin borc aldığı vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmağa başladı. Dəfələrlə bu barədə onunla görüşüb danışsa da işlərinin yaxşı getmədiyini, tez bir zamanda hər şeyin düzələcəyini desə də heç bir nəticəsi olmadı. O, cavabdehə bu halın onu narahat etdiyini bildirdikdə, cavabdeh ona bütün borcunu müqavilədə nəzərdə tutulan müddətdən də tez qaytaracağını biraz da gözləməsini xahiş etdi. O, cavabdehə bu barədə narazılığını bildirdi və bu halın onu narahat etdiyini bildirdi. Belə olan halda onlar cavabdehlə aralarında bağlanan müqavilələrin müddətində dəyişiklik edilməsi barədə razılığa gələrək, 07 dekabr 2021-ci il tarixli müqavilənin 2-ci bəndinin mətnində “Borcalan krediti 07 iyun 2023-cü il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür ” cümləsində 07 iyun 2023-cü il tarixi” xx.xx.2022-ci il tarixi ilə əvəz edildi və borcalan krediti xx.xx.2022-ci il tarixdə qaytarmağı öhdəsinə götürdü. 14 dekabr 2021-ci il tarixli müqavilənin 2 ci bəndində göstərilən kreditin qaytarılma tarixi 16 sentyabr 2022-ci il tarix sayılması ilə bağlı düzəliş edildi və cavabdeh borcu həmin tarixdə qaytaracağını öhdəsinə götürdü. 18 dekabr 2021-ci il tarixli müqavilənin 2-ci bəndində göstərilən kreditin qaytarılma tarixi 18 dekabr 2023-cü il tarixdən 13 sentyabr 2022- ci il tarixə dəyişdirildi və cavabdeh borcu həmin tarixdə qaytaracağını öhdəsinə götürdü. Lakin bütün bunlara baxmayaraq, cavabdeh yenidən müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmağa başladı. O, hər dəfə borcunu tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışdı. Daha sonra ümumiyyətlə onunla görüşməkdən yayındı və zənglərinə cavab vermədi. Cavabdehə pretenziya məktubu göndərsə də 28 noyabr 2022-ci il tarixdə geri qaytarıldı. Göründüyü kimi cavabdeh müqavilənin tələblərini pozmuş, ona ödəməli olduğu borc məbləğini bu günə qədər də geri qaytarmamışdır. Belə olan halda o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddia tələbi qanunsuz və əsassızdır. O, 2021-ci ilin dekabr ayında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 6 nömrəli məktəblə üzbəüz yerləşən “Family Study”-da gözəllik salonu xidməti ilə məşğul olurdu. İddiaçı ilə razılığa gələrək, ona verdiyi 40.000 manat məbləğində 2 ədəd cihaz (lazer aparatı və zimmer) alaraq, 1500 manat məbləğini hər ay iddiaçıya icarəyə verməyi qərarlaşdırmışlar. Lazer aparatını Kamran adlı şəxsdən 40.000 manata almışdır. Bu barədə ona 40.000 manat məbləğində borc müqaviləsi bağlatdırdı. 2022-ci ilin yanvar ayında icarə haqqını tam ödəmişdi. Lakin 2022-ci ilin fevral ayında işlərin zəif olması ucbatından icarəni tam ödəyə bilməmişdir. Belə olan halda, o, aylıq icarənin məbləğini vermək məqsədilə aparatlardan birini Axundov bağı adlanan ərazidə yerləşən lombarda qoymuşdur. Lombardda işləyən Ruslan adlı şəxs də buna şahiddir. İddiaçı 2022-ci ilin mart ayının 8-9 tarixlərində onunla olan razılığı pozaraq, aparatları ondan almış, onun lazer xidmətinin fəaliyyətini dayandırmışdır. Belə olduğu halda, ondan hansı halda əmlakı və yaxud 40.000 manat məbləğində pulu tələb edə bilər? İddiaçının ona qarşı əsassız və qanunsuz əmlak tələbindən belə çıxır ki, iddiaçı öncədən planlaşdırılmış əlavə mənfəət əldə etmək istəyir. İddiaçı ilə notarial qaydada təsdiq olunmuş müqavilələr bağlanaraq müxtəlif vaxtlarda 5000 manat, 10000 manat və 25000 manat olmaqla, cəmi 40000 manat borc götürmüşdür. Ancaq iddiaçı onu aldatmış, o, aralarında bağlanan müqavilənin borc müqaviləsi olduğunu bilməmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı (Borc verən) ilə Cavabdeh (Borc alan) arasında 07 dekabr 2021-ci il tarixdə bağlanaraq, Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-603 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”ndən görünür ki, tərəflər öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. “Borc verən” “Borc alan”a 5000 manat 00 qəpik (beş min manat sıfır qəpik) məbləğində pul borc verir. Hesablaşma notariusun bankda açılan depozit hesabı vasitəsi ilə həyata keçirilir. 2. “Borc alan” krediti 07 iyun 2023-cü il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. 3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. 4. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. 5. “Borc alan” kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. 6. Müqavilə üzrə öhdəliyin icrası tamamilə və ya hissə-hissə olmasından asılı olmayaraq notariusun depozit hesabı vasitəsilə həyata keçirilməlidir. 7. Ödəniş müddətinin keçirilməsi haqqında borc verənin borcluya yazılı bildiriş göndərməsindən 20 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 8. “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur....”. - İddiaçı ilə Cavabdeh arasında 11 iyun 2022-ci il tarixdə bağlanaraq, Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-413 nömrə ilə qeyd edilmiş müqaviləyə dəyişiklik barədə müqavilədən görünür ki, tərəflər öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. Birlikdə tərəflər adlanan birinci tərəf İddiaçı bir tərəfdən və ikinci tərəf Cavabdeh digər tərəfdən arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3M-603 reyestr nömrəli kredit müqaviləsinə (bundan sonra “Müqavilə”) dəyişiklik edilməsi məqsədi ilə bu sazişi bağladılar. 1.2. xx.xx.2021-ci il tarixli 3M-603 reyestr nömrəli kredit müqaviləsinə aşağıdakı dəyişikliklər edilsin: Müqavilənin 2-ci bəndinin mətnində “Borc alan” krediti xx.xx.2023-cü il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür” cümləsində “xx.xx.2023-cü il” tarixi xx.xx.2022-ci il” tarixi ilə əvəz edilir və həmin bənd aşağıdakı redaksiyada verilir: 2. “Borc alan” krediti xx.xx.2022-ci il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. 1.3. Müqavilənin bu müqavilə ilə toxunulmayan digər bəndləri qüvvədə qalır...”. - İddiaçı (Borc verən) ilə Cavabdeh (Borc alan) arasında 14 dekabr 2021-ci il tarixdə bağlanaraq, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-301 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”ndən görünür ki, tərəflər öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. “Borc verən” “Borc alan”a 25.000 manat 00 qəpik (iyirmi beş min manat sıfır qəpik) məbləğində pul borc verir. 2. “Borc alan” krediti 14 dekabr 2023-cü il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. 3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. 4. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. 5. “Borc alan” kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. 6. “Borc alan” müqavilə üzrə öhdəliyini notariusun bankda açılan depozit hesabı vasitəsilə icra etməlidir. 7. Ödəniş müddətinin keçirilməsi haqqında borc verənin borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 8. “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur....”. - İddiaçı ilə Cavabdeh arasında 13 iyun 2022-ci il tarixdə bağlanaraq, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-145 nömrə ilə qeyd edilmiş müqaviləyə düzəlişə dair müqavilədən görünür ki, tərəflər öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. Tərəflə - Borc verən İddiaçı və Borc alan Cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 3M-301 reyestr nömrəsilə rəsmiləşdirilmiş kredit müqaviləsinin 2-ci bəndində göstərilən kreditin qaytarılma tarixinin dəyişdirilərək xx.xx.2022-ci il tarixədək olması barədə razılığa gəldilər: 2. Müqavilənin 2-ci bəndində göstərilən kreditin qaytarılma tarixi xx.xx.2022-ci il tarixədək sayılsın...”. - İddiaçı (Borc verən) ilə Cavabdeh (Borc alan) arasında 18 dekabr 2021-ci il tarixdə bağlanaraq, Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-472 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”ndən görünür ki, tərəflər öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. “Borc verən” “Borc alan”a 10.000 manat 00 qəpik (on min manat sıfır qəpik) məbləğində pul borc verir. 2. “Borc alan” krediti 18 dekabr 2023-cü il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. 3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. 4. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. 5. “Borc alan” kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. 6. “Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. 7. Ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 8. “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur....”. - İddiaçı ilə Cavabdeh arasında 13 iyun 2022-ci il tarixdə bağlanaraq, Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-306 nömrə ilə qeyd edilmiş müqaviləyə düzəlişə dair müqavilədən görünür ki, “1. İddiaçı və Cavabdeh Bakı şəhəri 40 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 3M-472 nömrəli reyestrdə qeyd edilməklə aralarında bağlanmış 10.000 manat 00 qəpik (on min manat sıfır qəpik) məbləğə dair kredit müqaviləsinə aşağıdakı kimi dəyişiklik edilməsi barədə razılığa gəlmişlər: a) Müqavilənin 2-ci bəndində göstərilən kreditin qaytarılma tarixi xx.xx.2023-cü il tarixdən xx.xx.2022-ci il tarixə dəyişdirilsin...”. - 02 noyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 210 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri 30 saylı notariat ofisində təsdiqlənmiş 07 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı 5.000 manat, Bakı şəhəri 36 saylı notariat ofisində təsdiqlənmiş 14 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 25.000 manat, Bakı şəhəri 40 saylı notariat ofisində təsdiqlənmiş 18 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 10.000 manat məbləğində borcunun yarandığını təsdiq etmiş, həmin məbləğdə borc pulları müvafiq olaraq 11 sentyabr 2022-ci il, 16 sentyabr 2022-ci il və 13 sentyabr 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilələr üzrə borc məbləğlərini iddiaçıya qaytarmamışdır. Bununla iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilənlərlə müəyyən edildi ki, borcun verilməsi barədə tərəflər arasında olan 07 dekabr 2021-ci il, 14 dekabr 2021-ci il və 18 dekabr 2021-ci il tarixli müqavilələr (əqd) yazılı (notarial) qaydada bağlanmışdır, həmin müqavilələr (əqd), müqavilə, onun tərəfləri sayılan İddiaçı və Cavabdeh özləri tərəfindən imzalanmışdır, müqavilələr Bakı şəhəri 30, 36 və 40 saylı notariat ofislərinin xüsusi notariusları tərəfindən təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Borc alan Cavabdeh müqavilələri imzaladıqdan sonra, imzasının qarşısında soyadını öz xətti ilə yazmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, 07 dekabr 2021-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh İddiaçı 5.000 manat, 14 dekabr 2021-ci il tarixli kredit müqaviləsi əsasında 25.000 manat və 18 dekabr 2021-ci il tarixli kredit müqaviləsi əsasında 10.000 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydada təsdiq edilmiş müqavilə mövcud olmuşdur, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında iddiaçının cavabdehə qarşı hazırkı halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcuddur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehdən 40.000 manat borc tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh kredit müqavilələri üzrə ödənilməli olan 40.000 (qırx min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-1348/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1348/2023
29.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver