Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1573/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Mustafayeva (Müseyibova) Aybəniz Vaqif qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Mustafayeva (Müseyibova) Aybəniz Vaqif qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Mustafayeva (Müseyibova) Aybəniz Vaqif qızı onun etibarından sui-istifadə edərək həyat yoldaşının əlilliyini bərpa etmək şərti ilə ondan 2500 manat pul almışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Cavabdeh bundan sonra ondan aldığı pulun 500 manatını ona qaytarsa da, qalan 2000 manatı qaytarmamışdır. Cavabdeh Mustafayeva (Müseyibova) Aybəniz Vaqif qızı həmin pulu yaxın müddət ərzində ona qaytaracağına söz versə də, bu günədək onun pulunu qaytarmamışdır. Beləliklə, hüquqları tamamilə kobud surətdə pozulmuş və cavabdeh göstərilən pulu könüllü olaraq ona qaytarmaq istəmir. Eyni zamanda, o, cavabdehdən pulunu vaxtında ala bilmədiyindən, bu qədər müddətdə qazana biləcəyi 400 manat fayda əlindən çıxmışdır. Qeyd edilən məsələ ilə bağlı Bakı şəhər Yasamal RPİ-nə şkayət etmiş və şikayəti üzrə müvafiq araşdırma aparılmışdır. Lakin şikayətinin əsaslı olduğu öz təsdiqini tapsa da, tələbi mülki xarakterli olduğundan ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göstərilənlərə əsasən cavabdeh Mustafayeva (Müseyibova) Aybəniz Vaqif qızından 2000 manat borcun, 400 manat əldən çıxmış faydanın və 45 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Mustafayeva (Müseyibova) Aybəniz Vaqif qızına məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərardadına əsasən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dəvət olunmuş şahid X4 ifadəsində bildirmişdir ki, o, İddiaçıla ailə dostudur. Namiqin arvadı xəstədir. Həmkəndlisi olan Rüstəm Namiqin arvadına pensiya düzəltdirmək üçün onunla Namiqi Aybənizlə tanış etmişdir. Aybəniz Namiqdən arvadına pensiya düzəltdirmək üçün 2500 manat almış, lakin pensiya işini düzəltməmişdir. Aybəniz aldığı puldan 500 manatını Namiqə qaytarmışdır. Namiq pulu Aybənizə onun və Rüstəmin yanında vermişdir. Namiq pulu təxminən iki il əvvəl xəstəxananın qarşısında vermişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dəvət olunmuş şahid X2 ifadəsində bildirmişdir ki, o, Namiqi həmkəndlisi Fərziaqanın vasitəsi ilə tanımışdır. Ona Namiqin arvadının xəstə olduğunu və pensiya düzəltdirmək üçün kömək lazım olduğunu bildirmişlər. O da Namiqgili Aybənizlə tanış etmişdir. Daha sonra telefon danışıqları zamanı Namiq Aybənizə 400 manat verdiyini, qalan 2100 manatı da Aybənizi o tanıdığı üçün onun yanında vermək istədiyini bildirmişdir. Namiq Aybənizə pulu onun və Fərziaqanın yanında vermişdir. Namiq Aybənizə 2100 manat pulu onun yanında sayıb vermişdir. Daha sonra telefon danışıqları zamanı Namiq Aybənizin ona 500 manat pul qaytardığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - əlyazmadan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixdə 2500 manat məbləğində borc pul almışdır. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 iyun 2022-ci il tarixli qərardan görünür ki, Salahov X1 (Müseyibova) Aybəniz Vaqif qızına verdiyi 2000 manat pulun ona qaytarılmasına köməklik göstərilməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, həyat yoldaşı Vəfa Salahova 2016-cı ildən etibarən diabet xəstəsidir və İİ qrup əlildir. Onun tanışı Saatlı rayon sakini Dursunov Rüstəm onu Cavabdeh ilə tanış etmişdir. O, Access bankdan 2200 manat kreditə pul götürmüş və bir baş iri buynuzu heyvanını sataraq 2021ci ildə əlillik pensiyasını bərpa etmək üçün Cavabdeh Respublika xəstəxanasının yanında yerləşən “Ləvəngi” kafesində ümumilikdə 2500 manat pul vermişdir. 2022-ci ilin yanvar ayında 500 manat pulu ona qaytarmışdır. Araşdırılan material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, eyni zamanda, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 45 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı cavabdeh Mustafayeva (Müseyibova) Aybəniz Vaqif qızına 2500 manat məbləğində pul vermişdir. İddiaçı öz öhdəliklərini yerinə yetirsə də cavabdeh iddiaçı qarşısından götürdüyü öhdəliyə əməl etməmiş, aldığı puldan cəmi 500 manat qaytarmış, qalan 2000 manatı isə bu günədək qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Mustafayeva (Müseyibova) Aybəniz Vaqif qızından 2000 (iki min) manat borc, 400 (dörd yüz) manat əldən çıxmış fayda alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Mustafayeva (Müseyibova) Aybəniz Vaqif qızından 45 (qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Mustafayeva (Müseyibova) Aybəniz Vaqif qızından 2000 (iki min) manat borc, 400 (dörd yüz) manat əldən çıxmış fayda, 45 (qırx beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-1573/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1573/2023
14.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver