Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2164/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Abılov Zakhidə qarşı subroqasiya qaydasında borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə mülki işə kiçik iddia (sadələşdirilmiş icraat) üzrə icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Abılov Zakhidə qarşı subroqasiya qaydasında borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Changan UNİ-T” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1979,09 manat məbləğində dəymiş zərər, 39,80 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus olan “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Changan Uni-T” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Toyota Prius” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalı “Changan Uni-T” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi zamanı “Changan Uni-T” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi **********037 nömrəli, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü ilə sığortalanmışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Changan Uni-T” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1979.09 manat məbləğində sığorta ödənişini həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Zakhid Abilovun təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh2 təqsirli olması Sabunçu rayon Polis İdarəsinin DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Eyni zamanda, Cavabdeh2 "xxxx" MMC tərəfindən ona verilmiş 08 saylı yol vərəqəsinə əsasən avtonəqliyyat vasitəsini idarə etmişdir. Qeyd olunanlara əsasən 1979.09 manat məbləğində pul vəsaiti Cavabdeh2 və "xxxx" MMC-dən İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Göstərilən müddət ərzində cavabdehlər Cavabdeh1 və Abılov Zakhid tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddianın qiyməti 1979,09 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" MMC-nin 08 saylı yol vərəqəsinə əsasən, 01-30 aprel 2022-ci il tarixədək Bakı və Abşeron ərazisində şəhərdaxili və şəhərətrafı daşıma avtonəqliyyatı üçün 66 nömrəli marşrut avtobuslarını idarə etmək üçün X1 etibar edilmişdir. - xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Abılov Zakhid ara məsafəsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - xx.xx.2022-ci il tarixli, 117978 saylı sığorta aktından görünür ki, “Changan Uni-T” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan məbləği 1979,09 manat İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli, 8181 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına 1979,09 manat məbləğində sığorta haqqı ödənilmişdir. - xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, 1979,09 manat sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsinə, əks təqdirdə, məhkəməyə müraciət olunacağına dair iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə, (subroqasiya hüququ) faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinin tələbinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i. a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-yə məxsus “Changan Uni-T” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Mülki hüquq pozuntusu (delikt) cavabdeh Abılov Zakhid tərəfindən törədilmiş, onun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış nəqliyyat vasitəsinin sahibinə maddi zərər yetirilmişdir. Cavabdeh1 öz işçisinin hüquq pozuntusuna görə, mülki-hüquqi məsuliyyət daşıyır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, maddi ziyan dəymiş “Changan Uni- T” markalı, ** PN *** dövlət qeydiyyat nəqliyyat vasitəsinin sahibinə İddiaçı Sığorta Şirkəti ASCtərəfindən icbari sığorta ödənişi olaraq 1979,09 manat məbləğində ödəniş edilmiş və həmin ödəniş üzrə tələb hüququ subroqasiya qaydasında iddiaçıya keçmişdir. Beləliklə, cavabdehlər Cavabdeh1 və Abılov Zakhid yüksək təhlükə mənbəyi olan “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə mülki məsuliyyət daşıyırlar. Məhkəmə, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Abılov Zakhiddən İddiaçı Sığorta Şirkəti” ASC-nin xeyrinə 1979,09 manat məbləğində sığorta ödənişinin, 39,80 manat dövlət rüsumunun və 0,40 bank xidmət haqqının əvəzi olmaqla, cəmi 2019,29 manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Abılov Zakhiddən müştərək qaydada İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1979,09 manat məbləğində sığorta ödənişi, 39,80 manat dövlət rüsumu və 0,40 bank xidmət haqqının əvəzi olmaqla, cəmi 2019,29 (iki min on doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-2164/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2164/2024
07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver