Məhkəmə qərarları › İş №e-2(008)-2362/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2362/2025

04.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2362/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, Ərizəçi Sevinj Jeiranovanın Maraqlı şəxs olmaqla “barışıq sazişinin təqdiq edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Müəyyən etdi: Ərizəçi Sevinj Jeiranova Maraqlı şəxs olmaqla “barışıq sazişinin təqdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində tərəflər arasında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli MŞB/2/2024-00920 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizəçi tərəfindən verilmiş ərizəyə iddia icraatı qaydasında baxılmalı deyildir. Məhkəmə iddia icraatı qaydasında pozulmuş mülki hüququn və ya qanuni mənafeyin müdafiəsinə dair iddialara baxır. Ərizənin məzmunundan görünür ki, ərizəçi tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur, Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizəçi Sevinj Jeiranovanın Maraqlı şəxs olmaqla “barışıq sazişinin təqdiq edilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçi Sevinj Jeiranova tərəfindən ödənilmiş 100 manat (qəbzin nömrəsi **********) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar