Məhkəmə qərarları › İş №e-2(008)-2684/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2684/2025

18.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2684/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əşyanın qeyri-qanuni sahiblikdən götürülməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əşyanın qeyri-qanuni sahiblikdən götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikah dövründə əldə olunmuş daşınmaz əşya olan Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, məhəllə 5, ev 86B (ev 686) (Riad Əhmədov küçəsi, ev 35) ünvanında yerləşən yaşayış evinə dair İddiaçı birgə mülkiyyət (pay) hüququnun tanınması, həmin əşyanın qeyri-qanuni sahiblikdən götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. İddiaçı iddia ərizəsində ilk tələb olaraq birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlaka pay hüququnun müəyyən edilməsini xahiş etmişdir ki, hazırkı tələb üzrə iddiaçının seçiminə görə aiddiyyət qaydası nəzərdə tutulmadığı üçün belə mübahisələrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən Cavabdeh Gədəbəy rayonu, Kiçik Qaramurad Ərazi dairəsi, Kiçik Qaramurad kəndində qeydiyyatda olduğu müəyyən edilmişdir. Odur ki, hazırkı tələb üzrə iddiaçı ərazi aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə müraciət etməlidir. Qeyd edilən tələb üzrə daha öncə verilmiş iddia ərizəsinin geri qaytarılmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1736/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasinin 2(103)- 1572/2025 nömrəli, xx.xx.2025 ci il tarixli qərardadı ilə təmin edilməməsi qərara alınmışdır. Bununla yanaşı hazırkı iddia ərizəsində iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın qeyri-qanuni sahiblikdən götürülməsini xahiş etmişdir ki, bu tələb üzrə isə iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Eyni zamanda qeyd edilən tələb üzrə ilkin olaraq mediasiya prosesi tətbiq edilmədiyindən, qiymətləndirilməyən iddia ərizəsi üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi iddiaçı bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinə qüvvədə olan qanunvericilik üzrə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən müəyyən olunur ki, iddia ərizəsinə əlavə olunmuş **********49 saylı qəbz üzrə ödənilmiş dövlət rüsumu e-2(008)-1736/2025 nömrəli mülki iş üzrə artıq istifadə olunmuşdur. Belə ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1736/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində (qəbz nömrəsi **********49) dövlət rüsumunun özünə qaytarılması qərar alınmışdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin: 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əşyanın qeyri-qanuni sahiblikdən götürülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar