Məhkəmə qərarları › İş №e-2(008)-3373/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3373/2023

17.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3373/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan mənə vurulmuş maddi ziyanın əvəzinin 13 010 manat pul vəsaitinin tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli sərəncamı ilə sahibkarlıq tikinti məqsədilə icarə qaydasında X3 oğluna ayrılmışdır. X3 oğlu xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsinin 600 m/kv hissəsindən təyinatı üzrə istifadə etməyi, həmin sahə üzərində tikilən tikililələri özəlləşdirməyi və digər səlahiyyətləri iddiaçının anası X1 verməklə faktiki olaraq torpaq sahəsini anasına satmışdır. Anası isə qeyd olunan ünvanda yerləşən torpaq sahəsini faktiki olaraq onun mülkiyyətinə vermiş, həmin vaxtdan qeyd olunan ərazi onun faktiki sahibliyində və istifadəsində olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aiddir. Cavabdeh oğlu ilə əvvəlcədən mövcud olan tanışlığı əsasında ona qeyd olunan torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikmək istədiyi barədə məlumat vermişdir, lakin torpağın kateqoriyasının kənd təsərrüfatı təyinatlı olması səbəbindən və torpağın kateqoriyasının digərinə dəyişməməsi müddəti ərzində edə bilməyəcəyini bildirmişdir O, iddiaçıya təklif etmişdir ki, həmin torpaq sahəsinin kateqoriyasının “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına dəyişdirməsinə razılıq barədə müvafiq qərarın qəbul edilməsinə nail olub ona təqdim edəcəkdir. İddiaçı onunla razılaşmışdır. O, bu məqsədlə İcra Hakimiyyətinin nümayəndəsi ilə danışıqlar apardığını və razılıq aldığını bildirmiş və bunun üçün ondan 4600 manat ödəniş tələb etmişdir. O cavabdehə inanıb həmin məbləğdə pul vəsaitini ona təqdim etmişdir. Bundan sonra o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə başlamışdır. Bunun üçün xx.xx.2023-cü il tarixdə həmin ünvana tikinti işləri üçün iki usta – Hüseynov Saleh İbrahim oğlunu və X2 dəvət etmişdir və onlara həmin ünvanda 3 yaşayış otağı və hamam tikilməsi üçün 2000 (iki min) manat pul vəsaiti ödəmişdir. Görülən işlərin siyahısı və istifadə olunmuş materiallar tam şəkildə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, UNİ/M 35-035/23 nömrəli “Tikinti-təmir xərəclərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyində öz əksini tapmışdır. Yuxarıda göstərilən tikinti materiallarının alınması və işlərin görülməsi üçün tərəfindən 11010 manat pul vəsaiti sərf olunmuşdur. İşlərin gedişi zamanı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsinə baxış keçirmiş və tikilən yarım tikili qeyriyaşayış sahəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən sökülmüşdür. Onlardan bunun səbəbini soruşduqda onlar qeyd olunan torpaq sahəsinin kateqoriyasının “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına dəyişdirməsinə razılıq barədə müvafiq qərarın olmaması ilə izah etmişlər. Ona aydın olmuşdur ki, Cavabdeh onu aldatmışdır. İddiaçı cavabdehin əməlində dələduzluq cinayət əməlinin tərkibi olduğu üçün cinayət işinin başlanması məqsədilə ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir. Polis tərəfindən cavabdeh şöbəyə dəvət olunmuş və onun izahatı alınmışdır. O, iddiaçıya qarşı etdiyi əməli etiraf etmiş və ondan torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə razılıq alınması üçün aldığı 4600 manat pul vəsaitini ona geri qaytarmışdır. İddiaçı cavabdehin onu aldatması səbəbindən 13010 manat maddi ziyana məruz qalmışdır. Belə ki, onun iddiaçını aldatması, onu torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə inandırdığı üçün o ustalara tikinti işləri üçün ödəniş etmiş və yaşayış sahəsinin tikilməsi üçün tikinti materialları almışdır. İddiaçı hesab edir ki, ona vurulmuş maddi ziyanın əvəzi Cavabdeh oğlu tərəfindən tam şəkildə ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında cinayət işinin başlanılması rədd edilmişdir. - xx.xx.2023-cü il tarixli, UNİ/M 35-035/23 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Südçülük Ramana qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin və qeyri-yaşayış sahəsinin tikinti-təmir xərclərinin məbləği xx.xx.2023-cü il tarixinə 11010 manat təşkil edir. Həmçinin məhkəmə baxışı zamanı tədqiq olunan səs yazılarından müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh mütəmadi olaraq danışaraq, cavabdeh iddiaçıya evin tikintisi üçün müəyyən qanunda nəzərdə tutulmayan yollarla icazə alacaq və ondan sonra iddiaçı tikintiyə başlayacaq. “Whatsap” üzərindən aparılan danışıqlardan görünür ki, cavabdeh icazənin alınmasını ləngitmiş, cavabdeh isə bu prossesi bacardığı qədər sürətləndirməyə çalışmışdır. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı sözügedən torpaq sahəsini İlqar adlı şəxsdən almışdır və torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasından xəbərdar olub. Cavabdeh T.Həsənov həmin torpaq üzərində tikinti aparılmasına icazə alınması üçün İddiaçı pul almış, həmin pul məbləğini iddiaçı polisə müraciət etdikdən sonra geri qaytarmışdır. İddiaçı qeyd olunan torpaq üzərində ev tikdikdən sonra səlahiyyətli orqanlar tərəfindən tikinti dayandırılmış və tikililər sökülmüşdür. İddiaçı hesab edir ki, tikililərin sökülməsi cavabdehin təqsiri üzündən baş vermiş və onun çəkdiyi xərc də cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilən maddi hüquq normalarından da görünür ki, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. İddiaçı isə qanunvericiliklə nəzərdə tutulmayan qaydada icazə almadan evin tikintisinə öz iradəsi ilə başlamış və həmin təqsir də elə onun özünə aiddir. Belə ki, Cavabdeh həmin tikintiyə icazə verən orqanın nümayəndəsi olmadığını bilə-bilə ondan icazə alınmasını istəmiş və bunun müqabilində ona pul vermişdir. Məhkəmə hesab edir ki, bu yaranan vəziyyətdə iddiaçının hüququ bu “köməyə” görə verdiyi pulu geri tələb etməklə məhdudlaşır ki, həmin pulu da geri almışdır. Qanunsuz şəkildə tikilən evin tikintisinə görə xərclədiyi pulun itirilməsinə görə məsuliyyəti isə Bayramova özü daşıyır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi rədd edildiyindən, iddia ərizəsinə görə verilmiş 129,03 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin 13010 manat pul vəsaitinin tutulub iddiaçıya verilməsi” barədə iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar