Məhkəmə qərarları › İş №e-2(008)-4260/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4260/2025

04.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4260/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz” markalı ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 180 AZN (yüz səksən manat), bu iddianın qaldırılması üçün ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 0.40 AZN xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz 200” markalı ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz” markalı ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. 063893 nömrəli sığorta aktından və İSB-dən (İcbari Sığorta Bürosu) çıxarışdan göründüyü kimi hadisə Cavabdeh idarə etdiyi “Mercedes Benz 200” markalı ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata əsasən, hadisə zamanı “Mercedes Benz” markalı ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 180 manat (yüz səksən manat) məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Mercedes Benz” markalı ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 7533 nömrəli ödəniş tapşırığına əsasən 180 manat (yüz səksən manat) sığorta ödənişini nəqliyyat vasitəsinin mülkiyyətçisi X1 ödəmişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Nuriyev X3 Xətalar Məcəlləsinin 327.6-cı və 327.1 maddəsi ilə təqsirli bilinmişdir. Məhkəməyə təqdim edilən zərərçəkmiş şəxsin polisə verdiyi izahatdan da aydın olur ki, cavabdeh hadisə yerindən yayınmışdır. Cavabdehə pretenziya məktubu göndərilmiş, şifahi əlaqə yaradılmışdır. Lakin bu günə qədər ödənişi etməmişdir. Hesab edirik ki, 180 manat (yüz səksən manat) pul Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. 069893 nömrəli sığorta aktından görünür ki, xx.xx.2019-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı təqsirli sürücü Cavabdeh "xxxx" ASC-də icbari siğorta müqaviləsi ilə siğortalanmış “Mersedes Benz 200” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mersedes Benz” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Dəymiş zərərin məbləği 180 manat müəyyən edilmişdir. Dəymiş ziyanın məbləği “Atəşgah Siğorta ASC tərəfindən Mersedes Benz” markalı, **-ST- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2s ödənilməsi müəyyənləşdirilmişdir. Avyonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Mersedes Benz” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 180 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 5.06.2019-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı“Mersedes Benz 200” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Cavabdeh İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati tənbeh edilmişdir. xx.xx.2019-ci il tarixli ödəniş qəbzindən görünür ki, Atəşgah Sığorta ASC tərəfindən 180 manat məbləğində pul nəqliyyat vasitəsinin mülkiyyətçisi X1 ödənilmişdir. 17 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 180 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC-nin bank heabına ödənilməsi barədə xəbərdar edilmiş, əks təqdirdə məhkəmə qaydasında pulun tələb ediləcəyi barədə məlumatlandırılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari Sığorta Haqqında Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC-də icbari siğorta ilə siğortalı olan “Mersedes Benz 200” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh xx.xx.2019-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, “Mersedes Benz” markalı, **-ST-*** dövlət nömrə nişanlı avtomobillə zərər yetirmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli hesab edilmişdir. Tərtib edilmiş qiymətləndirmə aktından məlum olur ki, hadisə nəticəsində “Mersedes Benz” markalı, **-ST-*** nömrə nişanlı avtomobillə 180 manat ziyan dəymişdir. İş materiallarından görünür ki, "xxxx" ASC zərər dəymiş avtomobilin mülkiyyətçisinə 180 manat ziyanı ödəmişdir. Həmin məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, xx.xx.2019-cü il tarixdə baş vermiş baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığından iddiaçının ödəmiş olduğu pulu geriyə tələb etmək hüququ yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 180 (yüz səksən) manat pul və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar