Məhkəmə qərarları › İş №e-2(008)-4501/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4501/2023

19.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4501/2023 19.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh A-Zirvə İnşaat MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh A-Zirvə İnşaat MMC-yə qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ”A-Zirvə İnşaat” MMC ilə iddiaçı arasında bağlanmış 11221 nömrəli 16 noyabr 2022-ci il tarixli podrat müqaviləsinin ləğv edilməsi və ”A-Zirvə İnşaat” MMC-yə ödədiyi 13000 manat pulun və 129.39 manat dövlət rüsumunun ”A-Zirvə İnşaat” MMC-dən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının adına Bakı şəhər Nardaran qəsəbəsində 4 sot boş torpaq sahəsi var. 2022-ci ilin noyabr ayında iddiaçı həmin boş torpaqda qərar verdi ki, ev tikdirsin və bu niyyətlə instaqram proqramında tikinti şirkəti axtardı və Cavabdeh MMC təmir və tikinti şirkətinə rast gəldi (sonradan ona məlum oldu ki, həmin şirkətin hüquqi ünvanı ünvan 1ləri +**********51 telefon nömrəsinə zəng etdi, iddiaçıya bir xanım cavab verdi və dedi ki, onlar bu işləri görürlər və tikinti haqda bütün detalları müdürləri Zahir müəllim birazdan geri zəng edib izah edəcək. Bir neçə dəqiqə sonra iddiaçıya həmin şirkətin müdiri +**********23 nömrəsindən zəng etdi və özünü “A- Zirvə” inşaat şirkətinin rəhbəri Zahir olduğunu bildirdi və telefon söhbətinin davamında dedi ki, şirkət tikinti ilə bağlı sifarişləri qəbul edir. Tikintiyə aid müqavilə bağlayır və sonra dərhal daxil olur tikinti sahəsinə evin tikintisinə başlamaq üçün. İddiaçı ondan şirkətlərinin ofis ünvanını aldı və sabahsı gün ora getdi. Ofisdə iddiaçını müdir Zahir Əsgərov qarşıladı, onunla anlaşdılar ki ümumilikdə evin tikintisi 242 kv olacaq və bu tikinti cəmi 105000 manata başa gələcək, əlavə hovuzun tikintisi isə 15000 manata tutacaq, hər ikisi cəmi 120000 manat olacaq və o iddiaçıya tikinti işlərinin müddəti altı ay çəkəcəyini bildirdi və dedi ki, tikinti üçün ödəməni tikintisona çatana qədər hissə-hissə ödəyərsiniz. İddiaçı Zahir Əsgərova dedi ki, ilkin ödəniş olaraq 10000 manat verəcək. Sonra tikinti gedən zamanı hissə-hissə qalan pulları ödəyəcək. Zahir Əsgərov razılaşdı. Dedi gətirin 10000 manatı verin işə başlayaq sonra siz qalan pulları işlədikləri müddət ərzində hissə-hissə verərsiniz və iddiaçı da onunla razılaşdı. Elə söhbətin sonunda həmin gün iddiaçı Zahir Əsgərova 500 manat beh olaraq pul verdi və dedi ki, 9500 manatı 10 gün içində gətirib verəcək o isə bir daha iddiaçıya dedi ki, 9500 manat pulu gətirin biz dərhal tikinti işinə başlayaq, elə müqavilədə bağlayaq. İddiaçı təxminən 9 gün sonra 9500 manat pulu aparıb Zahir Əsgərova verdi o pulu iddiaçıdan qəbul etdi və iki nüsxədə müqavilə yazdı, birini iddiaçıya verdi digərini isə özündə saxladı. Həmin gün o, iddiaçıya söz verdi ki, 3-4 günə ustaları göndərəcək başlasınlar tikintiyə. Lakin, 4 gün keçdi heç bir usta göndərmədi. 10 gün 15 gün oldu yenə də heç kimi göndərmədi və iddiaçı Zahir Əsgərova zəng edib ustaları niyə göndərməməsini soruşanda o dedi ki, göndərəcək ustaları. Sadəcə biraz başqa işləri var onun üçün gecikirlər. İddiaçı isə onunla razılaşıb dedi ki, gecikmə ola bilər amma tez bir zamanda ustalar gəlsinlər işləməyə, o da dedi ki, narahat olmayın gələn həftə gələcəklər. Gələn həftənin sonu yenə heç kim gəlmədi. İddiaçı bir neçə gün artıq gözləyib yenə zəng etdi ona və ustaların harada olduqlarını soruşdu . O, yenə əvvəlki kimi yalandan söz verdi ki, biraz səbr edin gələn həftənin ortası göndərirəm ustaları. Aradan bir neçə gün keçdi, Zahir Əsgərov iddiaçıya bildirdi ki, ona təcili pul lazımdır. Sıxıntısı var. Nə qədər bacarırsınızsa gətirin pul verin və bunun müqabilində iddiaçıya hətta söylədiyi qiymətdən endirim də edəcək və ustaları da tez bir zamanda ən çoxu bir həftəyə göndərəcək tikintiyə. İddiaçı yenə də Zahir Əsgərovun yalan sözlərinə inanıb 3000 manat pul düzəldib aparıb verdi. Bundan sonra hardasa iki ay ərzində Zahir Əsgərov iddiaçının telefon zənglərinə cavab vermədi. Zənglərin cavabsız qaldığını görüb iddiaçı getdi Babək Plazadaki ofislərinə. Orada iddiaçıya dedilər ki, Zirvə inşaat şirkəti artıq bir aydan çoxdur ki buradan köçüb. Bundan sonra bir neçə dəfə onun dediyinə görə müavini olan Ziya adlı şəxslə əlaqə saxladı, o da hər dəfə deyirdi ki, Zahir Gəncədədir başı qarışıqdı işə, onun üçün sizə cavab verə bilmir. Bir sözlə bir neçə müddətdə bu Ziya iddiaçını telefon danışıqlarında aldatdı, beləcə də 4 ay keçdi. Sonra Ziya da iddiaçının zənglərinə cavab vermədi. Bir müddət sonra Zahir Əsgərov nəhayət ki, iddiaçının telefon zənginə cavab verdi və yenə də yalan sözlər verdi ki, bu dəfə 100% göndərəcək ustaları işə başlasınlar, gələn həftənin ikinci-üçüncü günü oradadırlar narahat olmayın. İddiaçı isə öz növbəsində ona narazılığını bildirdi və dedi ki, artıq 5 aydır ki, 13000 manat pul almısınız amma heç bir iş görməmisiniz. Bu azmış kimi davamlı telefon danışıqlarında məni ağ yalanlarla aldadırsınız o yenədə cavabında yalan danışaraq dedi ki, narahat olmayın həll edəcəyik. Və bu qədər danışıqlardan sonra yenə də heç bir iş görmədilər və aprel ayında iddiaçı yenə ona zəng etdi dedi ki, siz 13000 manat pul aldınız və üzərinizə düşən işi görmədiniz. O da dedi ki, düz deyirsiniz. Sizin 13000 manat pulunuzu bu ayın axırı yani aprelin sonu qaytaracağıq. İddiaçı da dedi ki, gözləyirəm ayın sonuna qədər, zəhmət olmasa pulu qaytarın. Və sonda o dedi ki, pulu yoxdu, sıxıntıdadır, olarmı 13000 manat əvəzinə tikinti materialları verim. Bir sözlə davamlı yalanlarla baş aldadır. İddiaçı təbii ki, razı olmadı, onun danışdığı növbəti yalanına və səs yazıb ona göndərdi ki, iddiaçının 13000 manatını qaytarsınlar. O cavab yazmadı və yenə də zənglərə cavab vermir. Sabunçu Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli qəradadına ilə iddianın tələbinə dair mülki işin “ ”A-Zirvə İnşaat” MMC ilə iddiaçı arasında bağlanmış 11221 nömrəli 16 noyabr 2022-ci il tarixli podrat müqaviləsinin ləğv edilməsi” hissəsində icraata xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan 11221 saylı, xx.xx.2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, A-Zirvə İnşaat MMC müqavilənin 1.2-ci bəndində göstərilən işləri icra etməyi və işlərin nəticəsini müqavilə ilə müəyyən olunan qaydada İddiaçı təqdim etməyi, İddiaçı isə işləri qəbul edib müqavilə ilə müəyyən olunmuş qiymətini A-Zirvə İnşaat MMC-yə ödəməyi öz öhdəsinə götürür. -xx.xx.2022-ci il tarixli 11221 saylı müqaviləyə əsasən tərəflər arasında sərbəst qiymətlərin razılaşdırılması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, görüləcək işlərin ümumi dəyəri 125000 manat müəyyən edilmişdir. - İşin qiyməti və ödənişlər adlı siyahıdan görünür ki, İddiaçı tərəfindən A-Zirvə İnşaat MMC-yə avans olaraq xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 9500 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat pul ödənilmişdir. Məhkəmə iclasında müəyyən olunur ki, A-Zirvə İnşaat MMC ilə İddiaçı arasında podrat müqaviləsi bağlanmış, müqaviləyə əsasən, A-Zirvə İnşaat MMC müqavilənin 1.2-ci bəndində göstərilən işləri icra etməyi və işlərin nəticəsini müqavilə ilə müəyyən olunan qaydada İddiaçı təqdim etməyi, İddiaçı isə işləri qəbul edib müqavilə ilə müəyyən olunmuş qiymətini A-Zirvə İnşaat MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin A-Zirvə İnşaat MMC müqavilə üzrə öhdəliyini icra etməmişdir. Məhkəmə hesab edir ki, hazırki müvbahisəyə podrat müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsaəsn podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflər arasında bağlanan müqavilə üzrə cavabdeh öz üzərinə götürdüyü işi ümumiyyətlə yerinə yetiməmiş və beləliklə müqavilənin şərtlərini pozmuşdur. Belə olan halda cavabdeh yerinə yetirmədiyi işlərə görə ödənilmiş pulu geri qaytarmalıdır. Məhkəmə hesab edir ki, iş materialları ilə iddiaçının cavabdehə 13000 manat məbləğində pul verdiyi təsdiq olunmuş və cavabdeh tərəfindən müqavilə üzrə heç bir iş görülmədiyindən cavabdehdən 13000 manat pul tutulmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. A-Zirvə İnşaat MMC-dən 13000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar