Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4834/2023 27.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 12.900 manat pul məbləğinin və 128,7 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəllər yaşadığı ünvanın yaxınlığında yerləşən meyvə-tərəvəz dükanında işləyən Cavabdeh ilə tanış olmuş, zaman keçdikdə münasibətləri daha da irəliləyərək rəfiqəlik münasibətinə çevrilmişdir. 2022-ci ilin mart ayının əvvəllərində Cavabdeh fərdi yaşayış evinin olduğunu və həmin evin sənədləşmə işlərinin aparılması üçün ona pul lazım olduğunu bildirib borca pul istəmiş, evi sənədləşdirib satandan sonra borcunu qaytaracağını bildirmişdir. İlk öncə ondan hissəhissə 500 manat, daha sonra 5000 manat pul almış, daha sonra əri Zaur Rəsulovun xalasına məxsus “Birkart” kredit kartından 3000 manat, oğluna məxsus “Albalı” kredit kartından 900 manat, nağd şəkildə daha bir dəfə 600 manat pul vermişdir. Bundan başqa, “Sezam” mağazasında 700 manat məbləğində telefonu, “Kontakt Home” mağazasından isə 2200 manat məbləğində televizoru kreditə götürərək Cavabdeh vermişdir. Bu günə qədər göstərilən məbləğlərin heç biri ona qaytarılmamışdır. Cavabdeh barədə Xətai RPİnin 35-ci Polis Bölməsinə cinayət işinin başlanması barədə müraciət etmişdir və təhqiqatçı tərəfindən xx.xx.2022-ci il tarixli “cinayət işinin başlamasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Cavabdeh qızı təhqiqata dəvət olunaraq izahatı alınmış, izahat zamanı ondan aldığı borc pulları etiraf etmiş, pulu qaytaracağına və məişət əşyalarınının pulunu ödəyəcəyinə söz vermişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən nə pul qaytarılmış, nə də ki, kreditlərlə bağlı ödəniş edilmişdir. Cavabdeh ondan ümumilikdə 10.000 manat məbləğində nağd pul almış, eyni zamanda 2900 manat məbləğində adına rəsmiləşdirilmiş kredit məbləğini ödəməmişdir. Ona görə də, hazırda məhkəmə tərəfindən 12.900 manat məbləğində borcun cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul olunması xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti ilə əlaqədar araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı ilə tanış olmuş, bu tanışlıq nəticəsində rəfiqə olmuşlar. 2022-ci ilin mart ayında ona pul lazım olduğundan Aytəkinə müraciət etmiş və sonuncu da ona hissə-hissə olmaqla, 6.000 manata yaxın pul vermişdir. Bundan başqa, İddiaçı adına götürdüyü elektrik avadanlıqlarının pulunu ödəyəcəyini qeyd etmişdir. Bunula belə, İddiaçı ərizəsi əsasında aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan və onunla İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən aydın olur ki, sonuncu “Kontakt Home” mağazalar şəbəkəsindən xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, dəyəri 2799,9 manat olan və 168 manat 1 illik zəmanət müddəti ilə (cəmi 2967,9 manat) “Samsung Led” markalı televizoru nisyə almışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borun qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də verdiyi izahatında İddiaçı 6000 manat məbləğində borcunun olduğunu, həmçinin özü üçün İddiaçı adınan elektrik avadanlığını əldə etdiyini etiraf etmişdir. İş materiallarından isə görünür ki, həmin elektrik avadanlığı - "xxxx" MMC və İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin predmeti, dəyəri ümumilikdə 2967,9 manat olan “Samsung Led” markalı televizordur. Belə olan halda, məhkəmə, hesab edir ki, hazırkı iddia Cavabdeh iddianı etiraf etdiyi, habelə iş materialları ilə sübuta yetirilən və işin faktiki halları ilə uzlaşan hissədə, yəni iddiaçı tərəfindən ona verilmiş, lakin qaytarılmayan borca görə 6000 manat pulun, eləcə də, nisyə alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi, başqa sözlə, cavabdehin əsassız varlandığı 2967,9 manatın tutulması hissələrində (cəmi 8967,9 manat) əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Lakin iddiaçı cavabdehin ona əlavə olaraq, 4000 manat məbləğində borcunun olması barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 128,7 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 109,68 manat hissəsi cavabdehə aid edilməklə, ondan alınaraq, İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 8967,9 (səkkiz min doqquz yüz altmış yeddi manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti və 109,68 (bir yüz doqquz manat, altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-4834/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4834/2023
27.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver