Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6086/2023 01.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 520 (beş yüz iyirmi) manat məbləğində dəymiş zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 550 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cəmiyyətin mülkiyyətində olan “Kia-Rio” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixli “yol vərəqəsi” üzrə idarə edən X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “Volkswagen Touareg” markalı **-NB- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ara məsafəsi qaydalarını pozaraq şirkətin mülkiyyətində olan avtomobilə çırpılmış və nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə xx.xx.1986-cı il təvəllüdlü Payızov X2 rayon X5 Şöbəsi tərəfindən təqsirli bilinərək xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərar əsasında İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh edilmişdir. Hadisə ilə bağlı “Kia-Rio” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsi üçün iddiaçı tərəfindən "xxxx" MMC-nə müraciət edilmiş və əldə edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən nəqliyyat vasitəsinə ümumilikdə 520 (beş yüz iyirmi) manat miqdarında maddi ziyan dəydiyi aşkar edilmişdir. Belə ki, “Volkswagen Touareg” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili heç bir sığorta təşkilatı tərəfindən sığortalanmadığından ziyan məbləği nə sığorta şirkəti tərəfindən, nə də ki cavabdeh tərəfindən cəmiyyətə ödənilməmişdir. Bundan əlavə, “Volkswagen Touareg” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin xx.xx.2022-cü il tarixdə heç bir sığorta şirkəti tərəfindən sığortalanmadığı “İcbari Sığorta Bürosu” tərəfindən sorğu əsasında cəmiyyətə təqdim olunmuş xx.xx.2023-cü il tarixli 10- 09-599 saylı məktubunda öz əksini tapmışdır. Həmçinin, cavabdehə xx.xx.2023-ci il tarixdə 3 iş günü müddətində 520 (beş yüz iyirmi) manat borc məbləğini tələb etmələri barədə pretenziya məktubu göndərilmişdir. Lakin iddiaçının yazılı və şifahi müraciətlərinə baxmayaraq bu günədək qeyd edilən pul vəsaiti cəmiyyətə ödənilməmişdir. Beləliklə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində şirkətə dəymiş 520 (beş yüz iyirmi) manat məbləğində zərər Cavabdeh tutularaq cəmiyyətə ödənilməlidir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh 520 (beş yüz iyirmi) manat məbləğində dəymiş zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun və 100 manat vəkil xərcinin, ümumilikdə 650 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia-Rio” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. - İcbari Sığorta Bürosu”nun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, büronun informasiya sistemində axtarış zamanı xx.xx.2022-ci il tarixdə **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid qüvvədə olan sığorta müqaviləsi aşkar edilməmişdir. - pretenziyadan görünür ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində MMC-nə vurulmuş 520 manat məbləğində ziyanın 3 (üç) iş günü müddətində ödənilməsini Cavabdeh tələb etmiş, əks təqdirdə, məhkəmə və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə sonuncunu xəbərdar etmişdir. - TP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 14:00-da M.Xiyabani küçəsində “Volkswagen Touareg” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Kia-Rio” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 520 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı MMC-nin direktoru Ramin Kazımov tərəfindən 100 manat məbləğində hüquqi xidmət haqqı ödənilmişdir. - xx.xx.2022-ci il tarixli yol vərəqəsinin surətindən görünür ki, X1 “Kia-Rio” markalı **- AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində gecə, gündüz, həmçinin, bazar və bayram günlərində idarə edilməsinə icazə verilmişdir. - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Volkswagen Touareg” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı MMC-nin mülkiyyətində olan “Kia-Rio” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən 520 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin idarə etdiyi “Volkswagen Touareg” markalı **-NB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, bu zaman iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinin əzilməsi nəticəsində ona maddi zərər yetirildiyi işin mübahisəsiz hallarıdır, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı MMC-nə maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğı maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehdən nəqliyyat vasitəsinə vurulmuş maddi ziyana görə 520 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu və 100 manat hüquqi xidmət haqqı cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Kia-Rio” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 520 manat, dövlət rüsumuna görə 30 manat və hüquqi xidmətə görə 100 manat olmaqla, cəmi 650 (altı yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “Kia-Rio” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 520 manat, dövlət rüsumuna görə 30 manat və hüquqi xidmətə görə 100 manat olmaqla, cəmi 650 (altı yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-6086/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6086/2023
01.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver