Məhkəmə qərarları › İş №e-2(008)-6533/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6533/2025

24.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6533/2025 24.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, dalan 5, 1/2 saylı mənzilə dəymiş zərərə görə ödənilmiş 2750 manat pulun, 47.50 manat dövlət rüsumunun və 40 (qırx) qəpik komissiyanın İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası FHN-nin DYNX-nin 2-ci DYNİ-nin xx.xx.2021-ci il tarixli aktına əsasən, xx.xx.2021-ci il tarixdə Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, dalan 5-də yerləşən ½ saylı mənzildə yanğın baş vermiş və yanğın nəticəsində X1 mənzilinə zərər vurulmuşdur. 096262 saylı sığorta aktından və daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsindən göründüyü kimi, həmin mənzil xx.xx.2020-ci il tarixdə İddiaçı sığorta şirkətində sığortalanmışdır. xx.xx.2021-ci il tarixli əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, həmin mənzilə 3000 manat məbləğində zərər dəymişdir. 4057 nömrəli ödəniş tapşırığına əsasən, qeyd olunan mənzilinə dəymiş zərərə görə sığortalı X2 2750 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2021-ci il tarixli hadisə ilə əlaqədar Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, dalan 5, ½ saylı mənzilə dəymiş zərərə görə ödənilmiş 2750 manat sığorta ödənişi zərərvuran Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddianın qiyməti 2750 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İcbari Sığorta Bürosunun şəhadətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, dalan 5, ev ½ saylı mənzil xx.xx.2020-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. - xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası FHN-nin DYNX-nin 2-ci DYNİ-nin vermiş olduğu akta əsasən, xx.xx.2021-ci il tarixdə Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, dalan 5-də yerləşən ½ saylı mənzilində yanğın baş vermiş və yanğın nəticəsində X1 mənzilinə zərər vurulmuşdur. - xx.xx.2021-ci il tarixli əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, R.Rza küçəsi, dalan 5-də yerləşən ½ saylı mənzilə 3000 manat məbləğində zərər dəymişdir. -xx.xx.2021-ci il tarixl 4057 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərəfindən Cavabdeh hesabına 2750 manat məbləğində sığorta haqqı ödənilmişdir. - İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 2750 manat sığorta ödənişini 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə təklif göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə, (subroqasiya hüququ) faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış yanğın hadisəsi nəticəsində daşınmaz əmlaka maddi ziyan dəymiş, daşınmaz əmlak sahibinə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta ödənişi olaraq 2750 manat məbləğində pul ödənişi edilmiş və həmin ödəniş üzrə tələb hüququ subroqasiya qaydasında iddiaçıya keçmişdir. Beləliklə, Cavabdeh yüksək təhlükə mənbəyi olan yanğın hadisəsi nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə mülki məsuliyyət daşıyır. Məhkəmə, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 2750 manat sığorta ödənişi, 47.50 manat dövlət rüsumu və 0.40 qəpik komissiya haqqı olmaqla, cəmi 2797,9 manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2750 manat sığorta ödənişi, 47.50 manat dövlət rüsumu və 0.40 qəpik komissiya haqqı olmaqla, cəmi 2797,9 (iki min yeddi yüz doxsan yeddi manat doxsan qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar